Azərbaycanın
poçt işçiləri öz bayramlarını yüksək əhval-ruhiyyə
ilə qarşılayırlar
9 oktyabr Ümumdünya Poçt
Günüdür
1939-cu
ildə Ümumittifaq Poçt İttifaqının Buenos-Ayresdə
keçirilən Konqresində oktyabrın 9-nun ÜPİ
günü kimi qeyd olunması barədə təklif ilk dəfə
səslənib. Lakin həmin toplantıda bu barədə qərar
qəbul olunmayıb. Analoji addım 1969-cu ildə
ÜPİ-nin Tokioda keçirilən 16-cı Konqresində
atılıb. ÜPİ günü beynəlxalq bayram kimi ilk
dəfə 1970-ci ildə qeyd olunub. 1984-cü ildə
ÜPİ-nin Hamburqdakı Konqresində poçt
işçilərinin peşə bayramının
Ümumdünya Poçt Günü adlandırılması
barədə qərar qəbul edilib. Bayram BMT-nin
ümumdünya və beynəlxalq günlər sisteminə
daxildir. Azərbaycan 1993-cü ilin aprelində ÜPİ
üzvlüyünə qəbul olunub. Bu hadisə
respublikanın poçt sahəsi üzrə fəaliyyətinin
genişlənməsinə böyük imkanlar yaradıb.
Bu il
Azərbaycan poçt işçilərinin bayramı Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümü, eləcə də, Azərbaycan
Respublikasında telefon rabitəsinin yaradılmasının 130
illiyi ərəfəsinə təsadüf edir.
Məlum
olduğu kimi, Sovetlər İttifaqının
dağılması nəticəsində yeni yaranmış
bütün müstəqil respublikalarda olduğu kimi, Azərbaycanda
da poçt rabitəsinin inkişafı demək olar ki, tam
dayandı və tənəzzül dövrü
yaşanmağa başlandı.
Poçt
rabitəsinin inkişaf mərhələsinin ən çətin
zamanı hesab edilən bu dövr, 1997-ci il yanvar ayının
1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən
ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə
başlaması ilə başa çatdı. Elə həmin
ildən başlayaraq, poçt rabitəsi özünün
yeni inkişaf mərhələsinə qədəm qoydu.
1997-ci
ilin mart ayında poçt rabitəsinin qısa müddətli
"Dirçəliş və inkişaf proqramı" qəbul
olundu, dekabr ayında isə "1998-2003-cü illər
üçün poçt rabitəsinin inkişaf
konsepsiyası" təsdiq edildi. 1999-cu il sentyabr
ayının 29-da "Azərpoçt" İstehsalat
Birliyi, "Azərpoçt" Dövlət Müəssisəsi
adlandırılaraq ona dövlət müəssisəsi statusu
verildi. 2000-ci ildən poçt rabitəsi rentabelli fəaliyyət
göstərməyə başladı.
2004-cü
il iyun ayının 29-da Azərbaycan Respublikasının
Prezidenti tərəfindən "Poçt rabitəsi
haqqında" Azərbaycan Respublikası Qanununun
imzalanması poçt rabitəsinin inkişafını daha da
sürətləndirdi.
"Azərpoçt"
Məhdud Məsuliyyətli Cəmiyyəti ölkənin
bütün ərazisində ən geniş xidmət şəbəkəsinə
malik olmaqla, əhalinin bütün təbəqələrinə
və eləcə də hüquqi şəxslərə ən
aşağı qiymətlərlə ənənəvi və
qeyri-ənənəvi poçt xidmətlərinin və
poçt-maliyyə xidmətlərinin göstərilməsini
həyata keçirir. "Azərpoçt" MMC tabeliyində
olan 10 regional, 53 rayon və şəhər poçt
filalı, 7 rayon rabitə qovşağı, 1499 poçt
şöbəsi və 71 poçt agentliyi vasitəsilə
müştərilərə 50-dən artıq müxtəlif
növ poçt xidməti göstərir.
Bütün
poçt şöbələrinin müasir standartlara uyğun
kompyuterləşdirilməsi, texniki avadanlıqlarla tam təchizatı
və informasiya texnologiyalarının ən son nailiyyətlərinin
bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin
yüksək keyfiyyətinə və
etibarlılığına tam təminat verir.
Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin (RİTN) 2004-cü il 7 oktyabr tarixli
əmri ilə "Azərpoçt" dövlət müəssisəsinə
Milli operator statusu verilmişdir. 1999-cu ildə dövlət
müəssisəsi kimi qeydiyyatdan keçən və 15 avqust
2009-cu ildə MMC-yə çevrilən "Azərpoçt"un
fəaliyyətinə əsasən RİTN nəzarət edir.
"Poçt
haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən
respublikanın bütün ərazisində universal poçt
xidmətlərinin (UPX) göstərilməsi "Azərpoçt"
MMC-yə həvalə edilmişdir.
Respublikada
vahid dövlət poçt operatoru olan "Azərpoçt"
MMC digər mövcud 30-dan çox özəl poçt
operatolarından fərqli olaraq hüquqi və fiziki şəxslərə
dövlət tərəfindən təyin olunmuş ucuz və
sərfəli tariflərlə ölkənin ən ucqar
yaşayış məntəqələrində universal
poçt xidmətləri göstərir.
"Elektron
Azərbaycan" Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlər çərcivəsində
"Elektron imzanın tətbiqi məqsədilə poçt
şöbələrində elektron imza sertifikatının
verilməsi üçün Qeydiyyat Mərkəzlərinin
(QM-lərin) yaradılması və bununla əlaqədar
poçt xidmətlərinin göstərilməsi barədə"
müqavilə və təlimat Məlumat Hesablama Mərkəzi
(MHM) tərəfindən təsdiq olunaraq "Azərpoçt"
MMC-yə təqdim olunmuşdur. Təsdiq olunmuş təlimatın
surəti Bakı Poçt Filiallarına (PF) göndərilmişdir.
Bununla yanaşı, elektron imza üçün smart
kartların alınması ilə bağlı 18 avqust 2011-ci il
tarixli MHM-ə müraciət olunmuşdur.
Ötən
müddət ərzində "Azərpoçt" MMC-nin rəsmi
veb-saytında RİTN tərəfindən müəyyən
edilmiş vahid stilə uyğun olaraq "Elektron xidmətlər"
bölməsi yaradılmışdır.
Azərbaycan
poçtu dünya poçtuna inteqrasiya yolunda növbəti
addımlarını atmaqdadır. Dünyanın demək olar
ki, bütün ölkələri ilə birbaşa və ya
tranzit yolla beynəlxalq poçt mübadiləsinin həyata
keçirilməsinə nail olunmuşdur. Poçtumuz indiyə
qədər bir çox beynəlxalq təşkilatlarla əlaqələr
qurur, beynəlxalq tədbirlərdə üzv və ya
müşahidəçi kimi fəal iştirak etməyə
daim çalışır.
1993-cü
ildə Azərbaycan Ümumdünya Poçt
İttifaqının (ÜPİ) üzvlüyünə qəbul
olundu. Bu hadisə respublikanın poçt sahəsi üzrə
fəaliyyətinin genişlənməsinə böyük
imkanlar yaratdı.
Bundan
başqa, Azərbaycan poçt administrasiyası 1991-ci ildə
Rabitə Sahəsində Regional Əməkdaşlıq Təşkilatına
(RRƏT), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına
(İƏT), 2001-ci ildə Poçt və Telekommunikasiya
Administrasiyalarının Avropa Konfransı təşkilatına
(CEPT), 2001-ci ildə Avrasiya təşkilatına qoşularaq bu
qurumların işinə öz töhfəsini verir.
2004-cü
ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı
ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
(RİTN) yaradıldıqdan sonra beynəlxalq sahədə
poçtun fəaliyyəti daha geniş vüsət aldı.
Respublikamız
müstəqillik əldə etdikdən sonra Azərbaycan
poçtunun nümayəndələri Rumıniyanın
Buxarest şəhərində keçirilmiş ÜPİ-nin
23-cü Konqresində ilk dəfə olaraq iştirak etdilər
və orada böyük nəticələr əldə olundu.
Hazırda
ÜPİ-nin həm Administrativ Şurasında, həm də
Poçt İstismarı Şurasında üzvlüyə
görə Azərbaycan poçtunun üzərinə bir
çox öhdəliklər düşür və bunların
yerinə yetirilməsi üçün bu qurumun bütün tədbirlərində
fəal iştirak edilir.
Azərbaycan
poçtu hazırda beynəlxalq bağlamaların izlənilməsi
üçün ÜPİ-nin İPS Light sistemi üzrə
dünyanın 130 ölkəsi ilə əməkdaşlıq
edir.
Azərbaycan
poçtu sürətli poçt xidməti (EMS) üzrə də
beynəlxalq sahədə təqdirəlayiq nəticələr
əldə etmişdir. Belə ki, bu xidməti həyata
keçirən "Azərpoçt" MMC-nin filialı olan
"Azərekspresspoçt" Rabitə Müəssisəsi
göstərdiyi xidmətlərin keyfiyyətini daim yüksəltməyə
çalışmış, bu istiqamətdə qlobal işlər
görərək, bir sıra uğurlu layihələr həyata
keçirmişdir. Bütün bunların nəticəsidir
ki, hazırda müəssisə yüksək keyfiyyətli xidmətləri
ilə nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə
də məşhurlaşmışdır. Müəssisəsəyə
verilmiş beynəlxalq dərəcəli sertifikatlar da bunu bir
daha təsdiqləyir. Belə ki, hər il Ümumdünya
Poçt İttifaqının EMS Kooperativinin
tapışırığı və maliyyə dəstəyi
ilə müstəqil konsaltinq şirkətləri tərəfindən
bütün dünyanın EMS operatorlarının il ərzində
göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi
və qiymətləndirilməsi aparılır, ilin
yekunlarına görə nəticələr elan edilir və
sertifikatlar təqdim olunur. "Azərekspresspoçt"
Rabitə Müəssisəsi 2002-ci ilin yekunlarına görə
bürünc, 2003 və 2004-cü illərin yekunlarına
görə iki il gümüş, 2005, 2006, 2007, 2009 və
2010-cu illərin yekunlarına görə isə qızıl səviyyə
sertifikatlarına layiq görülmüşdür.
"Azərpoçt"
MMC-yə Mərkəzi Bank tərəfindən verilmiş
lisenziya əsasında digər bank xidmətləri ilə
yanaşı, beynəlxalq pul köçürmələri
sisteminin tətbiqi üzrə işləri həyata
keçirilməkdədir. Ölkənin əksər poçt
şöbələrinin "Western Union" beynəlxalq pul
köçürmələri sisteminə qoşulması
prosesi başa çatdırılmış və əhalinin
istifadəsinə verilmişdir. "Azərpoçt" MMC
"Contakt" və "Zolotaya Korona" beynəlxalq pul
köçürmələri sistemi ilə də hazırda
danışıqlar aparır .
Qloballaşmanın
sürətlə inkişaf etdiyi, İT-nin gündəlik həyata
nüfuz etdiyi bir şəraitdə əhalinin böyük bir
hissəsinin müasir maliyyə və biznes xidmətlərinə
çıxışının təmin edilməsi artıq
günün tələbinə çevrilmişdir. Ancaq
regionlarda bank-maliyyə xidmətlərinin paytaxtla müqayisədə
zəif inkişaf etməsi banklar və digər kredit təşkilatları
vasitəsilə bu xidmətlərin göstərilməsini
mümkünsüz edir. Ona görə də bu xidmətlərin
"Azərpoçt"un poçt şöbələrində
təqdim edilməsi qaçılmaz həqiqətə
çevrilmişdir. "Azərbaycan Respublikasında Milli
Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci
illər üçün Dövlət Proqramı"nda da
yeni bank və maliyyə xidmətlərinin "Azərpoçt"un
mövcud platforması vasitəsilə həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Əsas seçimin poçt
platforması üzərində aparılması isə səbəbsiz
olmamışdır. Çünki bank-maliyyə xidmətlərinin
əsas təchizatçısı olan banklarla müqayisədə
"Azərpoçt"un bir çox üstünlükləri
vardır. Belə ki, "Azərpoçt" xidmət məntəqələrinin
sayına görə bütün bank sistemini təqribən 3
dəfə qabaqlayırdı.
"Azərpoçt"un
qeyd edilən geniş şəbəkəyə və
infrastruktura malik olma üstünlüyü onu xarici investorlar
üçün də cəlbedici etmişdir. Bu məqsədlə
Dünya Bankı (DB) Azərbaycanda ödəniş xidmətləri
infrastrukturunun təkmilləşdirilməsi və ucqarlarda
yaşayan əhalinin maliyyə xidmətlərinə sərbəst
çıxış imkanlarının yaradılması məqsədilə
2002-ci ildən etibarən xüsusi bir layihənin
hazırlanmasına başlamışdır. Azərbaycan
hökuməti ilə aparılan uzun müzakirələrdən,
eləcə də layihənin təfərrüatları ilə
əlaqədar DB ilə aparılan danışıqlar və
araşdırmalar sona çatdırıldıqdan sonra əməkdaşlıq
barədə razılıq əldə edilmişdir.
"2004-2008-ci
illər Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
əhatə etdiyi dövrdə 9 rayonda poçt
filialının inzibati binası (Laçın, Ağdam, Mingəçevir,
Samux, Zaqatala, Ağstafa, Balabəhmənli, Göygöl və
Füzuli) və 614 poçt şöbəsi binası,
"2009-2013-cü illər Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"na əsasən bu günə kimi 186 poçt
şöbəsi binası tikilərək əhalinin istifadəsinə
verilmişdir. Qeyd olunan dövr ərzində isə 75
poçt şöbəsi binası əsaslı təmir
edilmişdir. Yeni tikilmiş inzibati və poçt şöbəsi
binaları günün tələblərinə uyğun, tam
olaraq müasir reklam, mebel və texniki avadanlıqlarla təchiz
edilmişdir. 2004-2011-ci illər ərzində 9 poçt
filialının inzibati binası və 800 poçt şöbəsi
tikilərək istifadəyə verilmişdir. Hazırda
regionlarda 7 poçt şöbəsi binasının tikintisi və
təmirə ehtiyacı olan inzibati binaların təmiri
işləri davam etdirilir.
Dövlət
proqramlarında qarşıya qoyulmuş vəzifələrin
tam olaraq icra dövrünün sonuna kimi başa
çatdırılması nəzərdə tutulmuşdur.
Azərbaycan
Respublikasının Milli Poçt Operatoru - "Azərpoçt"
Məhdud Məsuliyyətli Cəmiyyəti həmişə
olduğu kimi, bu il də bu bayramın yüksək səviyyədə
keçirilməsi üçün ÜPİ-nin Beynəlxalq
Bürosunun Baş direktoru cənab Edurd Dayanın üzv
ölkələrin poçt operatorlarına
ünvanladığı müraciətini də nəzərə
alaraq geniş qeyd edir.
Sübhan KAZIMOV,
"Azərpoçt" MMC-nin
baş
direktorunun müavini
Xalq qəzeti.- 2011.- 9 oktyabr.- S. 7.