Azərbaycanın
dövlət müstəqilliyi milli tərəqqimizə
möhtəşəm zəmin yaratdı
Müstəqilliyimizin
tarixində 1993-cü il müstəsna əhəmiyyətə
malikdir... O zaman, mürəkkəb durumda xalqımız
çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi
ölkənin Prezidenti seçmişdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Xalqların
azadlığını, ölkələrin müstəqilliyini
qiymətləndirmək üçün çoxsaylı
müdrik ifadələr səsləndirilib, min illər
yaşayacaq kəlamlar ərsəyə gəlib. Müxtəlif
dövrlərdə, müxtəlif ölkələrdə və
müxtəlif aqillər tərəfindən söylənilən
həmin aforizmlərin hamısı dəyərlidir. Ancaq
ötən əsrin görkəmli şəxsiyyətlərindən
olan hind dövlət və ictimai xadimi Mahatma Qandinin bir ifadəsi
bizim bugünkü mövzumuzla daha çox üst-üstə
düşür. O söyləyib ki, qartalın dağdakı ən
uca yüksəklikləri belə fəth eləməsinin əsas
səbəbi təkcə onun güclü qanadları və ya
qətiyyəti, iradəsi deyil. O, eyni zamanda, azad olduğuna
görə zirvələri fəth edə bilir. Əks təqdirdə,
qəfəsdəki qartal da digər quşlar kimi
"uğursuz" olur. Bu obrazlı ifadənin təbiətdən
götürüb cəmiyyətə tətbiq edilməsi bir
daha sübut etmiş olur ki, orada əsrlər boyu əsarətdə
yaşamış hind xalqının azadlıq istəyinin,
müstəqillik arzusunun misilsiz tərənnümü
vardır.
Azərbaycan
xalqının bir əsrdə iki dəfə öz dövlət
müstəqilliyinə qovuşmasıyla
yaşadığı xoşbəxtliyin miqyasını
düşünəndə böyük hind mütəfəkkirinin
yuxarıda qeyd etdiyimiz ifadəsinin məna yükü barədə
əsl təəssürat yaranır. Hələ 1918-ci ildə
əsrlərdən bəri həsrətini çəkdiyimiz,
burnumuzun ucunu göynədən müstəqilliyə
qovuşandan dərhal sonra dünyanın əksər dövlətləri
Azərbaycan təmsilçiləri ilə görüşməyə,
müzakirələr aparmağa başlamışdılar. O
zaman həm Qafqazda, həm Peterburq və Moskvada, həm də
Fransada aparılan siyasi danışıqlarda Azərbaycan təmsilçilərinin
iştirak etdiyi barədə tarixi materialları oxuyanda istənilən
soydaşımız böyük fəxr və iftixar hissi
keçirir. Hətta Fransada aparılan danışıqlara
getmiş Əlimərdan bəy Topçubaşovun orada səfərdə
olan ABŞ prezidenti tərəfindən qəbul edilməsi
soydaşlarımıza müstəqilliyin nə boyda səadət
olduğunu göstərmişdi. Halbuki, 1918-ci ilin 28 May tarixinə
qədər də biz həmin xalq idik. Ancaq bizimlə
danışmaq, razılaşmaq istəyən yox idi.
Çox təəssüf ki, Şərq tarixinə və
xüsusən, müsəlman ölkələrinin salnaməsinə
bir neçə önəmli dəyərlərlə imza
atmış həmin müstəqilliyimiz uzunömürlü
olmadı. Çünki o zamankı ictimai-siyasi reallıqlar elə
bir mürəkkəb formada idi ki, gənc, müstəqil Azərbaycan
dövlətinin rəhbərliyində olanlar həmin proseslərə
qarşı çıxa bilməzdilər və çıxa
bilmədilər. İlk Demokratik
Respublikamız cəmi 23 ay yaşadı.
Tanrı bizə həmin şansı ikinci dəfə
verəndə isə dövlət müstəqilliyimizi nəinki
uzunömürlü, hətta əbədi etmək
şansımızı da göndərmişdi. Bu şans Heydər
Əliyev siyasi dühası, ulu öndərin möhtəşəm
dövlətçilik təcrübəsi idi. Doğrudur, müstəqilliyin ilk illərində gənc
suveren dövlətimizi yenə də büdrədənlər
tapıldı, ölkə vətəndaş müharibəsi
həddinə gətirildi, dövlətçiliyin məhv
olmaq təhlükəsi yarandı, xalqın müstəqil
dövlətə olan inamı itirildi və sairə.
Ancaq 1993-cü il 1920-ci il deyildi və Azərbaycan
xalqının ümidgahı olan Heydər Əliyev
dühası ən qatı düşmənin belə fitnə-fəsadını
dəf etmək iqtidarında idi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu il
sentyabrın 23-də Bakıda, "Gülüstan"
sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı
ilə keçirilən müstəqilliyin iyirminci
ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirindəki
nitqində söyləmişdi ki, biz dövlət müstəqilliyimizin
20 illiyi barədə söz açarkən mütləq bu
müstəqilliyin ilk illərini yada salmalıyıq. Nəyə görə uğurlardan deyil, bilavasitə
ölkənin ağır günlərindən başlayaq?
Çünki xalqın öz dövlət
müstəqilliyini və bugünkü sosial-iqtisadi
inkişafının qədrini bilməsi üçün
mütləq ilk növbədə keçdiyimiz yolun
ağrı-acısını xatırlamalıyıq.
Geridə qalan 20 ilin başlanğıcında müstəqil
Azərbaycan Respublikasının əhalisi hakimiyyət
uğrunda qanlı mübarizələrin, daxili çəkişmələrin,
xarici təcavüzün, aclıq, qıtlıq, yoxsulluq,
işsizlik və digər məhrumiyyətlərin, qardaş
qırğınının, dövlətin öz hərbi hissəsinin
üzərinə qoşun yeritməsinin, dövlətin pulunu
və silahını öz malı kimi istifadə edənlərin
dövlətə qarşı qiyamının, ölkənin
müxtəlif xanlıqlara parçalanması təhküləsinin,
dövlət çevrilişi cəhdlərinin, xaos və
anarxiyanın, dövlət başçılarının xəlvəti
qaçmasının və eləcə də bir çox
başqa fəsadların şahidinə çevrilmişdi. Bu qədər mənfiliklərin və eybəcərliklərin
zaman etibarilə çox qısa bir müddətdə, Azərbaycan
kimi o qədər də böyük əraziyə malik olmayan
ölkədə baş verməsinin səbəbləri nə
idi?
Bunun bir neçə səbəbi var idi. Əvvəla,
ölkədə əvvəlcə xalqın arzu-istəklərini
ifadə edənlər deyil, Moskvanın diqtəsi ilə
işləyənlər rəhbərlik edirdilər. Onların tankla, topla qovulmasından sonra isə vəziyyət
bir qədər də mürəkkəbləşdi. İndi artıq ölkəyə siyasətdə və
idarəetmədə tamamilə diletant olanlar rəhbərlik
edirdilər. Bu isə gənc müstəqil
dövlətin parçalanmasını, vətəndaş
müharibəsinin başlanmasını və dövlətçiliyin
əldən getməsini yaxınlaşdırırdı.
Ancaq tarixin bütün dönəmlərində
olduğu kimi, yenə də xalq öz müdrikliyini
nümayiş etdirdi və o zamanlar Naxçıvan Muxtar
Respublikasına rəhbərlik edən ulu öndər Heydər
Əliyev Naxçıvandan Bakıya dəvət edildi.
Ulu öndərin xalqın təkidli
çağırışları ilə paytaxta gəlməsi
və Milli Məclisin sədri seçilməsi ölkə əhalisinin
tarıma çəkilmiş əsəblərinin bir qədər
sakitləşməsinə səbəb oldu. İnsanlar
inanmağa başladılar ki, düşdükləri bəla
girdabından çıxış yolu var. Həmin yolu
ümummilli liderimiz reallığa çevirdi. Daxili sabitlik yarandı, cəbhədə atəşkəs
elan olundu, ölkənin şimalında və cənubunda cərəyan
edən hadisələrə son qoyuldu, hərtərəfli
islahatlara başlanıldı və sairə. Bütün bunlarla yanaşı Avropada və Qərbdə
bəzi siyasi qüvvələr müstəqil Azərbaycan
dövlətinin demokratik dəyərlərə önəm
verəcəyinə şübhə ilə
yanaşırdılar. Çünki Heydər
Əliyevdən əvvəlki iqtidarların Qərb
demokratiyasına inteqrasiya istiqamətində heç bir
addım atmadıqları fakt idi. Üstəlik, Heydər
Əliyev uzun illər SSRİ rəhbərlərindən biri
olmuşdu və ona görə də ulu öndərin Azərbaycanda
sivil, hüquqi, dünyəvi və demokratik dövlət
quruculuğu kursunun götürüldüyü barədə
verdiyi bəyanatları da bəzən əvvəlki
iqtidarların bəyanatları kimi qiymətləndirənlər
tapılırdı. Ancaq Heydər Əliyev nəinki
Avropaya, hətta, bütün dünyaya sübut etdi ki,
müstəqil Azərbaycan dövləti Avropa dəyərlərinə
elə Avropanın özü qədər önəm verən
bir dövlət kursu götürüb. Ulu
öndərin işləyib hazırladığı yeni neft
strategiyasının nəticəsi olan "Əsrin müqaviləsi"
Qərbdə Azərbaycan dövlətinə inamı
artırdı. Ümummilli liderin
özünün işləyib hazırladığı
hüquq islahatlarını, xüsusən, 1995-ci ilin
noyabrında qəbul edilmiş ilk milli Konstitusiyamızı
analiz edən Qərb ekspertləri Azərbaycan həqiqətləri
barədə çoxsaylı etiraflar səsləndirmək məcburiyyətində
qaldılar. Almaniyalı ekspertlər etiraf
etdilər ki, müstəqil Azərbaycanın ilk milli
konstitusiyası əsas insan hüquq və
azadlıqlarının qorunması baxımından bir
çox Avropa ölkələrinin analoji dövlət sənədindən
daha mükəmməldir.
Tarixçilərin yazdığına görə,
bütün bunlar Azərbaycanın dövlət müstəqilliyinin
qorunması, möhkmləndirilməsi və əbədiləşdirilməsi
istiqamətində ulu öndərin həyata keçirdiyi tədbirlərin
bir hissəsidir. Onların fikrincə, ulu öndərin bu
yöndə atdığı ən önəmli addım isə
2003-cü ilin oktyabrında keçirilən prezident
seçkiləri ərəfəsində Azərbaycan
xalqına ünvanladığı müraciəti idi. Heydər Əliyev həmin müraciətdə
üzünü xalqına tutaraq deyirdi ki, biz dövlətin
qüdrətlənməsi və müstəqilliyin əbədiləşdirilməsi
üçün son 10 ildə çox böyük işlər
görmüşük. Ancaq bütün
işlər başa çatmayıb. Ulu
öndər əmin olduğunu bildirirdi ki, mənim başa
çatdıra bilmədiyim işləri xalqın və Yeni
Azərbaycan Partiyasının dəstəyi ilə İlham Əliyev
başa çatdıracaq. "Mən
İlham Əliyevə özümə inandığım kimi
inanıram" - deyən ulu öndərin çağırışı
xalq tərəfindən müsbət qarşılandı və
oktyabrda keçirilmiş prezident seçkilərində
Baş nazir İlham Əliyev böyük səs
çoxluğu ilə qalib gəldi.
Seçkiqabağı təbliğat kampaniyası
dövründə bölgə əhalisi ilə
görüşən İlham Əliyev söyləmişdi
ki, əgər xalq mənə səs verərsə, onda mən
bütün azərbaycanlıların prezidenti olacağam. Dövlət
başçımız həmin tezisi elə prezidentliyinin
birinci ilində günün reallığına çevirdi.
Cəmiyyət həyatının elə bir sahəsi
qalmadı ki, Prezident İlham Əliyev həmin sahənin
inkişaf etdirilməsi üçün konkret plan və
proqramların reallaşdırılmasını gündəliyə
gətirməsin. Sözün həqiqi mənasında
bütün azərbaycanlıların prezidenti olan İlham Əliyev
ölkəyə rəhbərlik etdiyi dövrdə
yoxsulluğun və işsizliyin aradan qaldırılması
üçün elə konkret layihələrin
reallaşdırılmasına nail oldu ki, xaricdəki
dostlarımız həmin layihələri "Azərbaycan
nümunəsi" adlandırdılar.
2003-cü ilin oktyabrından sonra müstəqil Azərbaycanın
dünya dövlətləri sırasındakı yerinin
möhkəmləndirilməsi üçün atılan
addımların sayı artıq yüzlərlədir. Mən təhsil
işçisi olduğuma görə həmin yüzlərlə
addımdan ancaq öz sahəmizə aid olan faktların bir
neçəsini qeyd etməklə kifayətlənmək istəyirəm.
Cənab İlham Əliyevin Prezident seçilməsindən
sonra minə yaxın yeni məktəb binası tikilib. Təhsil sahəsi ilə bağlı 16 Dövlət
Proqramı təsdiq olunub. Bütün təhsil
ocaqlarında informasiya kommunikasiya texnologiyalarından yüksək
səviyyədə istifadə olunması təmin edilib və
sairə. Bütün bunların həyata
keçirilməsi üçün isə dövlət
büdcəsindən ayrılan vəsaitin məbləği
ildən-ilə artırılıb. Bu
gün Azərbaycanda ordu quruculuğundan sonra ən çox vəsait
ayrılan sahə məhz təhsil sistemidir. Dövlət
müstəqilliyinin əbədiləşdirilməsi
üçün bu iki sahədən vacib hansı sahə ola bilər? Əsla heç bir
sahə. Deməli, ulu öndərin
böyük əminliklə söylədiyi "Mən
İlham Əliyevə özümə inandığım kimi
inanıram" - ifadəsi özünü hər gün, hər
an, hər sahədə doğruldur. Heydər
Əliyev Azərbaycanın dövlət müstəqilliyini
qorumuşdu, İlham Əliyev isə onun əbədiyyətə
qədər mövcudluğunu təmin edir. Yəni dövlət müstəqilliyimiz milli tərəqqimiz
üçün böyük stimula çevrildi.
Dövlət
müstəqilliyimizin 20 illiyi ilə bağlı qələmə
aldığımız sətirləri məhz dövlət
başçımızın sözləri ilə
yekunlaşdırmaq istərdik: "...Bizim ən böyük
nailiyyətimiz - bizim müstəqilliyimizdir,
azadlığımızdır. Bu, Azərbaycan
xalqı üçün ən böyük sərvətdir.
Çünki əsrlər boyu Azərbaycan
xalqı müstəqilliyindən məhrum olmuşdur. Ona görə bu gün mən qeyd etmək istəyirəm
ki, müstəqilliyimiz ən böyük nailiyyətimizdir".
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər
İnstitutu
Zaqatala filialının direktoru
Xalq qəzeti.- 2011.- 6 oktyabr.- S. 5.