Tərəqqi və inkişaf əsas hədəfimizdir

 

XX əsr dünyanın siyasi mənzərəsində böyük dəyişikliklərlə müşayiət olunduğu kimi, Azərbaycan tarixində də çox mühüm hadisələrlə yadda qaldı. Ölkəmiz bir əsrdə iki dəfə müstəqilliyinə qovuşdu. 1918-ci ilin may ayında qazanılan müstəqillik 23 aydan sonra xarici və daxili düşmənlərin təsiri ilə öz ömrünü başa vurdu. 18 oktyabr 1991-ci ildə isə Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsi ölkəmizin ictimai-siyasi həyatında böyük dəyişikliklərin baş verməsinə səbəb oldu. Hazırda müstəqil Azərbaycan sürətli bir inkişaf yolundadır. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

 

Şəhidlərin qanı bahasına qazandığımız müstəqilliyin möhkəmləndirilməsi, qorunub-saxlanması üçün ulu öndərimiz Heydər Əliyev gecəli-gündüzlü yorulmadan çalışdı. Azərbaycan beynəlxalq təşkilatların tam hüquqlu üzvünə çevrildi. Haqq səsimiz indi dünyanın hər yerindən eşidilməkdədir. Ümummilli liderin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şübhəsiz ki, son iyirmi ilin ən böyük tarixi hadisəsi Azərbaycanın bir əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa etməsi oldu. Bu günlərdə həmin şərəfli yubiley münasibətilə təkcə Azərbaycanda deyil, azərbaycanlıların kompakt yaşadığı digər ölkələrdə də müxtəlif tədbirlər keçirilir. Məlumdur ki, bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2011-ci ildə imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncama uyğun olaraq ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunur.

Azərbaycanda 130 ildən artıq şərəfli yol keçmiş dəmiryolçular ordusu həmişə ictimai-siyasi həyatda baş verənlərə operativ reaksiya veriblər. Dövlət müstəqilliyinin bərpasının 20 illiyi ərəfəsində dəmiryolçular yenə də öz ənənələrinə sadiqlik nümayiş etdirirlər. Bu əlamətdar tarixin Dəmir Yollarında da təntənəli şəkildə qeyd edilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov əmr imzalayıb. Əmrə müvafiq olaraq "Tədbirlər planı" təsdiq olunub. Sentyabr ayının 16-dan başlayaraq ölkə polad magistralının departament, xidmət, MMC, idarə, müəssisə və təşkilatlarında dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş silsilə tədbirlərə start verilib. Dəmiryolçular bu tədbirlərdə iyirmi il ərzində keçilən şərəfli yola bir daha nəzər salırlar. Bu da təbiidir. Dövlət müstəqilliyinin 20 ili ərzində ölkə polad magistralında bir sıra mühüm layihələr həyata keçirilmiş, islahatlar prosesi daha da genişləndirilmişdir. Müstəqilliyin ilk illərində ölkənin bütün həyatında, o cümlədən nəqliyyat sahəsində də ağır dövr yaranmışdı. Ölkədəki siyasi hərc-mərclik iqtisadi sahədə də böhran yaratmış, demək olar ki, bütün müəssisələr iflic vəziyyətinə düşmüşdü. Konkret dəmir yollarından danışsaq, o dövrdə sərnişin qatarları tamamilə yararsız hala düşmüş, bir çox istiqamətlərdə hərəkət edən qatarlar dayandırılmaq məcburiyyətində qalmışdı. Sərnişinlərə göstərilən xidmətin səviyyəsi günbəgün aşağı düşürdü.

Yalnız 1993-cü ilin iyunundan sonra ölkəmizin həyatında yeni dönəm başlandı. İlk növbədə, atəşkəsin əldə edilməsinə nail olan ulu öndər ölkədə siyasi sabitliyin bərqərar olmasını təmin etdi. Gecikmədən iqtisadi islahatlara rəvac verən Heydər Əliyev "Əsrin müqaviləsi"ni imzalamaqla dünyanın aparıcı şirkətlərini ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırdı. Aparılan radikal islahatlar iqtisadiyyatdakı geriləməni dayandırdı, inkişaf və tərəqqi dönməz xarakter aldı. Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır.

Bu tarixi yubiley ərəfəsində dəmiryolçular daha bir bayramı - 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününü qeyd etməyə hazırlaşırlar. Məlumdur ki, ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralların inkişafına daim qayğı göstərmişdir. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir. Dəmiryolçular da bu qayğıya həmişə əməli işlə cavab verirlər. Bu illər ərzində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi dəmir yolunda həyata keçirilən islahatlara daim yardımçı olmuş, dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirmişdir.

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərdən geniş istifadə edərək, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsi, onların maddi rifah halının yaxşılaşdırılmasını ön plana çəkərək bu istiqamətdə görülən işlərin davam etdirilməsi naminə var qüvvəsi ilə çalışır. "Azərbaycan Dəmir Yolları" QSC ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında imzalanmış 2011-2013-cu illər üçün Yolun sosial inkişafı üzrə sahə "Saziş"ibu məqsədlərə xidmət edir. "Saziş"in yerinə yetirilməsi həm Cəmiyyətin rəhbərliyi, həm də MHİRK tərəfindən ciddi nəzarət altında saxlanılır.

Bunun müsbət nəticəsi kimi qeyd etmək olar ki, "Saziş"də nəzərdə tutulan ağır və zərərli işlərdə çalışanlara əlavə məzuniyyət günlərinin verilməsi, istehsalatda və Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyarkən həlak olmuş dəmiryolçuların ailələrinə, I və II qrup əlil olmuş (işləməyən) dəmiryolçulara, əmək xəsarətinə və ya peşə xəstəliyinə görə dəmiryolçulara dəymiş zərərə görə, uzunmüddətli və qüsursuz işə görə müavinət və maddi yardımların ödənilməsi və digər sosialyönlü müddəaların həyata keçirilməsi təmin edilir. Dövlət bayramları və peşə bayramı günlərində dəmiryolçular üçün mədəni-kütləvi tədbirlər keçirilir, istehsalatda fərqlənmiş işçilərə müxtəlif mükafatlar verilir, dəmiryolçular tərəfindən sosial- iqtisadi təminat və əmək hüquqlarının müdafiəsi üzrə daxil olan ərizə və şikayətlərə vaxtı-vaxtında baxılır.

Dəmir yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azalması, əmək şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində olan departament, xidmət, idarə və müəssisələrdə, mütəmadi olaraq, təhlillər aparılır və yoxlamalar keçirilir. Bu yoxlamaların nəticələri Komitənin Rəyasət Heyətinin iclaslarında müzakirə olunur, əmək haqqı və digər müavinətlərin ödənilməsi, məzuniyyətlərin təqdim olunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət olunmasında aşkar olunan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi üçün müvafiq rəhbər işçilərə tövsiyələr verilir.

Dövlət müstəqilliyinin bərpasından keçən 20 il ərzində polad magistralda görülən işləri, reallaşdırılan yenilikləri saymaqla qurtarmaq olmaz. XX əsrin sonlarından başlayaraq bu nəhəng nəqliyyat qurumunda islahatlar aparılmağa başlandı. Sonralar lokomotivlərin və müxtəlif təmayüllü vaqonların təmiri bazası yaradıldı, yolumuzun iri nəqliyyat dəhlizlərinin reallaşması prosesində iştirakı təmin edildi. İyirmi illik müstəqillik dövründə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü oldu, 1997-ci ildən başlayaraq Bakıda dəmiryolçuların bir çox beynəlxalq tədbirləri, forumları keçirilməyə başladı.

Müstəqilliyin ilk illərindən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi hər ilin yekunlarına görə "İlin ən yaxşı müəssisəsi", "Əla yol işçisi-İlin ən yaxşı mütəxəssisi", "Firudin Ağayev" adına yol müsabiqələrinin keçirilməsini bərpa etdi.

Müsabiqələrin qaliblərinə MHİRK-nin xüsusi diplomlarının və müxtəlif pul mükafatlarının verilməsi, əməkçilərin sağlamlıqlarının möhkəmləndirilməsi məqsədilə onlara sanatoriyalara və istirahət evlərinə yollayış vərəqələrinin, maddi yardımların verilməsi, dəmiryolçuların sosial-iqtisadi təminat və əmək hüquqlarının müdafiəsi üzrə daxil olan ərizə və şikayətlərinə vaxtında baxılması və ərizələrin əksəriyyətinin müsbət həll olunması dəmiryolçulara göstərilən qayğının bariz nümunəsidir. Məhz bu qayğının nəticəsidir ki, dəmir yolu təşkilatları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi bir sıra respublika müsabiqələrinin qalibləri olublar. Hazırda dəmiryolçular AHİK-in İcraiyyə Komitəsinin keçirdiyiDünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş "Bu mənim peşəmdir" adlı foto, təsviri və tətbiqi sənət üzrə respublika müsabiqəsinə ciddi hazırlaşırlar.

Müstəqilliyin ilk illərində indiki nəqliyyat naziri Ziya Məmmədovun dəmir yolunun rəisi olduğu vaxtlarda müəyyən etdiyi perspektiv inkişaf proqramı bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov tərəfindən uğurla davam etdirilir. Dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, onların mənalı istirahətinin təşkili sahəsində görülən işlər Səhmdar Cəmiyyətin rəhbərliyi ilə Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə fəaliyyətinin nəticəsində reallaşdırılır. Bu yerdə bir faktı xüsusi olaraq qeyd etmək lazımdır. 1 avqust 2008-ci ildən etibarən Xaçmaz rayonunun Nabran qəsəbəsində "Lokomotiv" İstirahət Mərkəzi tikilib dəmiryolçuların istifadəsinə verildi. "Lokomotiv" İstirahət Mərkəzinin yaradılması ideyası, torpaq sahəsinin ayrılması 2002-ci ilin yazında məhz nəqliyyat naziri Ziya Məmmədovun təşəbbüsü ilə reallaşmışdı. İstirahət kompleksinin tikintisinə 2005-ci ildə başlanmış, 2008-ci ilin avqust ayında müasir tələblərə cavab verən 3 yaşayış binası və yeməkxana dəmiryolçuların istifadəsinə verilmişdir. Sonralar daha iki korpus, su hovuzu, rəqs meydançası və idman kompleksinin tikintisi başa çatdırılmışdır. Müasir standartlara cavab verən istirahət kompleksinə cənab nazir tərəfindən bir ədəd avtobusun hədiyyə edilməsi və burada sərinləşdirici sistemin quraşdırılması qayğının bariz nümunəsi idi. Bu tədbirlər dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsinə, sağlamlıqlarının qorunmasına yönəlmiş bir addımdır.

2008-2011-ci illərin yay mövsümündə "Lokomotiv" İstirahət Mərkəzində 2000 dəmiryolçu və onların ailə üzvləri istirahət etmişlər.

Dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə birgə təsdiq edilmiş mənzil növbəsinə əsasən, 60-dan artıq dəmiryolçu mənzillə təmin edilmişdir. Dəmiryolçulara mənzil verilməsinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010- 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Tədbirlər Planında dəmir yolunun bütün sahələrinin yeniləşdirilməsi nəzərdə tutulur. Dövlət Proqramına uyğun olaraq, vaqonlokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir. Hazırda Dövlət Proqramının icrası istiqamətində gərgin işlər gedir və MHİRK-də bu işlərdə daim rəhbərliklə əlbir fəaliyyət göstərir.

Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Müstəqil Azərbaycanın nəqliyyat sahəsində, onun tərkib hissəsi olan dəmir yolunda islahatlar bundan sonra daha da genişləndiriləcəkdir. Dəmiryolçular həm dövlət müstəqilliyinin 20-ci ildönümünü, həm də 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı gününü sevindirici nailiyyətlərlə qarşılamaq əzmindədirlər.

 

 

Fəzail BAĞIROV,

Azərbaycan Dəmiryolçularının

Müstəqil Həmkarlar İttifaqı Respublika

Komitəsinin sədri

 

Xalq qəzeti.- 2011.- 7 oktyabr.- S. 7.