Çoxəsrlik
dövlətçilik ənənəsi və siyasi
müstəqilliyin təntənəsi
XX əsrin
sonuncu onilliyində Azərbaycan xalqının dövlət
müstəqilliyi əldə etməsi, suveren dövlət
kimi dünya birliyinə qoşulması çoxəsrlik Vətən
tarixinin ən önəmli hadisəsidir. Tarix boyu Azərbaycanda
bir çox dövlətlər qurmuş, zəngin mədəniyyət
yaratmış xalqımızın son 2 əsrə yaxın
müddətdə müstəqilliyini itirməsi böyük
bir ədalətsizlik idisə, XX əsrdə 2 dəfə
yaranmış fürsətdən yararlanaraq dövlətçiliyini
bərpa etməsi təbii, qanunauyğun hadisə olmuşdur.
1918-1920-ci
illərdə xalqımızın insanlıq haqlarına sahib
çıxmış Azərbaycan Xalq Cümhuriyyəti də,
1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası da bu
torpaqda dövlətçilik yaddaşının
yaşarılığının, siyasi iradənin ölməzliyinin,
itaətdə yaşamaqla barışmamağın təsdiqi
olmuşdur.
Çoxəsrlik
milli tariximizin aparıcı, üstün əlaməti Azərbaycan
xalqının dövlət qura bilmək, onu yaşatmaq,
davamlı bir dövlətçilik ənənəsi yaratmaq
qüdrətidir.
Bu
günlərdə 20 illiyini qeyd etdiyimiz çağdaş Azərbaycan
dövləti məhz bu tarixi gerçəklik üzərində
yaranıb boy atır. Azərbaycan dövlətçiliyini
kökü tarixin dərin qatlarından gələn əbədiyaşar
bir ağaca da bənzətmək olar. Zaman-zaman güclülər
bu ağacın gövdəsini, budaqlarını kəsib-qurutmaq
istəsələr də, onun göyərib yenidən boy
atmasının qarşısını almaq mümkün
olmayıb. Bu budanma, doğranma kökləri bir az da qüvvətləndirib,
sabahkı boyatma enerjisini aşağı qata
ötürüb.
Azərbaycanın indiki dövlət müstəqilliyi dünyada yaşayan 50 milyon soydaşımızın da tarixi taleyində ən önəmli hadisədir. Xalqın 9 milyonluq bir hissəsinin ərsəyə gətirdiyi, sahib çıxdığı bu suverenlik haqqı yerdə qalan 41 milyonun da milli varlığının istinadgahı, sabahının özülü, müjdəsidir. Minillərin hərbi-siyasi dartışmalarının, yer üzündəki sərhədləri yenidən cızmış cahan savaşlarının yekunu olan çağdaş dünyada minlərlə xalqdan cəmi 196-sı əzəli haqqını - öz torpağına, varlığına sahib olmaq hüququnu qazana bilib. Artıq 20 ildir ki, Azərbaycan xalqı öz məmləkətinin azad vətəndaşıdır, öz dövlətinə xidmət edir, suveren hüquqları ilə yaşayır.
Şəxsiyyətləri tarix yaratdığı kimi, tarixin də yönü, məzmunu şəxsiyyətlərin fəaliyyəti ilə müəyyənləşir. Çağdaş Azərbaycan dövlətinin ərsəyə gəlməsi də XIX əsrin əvvəllərində dövlət müstəqilliyinin itirildiyi vaxtların şəxsiyyətlərinin amal və mübarizəsindən qaynaqlanır. Müstəqilliyin itirilməsi bir çox daxili və xarici amillərin nəticəsi olduğu kimi, onun qazanılması da bu zəmində əlverişli tarixi şəraitin yetişməsi ilə gerçəkləşir. Burada əsas məsələ, həlledici şərt xalqın əsarətlə barışmaması, yurduna sahib olmaq istəyinin sönməməsi, suverenlik haqqını qazanmaq üçün qabil şəxsiyyətlər yetirə bilməsidir.
Yeni nəsil ziyalıların "islamlaşmaq, türkləşmək, müasirləşmək" məfkurəsinə sahib çıxmaqla, istiqlal mücadiləsinə qalxması ilk fürsətdə AXC-nin timsalında milli dövlətçiliyin bərpası, Şərqdə ilk demokratik respublika şəklində yenidən dirçəlməsi ilə nəticələnmişdi.
Kommunist epoxasında yaranmış Azərbaycan SSR formal müstəqilliyinin (1920-1922) ilk 2 ilində də, sovet imperiyasına qatıldığı sonrakı (1922-1991) 69 ildə də xalqımızın suverenlik istəyini, siyasi azadlığa qovuşmaq məramını açıq-gizli ayaqda saxlayan yarımasılı siyasi qurum olmuşdu. Azərbaycanın dövlət suverenliyi sovet rejiminin içərisində əridildiyi kimi, onun bətnindən də doğuldu. Sovet imperiyasının son 20 ilində 14 il Azərbaycana başçılıq etmiş, 5 il də İttifaq dövlətinin ali rəhbərlərindən biri olmuş böyük vətənpərvər, qüdrətli şəxsiyyət Heydər Əliyevin mərkəzdən asılı respublikanı hərtərəfli inkişaf etdirməklə dünyada tanıtdırması, xalqın quruculuq potensialını, yaradıcılıq istedadını hərəkətə gətirməklə milli kimliyinə qaytarması onu gələcək suverenliyə doğru yürüşə səfərbər etdi. Heydər Əliyevin öz respublikasını milli təəssübkeşliklə, müstəsna bir zəka və iradə ilə müstəqil idarə etməsi, Moskvada olduğu dövrdə isə mərkəzin "yad nəzərlərini" heçə endirməsi Azərbaycanda "de-fakto" müstəqillik ab-havası yaratdı, onun şirinliyini və qaçılmazlığını ortaya qoydu.
Bu tarixi hünəri Heydər Əliyevi həqiqi milli lider səviyyəsinə yüksəltdi, onu xalqın ən böyük iftixar obyektinə, ümid və güvənc yerinə çevirdi. Bu misilsiz şəxsiyyət yabançı epoxanın sonu və suverenlik erası ərəfəsində xalqın taleyinə xilaskar kimi daxil olmuşdu. Onun adı, əməli, məramı - bütün varlığı müşküllərin çarəsi anlamına gəlmişdi.
Millətçilik və qonşu xalqlara qarşı bədxahlıq yuvası olan Ermənistanın Azərbaycana ərazi iddiası ilə alovlanan Qarabağ münaqişəsi keçmiş SSRİ-nin daxildən çökməsinin başlanğıcı oldu. Sonuncu sovet rəhbəri M.Qorbaçov onu əhatə edən millətçi erməni lobbisinin və dünya imperialist dairələrin əlində oyuncağa çevrildiyindən Dağlıq Qarabağ münaqişəsi əsassız olaraq cilovlanmadı. Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək istəyən ermənipərəst qüvvələr bu planın həyata keçirilməsi yolunda ən böyük maneə olan Heydər Əliyevi böyük siyasətdən uzaqlaşdırmağa nail oldular. Azərbaycanın ümummilli lideri 1987-ci ilin payızında Kremldəki yüksək postundan istefaya getməyə məcbur olan kimi məkrli erməni ideoloqları fəal hərəkətə keçdilər.
Sürətlə qızışan toqquşmaya və beynəlxalq gərginlik mənbəyinə çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəlakətləri 3 illik davamı ilə SSRİ-nin və sosializmin dağılmasına, iki qonşu xalq arasında qanlı müharibəyə və çoxillik hərbi-siyasi qarşıdurmaya səbəb oldu. Bu münaqişədə İttifaq dövlətindən ədalətli münasibət və qətiyyət görməyən Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəsi çox keçmədi ki, SSRİ-də və dünyada baş verən hadisələrin gedişatı ilə milli azadlıq hərəkatına çevrildi. Kommunist partiyasının süqutu isə onun eybəcər yetirməsi olan sovet imperiyasının dağılması ilə nəticələndi. Belə bir şəraitdə 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı öz istiqlaliyyətini elan etdi. Tarixən mövcud olmuş Azərbaycan dövlət qurumlarının, xüsusən 1918-1920-ci illərdə qurulmuş AXC-nin varisi kimi müstəqil Azərbaycan Respublikası dövlətlər cərgəsinə qoşuldu. Bu, xalqımızın fasiləsiz, kəsilməz istiqlal arzularının, açıq-gizli mübarizəsinin yekunu və çoxəsrlik dövlətçilik yaddaşını qorumasının nəticəsi oldu.
Lakin düşmənlərin xalqımıza vurduğu zərbələr, qurduğu oyunlar hələ təsirini göstərməkdə idi. Düşmən dövlətlərin təsirində qalan naşı siyasi qüvvələrin daxili çəkişməsi, başabəla meydan liderciklərinin hakimiyyətə yiyələnməsi ilk addımlarını atan müstəqil dövləti büdrətdi, fəlakətlərə düçar etdi. Azərbaycanın gələcək müstəqilliyi üçün ciddi əsaslar yaratmış, onu suverenlik epoxasına hazırlamış ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılması, xalqının taleyi ilə bağlı hadisələrdən izolyasiya olunması bu dağıdıcı prosesləri fəlakətli həddə gətirmişdi.
O faciəli günlərdə ulu öndər Heydər Əliyev Vətənini dağılmaqda olan imperiyanın uçuq-sökükləri altında qalmaqdan xilas etmək üçün Moskvadakı yasaq və sədləri qıraraq öz respublikasına döndü. Bu dönüş taleyin ümidində qalan Naxçıvanın xilas edilməsində həlledici rol oynadı. 1993-cü ilin yayında ölkədə siyasi böhran və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Heydər Əliyevin bu xilaskarlıq missiyasını Azərbaycanda davam etdirməsi alternativsiz seçimə, qarşısıalınmaz tələbata çevrildi.
Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı zəfərlə başa çatan ümummilli lider Heydər Əliyev gecəli-gündüzlü səylərlə dövlət müstəqilliyinin itirilməsi təhlükəsini sovuşdurdu, separatçı meylləri dayandırdı, Qarabağ cəbhəsində məğlubiyyətlərin qarşısını aldı. Ulu öndər daxildə ziyankar və təxribatçı elementləri zərərsizləşdirməklə, konstruktiv qüvvələri birləşdirməklə siyasi böhranı aradan qaldırdı. Onun bilavasitə diqqət və qayğısı ilə yenidən formalaşdırılan milli ordu, inzibati-hüquq orqanları torpaqlarımızın qorunmasında, siyasi sabitliyin və qanunçuluğun bərqərar olmasında fəal rol oynadı, millət atasının istək və iradəsini həyata keçirdi.
1995-ci ildə dövlət müstəqilliyinin baş memarı olan Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb, ümumxalq səsverməsi ilə qəbul olunan Yeni Konstitusiya hərtərəfli islahatlara, gələcək tərəqqiyə geniş yol açdı. Ulu öndərin həyata keçirdiyi düzgün xarici siyasət beynəlxalq aləmdə Azərbaycanın layiqli və nüfuzlu mövqeyini təmin etdi. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu dünya birliyinə birmənalı qəbul etdirildi. Azərbaycanın daxil olduğu aparıcı beynəlxalq qurumlar, qoşulduğu və imzaladığı diplomatik sənədlər dövlət müstəqilliyinin xarici və daxili təminatlarını gücləndirdi.
1994-cü ildə ulu öndərin mürəkkəb siyasi-diplomatik şəraitdə ərsəyə gətirdiyi "Əsrin müqaviləsi" fəal və faydalı xarici-iqtisadi əməkdaşlığın uğurlu qaranquşu oldu. Neft sənayesinə və qeyri-sahələrə cəlb olunan xarici investisiyalar iqtisadi dirçəlişə meydan açmaqla yanaşı, Azərbaycana güclü tərəfdaşlar da qazandırdı. Ümummilli lider Heydər Əliyevin 10 il müddətində həyata keçirdiyi xilaskarlıq, quruculuq missiyası gənc dövlətin möhkəmlənməsi, sürətli inkişafı üçün zəruri əsaslar yaratdı. Artıq XX əsri əsas problem və çətinlikləri ilə birlikdə arxada qoyan müstəqil Azərbaycan dövləti XXI əsrə və üçüncü minilliyə keçmiş SSRİ-nin ən öndə gedən respublikası, Qafqaz və Xəzərətrafı regionun lider dövləti kimi qədəm qoydu. Azərbaycanın çoxəsrlik dövlətçilik ənənəsinin ən yeni tarixə qovuşdurulması ümummilli lider Heydər Əliyevin misilsiz şəxsiyyəti, hüdudsuz Vətən sevgisi, parlaq zəkası və yenilməz iradəsi ilə gerçəkləşdi.
Ulu öndərin şam kimi əriyən həyatı, əbədiyyətə qovuşan adı, ölməz ideya və əməlləri yetişdirib böyük siyasətə pərvazlandırdığı İlham Əliyevin liderlik fəaliyyəti ilə yeni məzmun və vüsət kəsb etdi. Ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevə və xalqımıza əmanət etdiyi müstəqil Azərbaycan dövləti onun arzu və əməllərinə uyğun olaraq 2003-cü ildən bəri sürətli yüksəlişi, hərtərəfli yeniləşməsi ilə dünyanı heyran qoymaqdadır. Bu, Azərbaycan dövlətçiliyi tarixində ən yüksək intibah mərhələsi deməkdir.
Azərbaycan bu gün dünyada diqqətçəkən vətəndaş cəmiyyəti quruculuğu poliqonudur. Ulu öndərin Azərbaycanı kommunist sistemindən demokratik inkişaf və bazar iqtisadiyyatı yoluna transformasiya etmək modeli ölkəmizi bu gün möcüzəli uğurlara gətirib çıxarmışdır.
Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3,6 dəfə, investisiyalar 11 dəfə, büdcə gəlirləri 16 dəfə artmışdır. İllik dövlət büdcəsi 20 milyard manatı ötmüşdür. İlin əvvəlindən ölkədə 31 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Bu, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə bərabərdir. Valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. Hazırda Azərbaycan 147 dövlətlə tərəfdaşlıq və iqtisadi ticarət əməkdaşlığı edir. Müstəqillik dövründə ölkə iqtisadiyyatına 100 milyard dollarlıq investisiya qoyulmuşdur. Hazırda kapital qoyuluşunun 73 faizi daxili vəsaitlə həyata keçirilir. Müstəqillik qazanılan dövrdə ölkənin əsas sərvəti olan neftin illik istehsalı 6 milyon ton idisə, indi bu rəqəm 50 milyon tonu keçmişdir. Müvafiq olaraq qaz istehsalı 4 milyard kubmetrdən 27 milyard kubmetrə çatmışdır.
2011-ci ildən əhalinin gəlirləri 6,3 dəfə artmış, yoxsulluq 49 faizdən 9 faizə enmişdir. 2003-cü ildən bəri ölkədə 1 milyona yaxın iş yeri açılmışdır. 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Əhalinin rifahının yüksəlməsi asayiş və əmin-amanlığı artırmışdır. Müdafiəyə ayrılan illik 3,5 milyard manat vəsait torpaqlarımızın etibarlı qorunmasına və ərazi bütövlüyünü hərbi yolla təmin etməyə imkan verir.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tarixi islahatlar Azərbaycanda yeni tipli inzibati-hüquq sistemi formalaşdırmışdır. Prezident İlham Əliyevin ardıcıl qayğısı ilə möhkəmlənən bu orqanlar qanunun aliliyinin keşiyində dayanmaqla vətəndaşların asayişinin etibarlı keşikçiləridir. Bu proseslərdə prokurorluq orqanları da mükəmməl islahat yolu keçmiş, dövlətin və vətəndaşların mənafeyini peşəkarlıqla qoruyur. Azərbaycan dövləti bu gün dünyada hər şeydən uca tutulan vətəndaş azadlığı və hüququnun ali təminatçısıdır. Bu yöndə əldə edilmiş uğurlar ölkəmizin demokratik imicini yüksəltmişdir.
Bu günlər xalqımızın, yaxın-uzaqlardakı dostlarımızın təntənə ilə qeyd etdiyi müstəqilliyimizin 20 illiyi dövlətçiliyimizin bərpasından keçən 2 onillik dövrün tarixi nailiyyətlərinin hesabatı ilə mənalanır. Bu uğurlar ulu öndər Heydər Əliyevin bəyan etdiyi "müstəqilliyimiz dönməzdir, daimidir, əbədidir" hökmünün təntənəsini dünyaya nümayiş etdirir.
Azad QARAYEV,
Mingəçevir şəhər
prokuroru,
ədliyyə müşaviri
Xalq qəzeti.- 2011.- 6 oktyabr.- S. 5.