Azərbaycan
iqtisadiyyatı son 20 ildə əsrlərə bərabər
inkişaf yolu keçmişdir
İqtisadi
İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun, AMEA-nın İqtisadiyyat İnstitutunun və
"Xalq qəzeti"nin birgə təşkilatçılığı
ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20 illiyinə həsr edilmiş "Milli
iqtisadiyyat: modernləşmə, diversifikasiya və regional
inkişaf " mövzusunda keçirilmiş "dəyirmi
masa" ətrafında söhbət
Azərbaycan
xalqı müstəqilliyinin bərpasının 20 illik
yubileyini qeyd edir. Lakin müstəqilliyin ilk dövründə
ölkədə acınacaqlı vəziyyət hökm
sürürdü, iqtisadi tənəzzül nəticəsində
əhalinin həyat şəraiti son dərəcə
ağırlaşmışdı. Xalqın israrlı
çağırışları və tələbi ilə
görkəmli dövlət xadimi, zəngin həyat təcrübəsinə
malik Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ölkəni xaosdan xilas etdi.
Ulu
öndər ölkədə sağlam və sabit ictimai-siyasi
fəaliyyət mühiti yaratdı. Respublikanın beynəlxalq
aləmdə nüfuzunun artmasına nail oldu, gənc dövlət
sisteminin, o cümlədən müstəqilliyin möhkəmləndirilməsinin
etibarlı təməli olan iqtisadi inkişafın totalitar
sistemdən bazar istehsal münasibətlərinə keçidi
təmin etdi. Heydər Əliyev respublikanın
dağılmış iqtisadiyyatının mühüm istiqamətlərinin
bərpası ilə yanaşı, neft sənayesinin
böyük imkanlarını və bu mühüm sahənin
müstəqil Azərbaycan üçün vacibliyini nəzərə
alaraq neft strategiyasını həyata keçirməyə
başladı. Eyni zamanda, ölkədə genişmiqyaslı
iqtisadi islahatlara start verildi, özəlləşmə
proqramlarının gerçəkləşdirilməsi, maliyyə-pul,
kredit və vergi sistemlərinin yenidən qurulması, Azərbaycanın
beynəlxalq əlaqələrinin genişləndirilməsi və
s. tədbirlər respublikanın sürətli dirçəlişini
təmin etdi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin istismara verilməsi Azərbaycanın
artıq sabitləşən maliyyə imkanlarını daha da
artırdı və zəruri inkişaf proqramlarının həyata
keçirilməsini təmin etdi. Bu cəhətdən Azərbaycanın
imkanlarının nə qədər genişləndiyini belə
bir faktdan da görmək olar ki, əgər 2000-ci ildə son dərəcə
zəif olan respublika büdcəsi xərclərinin cəmi
11,6 faizi iqtisadiyyatın inkişafına sərf edilmişdisə,
2010-cu ildə dəfələrlə artan ölkə büdcəsi
xərclərinin 41,6 faizi bu məqsəd üçün
istifadə edilmişdir.
Bütün
bunlar barədə "Milli iqtisadiyyat: modernləşmə,
diversifikasiya və regional inkişaf" mövzusunda
keçirilən "dəyirmi masa"da ətraflı
danışılmışdır. "Dəyirmi masa" ətrafında
söhbətdə İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun direktoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev,
İqtisadi İnkişaf Nazirliyinin baş məsləhətçisi,
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru,
professor Kərim Ramazanov, İqtisadi İnkişaf Nazirliyinin
"İqtisadi siyasət, təhlil və
proqnozlaşdırma" şöbəsinin müdiri, iqtisad
elmləri doktoru, professor Ədalət Muradov, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının "Strateji Araşdırmalar Mərkəzi"nin
direktoru, AMEA-nın müxbir üzvü, iqtisad elmləri
doktoru, professor Əli Nuriyev, Azərbaycan Dövlət
İqtisad Universitetinin nəzdində İqtisadi
Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad
elmləri doktoru, professor Rasim Həsənov, Azərbaycan
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev,
Qafqaz Universitetinin prorektoru, iqtisad elmləri namizədi Cihan
Bulut, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
baş elmi işçisi, iqtisad elmləri namizədi Vaqif
Rüstəmov, AMEA İqtisadiyyat İnstitutunun şöbə
müdiri, iqtisad elmləri namizədi, dosent Aqil Əsədov,
İqtisadi İnkişaf Nazirliyinin Regionların
inkişafı və Dövlət Proqramları şöbəsinin
müdir müavini Fərrux Dadaşov və İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini,
iqtisad elmləri namizədi Rofət Hüseynəliyev
iştirak edirdilər.
İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri
doktoru Vilayət Vəliyev "dəyirmi masa"
iştirakçılarını salamlayaraq müzakirələrin
məqsədi haqqında qısa məlumat verdi:
- Hörmətli tədbir iştirakçıları, mən, ilk növbədə, bu müzakirəyə fəal qoşulduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm. Məlum olduğu kimi, milli iqtisadiyyatımız müasir səviyyəyə yetişənədək bir çox sınaqlardan çıxmışdır. Xüsusilə, yada salaq ki, SSRİ-nin süqut etdiyi ilk illərdə keçmiş müttəfiq respublikaları ilə iqtisadi əlaqələrin pozulması, səriştəsiz insanların rəhbərliyə gətirilməsi, həmin dövrdə bir çox hallarda dövlət mülkiyyətinə olan laqeyd münasibət milli iqtisadiyyatı çıxılmaz duruma salmışdı, artıq bütün sahələrdə sürətli tənəzzül müşahidə edilirdi. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da ciddi dəyişikliklərə səbəb oldu. Ümummilli liderin rəhbərliyi ilə məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi siyasət və tədbirlər nəticəsində milli iqtisadiyyatın ayrı-ayrı sahələrində baş qaldırmış tənəzzül prosesi qısa zamanda dayandırıldı və əksər sahələrdə bu proses tərəqqi ilə əvəz olundu. Nəhayət, hamımıza məlum olduğu kimi, Azərbaycan "Əsrin müqaviləsi"nin imzalaması ilə qlobal iqtisadi məkana daxil oldu və bazar münasibətlərinin bərqərar olması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə start verildi. Bütün bu prosesləri şərti olaraq bir neçə mərhələyə bölmək mümkündür ki, bu barədə də mən öz çıxışımda qeyd edəcəyəm.
"Dəyirmi masa"nın keçirilməsində
də başlıca məqsəd ölkə
iqtisadiyyatının inkişaf dinamikasına nəzərə
salmaq və perspektivlər haqqında fikirləri müzakirə
etməkdir. Bir daha hər birinizi salamlayıram və "dəyirmi
masa"da fəal iştirak etməyə
çağırıram.
Kərim RAMAZANOV, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor:
-20 illik müstəqillik dövründə əldə olunmuş nailiyyətlərin dəyərini dərk etmək və qiymətləndirmək üçün enerji təchizatı baxımından 20 il öncə hansı vəziyyətdə olduğumuzu xatırlamaq və yada salmaq kifayət edər. Energetika sektorunun 20 il öncəki vəziyyətinə nəzər salsaq görərik ki, müstəqilliyin ilk illərində əhalinin və iqtisadiyyatın enerji təhlükəsizliyi, demək olar ki, çox çətin durumda idi. Bu çətinliklər əsas etibarilə aşağıdakı problemlərin mövcudluğu ilə izah olunurdu. Blokada şəraitində qalmış Naxçıvan Muxtar Respublikasının enerji ilə təchizatı, demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Muxtar respublikada Araz Su Elektrik Stansiyasından başqa enerji mənbəyi yox idi. Naxçıvanın enerji təchizatı əsas etibarilə İrandan alınan və ödənişi olduqca sərt şərtlərlə aparılan elektrik enerjisindən asılı idi. Bölgənin elementar enerji təchizatından söhbət gedə bilməzdi.
Abşeron yarımadası və Bakı şəhəri ölkədə istehsal olunan elektrik enerjisinin 65-70 faizə qədərini istehlak edirdi. Ümumi maliyyə çatışmazlığı səbəbindən energetikanın inkişafına investisiya qoyuluşu çox aşağı səviyyədə idi. Eyni zamanda, yanacaq, əsasən də, təbii qazın çatışmazlığı hiss olunurdu. Qeyd olunan səbəblərdən əhalinin və iqtisadiyyatın enerji təchizatında tez-tez fasilələr yaranırdı, rayon və kənd yerlərində isə günün yalnız müəyyən vaxtları enerji verilirdi. Hətta enerji təchizatının dayandırılacağı barədə rəsmi təsdiqlənmiş qrafiklər də mövcud idi. Bütün bu problemlər ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin gərgin və məqsədyönlü əməyinin nəticəsində qısa bir müddətdə öz həllini tapdı.
Tezliklə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında etibarlı elektrik verilişi xətti inşa olundu. İmişli-Parsabad (İran İslam Respublikası) arasında yeni elektrik verilişi inşa olundu. İrana verilən enerjinin müqabilində bu ölkədən Naxçıvana sabit şəkildə elektrik enerjisi verilməyə başlandı.
"Əsrin müqaviləsi" çərçivəsində Xəzərin karbohidrogen ehtiyatlarının istifadəyə verilməsi, Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi və başqa layihələrin reallaşması nəticəsində ölkənin enerji təhlükəsizliyinin bünövrəsi qoyuldu. İri infrastruktur layihələrinin, o cümlədən energetika sənayesinin inkişafına külli məbləğdə investisiya qoyuluşuna real imkanlar yarandı.
Qısa müddət ərzində Yenikənd və Vayxır su elektrik stansiyaları, "Şimal-1" və Sumqayıt istilik elektrik stansiyaları inşa olundu. Bunadan əlavə, Azərbaycan İstilik Elektrik Stansiyası təmir edildi, "Cənub" və "Şimal-2" istilik elektrik stansiyalarının inşasına başlanıldı. Enerji sistemində yeni texnika və texnologiyaların tətbiqi sürətləndirildi, yeni, müasirelektrik verilişi xətləri və yarımstansiyalar inşa olunaraq istifadəyə verildi. Azərbaycanın enerji sistemi hazırda generasiya güclərinin yeniliyinə görə dünyanın bir çox inkişaf etmiş ölkələrindən irəlidədir.
Bütün görülən tədbirlərin
məntiqi nəticəsi olaraq Bakı və Abşeron
yarımadasının enerji təchizatını son 50 ildə
ilk dəfə olaraq adı çəkilən ərazidə
yerləşən elektik stansiyaları vasitəsilə təmin
etməyə imkan yarandı. Ölkənin cənub və qərb
bölgələrindən gələn
elektrik verilişi xətti isə Bakı şəhəri və
Abşeron yarımadasının enerji təchizatını keyfiyyətcə
yeni mərhələyə, ən yüksək enerji təhlükəsizliyi
səviyyəsinə çıxardı. Azərbaycanın
elektroenergetika sistemi ölkənin enerjiyə olan tələbatını
tamamilə ödəmək qabiliyyətinə malik
olmaqla yanaşı, qonşu ölkələrə də iri həcmdə
enerji ixrac etmək imkanları əldə etdi. Vaxtilə
enerji blokadasına düşmüş Azərbaycan hazırda
Cənubi Qafqaz regionunda bütün cəhətlərdən,
o cümlədən də energetika sahəsində ən
inkişaf etmiş ölkə olmaqla Avropanın enerji təhlükəsizliyinin
də əsas təminatçılarından birinə
çevrilmişdir.
Ədalət
MURADOV, iqtisad elmləri doktoru, professor:
-Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan, xaotik sosial-iqtisadi və siyasi vəziyyətdən dinamik sosial-iqtisadi inkişaf mərhələsinə qədər çətin və şərəfli yol keçərək böyük nailiyyətlərə imza atmışdır. Bu müddət ərzində tamamilə yeni siyasi və iqtisadi sistem qurulmuş və sürətli inkişaf təmin olunmuşdur. Müstəqilliyin ilk illərində obyektiv və subyektiv səbəblərdən yaranmış dərin böhran, xüsusilə də ölkənin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirərək ölkə iqtisadiyyatını idarəolunmaz vəziyyətə gətirmişdi.
Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan köklü islahatlar qısa müddətdə öz səmərəsini verdi. Yeni qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əlverişli biznes mühitinin yaradılması, neft strategiyası, ixrac marşrutlarının diversifikasiyası, neft gəlirlərindən səmərəli istifadə, dünya iqtisadiyyatına inteqrasiya və digər sahələrdə islahatlar məhz bu dövrdə aparılmışdır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin sosial-iqtisadi sahədə yeni nailiyyətlər əldə etməsinə imkan vermişdir. Belə ki, son illər iqtisadi artım templərinə görə Azərbaycanın dünyanın lider ölkələri sırasında bərqərar olması, dünya miqyasında baş verən maliyyə-iqtisadi böhranından cüzi itkilərlə çıxması, regionun aparıcı dövlətinə çevrilməsi və Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatında 70 faizdən çox paya malik olması bu uğurların bariz nümunəsidir.
Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bölgədə reallaşdırılan bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə öz həllini tapır. Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində əsas strateji tərəfdaşlarından biridir və Avropanın neft və qazla təminatında əhəmiyyətli rol oynayır.
Hazırda adambaşına düşən investisiyaya görə ölkəmiz MDB dövlətləri arasında yüksək göstəricilərdən birinə malikdir. Ölkənin strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarını keçmişdir.
Nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən "Standard and Poors", "Moody's" və "Fitch Ratings" reytinq agentlikləri tərəfindən Azərbaycan üzrə reytinq proqnozları "Pozitiv"ə qədər yüksəldilmişdir. Həmçinin, "Dünya Rəqabət Qabiliyyətliliyi İndeksi 2011-2012" hesabatına əsasən ölkə iqtisadiyyatının rəqabət qabiliyyətlilik səviyyəsi son bir il ərzində daha iki pillə irəliləmiş və MDB ölkələri arasında öz liderlik mövqeyini qoruyub saxlamışdır.
Azərbaycanın maliyyə imkanlarının genişlənməsi inkişaf strategiyasında nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün, o cümlədən rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması üçün yeni imkanlar yaratmışdır. Müstəqilliyin bərpasından sonra iqtisadiyyatın modernləşdirilməsi məqsədilə əsas kapitala yönəldilmiş vəsaitlər 23,3 dəfə artmışdır. Bu dövrdə daxili investisiyaların həcmi isə 28,9 dəfə artmışdır. Eyni zamanda, iqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlər sistemli və ardıcıl olaraq reallaşdırılmışdır.
Elektroenergetika sistemində generasiya güclərinin artırılması hesabına ölkəmiz enerji idxalçısından onun ixracatçısına çevrilmişdir. Bununla yanaşı, hazırda alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi də genişləndirilməkdədir.
Transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, ölkənin bütün regionlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir.
Müasir standartlara cavab verən informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Müstəqillik illərində informasiya və rabitə xidmətləri 88 dəfə artmışdır. Azərbaycan artıq 2012-ci ildə milli telekommunikasiya peykini orbitə çıxaracaqdır. Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə əsasən, informasiya-kommunikasiya xidmətlərinin inkişafına görə Azərbaycan MDB-də birinci yerdədir.
Müstəqillik illərində həyata keçirilən uğurlu xarici iqtisadi siyasətin nəticəsi olaraq, tərəfdaş ölkələrinin sayı təqribən 150-yə çatmış, xarici ticarət dövriyyəsi 7 dəfə artmışdır.
Sahibkarlığın inkişafına dövlət qayğısının nəticəsidir ki, özəl sektora dövlət dəstəyi tədbirləri davamlı olaraq gücləndirilir, sahibkarlıq subyektlərinin maliyyə təminatının yaxşılaşdırılması məqsədilə güzəştli kreditlər verilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində artıq Azərbaycanda özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. Müstəqilliyin ilk illərində özəl sektorun ÜDM-də xüsusi çəkisi 17,7 faiz təşkil etdiyi halda, hazırda bu göstərici 80 faizdən çox, aqrar bölmədə isə demək olar ki, 100 faizdir.
Sahibkarlığın inkişafı və Azərbaycan şirkətlərinin maliyyə imkanlarının genişlənməsi nəticəsində artıq onlar xarici ölkələrə investisiyalar yatırırlar və bu rəqəm milyard dollarlarla ölçülür.
2009-cu il martın 18-də ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul edilmiş əlavələr və dəyişikliklərə əsasən sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradılması təsbit edilmiş, ölkənin inkişaf modeli yeni elementlə zənginləşmişdir.
Son on ildə ölkə üzrə
orta aylıq əmək haqqı 7,3 dəfə, əhalinin gəlirləri
6,3 dəfə, əhalinin əmanətləri 38,2 dəfə
artmış, minimum əmək haqqı 15,5 dəfə,
pensiyaların minimum məbləği isə 8,5 dəfə
qaldırılmışdır. Bununla
yanaşı, yaşayış minimumunun həddi 95 manata
çatdırılmış, ünvanlı sosial
yardımın hesablanmasında tətbiq edilən ehtiyac
meyarının məbləği 75 manatadək
artırılmışdır. Ölkədə yoxsulluğun
səviyyəsi 49 faizdən 9,1 faizədək
azalmışdır. Uğurlu sosial siyasətin nəticəsidir
ki, ölkəmiz "orta insan inkişafı" qrupundan
"yüksək insan inkişafı" qrupuna yüksəlmişdir.
Vilayət VƏLİYEV, iqtisad elmləri doktoru:
- Dövlət müstəqilliyin bərpasından sonra olan iqtisadi inkişaf dövrünü üç mərhələyə ayırmaq olar. Müstəqilliyin ilk illərindən 1994-cü ilə qədər Azərbaycan iqtisadiyyatında tənəzzül hökm sürmüş, 1995-ci ildən başlayaraq 2003-cü ilə qədər ölkə iqtisadiyyatında sabitlik və davamlı inkişaf müşahidə olunmuş, növbəti illərdən isə ölkə iqtisadiyyatında sürətli inkişaf başlamışdır. Bu mərhələlərin də hər biri özünəməxsus xüsusiyyətlərlə xarakterizə edilir. 1991-1994-cü illərdə ÜDM hər il orta hesabla 13-20 faiz, adambaşına düşən ÜDM 72 faiz, əhalinin real pul gəlirləri 3,6 dəfə, adambaşına pul gəlirləri orta hesabla 1,4 dəfə, əmək haqqı üzrə əldə edilən gəlirlərin səviyyəsi isə 8,2 dəfə azalmış, ölkədə 1763 faiz səviyyəsində hiperinflyasiya qeydə alınmışdır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi isə müzakirələrin əvvəlində də qeyd olunduğu kimi, iqtisadi dirçəlişin əsasını qoydu. Beləliklə, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində milli iqtisadiyyatın davamlı inkişaf dövrü başlandı ki, bu da 1995-2003-cü illəri əhatə edir. Sabitlik və davamlı iqtisadi artımla xarakterizə olunan bu dövr ulu öndər Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyi təmin etməsi, makroiqtisadi sabitlik və davamlı iqtisadi inkişaf, "Əsrin müqaviləsi"nin reallaşması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanması, Dövlət Neft Fondunun yaradılması, beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq (sabitləşdirmə proqramları), dövlət mülkiyyətinin özəlləşdirilməsi, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyünün təmin olunması və sahibkarlığın inkişafı kimi məsələlərlə xarakterizə olunur. Eyni zamanda, 1995-2003-cü illər ərzində, MDB-də ilk dəfə olaraq, torpaq islahatlarının həyata keçirilməsi, sahəvi sosial-iqtisadi inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi, qiymətlərin, xarici iqtisadi fəaliyyətin, valyuta bazarının liberallaşdırılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, bazar institutlarının formalaşdırılması (valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarlarının yaradılması), sahibkarlıq fəaliyyəti və xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və sair məsələlər də öz həllini tapmışdır. Bu dövrün statistik mənzərəsinə nəzər saldıqda aydın olur ki, yalnız 1995-2003-cü illər ərzində ÜDM-in orta illik artımı 9 faiz , adambaşına düşən ÜDM artımı 3 dəfə, özəl sektorun ÜDM-də payı 2 dəfədən çox artaraq 73 faiz təşkil etmiş, dövlət büdcəsinin gəlirləri 3 dəfə, orta aylıq real əmək haqqı 5,6 dəfə, xarici investisiya qoyuluşları 10 dəfə, daxili investisiya qoyuluşları isə 5 dəfə artmış, eləcə də istehlak qiymətləri indeksi 1995-ci ildəki 512 faizdən, 2003-cü ildə 2,2 faizə qədər aşağı düşmüşdür. Bununla da, Cənubi Qafqaz iqtisadiyyatında müstəqil Azərbaycan Respublikasının payı 50 faizi ötüb keçmişdir.
Nəhayət, Heydər Əliyev ideyalarının və iqtisadi strategiyasının uğurla davam etdirildiyi 2004-2011-cu illəri ölkə iqtisadiyyatının sürətli inkişaf dövrü kimi xarakterizə etmək olar. Bu dövr makroiqtisadi sabitliyin təmin edilməsi, büdcə kəsirinin minimum səviyyəsi, inflyasiyanın idarə olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkədə yoxsulluq səviyyəsinin azaldılması, məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın qəbul edilməsi, dövlət investisiya proqramları çərçivəsində irimiqyaslı sosial və infrastruktur layihələrinin geniş miqyasda həyata keçirilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin daha da artırılması (subsidiyalar, vergi, lizinq və digər güzəştlər), biznes və investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması, eləcə də sahibkarlığın, xüsusilə, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi (qeydiyyat və gömrük rəsmiləşdirilməsinın sadələşdirilməsi, "Xüsusi iqtisadi zonalar haqqında" Qanunun qəbulu, vergi yükünün azaldılması, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin verilməsi və s.) kimi xüsusiyyətlərlə xarakterizə olunur. Məhz bu dövrdə, ölkəmizin qazandığı iqtisadi uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə qeyd edilmişdir.
BMT-nin İnkişaf Proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda Azərbaycan İnsan İnkişafı İndeksinə görə 2005-ci ildə 101-ci yerdən 2010-cu ildə 182 ölkə asında 67-ci yerə yüksəlmişdir. Son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkədir və son 10 ildə postsovet məkanında illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə malikdir. Nəticədə Azərbaycan "orta insan inkişafı" ölkələr qrupunu tərk edərək "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil edilmişdir.
2004-2011-ci illər ərzində həyata keçirilmiş uğurlu iqtisadi siyasət nəticəsində ÜDM-in orta illik artımı 14 faiz, o cümlədən qeyri-neft ÜDM-də 9 faiz olmuşdur. Eyni zamanda, adambaşına düşən ÜDM 2004-cü ilə nisbətən 5 dəfə artmış, özəl sektorun ÜDM-də payı 81,7 faizə çatmış, xarici borcun ÜDM-ə nisbəti 18 faizdən 7 faizə qədər aşağı düşmüşdür.
Bu dövrdə ölkə iqtisadiyyatına qoyulan daxili və xarici investisiyaların həcmi davamlı olaraq artmış, sosial və infrastrukturun inkişafına yönələn dövlət investisiyalarının həcmində də dinamik artım qeydə alınmışdır:
İqtisadiyyata cəmi investisiya qoyuluşları 2,4 dəfə, o cümlədən xarici investisiya qoyuluşları 1,5 dəfə, daxili investisiya qoyuluşları isə 5,5 dəfəyə qədər artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 14 dəfədən artıq yüksələrək 2010-cu ilin sonuna 29 milyard ABŞ dollarını ötmüş, (hazırda 40 milyardır). Dövlət büdcəsinin xərcləri (xüsusilə sosial və infrastruktur sahələrinə) orta hesabla hər il 24 faiz artırılmışdır. Büdcə kəsiri davamlı olaraq minimum səviyyədə saxlanılmışdır. Xarici ticarət dövriyyəsi 2003-cü il ilə müqayisədə 5 dəfədən çox, o cümlədən ixrac 8 dəfədən çox artmış, ticarət saldosu 2004-cü ildən başlayaraq müsbət olmuşdur. Bu dövrdə xarici ticarət dövriyyəsinin 57,7 faizi, o cümlədən ixracın 59,1 faizi Avropa ölkələrinin payına düşmüşdür.
Həyata keçirilmiş iqtisadi siyasətin nəticəsi
olaraq sosial sferada da böyük nailiyyətlər əldə
edilmişdir: Orta aylıq nominal əmək
haqqı 2005-ci illə müqayisədə 2010-cu ildə 2,6 dəfə,
əhalinin gəlirləri 3,2 dəfə, adambaşına
düşən gəlirlərin həcmi isə 3 dəfə
artmış, orta pensiyanın məbləği 2003-cü illə
müqayisədə 2011-ci ildə 6,3 dəfə, minimum əmək
haqqı isə 4 dəfədən
çox artırılmış, 2003-cü ildən etibarən
ölkədə 655 mini və yaxud 72 faizi daimi olmaqla 912 mindən
çox yeni iş yeri yaradılmış, 2161 yeni məktəb
binası, 400-dən çox səhiyyə obyekti və digər
sosial obyektlər tikilib istifadəyə verilmişdir.
Yoxsulluq səviyyəsi 2010-cu ilin yekunlarına görə
2003-cü ildəki 44,7 faizdən 9 faizədək enmişdir.
Əli NURİYEV, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor:
- Hörmətli müzakirə iştirakçıları, mən ilk növbədə belə aktual məsələlərə həsr edilmiş "dəyirmi masa"nın bütün təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Qeyd etmək lazımdır ki, 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan Respublikasının sosial-iqtisadi və siyasi baxımdan elə bir dövrünə təsadüf edirdi ki, həmin dövrdə ölkədə baş verən qarşıdurmaları aradan qaldırmaq, xaotikliyi tənzimləmək, iqtisadi tənəzzülü dayandırmaq, siyasi-iqtisadi sabitliyə nail olmaq kimi məsələlər təcili həllini tələb edirdi. Ümummilli lider Heydər Əliyev tezliklə ölkənin investisiya cəlbediciliyinin təmin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul edərək Azərbaycan Respublikasını xarici və yerli iş adamları, investorlar üçün əlverişli fəaliyyət məkanına çevirdi. Beləliklə, dinamik iqtisadi inkişafa istiqamətlənən layihə və proqramlar qəbul edildi, eləcə də paralel olaraq 1995-2000-ci illər ərzində müvafiq normativ baza formalaşdırıldı. Artıq qəbul edilən sənədlər, ölkədə operativ və obyektiv surətdə həyata keçirilən özəlləşdirmə proqramları nəticəsində əldə olunan ümumi iqtisadi dirçəliş istər sosial-iqtisadi göstəricilərdə, istərsə də insanların yaşayış tərzində açıq-aydın hiss edilməkdə idi. Bütün bunlar həm də ölkənin maliyyə imkanlarını genişləndirməklə əldə edilən uğurları daha da sürətləndirməyə imkan verirdi.
Eyni zamanda, yəqin ki, mənimlə razılaşarsınız tarazlı regional inkişafa nail olmadan təmin edilmiş inkişaf dayanıqlı ola bilməz. Başqa sözlə desək, hər bir ölkənin etibarlı inkişafı onun ayrı-ayrı regionlarının inkişaf səviyyəsindən çox asılıdır. Belə bir şəraitdə isə, təbii ki, regionların inkişafını nəzərdə tutan müvafiq proqramların qəbul edilməsi artıq zərurətə çevrilmişdi.
Məhz bu səbəbdən də istər ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə, istərsə də son illər regional inkişaf Azərbaycan hökumətinin iqtisadi siyasətinin prioritetinə çevrilmişdir. Hələ 2003-cü ilin oktyabrında vətənə, dövlətə, xalqa sədaqət andı içərək Prezident səlahiyyətlərınin icrasına başlayan cənab İlham Əliyev əsası ümummilli liderimiz tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsinə hərtərəfli zəmin formalaşdırmış, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində müvafiq qərarlar qəbul etmişdir. Tarazlı regional inkişafa nail olmaq istıqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər ) Dövlət Proqramı"nı təsdiq etmişdir.
Nəticədə Dövlət Proqramının uğurlu icrası ilə yanaşı, makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bir sözlə, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl sosial-iqtisadi siyasət nəticəsində beş il ərzində Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payı 85-87 faizə qədər yüksəlmiş, sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə artmışdır. Artıq Azərbaycan Respublikası Cənubi Qafqazda və ya MDB-də deyil, bütün dünyada xüsusi əhəmiyyət kəsb edən, nüfuzlu mövqeyə malik aparıcı dövlətə çevrilmiş və əksər iqtisadi göstəriciləri ilə liderlik əldə etmişdir. Təbii ki, belə bir şəraitdə ölkədə həyata keçirilən islahatlar dünyanın diqqətindən kənarda qala bilməzdi. 2008-ci ildə açıqlanan, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünya üzrə "Ən islahatçı ölkə" elan edilməsi də ölkəmizə göstərilən beynəlxalq diqqətin nəticəsi idi.
Bütün bunlarla yanaşı, regional inkişaf tədbirləri yalnız dövlət proqramları ilə məhdudlaşmır, silsilə tədbirlər planı qəbul edilir və uğurla reallaşdırlırdı. Bircə faktı qeyd etmək kifayətdir ki, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Gəncə-Qazax və digər iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmış, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" qəbul edilmişdir. Bu sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iqtisadiyyata investisiya qoyuluşlarının artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və yoxsulluğun azalmasına ciddi təsir etmiş, ümumilikdə ölkəmizin iqtisadi tərəqqisində mühüm rol oynamışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində yalnız son beş il ərzində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi iş yeri açılmışdır.
Mövcud potensialdan daha səmərəli
istifadə etməklə regionlarda sənayenin və kənd təsərrüfatının
müxtəlif sahələrinin inkişafını sürətləndirmək,
bu işdə sahibkarlara dəstək olmaq, əhalinin
yaşayış səviyyəsini
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə
nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli
inkişaf etdirmək hər zaman olduğu kimi, bu gün də
Azərbaycan hökumətinin qarşısında duran əsas
vəzifələrdəndir. "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın qəbul
edilməsi də məhz qarşıda duran vəzifələrin
vaxtında və müvəffəqiyyətlə icra edilməsinə
xidmət edir.
Rasim HƏSƏNOV, iqtisad elmləri doktoru,
profesor:
-Son 20 ildə
Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi
rifahın yüksəldilməsi, regional və sahəvi
inkişafın təmin edilməsi istiqamətində həyata
keçirilmiş iqtisadi islahatların nəticəsi olaraq
ölkədə əhalinin həyat səviyyəsi getdikcə
yaxşılaşır. Ümummilli lider Heydər Əliyevin
layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində
iqtisadiyyatımızın bugünkü vəziyyəti
artıq keçid proqramının əsas məqsədlərinə
həm forma, həm də məzmun etibarilə nail
olunduğunu və keçid dövrünün başa
çatdığını təsdiq edir. Bütün
bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi
inkişafı yeni keyfiyyət mərhələsinə daxil
olmuşdur.
Hazırda
iqtisadi siyasətin əsas hədəfi milli iqtisadiyyatın rəqabət
qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına nail olunması,
sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin
həcminin və keyfiyyətinin yüksəldilməsi, ölkədə
dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdən ibarətdir.
Bununla yanaşı, regionlarda sənaye sahələrinin
və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə
nail olmaq bu gün də dövlətin qarşısında duran
əsas vəzifələrdəndir.
Məmmədəli ƏFƏNDİYEV:
- Müstəqilliyin
bərpasından sonra ölkə iqtisadiyyatında, o cümlədən
aqrar sahədə tənəzzül və iqtisadi böhran
aradan qaldırılmağa başlanmış, bu istiqamətdə
uğurlu islahatlar həyata keçirilmişdir. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi
və təşkilatçılığı ilə aqrar
islahatın aparılması üçün hüquqi baza
yaradılmışdır. Belə ki, 1995-ci ildə
"Aqrar islahatların əsasları haqqında",
"Sovxoz və kolxozların islahatı haqqında",
1996-cı ildə isə "Torpaq islahatı haqqında"
qanunlar qəbul edilmişdir. Aqrar
islahatlarının birinci mərhələsində
torpağın və əmlakın özəlləşdirilməsi
başa çatdırılmışdır.
Ümummilli liderimizin müəyyənləşdirdiyi
iqtisadi strategiya onun layiqli varisi, ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam
etdirilmişdir. Ölkədə sahibkarlığın daha da inkişaf
etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin
yaradılması əhalinin sosial rifah halının
yaxşılaşdırılmasına şərait
yaradılmışdır. "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"na
uyğun olaraq, sahibkarlığın inkişafına dövlət
dəstəyinin gücləndirilməsi, güzəştli
kreditlərin verilməsi istiqamətində bir sıra tədbirlər
həyata keçirilmiş və bu işlər hazırda da
davam etdirilir. İndi Azərbaycanda əlverişli
biznes mühiti mövcuddur. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
sahibkarlığın inkişafı üçün
çox gözəl şərait yaradılır. Gələcəkdə də Azərbaycanın
davamlı iqtisadi inkişafı baxımından sahibkarlıq
fəaliyyəti mühüm amil olacaqdır. Ümumilikdə sahibkarlığın
inkişafı üçün başlıca şərt kimi
infrastruktur layihələrinin həyata keçirilməsi,
elektrik stansiyaları və yolların tikilməsi istiqamətində
mühüm işlər görülmüşdür.
Cihan BULUT, iqtisad elmləri namizədi:
- Dəyərli
müzakirə iştirakçıları, hamımıza məlumdur
ki, 1993-cü ildə türk dünyasının böyük
oğlu Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən
etibarən Azərbaycan Respublikası bütün sosial-iqtisadi
istiqamətlərdə sürətlə inkişaf etməyə
başladı. Tezliklə ölkədə
siyasi-iqtisadi sabitliyi təmin edən dahi Heydər Əliyev
müstəqil Azərbaycanda elmin, təhsilin hamisinə
çevrildi. Dövlət idarəçiliyi
və siyasətçi kimi bütün müsbət
xüsusiyyətləri özündə cəmləşdirən
Heydər Əliyev çox düzgün olaraq elm və təhsil
sahəsinə xüsusi diqqət göstərirdi. "Hər şeyi kadrlar həll edir" prinsipini nəzərə
alsaq elmə, təhsilə qayğının nə qədər
vacib olduğunu görərik.
Digər tərəfdən, aydındır ki, bir milləti
məhv etmək üçün onun elmini, təhsilini məhv
etmək kifayətdir. Məhz bu kontekstdən yanaşdıqda,
Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan
xilas etdi. Ölkəyə rəhbərliyinin ilk illərində
sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın
dünyaya inteqrasiya olunmasını, beynəlxalq aləmdə
nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd
kimi seçən ümummilli lider Heydər Əliyev Azərbaycanda
təhsil islahatları aparılmasının zəruriliyini
vurğulayaraq, hər bir inkişafın elm və təhsildən
asılı olduğunu qeyd edirdi. Ulu öndərin
öz sözləri ilə desək, təhsil sistemimizin
hazırkı vəziyyətini, onun problemlərini dərindən
öyrəndikdən sonra prioritet sahələr müəyyən
edilməlidir.
Müşahidələr göstərir ki, həqiqətən
də belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil
siyasətinin əsas qayəsini təşkil etmişdir. Son dövrlər
həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin
prioritet istiqamətlərinə diqqət yetirdikdə, Heydər
Əliyevin təhsil strategiyasının nə qədər
fundamental bir konsepsiya olduğu aydınlaşır.
Məlumdur ki, milli intibahın təminatında
başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə
bir çox problemlərin həllində mühüm rol
oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən
Azərbaycan Respublikasında müstəqilliyin bərpasından
sonra bu strateji sahəyə milli təhlükəsizliyin
mühüm amillərindən biri kimi xüsusi diqqətin
yetirilməsi belə nəticəyə gəlməyə əsas
verir ki, ölkədə elm və təhsil problemləri
ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət
təşkil edir. Tərəqqiyə gedən yolda
uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri
ilə diplomatik əlaqələrin yaradılması,
sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə
beynəlxalq norma və tələblərə
uyğun əməkdaşlığın qurulması zəruridir.
Bunun üçün də, xüsusilə strateji əhəmiyyətə
malik olan təhsil sistemində köklü islahatlar
aparılması Azərbaycan dövlətinin ali
məqsədinə çevrilmişdir. Bu mənada
türk dünyasının lideri Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi dönəmdə
reallaşdırılan təhsil siyasətinin müxtəlif
aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli
sahənin dünəninə və bugününə diqqət
yetirmək kifayətdir.
Bu da
danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin təhsil
siyasəti konsepsiyasına əsasən, ali
məktəblərimizin əksəriyyətində təhsil
alan gənclərin elmi-tədqiqat işlərinə cəlb
olunması üçün lazımi şərait
yaradılmışdır. Son dövrlər hər il tələbələrin
müxtəlif fənlər üzrə respublika
olimpiadaları, konfranslar,habelə
aspirantlar və gənc tədqiqatçıların respublika
simpoziumları, müsabiqələr keçirilir ki, bu da elmə,
elmi tədqiqatlara olan marağı daha da artırır. Eyni
zamanda, bir faktı qeyd etmək istərdim ki, 1998-ci ildən bu
günə qədər elmi-tədqiqat müəssisələrinin
və ali məktəblərin 1500-dən artıq əməkdaşı
müxtəlif ölkələrdə - ABŞ, Böyük
Britaniya, Polşa, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və
başqa ölkələrdə yaradıcı ezamiyyətlərdə
olmuş, Azərbaycan elmini yüksək səviyyədə təmsil
etmişdir. Nəzərə alsaq ki, istənilən
sahədə, o cümlədən elmdə sürətli
inkişafın başlıca amillərindən biri də
çevik inteqrasiya və beynəlxalq əməkdaşlıqdır,
onda yuxarıda qeyd edilənlər də Azərbaycan elminin
inkişafı istiqamətində atılmış addım
kimi qəbul edilə bilər.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan
elminin də inkişafı istiqamətində ümummilli lider
Heydər Əliyevin siyasəti bu gün də islahatların zəruriliyinə
ciddi diqqət yetirən ölkə başçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki,
yuxarıda qeyd edildiyi kimi, baza təhsilinə malik olmayan
insanların ciddi elmi araşdırmalar aparması
qeyri-mümkündür. Bu baxımdan da,
elmin və elmi tədqiqatların inkişafından söhbət
gedirsə, ilk növbədə orta ümumtəhsil sisteminə
diqqət yetirilməsi zəruridir.
Vaqif RÜSTƏMOV, iqtisad elmləri namizədi:
-Həqiqətən
də qeyd edildiyi kimi, müstəqillik illərində Azərbaycan
dövləti, eləcə də onun iqtisadiyyatı bir
çox çətinliklərlə üzləşmişdir
ki, bunun da bir çox obyektiv və subyektiv səbəbləri
vardır. Əlbəttə, bu səbəblər
hər birimizə məlumdur və mən onları
sadalayıb sizin vaxtınızı almaq istəməzdim.
Amma bir məsələni xüsusi vurğulamaq
yerinə düşər ki, hər bir müstəqil ölkənin
qarşısında duran başlıca vəzifələrdən
biri də qlobal iqtisadi məkana sürətli və səmərəli
inteqrasiya etmək, etibarlı və təhlükəsiz
iqtisadi sistem formalaşdırmaq, beynəlxalq aləmdə
ölkənin nüfuzlu siyasi və iqtisadi imicini
formalaşdırmaqdan ibarətdir. Bütün
bu sahələrdə, müstəqilliyin ilk illərində
müəyyən çətinliklər və
çatışmazlıqlar olsa da, ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra problemlər tədricən
öz həllini tapdı. 1994-cü ildə
"Əsrin müqaviləsi" imzalandı, Azərbaycana
iri həcmli xarici investisiyaların axını başladı
və beləliklə də Azərbaycanın qlobal iqtisadi məkana
sürətli inteqrasiyası başlandı. Baxmayaraq ki, investisiyaların əsas hissəsi neft
sektoruna yönəldilmişdi, bu, ümumi iqtisadi tərəqqiyə
də öz müsbət təsirini göstərirdi. Beləliklə,
ölkədə bazar infrastrukturlarının inkişafına
yönələn silsilə tədbirlər həyata
keçirildi, dövlət mülkiyyətinin özəlləşdirilməsinə
dair proqramlar qəbul edildi, hərbi sahədə atəşkəsə
nail olundu, qanunvericilik bazası təkmilləşdirildi və
s. Bütün bunlar isə öz növbəsində, ölkədə
yeni bazar münasibətlərinin formalaşmasına şərait
yaratdı. Nəticədə, özəl sektor
sürətlə inkişaf edərək istər məşğulluğun
təmin edilməsində, istər büdcə gəlirləri
və ÜDM-in formalaşmasında, istərsə də
ümumi və regional inkişafda aparıcı mövqeyə
çıxdı.
Bütün bunlarla yanaşı, milli iqtisadiyyatın
inkişafına dair çoxlu sayda faktlar sadalamaq olar. Amma
bütün bunlarla yanaşı, hesab edirəm ki, inkişaf
potensialı hələ tükənməmişdir və daha
sürətli inkişaf üçün ciddi zəmin
vardır. Xüsusilə, sahibkarlıq subyektlərinin fəaliyyətinin
daha da genişləndirilməsi, bu məqsədlə
diversifikasiya, sığorta, stimullaşdırma, kredit və s.
tədbirlərin daha geniş əhatəli olması məqsədəuyğun
hesab edilir. Digər tərəfdən, vacib məsələlərdən
biri də, ölkəmizdə ixracın kreditləşdirilməsi
və stimullaşdırılması istiqamətində
addımlar atılmasıdır. Eyni zamanda, innovasiya tədbirlərinin
genişləndirilməsi, bütün dünyada aktual olan
biliklər iqtisadiyyatının formalaşdırılması,
sahibkarlıq subyektlərinin innovasiya fəaliyyəti
haqqında maarifləndirilməsi və s. qarşıda duran
vacib vəzifələr kimi qəbul edilməlidir. Bu məqsədlə müvafiq normativ-hüquqi
bazanın da təkmilləşdirilməsi, xüsusilə
tezliklə "Elm haqqında", "İnnovasiya fəaliyyəti
haqqında" və s. qanunların qəbul edilməsi
çox vacibdir.
Aqil ƏSƏDOV, iqtisad elmləri namizədi,
dosent:
- Burada
çox dəyərli alim və mütəxəssislərimiz
iştirak edirlər. Məndən əvvəl
çıxış edənlər müstəqil Azərbaycan
iqtisadiyyatının inkişaf dinamikasını aydın və
əhatəli şəkildə ifadə etdilər. Ona görə də mən hər birimizə məlum
olan rəqəmlər, dinamika haqqında danışıb
vaxtınızı almaq istəmirəm. Eyni
zamanda, bir məsələni qeyd etmək istərdim ki, mənim
fikrimcə, Azərbaycanın müstəqilliyi 1991-ci ildə
elan edilsə də, ölkəmizin iqtisadi müstəqilliyi
1994-cü ildə hiss olundu. Belə ki, məhz 1994-cü
il 20 sentyabr tarixində Bakı şəhərində Xəzər
dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri",
"Çıraq" və "Günəşli"
yataqlarının birgə istismarı ilə bağlı neft
hasilatı üzrə ixtisaslaşmış, yüksək
nüfuza malik dünya dövlətlərini təmsil edən
12 iri neft şirkəti arasında beynəlxalq müqavilə
imzalanmışdır ki, bununla da "Yeni neft
strategiyası" uğurla həyata keçirilməyə
başlandı. Bağlanmış müqavilələr
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə
mindi. Ölkəmizin iqtisadi
inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin
müqaviləsi" adlandırılan bu iri layihə üzrə
ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə
başlandı. Təqribən 730 milyon ton neft və 200
milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan
yataqlarda görüləcək işlərə 12-14 milyard
ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə
tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə
etmiş Azərbaycan Respublikası üçün çox
vacib məsələ idi. Bu müqavilə, hər
şeydən əvvəl, Azərbaycan Respublikasının
öz təbii-iqtisadi resurs ehtiyatlarının tam hüquqlu
sahibi və qərarvericisi olduğunu bütün dünyaya
göstərdi, eləcə də Azərbaycanın beynəlxalq
aləmə inteqrasiyasının əsasını qoydu.
Həmin dövrdən etibarən uğurla həyata
keçirilən iqtisadi siyasət nəticəsində ölkəmiz
əksər makroiqtisadi göstəricilərdə dəfələrlə
irəliləyişə nail oldu ki, bu da Azərbaycanı
regionun aparıcı dövlətinə, Avropanın
enerji təhlükəsizliyinin təminatçısına
çevirdi. Beləliklə, uğurla reallaşdırılan
neft strategiyası, nəhayət, ölkəmizin ümumi
iqtisadi inkişaf strategiyasının müəyyənləşməsinə
və həyata keçirilməsinə imkan verdi.
Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş, 2003-cü ildən etibarən isə ölkə
başçısı cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilən iqtisadi strategiya nəticəsində
artıq Azərbaycan qlobal sferada cərəyan edən zərərli
təsirlərdən özünü qorumağı bacaran,
dünyanın nüfuzlu kürsülərindən öz
mövqeyini ifadə etməyə qadir güclü bir dövlətə
çevrilmişdir. Artıq ölkədə
sahibkarlığın dinamik inkişafı təmin
edilmiş, ÜDM-də, büdcə gəlirləri və xərclərində,
əhali gəlirlərində və s. ilbəil artıma nail
olunmuşdur.
Müasir dövrdə isə qarşıda duran
başlıca vəzifələrdən biri milli
iqtisadiyyatın, eləcə də onun ayrı-ayrı sahələrinin
uzunmüddətli davamlı inkişafını təmin etməkdir. Məlum
olduğu kimi, davamlı inkişaf indiki nəslin tələbatının
gələcək nəslin tələbatına toxunmadan,
dolğun şəkildə ödənilməsidir. Eyni zamanda, davamlı inkişaf sosial, iqtisadi və
ekoloji inkişafın kompleks şəkildə təmin
olunmasını, ayrı-ayrı sahələrdə yaranan
problemlərə sistem şəklində yanaşmanı irəli
sürür.
Göründüyü
kimi, davamlı inkişaf tələbləri bütün
növ resurslardan qənaətlə istifadəni, hər bir sahədə
texnika və texnologiyanın ən son nailiyyətlərinin tətbiqini,
müasir dünya reallıqlarından irəli gələn
idarəetmə və texnoloji yeniliklərdən istifadəni və
s. tələb edir, eləcə də bütün proseslərə
kompleks şəkildə yanaşmanı dəstəkləyərək,
sosial-iqtisadi və ekoloji olmaqla üç istiqamətli
inkişafı tövsiyə edir. Təbii ki,
bütün bunlar, yuxarıda qeyd edildiyi kimi, istər texnoloji,
istərsə də idarəetmə sahəsində
müasirliyi tələb edir. Bu baxımdan
müxtəlif sahələrdə istehsal və xidmət
proseslərində yeni texnika və texnologiyanın geniş
miqyaslı tətbiqi, müasir idarəetmə metodlarından
istifadə milli iqtisadiyyatın modernləşdirilməsinin
başlıca amillərindən biri kimi qəbul edilə bilər.
Yeni texnika və texnologiyanın tətbiqi
elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnməyi
tələb edirsə, idarəetmə sahəsində təkmilləşmə
isə öz növbəsində kadr hazırlığı və
təminatının
yaxşılaşdırılmasını önə çəkir.
Qeyd edilənlərdən aydın olduğu kimi, söhbət
elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda
geniş miqyaslı tətbiqindən, kadr təminatı və
hazırlığının təkmilləşdirilməsindən
gedirsə, ümumilikdə bütün bunları innovasiya
siyasətinin tərkib hissəsi hesab etmək olar. Belə olduqda
isə innovasiya siyasətini modernləşmənin və
davamlı inkişafın mühüm amili kimi qəbul etmək
mümkündür. İstər innovasiya,
istərsə də modernləşmə, yekunda rəqabət
qabiliyyətliliyin yüksəldilməsinə kömək edir
ki, bu da davamlı inkişafın əsas tələblərindən
biridir. Belə ki, hər hansı bir sahənin
davamlı inkişaf etməsi həmin sahənin digər
alternativ sahələrlə rəqabət mübarizəsindən
çox asılıdır. Qloballaşma və
inteqrasiya proseslərinin sürətləndiyi müasir
dövrdə, istər milli, istərsə də qlobal səviyyədə
rəqabət mübarizəsində iştirak etmək, bu
mübarizədə müflis olmamaq uzunmüddətli fasiləsiz
fəaliyyətin başlıca şərtlərindən
biridir. Göründüyü kimi, milli
iqtisadiyyatın modernləşdirilməsi, innovasiya siyasəti,
davamlı inkişaf, rəqabət qabiliyyətlilik və s.
bir-biri ilə sıx bağlı olub qarşılıqlı əlaqəlidir.
Eyni zamanda, biri digərinin təkanvericisi və
ya tamamlayıcısıdır. Başqa
sözlə desək, bu məsələlərə
ayrılıqda deyil, kompleks şəkildə
yanaşılması daha məqsədəuyğundur.
Fərrux DADAŞOV:
- Azərbaycan
Respublikası Prezidentinin fərmanları ilə təsdiq
olunmuş "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci
illər)" və onun məntiqi davamı olan "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" çərçivəsində
nəzərdə tutulmuş tədbirlər uğurla davam
etdirilir. Ötən müddətdə ölkədə
regionların sosial-iqtisadi inkişafı getdikcə sürətlənmiş,
bölgələrdə mühüm infrastruktur layihələri
həyata keçirilmişdir. Belə ki, son 7 il ərzində
elektrik təchizatı sahəsində 11 elektrik stansiyası
tikilib istifadə verilmiş, elektrik istehsalının
gücü 1500 Mvt artırılmışdır. 2012-ci ilin sonunadək ölkə əhalisinin 90-95
faizinin təbii qazla təmin edilməsi, hər bir rayon mərkəzində
içməli su və kanalizasiya layihələrinin başa
çatdırılması nəzərdə tutulmuşdur.
Bu istiqamətdə artıq dövlət büdcəsindən
ayrılan vəsait hesabına Lənkəran, Biləsuvar,
Kürdəmir, Ucar, Zərdab, Şəmkir, Mingəçevir,
Quba, Qax, Hacıqabul və İmişli şəhərlərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması işlərinə start verilmişdir. Eyni zamanda, ölkənin bütün bölgələrində
əhalinin qazla təmin edilməsi üçün müvafiq
işlər görülməkdədir. Son illər ərzində
ölkədə 2164 kilometr respublika əhəmiyyətli yollar,
3395 kilometr yerli əhəmiyyətli yollar tikilib və təmir
edilmiş, 139 körpü və tunel istifadəyə
verilmişdir. Ötən müddətdə 400-ə
yaxın tibb müəssisəsi, 2 mindən çox məktəb
tikilmiş və əsaslı təmir edilmişdir. Bu
illər ərzində 1 milyona yaxın yeni iş yeri, 40 mindən
çox yeni müəssisə yaradılmışdır.
Sumqayıtda "Bismak", "Azkompozit" və "Dizayn
Genay Azərbaycan" müəssisələri, Sumqayıt
Texnoparkının birinci mərhələsi, Abşeronda
"Azbentonit" MMC, duz zavodu, (M-Line) mebel fabriki və (AZMDF)
ağac emalı zavodu, Şamaxıda avtomobil, televizor, məişət
soyuducuları istehsalı müəssisələri, Gəncədə
avtomobil zavodu, "Jardin Royal" şokolad fabriki, Lənkəranda
süd zavodu, çay və dondurma fabrikləri, Masallıda
şirniyyat fabriki, İmişlidə şəkər zavodu,
Şəki, Lənkəran, Biləsuvar, Xaçmaz və Qəbələdə
meyvə şirələri və konserv zavodları, Qubada
"Azkon" müəssisəsi, Mingəçevirdə
beton-dayaqlar və elektron avadanlıqları zavodları,
Zaqatalada gül yağı emalı, süd və tütün
emalı zavodları, Naxçıvanda Yeyinti Sənaye
Kompleksi, avtomobil zavodu, Gəmiqaya daş məhsulları
kompleksi, mineral sular zavodu, Şərur rayonunda asfalt-beton zavodu,
Gədəbəy qızıl-mis emalı zavodu, Bakıda
"Gök-Nur Bakı" kabel və elektrik
avadanlıqları istehsalı zavodu, Qranit-Mərmər zavodu,
Hacıqabul kərpic zavodu, Ağcabədidə və Tovuzda
süd emalı zavodları, İmişlidə yem və bitki
yağları fabrikləri, Salyan, Quba, Qusar, Xaçmaz və Qəbələdə
soyuducu anbar kompleksləri, Qobustan, İmişli və
İsmayıllıda taxıl anbarı kompleksləri, Ağcabədidə
"Atena" süd məhsulları kombinatı, Samuxda meyvə
qurudulması və emalı müəssisəsi, Xaçmaz
kondensator zavodu, Yevlaxda "Azərtoxum" MMC-nin
toxumçuluq müəssisəsi, Qəbələ piano
fabriki, Naftalanda "Çinar Hotel" kompleksi və
"Qaşaltı" sanatoriyası, Qəbələdə
"Qafqaz Resort", Gəncədə "Ramada Plaza",
Balakəndə "Qubek" mehmanxanaları, Bakıda
"Kempinski Badamdar" hotel kompleksi istifadəyə
verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin
4 may 2011-ci il tarixli sərəncamı ilə
təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nda təhsil, səhiyyə, rabitə, istilik,
qaz və elektrik təchizatı, abadlaşdırma, yol təsərrüfatı
sahələrində nəzərdə tutulmuş tədbirlərin
icrasına başlanmışdır.
Rofət HÜSEYNƏLİYEV, iqtisad elmləri namizədi:
- Azərbaycan
müstəqillik əldə etdikdən sonra demokratik,
hüquqi-dünyəvi dövlət qurulması, bazar iqtisadi
sisteminə keçid, ölkənin ərazi
bütövlüyünün təmin edilməsi, əhalinin təhlükəsizliyinin
və sosial-iqtisadi rifahının
yaxşılaşdırılması əsas vəzifə
oldu. Bildiyimiz kimi, dövlət suverenliyinin bərpasından
sonra ölkədə mövcud sosial-iqtisadi inkişafı iki əsas
mərhələyə ayırmaq olar. Birincisi,
1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül,
ikincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi
sabitlik və dinamik iqtisadi inkişaf dövrü oldu. Son
20 ildə davamlı və dinamik inkişaf məntiqinə əsaslanan
bu modelin strateji istiqamətləri sərbəst bazar
münasibətlərinə əsaslanan və
özünüinkişaf qabiliyyətinə malik olan
sosialyönümlü bütöv iqtisadi sistemin müstəqil
milli iqtisadiyyatın formalaşdırılmasına, ölkədə
mövcud olan təbii-iqtısadi, texniki-istehsal və
elmi-texniki potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunmasına, milli
iqtisadiyyatın dünya təsərrüfat sisteminə
inteqrasiyasına yönəldildi.
Hazırladılar: Əlipənah
BAYRAMOV, Vaqif BAYRAMOV, Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 6 oktyabr.- S. 3.