Onun elmi irsi bu gün
də öz dəyərini saxlayır
Qədim
və zəngin tarixi olan ulu bir nəslin yaşarlı ənənələrini
şərəflə daşıyan, sözün əsl mənasında,
əməl və qayə sahibi olan akademik Mirzə Feyzulla Səməd
oğlu Qasımzadəni mən ilk dəfə 1961-ci ildə
Azərbaycan Dövlət Pedaqoji Universitetində qəbul
imtahanı verərkən görmüşdüm.
Sonralar
"XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" fənnindən
dərs deyərkən, onun rəhbərlik etdiyi "Azərbaycan
ədəbiyyatı tarixi" kafedrasının aspirantı,
baş laborantı və müəllimi olaraq birgə
çalışdığım zaman daha yaxından
tanıdım, doğmalaşdım. Ömrünün
sonlarına qədər qayğısını hiss etdim,
uğurlarımdan fərəhləndiyinin şahidi oldum.
1974-cü ildə nəşr olunmuş ali məktəblər
üçün "XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi" dərsliyini mənə hədiyyə edərkən
belə yazmışdı: "Bu kitabı şagirdim,
yetişdirməm, gənc alim Himalay Qasımova yadigar olaraq
xoş arzularla hədiyyə edirəm".
Əziz,
unudulmaz, sevimli müəllimimin, xeyirxahımın təkcə
həmin mötəbər və fundamental dərsliyi deyil, həm
də insani rəftarını, hər zaman var olacaq məramını
mənə hədiyyə etmişdir.
Bu
baxımdan, təbii olaraq, mən böyük ustadımı
ananda həmişə gözlərim yaşarır.
Feyzulla Qasımzadə bütün həyatını XIX əsr Azərbaycan ədəbiyyatının tədqiqinə və tədrisinə həsr etmişdir. Sovet rejiminin ifrat vulqar-sosioloji basqısı dövrlərində yaşayıb yaratmasına baxmayaraq kommunist partiyasının sıralarına daxil olmayan, bütünlüklə ruhi-mənəvi dünyanın ahənginə köklənən bu böyük alimin tədqiqat əsərlərində ideologiyanın zahiri fon təşkil etməsi heç də təsadüfi deyildi. Çünki o, əsl alim kimi daim gerçək elmi mövqe sərgiləmiş, ədəbi fakt və hadisələri araşdırarkən tarixiliyə önəm vermiş, mülahizələrini daim mahiyyət müstəvisində düzənləmişdir. Təhlillərində ədəbiyyatdan alınmış çoxsaylı informasiyalara, gerçək ədəbi-tarixi materiallara dayaqlanması bu baxımdan təbiidir.
Professor Feyzulla Qasımzadənin tədqiqat əsərləri başdan-başa Azərbaycan ədəbiyyatşünaslığına layiqli töhfədir. XIX əsr Azərbaycan ədəbiyyatının yaradıcı simalarını bütün mümkün rakursları ilə tədqiq edən əsərləri onun əsl mənada Azərbaycan ədəbiyyatşünaslıq elminin aparıcı nümayəndələri sırasında özünəməxsus yer tutmasına obyektiv zəmin yaratmışdır. İllərin arxada qalmasına, ideoloji sistemin dəyişməsinə baxmayaraq, Feyzulla Qasımzadənin elmi irsi öz dəyərini qorumaqdadır. Başqa sözlə, çoxsaylı sanballı monoqrafiya və dərsliklər bu gün də mütəxəssislər, müəllimlər, gənc tədqiqatçılar və tələbələr üçün dərin maraq kəsb edir.
Feyzulla Qasımzadənin "Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı" (1962) monoqrafiyası böyük mütəfəkkirə ucaldılmış layiqli elmi abidədir. Dahi dramaturq, müdrik tənqidçi və filosofun həyat və yaradıcılığının özəl xüsusiyyətləri və başlıca problemləri bu kitabda özünün dolğun elmi həllini tapmışdır. XIX əsrin digər ədəbi simalarına həsr olunmuş araşdırmalar da tədqiqatçısının dərin intellektual düşüncəsinə xas olan elmi bünövrə üzərində ucaldılmışdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, M.F.Axundov haqqında monoqrafiya onu Azərbaycan ədəbiyyatşünaslığının böyük Mirzəfətəlişünasları cərgəsində ön sıraya çıxarmışdır. Bu monoqrafiyada ədibin bədii irsinin iç dünyasına dərindən nüfuz edilir və ondakı özəlliklər elmi düşüncə müstəvisində yüksək səviyyədə dəyərləndirilir. Etiraf etmək lazımdır ki, professor Feyzulla Qasımzadəyə qədər M.F.Axundzadə sənət dünyası və məktəbi haqda bu həcmdə və sanbalda elə bir ciddi tədqiqat əsəri yazılmamışdır.
Feyzulla Qasımzadə bir müddət Bakı Dövlət Universitetində, sonralar isə Azərbaycan Dövlət Pedaqoji Universitetində "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" fənnini ədəbiyyat müəllimlərinin bir neçə nəslinə böyük həvəslə və yüksək peşəkarlıqla tədris etmişdir. O, böyük bir elmi-pedaqoji nəslin əvəzsiz və unudulmaz müəllimidir. "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" fundamental dərsliyin müəllifi həm də əsl ədəbiyyat müəllimi kimi örnəkdir. Uzun illər bu fənni tədris etməsinə baxmayaraq, yorulmaq bilməzdi, daim auditoriyaya can atar, hər bir mövzunu yeni həvəslə, yeni ilhamla şərh edərdi. Ona görə də həyat eşqi ilə dolub-daşan bu müdrik professorun mühazirələri daim böyük maraqla dinlənilərdi.
Uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixi kafedrasına böyük bacarıqla rəhbərlik etmiş professor Feyzulla Qasımzadənin birgə çalışdığı müəllimlərə, tələbələrinə münasibətindəki yüksək ehtiram, nəzakət, həssaslıq və qayğı nəcabətdən qaynaqlanırdı və böyük mənəviyyatın təzahürü idi. Onun işıqlı ömür yolu əsl alimlik və böyük müəllimlik məktəbidir. Müasirləri Feyzulla Qasımzadənin bütöv şəxsiyyətinə ehtiramla yanaşar və elmi-pedaqoji irsinə yüksək qiymət verərdilər. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyünə seçkidə professor Feyzulla Qasımzadə iştirak etdiyinə görə Məmməd Cəfər Cəfərovun sənədlərini müsabiqəyə təqdim etməməsi də bu ehtiramın bariz nümunəsi idi.
Professor Feyzulla Qasımzadə öz yetirmələrinə qarşı humanist tələbkarlığında həm də hədsiz bir qayğıkeşlik var idi. "Azərbaycan şeirində süjetli lirika" mövzusunda yazdığım dissertasiya işimi 1973-cü ildə tamamlayıb elmi rəhbərimə təqdim edəndən sonra mən içimdə bir daha onun necə böyük insan olduğunu anladım. Dissertasiya işini on gün, bəlkə də yanılıram, bir həftəyə oxuyub üstündə bir şagird dəftəri qeydlə qaytardı. Mən bu qeydləri indi də əziz bir xatirə kimi saxlayıram. Dəfələrlə evində olmuşam, halal süfrəsinin arxasında əyləşmişəm. Özümü qonaq kimi hiss etməməyimə çalışdıqlarını duymuşam. Elmi rəhbərimin ömür-gün yoldaşı Tubu xanımdan ana qayğısı görmüşəm. Soruşmazdılar haralısan, kimlərdənsən. Yüksək insani münasibət məni bu ailənin əziz adamına çevirmişdi. Mənə elə gəlirdi ki, professor və Tubu xanım məni övladları Hamiddən, Fuaddan, Nigar və Elmandan fərqləndirmirlər.
1974-cü ildə elmi rəhbərim və kafedra müdirim kimi mənim müəllim ştatı tutmağım üçün göstərdiyi səyləri, dəfələrlə rektora müraciəti heç zaman unudulan deyil. Yadımdadır, filologiya fakültəsinin elmi şurasının üzvlərinin mənim seçkim zamanı yekdil səsverməsindən sonra professor Feyzulla Qasımzadənin kövrəldiyini hiss edən xalq yazıçısı İsmayıl Şıxlının ona yanaşaraq çox böyük ehtiramla "Mirzə, nə baş verib?" soruşanda: "İsmayıl, yetirməmin uğuru məni hədsiz sevindirdi" - deyə cavab verdi. Professor Feyzulla Qasımzadə cismən konkret zaman kəsimində yaşasa da, mənən vaxtdan çox ucada dururdu. Zaman dalğa kimi gəlib ötür, o isə öz məqamında, məramında və daxili böyüklüyündə qalırdı. Daha doğrusu, daxilində bir əzəmət daşıyırdı. Ruhu şad olası əvəzsiz insan idi. Onda hədsiz bir Mərdəkan sevgisi var idi. Yaşının səksənə ucalan çağında tez-tez doğulduğu məkana baş çəkər, yaşı doxsanı ötmüş anası tərəfindən əzizlənərdi.
Nadir insan, nadir alim, nadir şəxsiyyət olan Feyzulla Qasımzadəyə hədsiz sevdiyi, sədaqətlə xidmət etdiyi, ən sonda uyuduğu Vətən torpağı ona halaldan-halaldır.
Professor Feyzulla Qasımzadənin rəhbərlik etdiyi kafedrada çalışan ölkənin tanınmış alimləri İsmayıl Şıxlı, Əhəd Hüseynov, İmran Babayev, Paşa Əfəndiyev, Xeyrulla Məmmədov, Məmməd Məmmədov, Fərhad Fərhadov, Mirdavud Seyidov, Tağı Xalisbəyli, Alməmməd Alməmmədov, Kamal Qəhrəmanov, Aydın Hacıyev, Zahid Xəlil və başqaları ilə birgə keçən günlər, iştirakçısı olduğum hadisələr, söhbətlər ...əvəzsiz həyat və bilik dərsləri olaraq yaddaşımda dərin izlər buraxıb.
Çoxlarının "Mirzə" deyə müraciət etdiyi professor Feyzulla Qasımzadənin sadəliyində böyüklüyü gün kimi aydın görünürdü. O, elmdə uca, həyati məsələlərdə isə müdrik ağsaqqal idi. Gerçəkçi, obyektiv, son dərəcə ədalətli və mərhəmətli olan bu sadə insan danışıq əsnasında bəzən qeyri-adi yumoru ilə də diqqəti çəkər, gülüşü və təbəssümü ilə bənzərsiz olardı. Bütün bu və digər insani məziyyətlər işıqlı və müdrik alimə, XIX əsr Azərbaycan ədəbiyyatının misilsiz tədqiqatçısı və böyük ədəbiyyatşünas akademik Mirzə Feyzulla Səməd oğlu Qasımzadəyə əbədi yaşamaq və anılmaq haqqı qazandırmışdır.
Himalay QASIMOV,
ADPU-nun Azərbaycan və dünya
ədəbiyyatı tarixi
kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti.- 2011.-8 oktyabr.- S. 8.