Müstəqilliyin
möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin
əvəzsiz xidmətləri olmuşdur
Suraxanı Rayon İcra Hakimiyyəti
başçısının müvafiq sərəncamı ilə
təsdiq edilən tədbirlər planına uyğun olaraq
dövlət müstəqilliyinin 20 illiyi münasibətilə
təşkil olunan tədbir iştirakçıları-
"Suraxanı Oyl"şirkəti və Dövlət Sosial
Müdafiə Fondu ( DSMF) Suraxanı rayon şöbəsinin
işçiləri əvvəlcə Heydər Əliyev
parkında ulu öndərin abidəsini ziyarət etmiş,
önünə gül dəstələri düzmüşlər.
"Suraxanı Oyl" şirkətinin icraçı direktoru Arzu Sarıbalayev çıxışında demişdir ki, ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün atəşkəsə nail olmuş, dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə "Əsrin müqaviləsi"ni imzalamışdır.Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsində hazırkı Prezident, o zaman dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin dəyərli xidmətləri olmuşdur.
DSMF rayon şöbəsinin müdir əvəzi Elçin Məmmədov isə qeyd etmişdir ki, son 20 ildə Azərbaycanda bütün sahələrdə, o cümlədən, sığota - pensiya sahəsində mühüm uğurlar əldə edilmişdir. Əhalinin gəlirlərinin, pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrəxərclərin artımı davamlı xarakter almış, bu sahədə köklü dəyişikliklər baş vermişdir.1995-2003-cü illərdə ölkədə orta aylıqreal əmək haqqı 5,1 dəfə, orta aylıq nominal əmək haqqı 6 dəfə, pensiya və müavinətlərin orta aylıq məbləği isə 7,2 dəfə artmışdır. Həmin dövrdən indiyə kimi də sığorta - pensiya sistemində mühüm islahatlar aparılmış, sözügedən sahə beynəlxalq standartlara uyğun qurulmuşdur.Yeni pensiya sistemi fəaliyyətə başladığı dövrdən bu günə qədər əmək pensiyalarının minumum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın 20 il ərzində əldə etdiyi uğurlardan bəhs etmiş, ulu öndər Heydər Əliyev və ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri sosial-iqtisadi islahatların müsbət nəticələrindən bəhs etmişlər.
Növbəti belə tədbir "Suraxanı maşınqayırma zavodu" Açıq Səhmdar Cəmiyyətində və Suraxanı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş və önünə tər güllər qoymuşlar. Sonra"dəyirmi masa"da davam etdirilən tədbirdə səhmdar cəmiyyətin idarə heyətinin sədri Arif Babayev, Suraxanı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Təvvəkül Mirzəyev və digər natiqlər müstəqillik illərində əldə olunan uğurlardan danışmışlar. Qeyd olunmuşdur ki, tarixi müstəqilliyin ötən hər bir ili ölkəmiz, xalqımız üçün son dərəcə məsuliyyətli bir dövr kimi yadda qalmışdır. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində dövlətimizin müstəqilliyi əbədi və dönməz xarakter aldı, ölkəmiz inkişaf edərək çiçəkləndi.
Azərbaycanın iqtisadi tərəqqisində sənayenin, o cümlədən, neft sektorunun mühüm rol oynadığını diqqətə çatdıran natiqlər vurğulamışlar ki, ötən müddətdə qeyri-neft sektoru da sürətlə inkişaf etmiş, bunun nəticəsində əhalinin rifah halı getdikcə yaxşılaşmışdir. Başqa sözlə, Azərbaycan iqtisadiyyatının dirçəlməsi istiqamətində qurulmuş möhkəm təməl 2003-ildən sonrakı dövrdə ölkə həyatında mühüm rol oynamış, eyni zamanda sabit və ardıcıl iqtisadi inkişafın sosial rifahın yaxşılaşdırılmasına yönəldilməsi dövlətimizin sosial siyasətinin başlıca məqsədinə çevrilmişdir.
Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 ilinin yekunları bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bütün sahələrdə qarşıya qoyulan strateji vəzifələrin öhdəsindən uğurla gəlir.
Rayondakı Xarici Dillər Təmayüllü Gimnaziyada da dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü qeyd edilmişdir. Gimnaziyanın akt zalında keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Məhəmmədəli Abbasov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Barxudar Barxudarov və digər natiqlər müstəqillik illərində əldə olunan uğurlardan danışmışlar.Qeyd olunmuşdur ki, müstəqillik illərində ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 97 milyard dollara bərabərdir. Bu vəsaitin də 53 faizi daxili investisiyalardan ibarətdir. Keçən il bütövlükdə ölkə iqtisadiyyatına 15, 5 milyard dollar məbləğində sərmayə qoyulmuşdur.
Son illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunmuşdur. Bu illər ərzində yaradılmış baza Azərbaycan təhsilinin inkişafına uzun müddət müsbət təsir göstərəcəkdir.
Ölkəmizdə son illər ərzində 2161 məktəb tikilmiş və təmir edilmişdir. Yeni tədris ilində "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmişdir, yeni korpuslar tikilmişdir.Rayonun 5 məktəbində əsaslı təmir işləri aparılmışdır. Bundan başqa, hazırda 5 məktəb üçün əlavə tədris korpusları tikilir, bir yeni məktəb inşa olunur.
Prezidenti İlham Əliyev "Bilik günü"ndə yenidənqurmadan sonra istifadəyə verilən 6 saylı məktəbdə olarkən qeyd etmişdir ki, Azərbaycanda təhsil sahəsində tətbiq edilən yeniliklər, müasir yanaşmalar, islahatlar yaxın gələcəkdə daha da yaxşı nəticələrə gətirib çıxaracaqdır. Çünki həm hər bir insan, həm də dövlət üçün təhsil ən vacib, ən həlledici amillərdən biridir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 8 oktyabr.- S. 7.