Beynəlxalq iqtisadi münasibətlərin tədqiqi qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir

 

Qədim zamanlardan başlayaraq dövlətlər arasında müxtəlif münasibətlər formalaşmış, ticarət, miqrasiya və s.sahələrdə əlaqələr yaranmışdır. Zaman keçdikcə bu əlaqələr daha da genişlənmiş, dövlətlər arasında siyasi, iqtisadi münasibətlərin əsası qoyulmuşdur. Xüsusən də qloballaşmanın sərhədləri getdikcə daha çox aşdığı müasir dünyamızda siyasi, iqtisadi, sosial, mədəni, informasiya və digər sahələrdə əlaqələr gündən-günə inkişaf edir, genişlənir. Heç şübhəsiz, bütün bu əlaqələr dövlətlər arasında yaradılmış iqtisadi münasibətlər vasitəsilə həyata keçirilir.

 

Dövlətlər arasında diplomatik münasibətlərin qurulması ilə əsası qoyulan beynəlxalq iqtisadi münasibətlər həm də zaman keçdikcə siyasi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olur. Bunu Azərbaycan Respublikasının timsalında da aydın görmək mümkündür. Belə ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan Avropa və bir sıra dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başlamışdır ki, bu da dövlətimizin beynəlxalq nüfuzunun xeyli artmasına səbəb olmuşdur.

Müasir dövrdə hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən və əhəmiyyətli dərəcədə sürətləndirən əsas amillərdən biri də məhz dövlətlərarası uğurlu idxal-ixrac əməliyyatlarının aparılması ilə bağlıdır. Təsadüfi deyil ki, son illər dövlət və hökumət başçılarının, geniş tərkibli nümayəndə heyətlərinin qarşılıqlı rəsmi səfərləri zamanı xarici ticarət dövriyyəsinin mövcud vəziyyəti, onun genişləndirilməsi əsas müzakirə mövzularından birinə çevrilir.

İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki qloballaşma dövründə beynəlxalq iqtisadi münasibətlər bütün dünyanın geoiqtisadi əlaqələrini, ayrı-ayrı dövlətlərin fikir və düşüncələrini birləşdirmiş, virtuallaşdırmış və standartlaşdırmışdır. Dünya təsərrüfatının liberallaşması, investisiyaların qarşılıqlı qorunması, gömrük, vergi sisteminin universallaşdırılması və standartlaşdırılması elə bir həddə gəlib çatmışdır ki, artıq milli sərhədlər rəmzi xarakter daşımağa başlamışdır.

Göründüyü kimi, beynəlxalq iqtisadi münasibətlər və onların həyata keçirilmə mexanizmi son dərəcə maraqlı və aktual bir mövzudur, onun geniş tədqiqi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Roza Əliyevanın " Beynəlxalq iqtisadi münasibətlər" adlı elmi monoqrafiyası diqqəti cəlb edir. Belə ki, kitabda beynəlxalq iqtisadi münasibətlərin formalaşması, onun əsas xüsusiyyətləri, nəzəri əsasları və s. haqqında geniş söhbət açılır, müasir qloballaşma dövründə bu məsələnin xüsusi əhəmiyyəti vurğulanır. Kitaba yazılmış ön sözdə qeyd olunur: "Beynəlxalq iqtisadi münasibətlər müxtəlif təsərrüfat sistemlərinin-istehsal, elmi-texniki, kommersiya, valyuta-maliyyə, pul-kredit və informasiya üzrə əməyin beynəlxalq bölgüsünə əsaslanan müxtəlif ölkələrin milli əlaqələrinin hərtərəfli öyrənilməsini əhatə edir. Beynəlxalq iqtisadi münasibətlər müəyyən şəraitdə və müxtəlif amillərin təsiri altında reallaşır. Bu şərait və amillər ayrı-ayrı ölkələrdə olmaqla iqtisadi mərhələ, inkişaf, mühit, əmtəə, xidmətin rəqabət qabiliyyətlərindən asılı olur".

Hazırda beynəlxalq iqtisadi münasibətlər ayrıca bir fənn kimi tədris olunurbu zaman onun nəzəri əsasları və dövlətlər arasında müasir iqtisadi əlaqələr haqqında hərtərəfli məlumatlar əldə edilir. Geniş elmi araşdırmaların və tədqiqatların nəticəsi olan "Beynəlxalq iqtisadi münasibətlər" adlı bu dərs vəsati üç fəsildən ibarətdir. Həmin fəsillərin hər birində tələbələrə oxunan mühazirələrin mətnləri verilmişdir. "Beynəlxalq iqtisadi münasibətlər və dünya dövlətlərinin qlobal iqtisadi problemləri" adlandırılan birinci fəsil beynəlxalq iqtisadi münasibətlərin nəzəri əsaslarına, dünya təsərrüfatının yaranmasına, qlobal iqtisadi problemlərə, dünya dövlətlərinin mövcud standartına, habelə adambaşına düşən ÜDM və xarici borcun məbləğinə görə qruplaşmasının təsnifatına həsr olunmuşdur. Bu fəsildə "beynəlxalq iqtisadi münasibətlər" anlayışı ilə yanaşı, bu münasibətlərin prinsipləri, eləcə də obyektləri, subyektləri və növləri haqqında geniş biliklər əldə etmək mümkündür. Dövlətlərin beynəlxalq münasibətlərinin fərqli xüsusiyyətlərə malik oduğunu qeyd edən müəllif bu fərqlərin özünü, əsasən, siyasi, iqtisadi və mədəni sahələrdə büruzə verdiyini göstərir.

İkinci fəsildə isə beynəlxalq iqtisadi münasibətlərin yaranma şərtləri və formalarından bəhs olunur. Bu fəsildə beynəlxalq iqtisadi münasibətlərinin yaranması və fəaliyyətin hüquqi sənədini əks etdirən beynəlxalq müqavilələr, onların növləri, strukturu və işlənmə mexanizmi haqqında geniş məlumat verilir. Yeri gəlmişkən, burada Azərbaycan Respublikasının dinamik inkişafının əsas amili olan neft-qaz müqavilələrinin bağlanması və ölkəmizə xarici investisiyaların axını, eləcə də zəngin neft-qaz ehtiyatlarına malik olan Xəzər dənizi və onun statusu haqqında ətraflı məlumatlara rast gəlmək mümkündür. Kitabın ikinci fəslində, həmçinin beynəlxalq iqtisadi münasibətlərdə mühüm əhəmiyyət daşıyan və bu prosesin zəruriliyini əks etdirən kapitalın beynəlxalq hərəkəti-beynəlxalq kreditinvestisiyadan bəhs olunur. Müasir beynəlxalq iqtisadi münasibətlərdə prioritet sayılan beynəlxalq miqrasiyainteqrasiya fəaliyyəti ilə bağlı məsələlər də bu fəsildə öz geniş əksini tapmışdır.

Müəllif kitabın üçüncü fəslində beynəlxalq iqtisadi münasibətlərin dövlət tənzimlənmə fəaliyyətindən bəhs edir. Burada beynəlxalq iqtisadi münasibətlərin ən qədim tarixinə malikgeniş inkişaf edən növü olan, mövcud qlobal iqtisadi şəraitdə beynəlxalq əmtəə və xidmət ticarəti, ticarətdə informasiyakommunikasiya texnologiyalarından istifadə etməklə elektron ticarətinin xüsusiyyətləri göstərilmişdir. Bundan əlavə, beynəlxalq əmtəə və xidmət ticarətinin həyata keçirilməsində əsas məqsədin gəlir əldə edilməsi və gəlirin qiymətlə düz mütənasibliyini nəzərə alan müəllif bu fəsildə dünya ticarətində qiymətqoyma məsələsinə də xüsusi yer ayırmışdır. Üçüncü fəsildə beynəlxalq iqtisadi münasibətlərin gömrük tənzimlənməsindən də geniş bəhs olunur. Bu da ondan irəli gəlir ki, beynəlxalq iqtisadi münasibətlər hər bir dövlətin və beynəlxalq təşkilatların qəbul etdiyi qanunlar əsasında tənzimlənir.

Kitabda beynəlxalq iqtisadi münasibətlər və onların həyata keçirilmə mexanizmi haqqında bütün məlumatlar əks etdirilməklə yanaşı, "Azərbaycan Respublikasının beynəlxalq iqtisadi münsibətləri və onların dövlət tənzimlənməsi" məsələsinə də ayrıca mövzu ayrılmışdır.

"Beynəlxalq iqtisadi münasibətlər" adlı dərs vəsaiti geniş tələbə auditoriyası ilə yanaşı, iqtisadi sahədə fəaliyyət göstərən idarə, təşkilat, həmçinin sahibkarlar və onların biznes fəaliyyəti üçünxüsusi əhəmiyyət daşıyır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 6 oktyabr.- S. 8.