Müstəqilliyi möhkəmləndirən mükəmməl inkişaf strategiyası

 

Müstəqillik hər bir xalqın milli ideya səviyyəsinə yüksəlmiş müqəddəs və ali istəyi olaraq tarixən ona bəşəri miqyasda özünüifadə imkanı yaratmışdır. Milli potensialını davamlı tərəqqi naminə realizə edərək özünütəsdiqə can atan millətlər qərinələr boyu milli istiqlala, azadlığa qovuşmaq üçün ağır sınaqlardan, çətinliklərdən çıxmış, bu şərəfli yolda sərt maneələrə sinə gərmişlər. Antropoloji baxımdan dünyanın ən qədim xalqlarından olan azərbaycanlılarda da milli dövlətçilik şüurunun formalaşması və möhkəmlənməsi prosesi minilliklərlə davam etmiş, müəyyən yad təsirlərə, deformasıyalara məruz qalmışdır.

 

Ən müxtəlif dövrlərdə Cavanşir, Atabəy Eldəgiz, Qazan xan, I Şah İbrahim, Şah İsmayıl Xətai, Fətəli xan kimi böyük sərkərdələr Azərbaycan torpaqlarını vahid dövlət bayrağı altında birləşdirmək, oturuşmuş milli dövlət qurmaq istəsələr də, taleyin sərt sınaqları, zərbələri ilə üzləşmiş, obyektiv səbəblərdən qarşıya qoyduqları müqəddəs mərama nail olmamışlar. Yalnız ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəsi Azərbaycana öz istiqlaliyyətini elan etmək imkanı yaratmışdır. 93 il əvvəl - 1918-ci il mayın 28-də müsəlman Şərqində müstəqilliyini ilk bəyan edən Azərbaycan xalqı tarixən can atdığı ali ideyanı praktik surətdə gerçəkləşdirməyə nail olmuşdur. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmuş, milli istiqlalımız kənar müdaxilə nəticəsində itirilmişdir. Beləliklə, xalqın müstəqillik arzusu imperiya buxovları altında yenidən nisgilə çevrilmiş, onun milli ruhlu ziyalıları, böyük mütəfəkkirləri, zəka sahibləri sərt repressiyalara məruz qalmışdır. Yalnız ötən əsrin 70-80-ci illərində - ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə ümummilli ideyanın gerçəkləşdirilməsi - Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görülmüşdür. Sovet dövrünün milli idealların həyata keçirilməsi üçün olduqca məhdud şəraitdə Azərbaycanın dahi rəhbəri respublikanın iqtisadi-təsərrüfat həyatının canlandırılması, elmin, təhsilin inkişafı, ana dilinin, ədəbiyyatın, incəsənətin mövqeyinin yüksəldilməsi, milli hərbi kadrların yetişdirilməsi, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması kimi əhəmiyyətli tədbirlər görmüşdür.

Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında respublikada reallaşdırılan genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcəkdə müstəqilliyin təmin olunmasına zəmin hazırlamışdır. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Azərbaycan xalqı kommunist rejimində, Ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan, şübhəsiz ki, müstəqilliyini itirmiş, ancaq dövlətçiliyini tam itirməmişdi. Azərbaycan Respublikasının dövlətçiliyinin bir çox atributları qalmış, yaşamışdı. Yetmiş il ərzində Azərbaycan xalqı böyük tarixi yol keçmiş, respublikanın iqtisadiyyatı yüksək sürətlə inkişaf etmiş, xalqımızın mədəni, təhsil səviyyəsi yüksəlmiş, Azərbaycanın elmi, mədəniyyəti, həyatının bütün sahələri inkişaf etmiş, respublikanın böyük iqtisadi, sosial və mədəni-intellektual potensialı yaranmışdır. Azərbaycan xalqı həmin dövrdə mövcud şəraitə uyğunlaşsa da, eyni zamanda, onun qəlbində tam müstəqillik, milli azadlıq hissləri yaşamışdır".

Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə milli müstəqillik üçün potensial zəmin hazırlaması, xalqı vahid məqsəd və ideyalar ətrafında səfərbər etməsi faktı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il yanvarın 21-də imzaladığı "Azəbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda da xüsusi önə çəkilir: "Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır".

Orta və yaşlı nəslin nümayəndələri respublikanı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin 60-cı illərinin sonundan başlandığını yaxşı xatırlayırlar. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan taleyin ümidinə buraxılmış dövlət kimi görünürdü. Zəngin xammala, karbohidrogen ehtiyatlarına, insan resurslarına malik Azərbaycanın İttifaq miqyasında geridə qalmış ölkələrdən birinə çevrilməsi son dərəcə dözülməz hal idi.

Respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir dövrdə - 1969-cu iliniyulunda ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsi respublikanı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. İyulun 14-də keçirilən plenumda ana dilində nitq söyləyən yeni rəhbər elə ilk gündən köhnə stereotipləri dağıdaraq milli ideallara bağlı lider olduğunu ən yüksək kürsüdən nümayiş etdirdi. Heydər Əliyevin ədalətə, qanunçuluğa tapınaraq respublikada əliəyriliyə, rüşvətxorluğa, dövlət əmakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizəyə qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı, islahatlara meyilliyi respublika ictimaiyyətində nikbinliyi, sabaha inamı artırdı.

Böyük strateq yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Bu baxımdan Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirir, paralel şəkildə həyata keçirirdi. Həmin illərdə ulu öndər irimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla, Azərbaycan həyatında intibah mərhələsinin əsasını qoymuşdu. Ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olmuşdu. Həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda - 70-ci illərin ortalarında Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmişdi.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, tarixən imperiya buxovları altında yaşamağa məhkum olmuş hər bir xalqın hansısa əlverişli şəraitdə soy-kökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlərə, məfkurə və düşüncə sisteminə söykənərək, özünüməxsusluğunu qorumaq, müstəqilliyə qovuşmaq şansı əldə etməsi lider fenomeninin fövqəladə missiyası ilə şərtlənmişdir. Əgər 70-80-ci illərdə Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ilə xalqın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik ölkə kimi mövcudluğu şübhə altında qalacaqdı.

Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanın 1993-cü ilin iyununadək üzləşdiyi böyük sarsıntı və fəlakətlər bu qənaətin doğruluğunu bir daha təsdiqləyir. Hakimiyyətdə olan səriştəsiz qüvvələr cəmi 2 ildən də az müddətdə respublikadakı ictimai-siyasi, iqtisadi, hüquqi, mənəvi böhranı daha da dərinləşdirmiş, ölkəni idarəolunmaz vəziyyətə gətirmişdilər. Dövlətçiliyin taleyi baxımından ən ağrılı, çətin günlərdə xalq öz gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə qəlbən güvəndiyi liderə - Heydər Əliyevə etibar edir, onun rəhbərliyi altında üzləşdiyi fəlakətdən xilas olacağına böyük ümidlər bəsləyirdi. Ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də eynən birinci dəfədə olduğu kimi, respublikanın üzlədiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənirdi. Ümummilli lider məhz belə bir ağır dövrdə, 1993-cü ilin iyununda - kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçdi. Əzmkar səyləri ilə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi, qanunsuz silahlı dəstələr, dövlətçiliyə qarşı çıxmış qiyamçılar, ölkəni parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi, xalq vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda vurğulandığı kimi, "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".

Ümummilli lider qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Müstəqilliyin ilk illərində cəmiyyətdə həllini gözləyən bir sıra problemləri - yeni iqtisadi-siyasi sistemin qaçılmaz reallıqlarının ictimai rəydə hələ yaxşı "həzm olunmadığını", dövlətçilik üçün daxili və xarici təhdidlərin aradan qalxmadığını, sivil siyasi münasibətlər sisteminin formalaşmadığını nəzərə alan ulu öndər Heydər Əliyev bir müddət "dəmir əl" siyasətinə üstünlük vermək məcburiyyətində qalmış, totalitar düşüncə tərzinin ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin liberal demokratik islahatlara tədricən hazırlanmasını vacib saymışdır. Bunun üçün dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək, onun bazisində, ana axarında iqtisadiyyatın dayandığını böyük müdrikliklə vurğulamışdır.

Uğurla reallaşdırılan bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları dayandırılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini həm də dövlətsizləşdirmə prosesinin sürətləndirilməsi - iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil etmişdir.

Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir: onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.

Keçid dövrünü yaşayan respublikamızda demokratik proseslərin iqtisadi islahatlara adekvat şəkildə tətbiqi bu modelin diktə etdiyi başlıca şərtlərdən olmuşdur. Heydər Əliyev milli gəliri yüksəltmədən, ümumi daxili məhsulun artımına, vətəndaşların yaşayış tərzində əsaslı dəyişikliklərə nail olmadan, təşəbbüskarlığa və maddiləşən işgüzar fəallığa təkan verən əlverişli biznes mühiti yaratmadan, milli sahibkarlığın inkişafını təmin etmədən vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyasının mümkünsüzlüyünü bildirmişdir. Böyük strateqin müdrikliklə irəli sürdüyü milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir.

Bəşər tarixi bu reallığı aksiom olaraq təsdiqləmişdir ki, müstəqilliyin dayanıqlı olması hər bir dövlətin iqtisadi potensialından bilavasitə asılıdır. Bu reallıqdan çıxış edən ulu öndər Azərbaycanda yeni dövrlə səsləşən iqtisadi islahatların aparılmasına real maliyyə əsasları yaratmaq üçün, ilk növbədə yeni neft strategiyasını irəli sürmüş, böyük əzmlə onun reallaşdırılmasına çalışmışdır. İqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü. AXC-Müsavat hakimiyyəti dövründə hazırlanmış müqavilə siyasi və iqtisadi baxımdan Azərbaycanın deyil, Qərbin neft şirkətlərinin maraqlarına daha çox cavab verdiyindən, ulu öndər böyük diplomatik məharət və prinsipiallıq nəticəsində bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişmişdir.

Azərbaycan rəhbərliyi həmin illərdə həqiqətən də heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların məntiqi sonluqla yekunlaşmasına nail olmuşdur. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Azərbaycanın keçdiyi yol və bugünkü uğurları yeni neft strategiyasının milli müstəqilliyin möhkəmləndirilməsindəki müstəsna rolunu bir daha təsdiqləyir.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə irəli sürülən yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbələri formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna, elmtutumlu istehsal sahələrinin yaradılmasına, bir sözlə, insan kapitalının formalaşdırılmasına yönəltmək idi. Əminliklə demək olar ki, ötən 17 ildə bu məqsədə tam nail olunmuş, Azərbaycanın neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrdə yüksəliş və tərəqqini təmin etmişdir.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda "Əsrin müqaviləsi"nin respublikamızın dinamik inkişafı baxımından tarixi əhəmiyyəti xüsusi vurğulanır: "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının reallaşmasına imkan verdi və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu".

Ümumilikdə, ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə ölkənin milli təhlükəsizliyini təmin etmək iqtidarında olan nizami ordu yaratmış, müstəqil xarici siyasətini təmin etmiş, milli diaspor quruculuğu sahəsində inamlı addımlar atmışdır. Ümummilli liderin milli müstəqillik ideyasının praktik surətdə gerçəkləşdirilməsinə xidmət edən ən böyük addımı isə Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşdırılması olmuşdur. Böyük müdrikliklə əsaslandırılmış bu inkişaf modeli spesifikliyi ilə fərqlənməklə, demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 20 il müddətində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qaçılmazlığı və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də birmənalı qəbul olunmuşdur.

Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasəti XXI əsrin başlanğıcında layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Ölkəmiz düşünülmüş neft strategiyası ilə ümumən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilir. Müstəqil daxili və xarici siyasət yeridən ölkə rəhbərliyi milli maraqları layiqincə müdafiə edir.

2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!" - deyən dövlət başçısı ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir. Sosialyönümlü mahiyyət daşıyan bu iqtisadi strategiya inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir.

Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir. Bunun nəticəsidir ki, ötən 8 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Müstəqilliyin Azərbaycana nə verdiyini ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi uğurlar bir daha təsdiqləyir. Bu gün regionda ikinci elə bir dövlət tapmaq çətindir ki, ümumi daxili məhsulun artım tempinə görə dünyada öncül mövqeyini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 12 dəfədən çox artırsın. Azərbaycan qlobal böhranın hökm sürdüyü son 3 ildə strateji valyuta ehtiyatlarını 30 milyarddan çox artırmışdır. Ölkənin gəlirlərinin sürətli artımı ilə əlaqədar may ayında Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılmış, ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard ABŞ dollarını ötmüşdür. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən cənab İlham Əliyev son 8 illik fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə də insanların yanında olmuş, onlara diqqət və qayğısını, köməyini, sevgisini əsirgəməmişdir. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətənlaşlarla görüşüb, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etmişdir. İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxmışdır. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə də nail olmuşdur. Bütün bunlar isə dövlət rəhbərinə xalqın geniş rəğbətini, inamını qazandırmış, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaratmışdır. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlmişdir.

Prezident İlham Əliyevin dövlət idarəçiliyində qazandığı uğurların bir mühüm səbəbi də var: O, insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan vətəndaşının firavan həyat tərzinin təminatına xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 8 ildə dövlət büdcəsi 10 dəfə, hərbi xərcləri 20 dəfə, valyuta ehtiyatları 20 dəfə artsın. Azərbaycanda ötən dövrdə maaş və pensiyalar da orta hesabla 5-6 dəfə artmış, yoxsulluq 5 dəfə azalaraq 49 faizdən 9 faizə enmiş, 1 milyona yaxın yeni iş yeri açılmışdır.

Azərbaycan bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmişdir. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda müstəqilliyin möhtəşəm uğurları sırasında Azərbaycanın son illərdəki dinamik inkişafına da xüsusi yer ayrılmışdır: "Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir".

Çətin və şərəfli mübarizə yolunun məntiqi yekunu olaraq 20 il əvvəl dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın ötən illərdə qazandığı böyük uğurlar da məhz elmi təməl üzərində həyata keçirilən siyasətə əsaslanır. Bu baxımdan Prezident İlham Əliyevin son illərdə imzaladığı "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında" və digər sərəncamlar elm sahəsində yeni dövrün tələbi ilə səsləşən islahatların aparılmasını təmin etmişdir.

Azərbaycanın innovasiyalı inkişafına keçidin zəruriliyi insan kapitalının gerçəkləşdirilməsinə, insanların potensial imkanlarının səmərəli realizəsinə əsaslanan elmi strategiyanın tətbiqini şərtləndirir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək səviyyəli intellektual insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. Sevindirici haldır ki, respublikamız son illərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində uğurlu nəticələr əldə edir. 2010-cu ildə Azərbaycanda İKT üzrə 32,1 faiz artımın olması da bu sahənin uğurlu inkişaf perspektivlərinin olduğunu göstərir.

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi də hazırda milli elm qarşısında dayanan əsas vəzifələrdən biridir. Cənab İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illərdə gənclərin xarici ölkələrdə ali təhsil almasına imkan yaradan mühüm dövlət proqramları, sərəncamlar imzalanmışdır.

Prezident İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında da qeyd edilir ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər bu gün informasiya cəmiyyətinin qurulması üçün möhkəm zəmin yaradır. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yaranan tibb müəssisələri, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləridir".

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikada hazırda idarəetmə tamamilə yeni prinsip və metodlar üzərində qurulur. Məhz bu cür demokratik tranzit prosesi ölkədə dövlətçilik ənənələrinin daha da möhkəmlənməsini, siyasi-intellektual elita ilə xalqın möhkəm mənəvi bağlılığını təmin edir. Sabitləşmədən modernləşməyə aparan bu yol, eyni zamanda, cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərinin daha etibarlı müdafiəsi, ictimai qüvvələrin tarazlığının qorunub saxlanılması, cəmiyyətə xas mülki, demokratik, özünüidarə meyillərini adekvat realizə etmək imkanlarını genişləndirir.

 

 

İRADƏ HÜSEYNOVA,

tarix elmləri doktoru, professor,

Azərbaycan Respublikasının

əməkdar müəllimi

 

Xalq qəzeti.- 2011.- 7 oktyabr.- S. 3.