Sabirabad:
adını zəhmətlə, hünərlə ucaldan diyar
Ulu öndərin müdrik siyasəti
80 yaşını qeyd edən rayona hər zaman tərəqqi
və rifah gətirib
Sabirabad
qədim Muğanın ən bərəkətli və iqtisadi
cəhətdən ən iri bölgəsidir. Bu günlərdə
müstəqil inzibati rayon kimi yaradılmasının 80
illiyini qeyd edən bölgə çox maraqlı, bəzən
də kəşməkeşli inkişaf yolu keçmişdir.
Bura əməyə, torpağa bağlı, dövlətçiliyə
sədaqətli və hünərvər insanların
diyarıdır. Sabirabadlılar ulu öndər Heydər Əliyevin
bölgənin sürətli inkişafı, əhalinin
rifahı üçün gördüyü misilsiz işləri
daim dərin qədirbilənliklə xatırlayırlar.
Onları sevindirən həm də odur ki, Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən Heydər Əliyev
siyasəti bu gün də Sabirabadın hərtərəfli, sürətli
tərəqqisini təmin edir.
Sabirabad
müxtəlif adlarla Muğan vilayətinin tərkibində
olduğundan tarixi mənbələrdə ayrıca
xatırlanmır. Yalnız XVI əsrin yazılı mənbələrində
Cavad şəhərinin adı çəkilir. XVIII əsrin
ortalarından isə Cavad xanlığının yaranması
ilə bu ad tarixi məxəzlərdə daha da möhkəmlənir.
Azərbaycanın ruslar tərəfindən
işğalından sonra burada yeni idarə üsulu
yaradılmışdır. 1868-ci ildə Bakı
quberniyasının tərkibində təşkil olunmuş
Cavad qəzası 1888-ci ildə Petropavlovka
adlandırılmışdır. Yalnız 1930-cu ildə Azərbaycan
SSR-nin yeni inzibati ərazi bölgüsü
aparılmışdır.
Sabirabad - yeni ad, yeni dövran
Təxminən
bir il sonra, yəni 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin Fərmanı ilə Petropavlovkaya
Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımızda
ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin
adı verilmişdir.
Rayonun
əhalisi 1938-ci ildə 51,4 min nəfər olmuşdur. Şəhər əhalisinin
sayı 5,6 min nəfər idi. Həmin illərdə
Sabirabadın daxili tələbatının əsas hissəsi
kustar sənətkarlıq sexləri tərəfindən
ödənilirdi.
İkinci Dünya müharibəsində 6 mindən
çox sabirabadlı iştirak etmişdir. Onların 4
min nəfərə yaxını alman-faşistlərinə
qarşı döyüşlərdə mərdliklə
vuruşaraq həlak olmuşdur. Məhəmməd Xəlilov
İtaliyada alman faşistlərinə qarşı göstərdiyi
sücaətə görə İtaliyanın Milli Qəhrəmanı
fəxri adını almış, Ayaz İsmayılov isə
Berlinə qədər şərəfli döyüş yolu
keçərək Şöhrət ordeninin hər 3 dərəcəsi
ilə təltif olunmuşdur. Bu isə Sovet İttifaqı Qəhrəmanı
adına bərabər hesab olunur.
1952-ci il noyabrın 7-də Sabirabad rayon mərkəzinə
şəhər tipli qəsəbə, 1959-cu ilin dekabr
ayının 4-də isə şəhər adı
verilmişdir.
Yaxın və şanlı
keçmiş: ulu öndərə əbədi minnətdarlıq
70-cı illərin əvvəllərində
Sabirabadın təsərrüfatları dirçəlməyə
başladı.
Suvarmanın düzgün təşkili məhsuldarlığın
artırılması üçün geniş imkanlar
açdı. Pambıqçılığın
inkişafı kifayət qədər yüksəldi. 1974-1980-ci illərdə tarlalardan 80-110 min ton
pambıq yığıldı. Pambıqçılıqda
məhsuldarlığın yüksəlməsi əhalinin gəlirlərinin
artmasına da həlledici təsir göstərdi.
80-ci illərin əvvəllərində Sabirabadda 24
kolxoz olmuşdur. Statistikadan göründüyü kimi,
Sabirabadın dirçəlişi 70-80-ci illərə aiddir.
Bu da Azərbaycan KP MK-nın birinci katibi Heydər
Əliyevin rayona göstərdiyi diqqət və qayğının
nəticəsində mümkün olmuşdur. Həmin illərdə ulu öndərimiz Heydər Əliyev
14 dəfə Sabirabada səfər etmiş, pambıq
tarlalarında, taxıl zəmilərində və
heyvandarlıq təsərrüfatlarında olmuşdur. Bir çox respublika tədbirləri Sabirabadda
keçirilmişdir. Heydər Əliyev 1979-cu ildə
rayon Mədəniyyət sarayının
açılışında bu torpağa, onun zəhmət
adamlarına bağlılığını belə ifadə
etmişdir: "Mən hər il Sabirabada gəlirəm.
Bu, onu göstərir ki, sizin torpağın, sizin zəhmət
adamlarının elə böyük bir cazibə qüvvəsi
var ki, hər il məni bura gətirir".
Heydər
Əliyevin birbaşa rəhbərliyi ilə Sabirabadda
keçmiş İttifaqda analoqu olmayan Qrup Su Kəməri
Sistemi qurulmuş, rayonun ucqar kəndlərinə təbii qaz xətti
çəkilmiş, möhtəşəm Mədəniyyət
sarayı, Rabitə evi tikilmiş, Surra kəndi ərazisində
Kür çayı üzərində nəhəng
körpü salınmış, 5 istehsal müəssisəsi,
31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət
obyekti, inzibati binalar, çoxmərtəbəli
yaşayış evləri inşa olunmuşdur.
Ümummilli liderimizin təşəbbüsü ilə
altı nəfərə Sosialist Əməyi Qəhrəmanı
adı verilmişdir. 1970-1985-ci illərdə Sabirabad rayon Partiya Komitəsinin
birinci katibi olmuş mərhum Məmməd Məmmədov,
"Sovet Azərbaycanı" kolxozunun sədri mərhum
Çervon Azayeva, Jdanov adına kolxozun sədri mərhum
Gülabba Xəlilov, pambıqçılıq briqadirləri
Zəminə Aslanova və Fatma Hüseynova, kolxozçu Həlimə
Nəfəsova bu sıradadırlar.
Sovetlər İttifaqı dağıldıqdan sonra digər
müttəfiq respublikalar kimi, Azərbaycan da müstəqilliyini
elan etdi. Lakin qrup maraqları, şəxsi ambisiyalar ölkəni
parçalanmaq həddinə gətirib çıxardı.
Belə bir vəziyyətdə qonşu Ermənistan
ərazimizin 20 fazini işğal etdi.
Yeri gəlmişkən:
işğal olunmuş bölgələrdən 20 min nəfərdən
çox soydaşımız Sabirabad rayonunda məskunlaşdı.
10 min nəfərdən çox məcburi
köçkünün yaşadığı Qalaqayın
çadır şəhərciyi salındı. Şəhriyar və Güdəcühür kəndlərində
onlar üçün Fin evləri tikildi, köçkünlərin
5 min nəfərindən çoxu isə rayonun sosial obyeklərində
yerləşdirildi.
2003-cü ildən başlayaraq dövlət
başçısı İlham Əliyevin
tapşırığı ilə məcburi köçkünlərin
yeni evlərə, qəsəbələrə
köçürülməsi prosesi yüksək templə
davam etdirildi.
2007-ci ilin dekabrında Qalaqayın çadır
şəhərciyi ləğv edildi. Cəbrayıl,
Füzuli, Ağdam, Zəngilan, Qubadlı və Şuşa
rayonlarından olan 4352 nəfər məcburi
köçkün yeni, müasir standartlara uyğun, hər
cür sosial infrastruktura malik qəsəbələrə
köçürüldü. Yeni
salınmış Rüstəmli qəsəbəsində Zəngilan
rayonundan olan 159 ailədən ibarət 620 köçkün
üçün hər cür şərait yaradıldı.
Ulu öndərin xalqıın təkidli xahişi ilə
1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə
qayıdışı dövlətimizə nicat,
xalqımıza qurtuluş gətirdi. Ölkədə
sabitlik, əmin-amanlıq yaradıldı. Ulu
öndərin təşəbbüsü ilə
keçmiş İttifaq respublikaları arasında ilk olaraq
aqrar islahatı keçirildi. Sabirabad rayonu
da yenidən dirçəliş yoluna qədəm qoydu.
Ulu
öndər 1998-ci ildə-müstəqillik dövründə
növbəti dəfə Sabirabada səfəri zamanı
Qalaqayın çadır düşərgəsində məcburi
köçkünlərlə görüşdü,
onların yaşayış şəraiti ilə tanış oldu, tövsiyə və
tapşırıqlarını verdi. Elə həmin gün Heydər
Əliyev rayon mərkəzində minlərlə sabirabadlı
qarşısında çıxış etdi və rayonun
keçmişindən, bu günündən
danışdı, çıxışının sonunda isə
uca səslə dedi: "Mən hər dəfə Sabirabada gələndə
bu diyara heyran oluram. Sevinirəm ki, əhalinin
rifah halı nə qədər yaxşılaşıb, kəndlərdə
böyük sıçrayışlar əmələ gəlib".
1999-ci il dekabrın 16-da ölkə dövlət
başçısı Heydər Əliyev Nizami Gəncəvi
adına Sabirabad şəhər 5 saylı orta məktəbin
20 illik yubileyi münasibətilə təbrik məktubu
göndərdi. Məktub "Sabirabadlılara hər
işdə böyük uğurlar, xoşbəxtlik və səadət
arzulayıram" sözləri ilə tamamlanırdı.
Sabirabadlıların, eləcə də bərəkətli
Muğan torpağının ulu öndərlə bağlı
xoş xatirələri də kifayət qədər çox və
mənalıdır.
Prezidentin diqqət və
qayğısı daha böyük uğurlara ruhlandırır
2003-cü ilin oktyabrında İlham Əliyev
respublikanın Baş naziri kimi sabirabadlılarla
görüşdü. O, çox böyük hərarətlə
qarşılandı, çıxışı dəfələrlə
alqışlandı. Heydər Əliyevin
Sabirabada hörmət və məhəbbətindən
danışan və özünün də bu torpağa, bu zəhmətsevər
insanlara böyük sevgisi olduğunu xüsusi vurğulayan
İlham Əliyev elə oradaca rayonun ziyalıları
adından olunan xahişə cavab olaraq Sabirabadda Olimpiya
İdman Kompleksinin tikintisi üçün bütün zəruri
tədbirləri görəcəyini vəd etdi.
Artıq xeyli vaxtıdır ki, bu vəd reallaşıb. Prezident İlham Əliyev tərəfindən
2005-ci il oktyabrın 6-da təməli
qoyulan və 2008-ci il sentyabrın 26-da
açılışı edilən Olimpiya İdman Kompleksi
şəhərin "Muğan" prospektində yerləşir
və 4 hektar sahəni əhatə edir. 2 əsas
binadan, 3 kottecdən və 28 yerlik mehmanxanadan ibarətdir.
İdmanın bütün növləri ilə
məşğul olmaq üçün burada hər cür
şərait vardır.
Qısa
müddətdə ulu öndər Heydər Əliyev siyasi
kursunun varisliyini təmin edə bilən alternativsiz lider
olduğunu sübuta yetirən Azərbaycan Prezidenti mövcud
gerçəklikləri obyektiv qiymətləndirməyi, cəmiyyətin
sosial sifarişinə uyğun çevik qərarlar qəbul
etməyi, habelə regionların taleyüklü problemlərinə
daim böyük həsaslıqla yanaşmağı
bacarır. Bunu möhtərəm Prezident 2005-ci il
oktyabrın 6-da Sabirabad rayonuna səfəri zamanı bir daha təsdiq
etmişdir. O, rayonda "Regionların sosial-iqtisada
inkişafı Dövlət Proqramı" çərçivəsində
görülən işlərlə maraqlanmış, Heydər
Əliyev abidə-muzey kompleksinin, "Muğan"
klinikasının açılışında, Olimpiya
İdman Kompleksinin bünövrə qoyulması mərasimində
iştirak etmiş, tövsiyə və
tapşırıqlarını vermişdir. Prezidentin
təsdiq etdiyi "Sabirabad rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlər
planı" rayon icimaiyyəti tərəfindən yüksək
qiymətləndirilmiş, xalqın öz Prezidentinə olan
inam və etibarı artırmışdır.
2008-ci il sentyabrın 26-da Sabirabad rayonuna növbəti
səfəri zamanı dövlət başçısı bir
sıra istehsal müəssisələri və Gənclər Mərkəzinin
işi ilə tanış olmuş, Olimpiya İdman Kompleksinin
açılış mərasimində iştirak etmişdir.
Sabirabadlılar 2010-cu ilin mayında təbii fəlakətlə
üzləşəndə ölkə rəhbərinin sonsuz
qayğısının bir daha şahidi oldular. Həmin gərgin
günlərdə onun rəhbərliyi ilə fövqəladə
müşavirənin keçirilməsi, ölkənin
bütün icra strukturlarının subasmaya qarşı
mütəşəkkil mübarizəyə səfərbər
edilməsi fəlakətin miqyasını azaltdı. Ölkə başçısının
daşqın nəticəsində ev-eşiyindən didərgin
düşüb Şirvan şəhərində
çadırlarda yaşayan sabirabadlılarla görüşməsi,
onların istək və arzularını dinləməsi, təbii
fəlakətin nəticələrinin tezliklə aradan
qaldırılması üçün müvafiq göstəriş
və tapşırıqlar verməsi hamıda böyük ruh
yüksəkliyi yaratdı. Daşqının nəticələrinin
aradan qaldırılması vəziyyəti ilə yerində tanış olmaq üçün ölkə rəhbəri
həmin ilin noyabrın 1-də Sabirabada səfər etdi.
Rayon inkişafın yeni mərhələsinə
qədəm qoyub
Prezident
İlham Əliyevin bölgəyə 2011-ci il
mayın 5-dəki gəlişi daha əlamətdardır.
Dövlət başçısı daşqına məruz
qalmış Qasımbəyli kəndinə yeni çəkilmiş
15 kilometirlik asfalt yolun açılışında iştirak
etmiş, həmin kənddə əsaslı təmir
edilmiş tam orta məktəbin binası ilə tanış
olmuş, ictimaiyyətin nümayəndələri, o cümlədən
yolüstü Əsgərbəyli kəndinin sakinləri ilə
görüşərək əhalini qayğılandıran
problemlərlə maraqlanmış, lazımi
tapşırıq və tövsiyələrini vermişdir.
Bu səfərin nəticəsi olaraq rayonda böyük
canlanma yaranmış, abadlıq, tikinti və quruculuq işləri
geniş vüsət almış, infrastrukturun yeniləşməsi
istiqamətində bir sıra tədbirlər həyata
keçirilməyə başlanmışdır.
Yeri gəlmişkən, bu yaxınlarda Əsgərbəyli
kəndində yeni asfalt yolun, orta məktəb
binasının, müasir tibb məntəqəsinin və
poçt binasının açılışı oldu və
kənd sakinləri bütün bunları ölkə rəhbərinin
diqqət və qayğısının bariz nümunəsi
sayaraq ona minnətdarlıqlarını ifadə etdilər.
Bu gün
təbii fəlakətin törətdiyi
dağıntıların aradan qaldırılması istiqamətində
Sabirabadda xeyli iş görülüb. Subasmaya məruz qalan əksər
evlərin yerində möhkəm özüllü 1010 yeni ev
tikilib, 102 evdə bərpa-gücləndirmə işləri
aparılıb, dəymiş ziyana görə əhaliyə 10
milyon manatdan çox kompensasiya verilib, 11 sosial obyekt əsaslı
təmir edilib.
Bir məqamı
xüsusi vurğulamaq istəyirəm ki, ölkə
başçısının növbəti səfərindən
sonra daşqından ziyan çəkmiş 1164 nəfərə
onun göstərişi ilə daha 1,5 milyon manat kompensasiya
verilmiş, 276 yeni evin tikintisi nəzərdə tutulmuşdur.
318 evdə bərpa-gücləndirmə işləri
görüləcək, 33 sosial obyektdə tikinti-təmir
işləri aparılacaqdır ki, artıq bu tipli obyektlərdən
14-də inşaat işləri başlanıb. Ulacalı kəndində təbii fəlakətdən
evlərini itirmiş 50 ailə üçün yeni qəsəbə
salınıb.
Dövlət
başçısı bu il mayın 5-də
Sabirabada növbəti səfəri zamanı ictimaiyyətin
nümayəndələri ilə görüşündə
demişdir: "Mən istəyirəm ki, Sabirabad rayonunda
bütün sosial və iqtisadi məsələlər tezliklə
öz həllini tapsın. Bunu etmək
üçün, əlbəttə ki, əlavə vəsait
ayrılacaqdır".
Prezidentin
11 may 2011-ci il tarixli sərəncamı ilə
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda müəyyən edilmiş tədbirlərin
həyata keçirilməsinin tezləşdirilməsi
üçün zəruri tədbirlər görülməsi
məqsədilə Sabirabad rayonuna 2 milyon manat vəsait
ayrıldı.
"Sabirabad
rayonunun yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında" 25 may 2011-ci il tarixli Sərəncamı ilə
dövlət başçısı Kür
çayının Cavad kəndi ərazisindən keçən
hissəsində Cavad, Yolçubəyli, Narlıq, Türkədi,
Həsənli, Əlicanlı və Zəngənə kəndlərinin
16 min nəfərdən artıq əhalisinin və digər
qonşu kənd sakinlərinin rayon mərkəzinə olan məsafəsini
dəfələrlə qısaldacaq yeni körpünün
tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2
milyon manat vəsait müəyyənləşdirdi. Artıq dövlət başçısının sərəncamı
ilə uzun illər sabirabadlıların arzusunda olduqları
Kür çayı üzərində körpünün
tikintisinə başlanılıb. Körpü
30 mindən çox əhalinin mərkəzlə əlaqəsini
yaxınlaşdıracaq və asanlaşdıracaqdır.
Ölkə
rəhbərinin 21 iyul 2011-ci il tarixli "Sabirabad rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" digər sərəncamı
ilə 34 min nəfərin yaşadığı 17
yaşayış məntəqəsini birləşdirən
Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı yolunun
tikintisininin davam etdirilməsi məqsədilə 7 milyon manat məbləğində
vəsait ayrıldı.
Hazırda rayonun ən ucqar kəndlərində yollar
asfaltlaşdırılır. Qısa müddətdə Sabirabad-Əsgərbəyli,
Qasımbəyli, Yuxarı Axtaçı, Muradbəyli-Narlıq-Yolçubəyli-Cavad
və Surra- Axısxa, Kovlar, Quruzma, Qaraqaşlı kəndləri
istiqamətində 68 kilometr uzunluğunda keyfiyyətli asfalt
örtük vurulub.
Prezidentin
"Sabirabad rayonu əhalisinin içməli su təminatının
yaxşılaşdırılması ilə əlaqədar əlavə
tədbirlər haqqında" 23 avqust 2011-ci il tarixli sərəncamı
ilə 8 min nəfərin yaşadığı Şıx
Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən,
Poladtuğay yaşayış məntəqələrinə
modul tipli sutəmizləyici qurğuların
quraşdırılması üçün Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə 960 min manat vəsait
ayrılmışdır.
Həmçinin dövlət
başçısının tapşırığı ilə
yaxın vaxtlarda Sabirabad şəhərinin əhalisi
üçün uzun illər problemə çevrilmiş, həm
də yoluxucu xəstəlik mənbəyi olan "Axmaz" su
hövzəsinin qurudulmasına da başlanacaqdır. Nazirlər Kabinetinin 4 iyul
2011-ci il tarixli sərəncamı ilə
bu məqsəd üçün bir milyon manat vəsait
ayrılmışdır. Artıq bu istiqamətdə
lahiyə-smeta sənədləri hazırlanır.
Təhsil və səhiyyə obyektlərinin əsaslı
təmir edilməsi, yenilərinin tikilməsi, onların
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də geniş tədbirlər həyata
keçirilir.
M.Ə.Sabir adına məktəb həm
görünüşünə, həm də istismar müddətini
başa vurduğuna görə artıq sökülüb. Yerində Heydər Əliyev Fondunun dəstəyi ilə
üçmərtəbəli 1200 şagird yerlik ən
müasir formada məktəb inşa ediləcəkdir. Muradbəyli və Zəngənə kənd tam orta,
Surxayoba kənd ümumi orta məktəblərində də əsaslı
təmir işləri başa
çatdırılmışdır. Yuxarı
Axtaçı kəndində 250 şagird yerlik yeni məktəb
binasının tikintisi isə sürətlə
aparılır.
Hər
biri 480 şagird yerlik olan E.Nadirov adına 8 saylı şəhər
və Nərimankənd kənd tam orta məktəbləri
üçün yeni binalarının tikintisinə, həmçinin
N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin,
2 saylı şəhər uşaq bağcasının əsaslı
təmirinə başlanılmışdır.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun Prezidenti
Mehriban xanım Əliyevanın təhsilə
qayğısını sabirabadlılar da yaxından hiss edirlər.
Tibb ocaqlarının təmir-tikintisinə diqqət
artırılmışdır. Yolçubəyli kənd
həkim məntəqəsi Yaponiya səfirliyinin maliyyə vəsaiti
ilə yeni üslubda tikilərək bu günlərdə
istifadəyə verilmişdir. Səhiyyə
müəssisələrinin maddi-texniki bazası da möhkəmləndirilmişdir.
Perinatal Mərkəz, əksər kənd sahə
xəstəxanaları və tibb məntəqələri
müasir tibb avadanlıqları və cihazlarla təmin
edilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin
başçısı Nazim İsmayılov bizimlə söhbətində
belə bir fikri xüsusi vurğuladı ki, bu gün Sabirabad
möhtərəm Prezidentimiz İlham Əliyevin diqqəti sayəsində
sözün əsl mənasında yüksək inkişaf mərhələsindədir. Dövlət
başçısının son üç ayda Sabirabadın
inkişafı ilə bağlı verdiyi 4 sərəncam rayona
xüsusi qayğının bariz nümunəsidir.
Muğan diyarı - Sabirabad bu gün həqiqətən
taleyinin bəxtəvər çağlarını
yaşayır.
Bu gün burada həyata keçirilən nəhəng
sosial-iqtisadi inkişaf proqramları rayonun qarşıdakı
illər, onillər ərzində davamlı, sürətli
inkişafını təmin edəcəkdir. Bütün bunlar həm də 80 yaşlı rayonun
xoşbəxt gələcəyinin etibarlı təminatı
deməkdir. Sabirabadlılar elə bu inamla
yaşayıb yaradırlar.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 7 oktyabr.- S. 4.