Azərbaycanın
su təsərrüfatında mühüm infrastruktur
layihələri həyata keçirilir
Ölkə
regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının uğurla icra olunması şəhər və
rayonlarımızın simasını əsaslı şəkildə
dəyişdirir, əhalinin üzləşdiyi sosial problemlər
aradan qaldırılır. İkinci regional inkişaf
proqramına əsasən bölgələrdə mühüm
infrastruktur layihələri həyata keçirilir, yeni yollar
çəkilir, sakinlərin qaz, işıq və işməli
su ilə təminatı əsaslı şəkildə
yaxşılaşdırılır. Bir sözlə, regionların
sürətli sosial-iqtisadi inkişafı indi dövlətimizin
qarşısında duran prioritet vəzifələrdəndir.
Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev
vaxtaşırı olaraq regionlara səfər edir, şəhər
və rayonlarımızın sosial-iqtisadi
inkişafının sürətləndirilməsi
üçün əlavə vəsait ayırır.
Məlum
olduğu kimi, "Azərbaycan Respublikası
regionlarının 2009-2013- cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda bütün digər
sahələr kimi, ölkənin su təchizatı və
kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması ilə bağlı
mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Bu məqsədlə su sektorunda restrukturizasiya tədbirlərinin
davam etdirilməsi və dünya standartlarına uyğun
etibarlı su təchizatının təmin olunması
planlaşdırılır. Bütün bu tədbirlərin
icrası isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə
həvalə olunmuşdur. Artıq "Azərsu" ASC tərəfindən
paytaxt Bakının, eləcə də regionların içməli
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması ilə bağlı mühüm tədbirlərin
icrasına başlanılmışdır. Bunun
üçün Azərbaycanın cari ilin dövlət
büdcəsindən ölkənin 11 şəhərinin su təchizatı
sistemlərinin yenidən qurulmasına və kanalizasiya şəbəkələrinin
yaradılmasına lazımi vəsait də
ayrılmışdır. Yeri gəlmişkən, ölkə
Prezident İlham Əliyev sentyabrın 8-də Ceyranbatan su təmizləyici
qurğusunun təməlqoyma mərasimindəki
çıxışı zamanı bu barədə
demişdir: "Müasir dövrdə müstəqil Azərbaycanda
hər bir insan üçün vacib olan su təchizatı məsələləri
uğurla icra edilir... Biz yenə də
çalışırıq və
çalışmalıyıq ki, Azərbaycana dünyanın
ən qabaqcıl texnologiyalarını gətirək,
bütün sahələrdə tətbiq edək. Bir daha demək
istəyirəm ki, insan sağlamlığı
üçün əsas olan su təchizatı məsələlərində
biz bu yüksək səviyyəni təmin etməliyik".
Dünən Şəmkir, Mingəçevir, Zərdab və Kürdəmir şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimlərdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov və rayon icra hakimiyyətlərinin başçıları iştirak etmişlər. Bu şəhərlərdə yenidənqurma işlərinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyini bildirən "Azərsu"ASC-nin sədri Qorxmaz Hüseynov 2013-cü ilin əvvəlinə Şəmkir, Mingəçevir, Zərdab və Kürdəmir sakinlərinin etibarlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləmişdir. Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın tərkib hissəsi olan bu layihələr üzrə işlər 2013-cü ilin əvvəlinədək başa çatdırılacaq.
Təməlqoyma mərasimlərində çıxış edən icra hakimiyyətlərinin başçıları, eləcə də ictimaiyyətin nümayəndələri son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair həyata keçirilən tədbirlərin müsbət nəticələrindən razılıqla söhbət açdılar, regionların su təchizatı sistemlərinin yaxşılaşdırılmasını nəzərdə tutan tədbirlərin icrasına başlanılmasını dövlət başçısının əhaliyə göstərdiyi diqqət və qayğısının parlaq təzahürü kimi dəyərləndirdilər.
Xatırladaq ki, "Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 45,7 min (mövcud 37,5 min) nəfər üçün hesablanmışdır. Şəmkir şəhərinin özüaxımlı fasiləsiz rejimdə su təchizatının aparılması üçün yeni tikilən Şəmkirçay su anbarından və yerli kəhrizlərdən istifadə olunması layihədə əsas hədəf kimi nəzərdə tutulmuşdur. Suyun özüaxımlı rejimdə verilməsi üçün relyefcə yüksək olan nöqtələrdə ümumi həcmi 7200 kubmetr olan 4 ədəd su anbarı inşa olunacaq. Şəhərdə ümumi uzunluğu 195 kilometr müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 190 kilometr kanalizasiya şəbəkəsinin tikintisi planlaşdırılır. Çirkli sular şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 10 min kubmetr olacaq sutəmizləyici qurğuya ötürüləcəkdir. "Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" isə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 120,5 min (mövcud 99 min) nəfər üçün hesablanmışdır. Layihəyə əsasən, şəhər əhalisini standartlara uyğun su ilə təmin etmək məqsədilə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaqdır. Şəhərin özüaxımlı rejimdə su təchizatının aparılması üçün 15 min kubmetr həcmində su anbarı, ümumi uzunluğu 250 kilometr olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcəkdir. Şəhərdə yaranacaq çirkabın toplanması üçün ümumi uzunluğu 223 kilometrə qədər kanalizasiya şəbəkəsi inşa olunacaq, 3 ədəd kanalizasiya nasos stansiyası tikiləcək. Yaranacaq çirkab toplanaraq tikintisi nəzərdə tutulmuş və məhsuldarlığı sutkada 25 min kubmetr olacaq sutəmizləyici qurğuya ötürüləcəkdir.
Yaxın illərdə Zərdab şəhərinin su təchizatı da əsaslı şəkildə yaxşılaşdırılacaq. Buna isə "Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə imkan yaradacaqdır. Xatırladaq ki, layihələndirmə işləri zamanı Zərdab şəhərinin əhali artımının 2035-ci ilə qədərki inkişaf perspektivləri və həmin müddətdə əhalinin sayının 13,5 min nəfərə çatacağı (mövcud 11 min nəfər) nəzərə alınmışdır. Şəhər əhalisini içməli su ilə təmin etmək üçün Ağsu rayonunun Külüllü su mənbəyindən buraya 70 kilometrə qədər magistral xəttin tikintisi planlaşdırılır. Bu mənbədən istifadə isə suyun şəhərə özüaxımlı rejimdə verilməsinə, həmçinin paylanmasına imkan verəcəkdir. Eyni zamanda, magistral kəmər vasitəsilə yolboyu yerləşən bir sıra kəndlərin də keyfiyyətli su ilə təchizatına imkan verəcəkdir. Layihə çərçivəsində 1 ədəd 2 min kubmetr həcmində su anbarının və ümumi uzunluğu 60 kilometr olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcəkdir. Yaranacaq çirkli suların toplanaraq nəqli üçün ümumi uzunluğu 55 kilometrə qədər kanalizasiya şəbəkəsi və 7 ədəd kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Çirkli suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 5 min kubmetr olacaq sutəmizləyici qurğuya ötürüləcəkdir. Aran iqtisadi rayonuna daxil olan Kürdəmirin də su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işlərinə start verilmişdir. Xatırladaq ki, "Azərsu" ASC tərəfindən reallaşdırılmasına başlanılmış "Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" əhali artımının 2035-ci ilə qədərki inkişafı nəzərə alınmaqla 22,3 (mövcud 18,4 min) nəfər üçün hesablanmışdır. Şəhər əhalisini su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyindən istifadə olunacaq. Bu məqsədlə sugötürücü drenaj qurğusunun inşası və suyun özüaxımlı rejimdə şəhərə verilməsi məqsədilə 32 kilometrə yaxın magistral xəttin tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində 1 ədəd 7500 kubmetr həcmində su anbarının və ümumi uzunluğu 190 kilometr olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcəkdir. Yaranacaq çirkabın toplanaraq nəqli üçün ümumi uzunluğu 175 kilometrə qədər kanalizasiya şəbəkəsi və 4 ədəd kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Çirkli suları isə şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 6 min kubmetr olacaq sutəmizləyici qurğuya ötürüləcəkdir.
Ölkə regionlarının keyfiyyətli su ilə fasiləsiz təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 5 oktyabr.- S. 5.