Səbail müəllimlərinin
bayram toplantısı
Səbail
rayonundakı 6 saylı tam orta məktəbdə Beynəlxalq
Müəllimlər Günü münasibəti ilə təhsil
işçilərinin toplantısı keçirilmişdir.
Əvvəlcə
rayon rəhbərliyi və pedaqoji kollektivlərinin üzvləri,
ictimaiyyət nümayəndələri yeni istifadəyə
verilmiş orta məktəbin sinifləri, fənn kabinetləri,
idman və akt zalları, yeməkxanası, elektron
kitabxanası və muzeylə yaxından tanış olmuş,
müasir təhsil üçün yaradılan şəraitdən
razı qalmışlar.
Toplantıda
çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov ulu öndər Heydər
Əliyevin Azərbaycan təhsilinə diqqət və
qayğısından danışmış, Prezident İlham Əliyevin
səyləri nəticəsində son illərdə
respublikamızda tikilən və əsaslı təmir olunan təhsil
müəssisələri, sahə işçilərinin sosial
müdafiəsinin möhkəmləndirilməsi istiqamətində
atılan addımlar, milli təhsilin inkişafı ilə
bağlı Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın gördüyü
işlər və rayonun təhsil uğurları barədə
məlumat vermişdir. Natiq qeyd etmişdir ki, ölkə
başçısının sərəncamı ilə
keçən il Müəllimlər Günü ərəfəsində
rayondan 2 nəfər "Tərəqqi" medalı ilə təltif
olunmuş, 3 nəfərə "Əməkdar müəllim"
adı verilmişdi. Bu il isə 239 saylı orta məktəbin
riyaziyyat müəllimi Rəna Ağayeva "Tərəqqi"
medalına, 136 saylı uşaq bağçasının tərbiyəçisi
Zərxanım Həsənova "Əməkdar müəllim"
adına layiq görülmüşdür.
Bildirilmişdir ki, bu il rayon təhsili üçün əlamətdar olmuşdur. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, 6 saylı məktəb-liseyin binası sökülərək yeni müasir dizaynlı layihə əsasında 2270 şagird yerlik yeni bina tikilmişdir. Dövlət Proqramına uyğun olaraq, 2 saylı Texniki-Humanitar Elmlər Liseyi, 51, 91 və 189 saylı orta məktəblər, 160 saylı Klassik Gimnaziya, 6 saylı Bakı Peşə Məktəbi, 20 saylı Uşaq Yaradıcılıq Mərkəzi və 35 saylı Texniki Yaradıcılıq Mərkəzində əsaslı təmir-yenidənqurma işləri aparılmışdır. 189 və 160 saylı orta məktəblərdə aparılan təmirin gedişi ilə ölkə başçısı cənab İlham Əliyev şəxsən tanış olmuşdur.
Yaxın günlərdə Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlanacaqdır. Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı olan və 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusların inşası, 3 saylı Uşaq Musiqi Məktəbinin sökülərək yenidən tikintisi, 47 saylı uşaq bağçasının əsaslı təmiri aparılır. Səbail rayonunda heç vaxt təhsil müəssisələri ilə bağlı belə böyük işlər görülməmişdir.
Səbail rayonunun 51 və 91 saylı orta məktəbləri "2010 - 2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin, rayonun 6 nəfər müəllimi isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında olmuşlar. 2010-2011-ci təhsil ilinin yekununa görə 6 məzun qızıl və 1 məzun gümüş medala layiq görülmüşdür.
Ötən tədris ilində rayonun orta məktəblərini 1536 nəfər bitirmiş, onlardan 763 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 167 nəfəri 500-dən, 44 nəfəri 600-dən, 13 nəfəri isə 650-dən çox bal toplamışdır. 81 məzun xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. Məzunlardan 4 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.
Tədbirdə 6 saylı məktəbin direktoru Gülşən Orucova və digər çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda bir qrup qabaqcıl təhsil işçisinə Səbail Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
T.AYDINOĞLU
Xalq qəzeti.- 2011.-6 oktyabr.- S. 6.