Ordumuz qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir

 

Son illərdə ordu quruculuğu ilə bağlı strateji xətt Azərbaycanda prioritet istiqamətlərdən biri olaraq qalır. Orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Güclü iqtisadi potensial və güclü ordu Azərbaycanın bölgədə lider ölkə olmasını şərtləndirir. Regionun əsas güc mərkəzinə çevrilən Azərbaycan ordu quruculuğu istiqamətində də böyük işlər görüb.

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində planlı, elmi əsaslarla aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Ordumuz böyük uğurlar qazanaraq gündən-günə daha da qüdrətlənir. Artıq xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan bir qüvvə kimi böyük inam bəsləyir. Atəşkəsi mütəmadi olaraq pozan düşmənə verilən layiqli cavablar, keçirilən hərbi təlimlər sübut edir ki, Silahlı Qüvvələrimiz yüksək döyüş hazırlığı ilə yanaşı, mənəvi ruhun sarsılmazlığına da nail olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Ordu quruculuğu prosesi daimi olaraq dövlətin diqqəti və qayğısı ilə əhatə olunub. Cari il iyunun 25-də Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırıb.

Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Elə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş hərbi parad da ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişi idi. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-dək silah, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak etmişdi. Bu hərbi parad Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın müstəqilliyinin sarsılmazlığının və əbədiliyinin əyani təcəssümü idi.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Milli Ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etməyə hər an hazırdırlar. Hərbi paradda nümayiş olunan müxtəlif hərbi texnikalar - "Tütək" raket kompleksləri, "Qırğı" tank əleyhinə raket kompleksləri quraşdırılmış "Əqrəb" markalı xüsusi zirehli avtomobillər, müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, haubitsalar, qoşqular, zireh sistemləri, "Kaman", "Qalxan", "Favorit" və sair zenit-raket sistemləri, müxtəlif markalı özüyeriyən artilleriya qurğuları, piyadaların döyüş maşınları, modernləşdirilmiş "T-72" tankları, özüyeriyən "Nərgiz" topları Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Ölkəmizdə istehsal olunan "Qaranquş" və "Şahin" pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurdu. Bu aparatlar düşmənin taktiki dərinliklərində kəşfiyyat aparılması üçün istifadə edilən ən müasir və səmərəli texnikadır. Həmin aparatlar ən geniş ərazilərdə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verir.

Azərbaycanın iqtisadi inkişafı və ordusunun qüdrəti artdığı halda torpaqlarımızı işğal altında saxlayan Ermənistanda vəziyyət gündən-günə ağırlaşır. Amma buna baxmayaraq, Ermənistan rəhbərliyi son vaxtlar Azərbaycanı hədələyən bəyənatlar verirlər. Amma hamı yaxşı bilir ki, bu bəyanatların hamısı isterik bəyanatlardır və əslində onlar Azərbaycandan, onun ordusunun gücündən qorxuya düşüblər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu məqamı nəzərdə tutaraq bunları bildirib: "Yenə də deyirəm, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərlərinin məktubları, telefon zəngləri - bu fəallıq və bütün bu fəallığın, bu müsbət ab-havanın olduğu təqdirdə Ermənistan rəhbərliyinin bu yaxınlarda verdiyi çox qeyri-adekvat, cəfəng, isterik bəyanatlar danışıqlar prosesinin ruhuna ziddir. Biz çalışırıq ki, bu imkanı əldən verməyək. Biz çalışırıq ki, indiki mərhələdə addımları elə ataq ki, tezliklə baza prinsiplərini razılaşdıra bilək.

Ermənistan tərəfi isə tam əksinə edir. Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatları onların niyyətini göstərir. Onlar əslində bizi müharibə ilə hədələyirlər. Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə də Azərbaycanı müharibə ilə hədələyirlər. Özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər. Bəlkə də son aylar ərzində yaşanan bu beynəlxalq fəallığın səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu güclü dövlətdir və güclü ordudur. Hamı bilir, o cümlədən yoxsulluq içində çabalayan, xarici ianələr ilə yaşayan Ermənistan da bilir ki, bu iki ölkə müqayisəedilməz səviyyədədir. Biz inkişaf edirik, güclənirik, xalqımız varlanır, ölkəmiz güclənir, onlar isə aclıq içindədir. Son altı ay ərzində 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaqdır. Yəni, hamı başa düşür ki, proseslər bu istiqamətdə gedir. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir".

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin qurub möhkəmləndirdiyi Azərbaycan dövlətinin əsas güvənc yeri olan Milli Ordumuz Prezident İlham Əliyevin düşünülmüş siyasəti, diplomatiyası və hərtərəfli islahatları nəticəsində gündən-günə müasirləşir və qüdrətlənir. Bu isə gənc müstəqil dövlət olan Azərbaycanın yeganə probleminə çevrilmiş Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə zəmin yaradır.

 

 

İsa ELDAROĞLU

 

Xalq qəzeti.- 2011.- 9 oktyabr.- S. 6.