Ustad sənətkarın 120 illiyi ərəfəsində

 

Ölkəmizin musiqi ictimaiyyəti, xüsusən, tar ifaçılığının nümayəndələri görkəmli tarzən, respublikanın xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar müəllim, "Şərəf nişanı" ordenli ictimai xadim Əhməd Bakıxanovun 120 illiyi ərəfəsində bu görkəmli sənətkara həsr olunmuş tədbirlər silsiləsinə başlamışdır. Gələn il qeyd olunacaq yubileyə qədər bir neçə belə tədbirin keçirilməsi planlaşdırılır.

 

Görkəmli sənətkarın adını daşıyan 6 nömrəli uşaq musiqi məktəbində keçirilmiş xatirə gecəsi ustad tarzənin həyat və fəaliyyətinə yenidən nəzər salınması baxımından çox maraqlı idi. Tədbirdə qeyd olunmuşdur ki, Əhməd Bakıxanov Azərbaycan muğam sənətinin qorunmasında, təbliğində və nota salınmasında dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə çiyin-çiyinə çalışmış, görkəmli sənətkarlardan ibarət möhtəşəm bir musiqiçilər ordusunun yaradılmasına nail olmuşdur. Ustad tarzən Azərbaycan Xalq Çalğı Alətləri Ansanblının banisi, Azərbaycan Radiosunun və Televiziyasının musiqi proqramlarının formalaşmasında xüsusi xidmətləri olmuş mədəniyyət xadimi, çoxsaylı dərsliklərin müəllifidir. O, həm milli radiomuzun, həm də Azərbaycan Dövlət Konservatoriyasının fəaliyyətə başlamasında görkəmli sənətkarlar Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayevin dəvəti ilə yaxından iştirak etmiş, böyük xidmətlər göstərmişdir. Maraqlıdır ki, Əhməd müəllimin tar sinfini bitirən məzunlar təkcə tarzən kimi deyil, həm də məşhur bəstəkarlar kimi milli mədəniyyətimizə xidmət etmişlər. Süleyman Ələsgərov, Əşrəf Abasov, Hacı Xanməmmədov, Arif Məlikov, Ağabacı Rzayeva, Adil Gəray, Nəriman Məmmədov, Adil Bəbirov, xaricdə yaşayan Əli Səlimi və digər görkəmli bəstəkarlar məhz Əhməd Bakıxanovun tar sinfini bitirmişlər.

Ustad sənətkarın virtuoz ifaçılığı və möhtəşəm müəllimliyi ilə yanaşı mükəmməl bir təşkilatçılıq keyfiyyəti də var idi. Onun yaratdığı ansambl nəinki respublikamızda, eləcə də bütün Qafqazda və Orta Şərqdə spesifik ifaçılığı ilə ad çıxarmışdı. Həmin kollektivdə çalışmış yüzlərlə ifaçı - instrumental və vokal solistləri - keçmiş SSRİ-nin və dünyanın əksər şəhərlərində ustalıqla çıxış etmiş, ad-san qazanmışlar. Milli musiqimizin görkəmli simalarından olan Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara Qədimova, Hacıbaba Hüseynov, Töhfə Əliyeva, İslam Rzayev, Zeynəb Xanlarova, Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Tükəzban İsmayılova, Fatma Mehrəliyeva və daha onlarla xanəndə və müğənnilər Əhməd Bakıxanovun ansamblında ərsəyə gəlmiş və məşhurlaşmışlar.

Tədbirdə fəlsəfə elmləri namizədi, yazıçı-publisist Əminə Tuncayın "Əhməd Bakıxanov şəxsiyyəti və yaradıcılığı musiqi mədəniyyəti tarixində" və xalq artisti, professor Nəriman Məmmədovun "Əhməd Bakıxanov tələbələrinin xatirəsində" adlı məruzələri maraqla qarşılanmışdır. Əməkdar artist Zakir Mirzəyev və Bakı Musiqi Akademiyasının dosenti Kəmalə Mirbabayeva Əhməd Bakıxanovun işlədiyi mahnıları və onun oğlu, bəstəkar Tofiq Bakıxanovun əsərlərini ifa etmişlər. Dövlət Filarmoniyasının solisti Leyla Dadaşova, məktəbin şagirdi Mərziyə Hüseynova, pianoçu Raminə Ağayeva və digər ifaçılar tədbirə musiqi bəzəyi vermişlər. Sənətkarın oğlu - professor Tofiq Bakıxanov atasının yubileyi ərəfəsində musiqi ictimaiyyətinə təqdim olunan bu tədbirin təşkilatçılarına, xüsusən, məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışdır. Xatirə gecəsi ustad sənətkarın yaradıcılığına həsr olunmuş sərgiyə baxışla sona çatmışdır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 9 oktyabr.- S. 6.