Dövlətin gənclər siyasəti uğurla həyata keçirilir

 

Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Sabahını düşünən millət, hər şeydən əvvəl, gənc nəslini düşünməli, onun zəkasına, iradəsinə və gücünə əmin olmalıdır. Böyük, vətənpərvər gənclər ordusu olan Azərbaycanda, demək olar ki, bütün islahatların əsasında gənclik dayanır. Bu gün ölkəmizdə gedən proseslər göstərir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti öz bəhrəsini verməkdədir. Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, dövlət qarşısında duran vacib problemlərin həllinə öz sanballı töhfəsini verir.

 

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, Azərbaycanın bugünkü gələcəyi bütövlükdə "sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir".

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Ölkədə gənclərin azərbaycançılıq məfkurəsi, vətənpərvərlik, dövlətçilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində görülən işlər uğurla davam edir. Respublikanın ictimai-siyasi həyatında gənclərin fəal iştirakı təmin edilir, onların sağlamlığının qorunması istiqamətində tədbirlər həyata keçirilir, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şərait yaradılır.

Gənclər bu gün ölkə əhalisinin 35 faizə qədərini, uşaq və yeniyetmələrlə birlikdə isə üçdə ikisindən çoxunu təşkil edirlər. Ölkəmizdə inşa edilən müasir tipli gənclər evləri, Olimpiya idman kompleksləri, istirahət mərkəzləri, parklar və s. gənclərin hərtərəfli inkişafına xidmət edir. Uşaq, yeniyetmə və gənclərimiz müasir tipli məktəblərdə təhsil alır, bilik və bacarıqlarını artırırlar. Paytaxtın mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun əhalisinin 36821 nəfərini gənclər təşkil edir. Rayon gənclər və idman idarəsi (Gİİ) tərəfindən gənclərin iştirakı ilə hazırlanan mədəni-kütləvi tədbirlər, narkomaniya, QİÇS və işsizliyə qarşı mübarizə tədbirləri müasir gəncliyimizin sağlam formalaşması işinə xidmət edir. İdarənin fəaliyyətinin digər istiqamətini isə ölkəmizdə idmanın inkişaf etdirilməsi məqsədi ilə planlaşdırılan layihələrin həyata keçirilməsi təşkil edir. Tədbirlərə rayon ərazisində yerləşən ali, orta ixtisas və orta təhsil müəssisələrindən, müxtəlif təşkilatlardan minlərlə gənc cəlb edilir.

Bu günlərdə rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzovla görüşüb keçirilən tədbirlər barədə söhbət etdik. Nəcəf müəllim müasir dövrdə ölkəmizdə gəncliyə yüksək qiymət verildiyini, onların hər cür qayğı ilə əhatə olunduqlarını vurğuladı: "Son zamanlar bir sıra dövlət qurumlarında, müəssisə və təşkilatlarda gənclərin məsul vəzifələrə irəli çəkilməsi prosesi sürətlənir. Bu, gənclərə olan inamın göstəricisidir. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin həlli istiqamətində mühüm işlər görülür. Gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, gənclərimiz bütün sahələrdə yüksək səviyyədə bilik nümayiş etdirirlər. Rayonumuzda istedadlı gənclərin sayı getdikcə artır".

O, rayon gənclərinin hərtərəfli inkişafı, onların mənəvi və fiziki cəhətdən sağlam gənclər kimi yetişmələri üçün idarə tərəfindən görülən işlərdən də danışdı. Bu ilin əvvəlindən istər gənclər, istərsə də idman sahəsində bir sıra tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdıraraq, mədəni-kütləvi və idman tədbirlərinin təşkilində Nərimanov Rayon İcra Hakimiyyətinin böyük dəstəyi olduğunu bildirdi.

Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Nərimanov rayonunda təşkil olunan tədbirlər ənənəvi xarakter alıb. "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və banisidir", "Ulu öndərimizin Azərbaycan tarixində yeri və rolu", "Heydər Əliyev və Azərbaycan təhsili", "İqtisadiyyatın inkişafında Heydər Əliyevin yeri və rolu", "Azərbaycan gəncləri və Heydər Əliyevin diplomatiyası", "Ümummilli liderimizin müəllimlərə göstərdiyi qayğı" və s. mövzularda elmi-nəzəri konfrans və "dəyirmi masa"lar belə tədbirlərə misal ola bilər. Bu il mayın 5-də "Atrium" otelində "Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi" mövzusunda keçirilən konfrans da xüsusi maraq doğurub. Tədbirdə RİH başçısı Abdin Fərzəliyev, millət vəkilləri, tələbə gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayonda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi idman yarışlarında da yüzlərlə yeniyetmə və gənc iştirak edir. Bu ilin may ayında ulu öndərin anadan olmasının 88-ci ildönümü ilə bağlı rayonun S.Xasıyev adına parkında keçirilmiş şahmat, 258 saylı orta məktəbdə təşkil edilən stolüstü tennis turniri və digər yarışlar buna misal ola bilər.

Rayonda uşaqlar arasında da irimiqyaslı tədbirlər keçirilir. Bu ilin aprel ayında Uşaq Yaradıcılıq Mərkəzində "İstedadlar sorağında" devizi altında gənc rəssamların rəsm əsərlərinin sərgisi uşaqlar arasında böyük maraq doğurub. Sentyabrın 9-da isə Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında 2011-2012-ci il tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlarla görüş keçirilmişdir. Rayon rəhbərlərinin də iştirak etdiyi bu tədbirin sonunda uşaqlara məktəbli çantası və məktəb ləvazimatları paylanmışdır.

Hər il rayonda yeniyetmə və uşaqlar arasında kütləvi idman yarışları keçirilir.

Gənclərin biznes biliklərinin artırılması, onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi üçün də şərait yaradılır. Bu məqsədlə Gİİ gənc sahibkarların bir-biri ilə təcrübə mübadiləsinin aparılması məqsədi ilə görüşlər, "dəyirmi masa"lar təşkil edir ki, bu da sahibkarlıq sahəsində biliklərin və işin effektivliyinin artırılmasına xidmət edir. Bu il iyulun 8-də Azərbaycan Kooperasiya Universitetində "Respublika iqtisadiyyatında gənclərin yeri və rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Müasir dövrün bəlalarından sayılan narkomaniyaya qarşı mübarizə məqsədilə ilə də rayonda bir sıra işlər görülür. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə və QİÇS-ə qarşı məktəblərdə və ali təhsil ocaqlarında təşkil olunan elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, 26 İyun - Narkomaniya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş "Narkomanlığa və QİÇS-ə qarşı mübarizə - mənəviyyatın xilası deməkdir" devizi altında debatın təşkili bu sahədə görülmüş işlərə misal ola bilər.

Nərimanov rayonunda yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir. Gİİ tərəfindən təşkil edilən "Cəsurlar" hərbi-idman və turizm, "Şahin" hərbi-idman oyunlarının və "Vətənin Müdafiəsinə Hazıram!" poliatlon yarışlarının rayon mərhələlərində hər il yüzlərlə yeniyetmə iştirak edir. Təsadüfi deyil ki, oyunların Bakı şəhər mərhələsi və respublika mərhələsində də Nərimanov rayonunun komandaları fəxri yerləri tutmuşlar. Bu ilin iyul ayında şahmat üzrə təşkil edilmiş rayon birinciliyi maraqlı mübarizə şəraitində keçmişdir.

Nərimanov rayonunda uşaq və yeniyetmələr arasında futbolun inkişafına da xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, hər il məktəblilər arasında keçirilən "Sevinc" kubokunda Nərimanov rayon yeniyetmələri yüksək səviyyədə iştirak edirlər. Bu il "Sevinc" kubokunun Bakı mərhələsində yüksək ustalıq nümayiş etdirən rayon komandası, finalda Qaradağ rayonunun futbolçularına qalib gələrək yarışın qalibi olmuşdur.

Nərimanov rayonunda gənclər arasında beynəlxalq miqyaslı tədbirlərin təşkili də yüksək səviyyədə həyata keçirilib. İyulun 30-da Beynəlxalq Ticarət Mərkəzində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə peşəkar karateçilər arasında beynəlxalq turnir keçirilmişdir. Turnirdə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, İran, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Qazaxıstanı təmsil edən karate ustaları da qüvvələrini sınamışlar. Beynəlxalq turnirdə qalib adını Azərbaycanı təmsil edən Azər Məmmədov qazanmışdır.

Nərimanov rayonunda Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi istiqamətində işlər gələcəkdə də davam etdiriləcəkdir.

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2011.- 9 oktyabr.- S. 6.