İnkişafa aparan yol inama söykənir

 

Bu il iyul ayının 3-dən 10-dək bir qrup icra hakimiyyəti başçısı ilə birlikdə mən də dünyanın aparıcı ölkələrindən biri olan Fransada səfərdə oldum. Məqsəd Prezident İlham Əliyevin şəhər və rayonlarda abadlıq, quruculuq işlərinin milli memarlıq ənənələrinə və müasir tələblərə uyğun olaraq daha yüksək zövqlə aparılmasından, xarici ölkələrdə bu sahədə olan müsbət təcrübənin yerlərdə uğurla tətbiq edilməsindən ibarət idi.

 

Fransa - Azərbaycanr dostluğunun bir neçə əsrlik tarixi var və qarşılıqlı əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Dünya mədəniyyət incilərinin bir çoxu bu ölkədə yerləşir və təbii ki, bütövlükdə "Fransa gözəldir" - desək, mübaliğə etmərik. Mən Fransa haqqında təəssürat yaratmaq istəmirəm. Təkcə onu qeyd etmək yerinə düşər ki, Fransa neçə yüz illik ənənələrini, milli memarlıq dəyərlərini qoruyub saxlayır, fransızlar ölkələrinin gözəlliyi ilə fəxr edir, onu daha da yaxşılaşdırmağa çalışır və buna nail olurlar. Necə ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin gərgin səyləri ilə dünyanın ən gözəl ölkələrindən birinə çevrilmişdir və bu sürət Bakıdan başlayaraq bütün regionlara qol-qanad atmaqdadır.

Mən Fransada olarkən cənab Prezidentin tapşırıqlarına uyğun olaraq orada gördüklərim quruculuq işlərinin bəzilərini yaşadığım və işlədiyim Füzuli rayonunun Horadiz şəhərində, ayrı-ayrı kənd və qəsəbələrində tətbiq etmək, əhalimizin gündəlik həyatına gətirmək niyyətində idim və hazırda ərazidə görülən işlərə nəzər salanda deyə bilərəm ki, buna nail oluruq.

Rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunduğum vaxtdan altı aydan bir qədər artıq vaxt keçir. Ölkə başçısının diqqət və qayğısı, hökumətin yaratdığı imkanlar hesabına rayonun işğaldan azad olunmuş ərazisində böyük işlər görülmüşdür. 22 yaşayış məntəqəsində, ölkə başçısının sərəncamı ilə tikilmiş 16 yeni qəsəbədə əhalinin yaşayış şəraiti olduqca yaxşılaşmış, məcburi köçkünlərə şamil olunan imtiyazların şəbəkəsinin genişlənməsi nəticəsində yoxsulluq minimum həddə endirilmişdir.

Rəqəmlərə müraciət edirəm: ərazidə 4 min dağıdılmış ev bərpa olunmuş, 44 məktəb, 39 tibb müəssisəsi, onlarla rabitə, mədəniyyət obyekti müxtəlif infrastrukturlar yenidən tikilmişya bərpa olunmuş, elektrik, içməli və suvarma suyu sistemləri yenidən qurulmuşdur. Ölkə başçısının rayonda olarkən verdiyi tapşırıqlar nəticəsində 2008-ci ilin oktyabr ayından təbii qaz verilişinə başlanmışdır.

Hazırda 2007-ci ilin sonlarından şəhər statusu almış Horadiz şəhərinə, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Böyük Bəhmənli kəndlərinə fasiləsiz "mavi" yanacaq verilir. Qaz çəkilişi davam edir. 2012-ci ilin əvvəllərində Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndlərinin, Zobucuq qəsəbələrinin əhalisi də füzulililər üçün pulsuz, imtiyazlı olan təbii qazdan istifadə edəcəklər. Təbii qaz ərazidəki bütün 39 yaşayış məntəqəsinə veriləcəkdir.

Rayon aqrar regionudur. Burada hazırkı şəraitdə sənaye obyektləri minimum səviyyədədir. Kənd təsərrüfatını əsasən taxılçılıq, heyvandarlıq təşkil edir. Sahibkarlara milli yardım fondu hər iki sahəni inkişaf etdirmək məqsədilə kreditlər verir. Ancaq etiraf etmək lazımdır ki, bunlar kifayət etmir.

Respublika rəhbərliyi bir neçə il bundan əvvəl füzulililərin üzümçülük sahəsində təcrübəli olduğunu nəzərə alaraq, Haramı adlanan ərazidə üzüm əkinləri, meyvə bağları salmaq məqsədilə 11,8 min hektar torpaq sahəsi ayırmışdır. Təəssüf ki, indiyədək bu vacib və gəlirli sahənin inkişaf etdirilməsi məqsədilə aidiyyatı nazirlikbaş idarələr heç bir təşəbbüs qaldırmamışlar. Onu da bildirmək lazımdır ki, üzümçülüyün inkişaf etdirilməsi ərazidə azı 13 min nəfər üçün yeni yerlərinin açılmasına səbəb olar. İnanırıq ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında (2004-2008-ci illər) nəzərdə tutulmuş bu məsələnin müsbət həllində bizə köməklik göstəriləcəkdir.

Respublika Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda (2009 - 2013-cü illər) Füzuli rayonu üzrə nəzərdə tutulmuş bütün vəzifələr uğurla yerinə yetirilir. İşğal dövrü dağıdılmış və yandırılmış 1500 evin bərpası davam etdirilir. Hələlik 124 ev bərpa edilmiş, sahiblərinə verilmişdir. Sentyabr ayından qalan evlərin bərpası nəzərdə tutulmuşdur. Kəndlərin içməli və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Kəndlərdə 10 içməli su, 20 suvarma suyu üçün artezian quyuları qazılmışdır.

Aqroservis xidməti yaxşılaşdırılır. Horadiz şəhərində aqroservis filialının tikintisi sürətlə davam etdirilir. Həmin filialın istifadəyə verilməsi ilə 60-80 nəfər işlə təmin olunacaqdır. Əhaliyə göstərilən müxtəlif növ xidmətlərin səviyyəsini daha da yaxşılaşdırmaq bizim başlıca vəzifəmizdir. İndiyədək 12 kənddə telefonlaşma işləri də həyata keçirilmişdir. Rabitə xidməti peyk sisteminə qoşulduğundan əhali bu xidmət növündən razılıq edir. Bunlar görülən işlərin bir hissəsidir.

Mən işə başlayarkən ölkə başçısının tapşırıqlarına və Fransaya səfərim zamanı gördüklərimə uyğun olaraq ərazidəki şəhər, qəsəbə və kəndlərin görkəminin dəyişdirilməsi, yaşayış məntəqələrinin abadlığı, quruculuq işlərinin genişləndirilməsi kimi vacib məsələləri həyata keçirməyi planlaşdırdım. Bu mənada bütün yaşayış məntəqələrində keçirdiyim səyyar qəbullarda, aparatdakı görüşlərdə dəqiqləşdirdim ki, əhali ölkədə aparılan quruculuq işlərinin bizim rayonda da həyata keçirilməsini arzulayır.

20 səyyar qəbulda, 10-dan artıq müxtəlif səviyyəli görüşlərdə 4 min nəfərə yaxın vətəndaşımız birmənalı şəkildə Prezident İlham Əliyevin şəhər statusu verdiyi, hazırda rayon mərkəzi olan Horadiz şəhərinin simasını dəyişməyin vaxtı çatdığını bildirdilər. Qaldırılan məsələlər haqlı idi. Vaxt itirmədən respublika paytaxtında, hətta Azərbaycandan kənarda yaşayan adamlarını rayona dəvət etdim. Onlara əlverişli şəraiti yaratdıq, daxili imkanlara, ölkə rəhbərinin bizə ayırdığı köməyə arxalandıq və işə başladıq.

Bu gün Horadiz şəhərində, əksər qəsəbə və kəndlərdə aparılan işlər göz oxşayır. Horadiz şəhərində Heydər Əliyev prospekti salınır, ulu öndərin adını daşıyacaq park inşa olunur. Heydər Əliyev mərkəzi tikilir, ailəvi istirahət mərkəzinin tikintisi sürətlənir. Park, xiyaban və küçələr görkəmini dəyişir. Horadiz şəhərində 7 minə yaxın çinar, Amerikaİtaliya növlü həmişəyaşıl ağaclar, gül kolları əkilmişdir və onlara qulluq təşkil edilmişdir.

Şəhərin müasir işıqlandırma sistemini, küçələrin tikilməsi və bərpası, səkilərin gözəl dizaynla tərtib olunması, küçə boyu binaların görkəminin dəyişməsi və s. tədbirlər sürətlə həyata keçirilir. Su elektrik stansiyasının birinci növbəsinin istifadəyə verilməsinə az qalmışdır. 25 meqavat gücündə olan stansiya istifadəyə veriləndən sonra rayon əhalisinin işıqla bağlı problemi olmayacaq.

Rayonda 5 min ton kənd təsərrüfatı məhsulları saxlaya bilən soyuducu ambar binası istifadəyə veriləndən sonra əhalinin ilboyu tərəvəz, yeyinti məhsullarına olan ehtiyacı ödəniləcəkdir. Keçmiş Qarabağ kolxozunun bazasında olan kompleksin yerində böyük broyler fabriki tikiləcəkdir.

Respublika Prezidentinin 12 iyul 2011-ci il tarixli sərəncamı ilə rayonun 10 kəndinin 25 kilometr yolunun tikintisi üçün 7 milyon manat vəsait ayrılmışdır. Bir ay keçməsinə baxmayaraq Bala Bəhmənli, Əhmədbəyli, İkinci Mahmudlu, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Aşağı Alıxanlı, Yuxarı Alıxanlı, Zobucuq, Araz Zərgər, Araz Dilağarda, Zərgar, Bala Bəhmənli kəndlərinin 20 kilometrlik yolunun 18 kilometri tikilmişdir. Hələ indiyə qədər bir hissəsi asfalt görməyən bu kəndlərin əhalisi dövlət başçısı İlham Əliyevin qayğısını yüksək qiymətləndirirlər.

Görülən işlər əhalinin ürəyindəndir. Təsadüfi deyil ki, son 5 ayda başqa yerlərdə müvəqqəti məskunlaşmış 1500 nəfərə yaxın füzulili doğma yurd-yuvalarına qayıtmışdır. Evlərin tikiləcəyi təqdirdə doğma torpağa qayıtmaq arzusunda olanların müraciətləri daha çoxdur. Horadiz şəhərində şəhid ailələri, Qarabağ əlilləri üçün çoxmərtəbəli evlərin tikilməsi planlaşdırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi müraciətimizi dəstəkləmişdir və yaxın aylarda tikinti işlərinə başlanacaqdır.

Bu gün rayonda görülən və görülməsi nəzərdə tutulan işlərin miqyası çox böyükdür. Onları sadalamaqla qurtarmaq olmur. Elə buna görədir ki, son 5 ayda 300-dən artıq daimi, 3 mindən çox mövsümi yeri açılmışdır. Ərazidə gedən tikinti-quruculuq, abadlıq işlərinə cəlb olunmaq üçün işçi qüvvəsinə ehtiyac var. Bizə işləmək üçün müraciət edənlərin sayı minimuma enmişdir.

Cəmi bir ay əvvəl Horadiz şəhərində olmuş şəxs yenidən gələndə gözlərinə inanmır: şəhər hər gün görkəmini dəyişir. Fransa təəssüratım məndə Füzuliyə yeni gözlə baxmağıma bir daha şərait yaratdı. Horadiz şəhərinin işıqlandırma sistemi, səkilərin müasir üslubda tikilməsi, tikintilərin milli memarlıq üslubunda aparılması, imkan daxilində hər işə yeniliyin gətirilməsi həm yaşadığımız məkanın gözəlləşməsinə, həm də adamlarımızın doğma torpağa məhəbbətinin güclənməsinə, özlərinə inamın artmasına səbəb olur. Həmişə belədir: harada ki, inkişaf var, orada inam güclü olur.

Füzulililərin sabaha inamı çox güclüdür. Onlar ölkə Prezidenti İlham Əliyevə inanırlar, onun Azərbaycan üçün, xalqımız üçün etdiklərini gördükcə sabaha, böyük qələbələrə olan inamları daha da güclənir. İnam isə hər şey deməkdir!

 

 

Alı ALIYEV,

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.-2011.-6 oktyabr.- S. 6.