Şamaxı:
inkişafın əsas uğurları qabaqdadır
Bu günkü
nailiyyətlər isə dünənkindən qat-qat
çoxdur
Mən
dəfələrlə Şamaxıda olmuşam. Prezidentlik
dövrümdə də dəfələrlə olmuşam,
ondan əvvəlki dövrdə də. Bundan sonra da
olacağam. Çünki burada hələ
açılışlar çox olacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Doğrusu,
bugünkü Şamaxı haqqında yazı hazırlamaq o qədər
də asan deyil. Çünki indi bu rayonun ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatı elə bir şəkildə
qaynayır ki, adam yazıya nədən
başlayacağını bilmir. Rayonun bütün
yaşayış məntəqələrini ağuşuna
almış tikinti-quruculuq işlərindən
başlayaqmı? Onda Şirvanın elmi-mədəni mərkəzinin
gündən-günə tərəqqidə olan intellektual aləmini
ikinci plana keçirmiş olarıq.
Bəlkə
tarixlə bu günü müqayisə edək? Yox,
Şamaxı elə bir iti sürətli inkişaf tempinə
malikdir ki, bu diyarın tarixinin heç bir qatı ilə bu
gününü müqayisə etmək mümkün deyil.
Şamaxıda yerin yeddi qatının üzə
çıxdığı dövrlər də olub (zəlzələləri
nəzərdə tuturuq), əvəzində insanlar göyün
yeddi qatında baş verən proseslərin öyrənildiyi
günlərin sayını çoxaldıblar. Deyəsən,
elə yazının əsas mövzusunu tapdıq.
Şamaxı Rəsədxanası Marağa və Dəməşq
rəsədxanaları ilə birlikdə uzun illərdir ki,
bizim regionun alimlərinə göydə gedən prosesləri,
baş verən yerdəyişmələrini öyrənmək
imkanı verir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti
İlham Əliyev bu elmi mərkəzin daha da müasirləşdirilməsini,
maddi-texniki bazasının möhkəmləndirilməsini daim
diqqət mərkəzində saxlayır. İnsafən, belə
demək də düzgün alınmır. Çünki
dövlət başçımız digər rayonlar kimi
Şamaxının da bütün sahələrinin bərabər
şəkildə inkişafına nail olur.
Qərəz,
oktyabrın ilk günləri, Baş Qafqaz silsiləsinin cənub-şərq
ətəkləri, bugünkü Azərbaycanın
paytaxtından təxminən 120 kilometr aralıda -
Şirvanın qədim paytaxtlarından birində
payızın barlı-bəhərli,
yır-yığışlı ikinci ayının ilıq səhəri.
Heydər Əliyev parkında icra hakimiyyəti
başçısının müavini Əşrəf
Şükürovla bu yurdun dünəni, bu günü
haqqında söhbət edirik.
Ürəyimdən
keçənləri dostuma danışıram. O da bayaqdan
danışdığı sosial-iqtisadi inkişaf barədə
söhbəti unudubmuş kimi tamamilə yeni rapaqrafın yeni
abzasından başlayır: "Folklor nümunələri
xalqın həyatının güzgüsüdür, insan mənəviyyatının
ifadəsidir, əxlaqın təzahürüdür".
Söhbətin bu məcraya yönəlməsinin səbəbini
dəqiqləşdirmək istədim. Cavab çox aydın
idi: "Hələ əldə-ovucda saxlanılan körpəsinə
tanrıdan bacı-qardaş arzulayan ana Allahdan xahiş edir ki,
bu dövlətdən başqalarına da versin. Bu,
Şamaxı folklorudur, deməli, Şamaxı, Şirvan mənəviyyatıdır.
Tarix boyu həmişə belə olub. Şirvanın nəyi
olubsa, dostları, qardaşları, qonşuları ilə,
bütün insanlarla paylaşıb. Xaqani Şirvani burada
doğulub-böyüsə də, son nəfəsdə Təbriz
torpağını zinətləndirib, Nəsimi Şirvan
ab-havasını bütün Şərq boyu gəzdirib. Sabir
Şirvan hop-hopunun səsini bütün bəşərin sərvətinə
çevirib.
Keçmiş
SSRİ-nin əksər şəhərlərindən gələn
alimlər Şamaxı rəsədxanasında elmi təcrübələrini
yekunlaşdırıblar. Bu torpağın taxılı,
üzümü, başqa məhsulları bura dost kimi gələnlərin
hamısının sərvəti olub. İndi də belədir.
Rayonun qonaq-qarasız, dost-yoldaşsız günü olmur.
Vaxtilə buraya gələn Avropalı və Rusiyalı tarixi
şəxsiyyətlərin "izi ilə" o qədər
alim, tədqiqatçı Şamaxıya üz tutur ki, adam
öz yurdu ilə fəxr edir.
Son
zamanlar isə Şamaxının bu cah-cəlalını
rayonun indiki rəhbəri Asif Məmmədovun təşəbbüskarlığı,
işgüzarlığı və qurub-yaratmaq əzmi daha da
artırır. Asif müəllimin rayona rəhbərlik etdiyi
qüsa müddətdə həyata keçirilən tədbirlərin
hərəsi bir qəzet mövzusudur. Son vaxtlar burada görülən
işlər inanın ki, saymaqla qurtaran deyil. Nə
yaxşı ki, cənab Prezident İlham Əliyev sentyabrın
13-də Şamaxıya gəldi və dövlət
başçısının rayona etdiyi səfəri
işıqlandıran kütləvi informasiya vasitələri
son aylarda həyata keçirilən tədbirlərin
miqyası haqqında təsəvvür yaratdılar.
Ulu öndər Heydər Əliyevin Şamaxının mərkəzində
ucaldılan abidəsinin yerləşdiyi parkda son aylar yenidənqurma
və abadlıq işləri aparılıb, burada əhalinin
istirahəti üçün hər cür şərait
yaradılıb. Xüsusən təzə salınan
yaşıllıq zolağı sakinlərin məmnunluğuna
səbəb olub. Ancaq təkcə bu park
deyil, Şamaxı Olimpiya İdman Kompleksi də tamamilə
yenidən qurulur. 2500 kvadratmetr sahəsi
olan əsas binanın və yardımçı binaların
fasadı müasir örtüklə və xüsusi dizayna malik
şüşələrlə üzlənir. Özünüz görəcəksiniz, yaxın
zamanlarda burada "Olimpik" adlı mehmanxananın tikintisi nəzərdə
tutulur. Ərazidə müasir tələblərə
uyğun 8 kottec inşa edilir. Bu kotteclərdə
ümumilikdə 60 nəfər yerləşdiriləcək.
Kompleksin ərazisini sel sularından qorumaq
üçün uzunluğu 500 metr olan suötürücü
beton kanal tikilir. Görülən yenidənqurma
işləri nəticəsində kompleksin ərazisi genişləndirilərək
6 hektara çatdırılıb.
Yeri gəlmişkən, "Olimpik" mehmanxanası
Şamaxıdakı on mərtəbəli "Şirvan"
mehmanxanasından sonra ikinci ən böyük analoji obyekt
olacaq. Hazırda "Şirvan" mehmanxanasında da
çox ciddi yenidənqurma işləri aparılır. Əgər "Olimpik" burada keçiriləcək
yerli və beynəlxalq idman yarışlarının
iştirakçılarına xidmət edəcəksə,
"Şirvan" böyük turizm potensialına malik olan
Şamaxıda qonaqların müasir tələblər səviyyəsində
qəbul edilməsini təmin edəcək.
Mehmanxananın əsas binasında mini bar, hovuz, SPA mərkəzi,
sauna, gimnastika bölməsi, türk hamamı, bilyard klubu,
10-cü mərtəbədə 60 nəfərlik restoran və
başqa bölmələr fəaliyyət göstərəcək.
Dövlət başçımız Şamaxıda olarkən
bütün müsəlmanlar və bütün azərbaycanlılar
üçün müqəddəs olan daha iki abidəni ziyarət
etdi. Ölkənin və bölgənin müsəlman əhalisi
üçün müqəddəs dediyimiz ünvan hələ
743-cü ildə tikilən, Cənubi Qafqazda və Yaxın
Şərqdə ən qədim müsəlman ibadətgahlarından
olan Şamaxı Cümə Məscididir. Dövlət
başçımız Şamaxıya ötən illərdəki
səfərləri zamanı bu məsciddə olmuş və
sonradan "Şamaxıdakı Cümə Məscidi Dövlət
Tarix-Memarlıq Abidəsinin bərpası ilə əlaqədar
tədbirlər haqqında" Sərəncam
imzalamışdı. 2010-cu ilin mart
ayında başlanan təmir-bərpa işləri
böyük uğurla davam etdirilir. Prezident
başqa bir sərəncamla isə bu məqsədlə
Şamaxı Rayon İcra Hakimiyyətinə müvafiq vəsait
ayrılmasını təmin etmişdi. İbadət
ocağının bərpası başa çatdıqdan sonra
Şamaxı Cümə Məscidi ölkəmizdə milli-mənəvi
dəyərlərə göstərilən diqqət və
qayğının bariz nümunəsinə çevriləcək.
"Dövlət başçımız Şamaxıda
bütün azərbaycanlılar üçün müqəddəs
sayılan abidəni ziyarət etdi" - deyərkən biz ulu
Sabirin adını daşıyan qəsəbədə
ucaldılan böyük şairin abidəsini nəzərdə
tuturuq. Uzun illər, xüsusən, sovet dönəminin son
çağlarında və müstəqilliyin ilk illərində
baxımsızlıq ucbatından bərbad vəziyyətə
düşmüş Sabir qəsəbəsi indi
Şirvanın ən abad yaşayış məntəqələrindən
birinə çevrilir. Rayonun yeni rəhbəri
bu qəsəbənin inkişafını daim diqqət mərkəzində
saxlayır. Son vaxtlar burada geniş abadlıq işləri
görülüb, elektrik və digər kommunal xətləri
yenilənib, geniş yaşıllaşdırma işləri
aparılıb, bir sözlə, simasını tamamilə dəyişib,
dövlət başçısının ulu Sabirin abidəsini
böyük ehtiramla ziyarət etməsi Şirvan
camaatının məmnunluğunu birə beş
qat artırıb.
Sivil ölkələrin hamısında olduğu kimi Azərbaycanda
da dövlətin əsas dayaqlarından biri vergi sistemidir. Bu sistemin təkmilləşdirilməsi
və orada çalışanların
rahatlığının təmin edilməsi dövlətin
daimi diqqət mərkəzində olub. Şirvan
iqtisadi rayonunun mərkəzi olan Şamaxıda da bu istiqamətdə
görülən işlər heyrət doğurur. Şamaxıda Vergilər Nazirliyinin Tədris mərkəzi
tikilərək istifadəyə verilib. İki
hektar yarım ərazisi olan mərkəz çox qısa
müddətdə inşa edilib. Çox
yaraşıqlıdır. Deyim siz də
bilin. Üçmərtəbəli tədris
binası, ikimərtəbəli inzibati bina, müdavim və
müəllim yataqxanaları, o cümlədən dəvət
olunan ekspertlər üçün nəzərdə tutulan
ikimərtəbəli dörd qonaq evi sözün həqiqi mənasında
göz oxşayır. Yaradılan
üç mühazirə auditoriyasının hər biri 20 nəfərlikdir.
Auditoriyalar texniki vasitələrlə təchiz
olunub. Bu hələ harasıdır. Kompleksdə eyni vaxtda 20 nəfərə xidmət
göstərilən kafe də fəaliyyətə
başlayıb. Tədris mərkəzinin
kitabxanası və internet mərkəzi buraya gələnlərin
istifadəsinə verilib. Dövlət
başçısı mərkəzin
açılışı münasibətiylə kollektivi təbrik
etdi. Bildirdi ki, bu binada tədris ediləcək
məsələlər o dərəcədə keyfiyyətli
olacaq ki, peşəkarlıq səviyyəsi binanın xarici
görünüşünün səviyyəsinə uyğun
gələcəkdir. Görürsünüz,
Prezident bu tədris mərkəzi üçün tikilən
binanın xarici görünüşünü necə qiymətləndirib?
Söhbətin bu yerində - yəni indi haqqında
söz açmaq istədiyimiz Şamaxı rəsədxanası
yada düşəndə yazının əvvəlinə
qayıtmaq istədik. Ancaq bir az da geriyə - Şamaxı
barədə yazdığımız ötən məqalələri
də xatırlamaq zərurəti yarandı. Ötən
yazılarımızda Şamaxının sosial-iqtisadi
inkişafı barədə söz açarkən qeyd
etmişdik ki, rayonun yeni rəhbərliyi dövlət
bayrağımızı Göylərə (kəndin
adıdır - red.) gedən yolun üstündə göylərə
ucaldıb. Yəni "Bayraq
meydanı" rayona gələnlərin və buradan gedənlərin
hamısı üçün əlçatan bir yerdə -
gözəlliklərlə əhatə olunan təpənin
üstündə yaradılıb. İndi
həmin meydan şamaxılıların fəxr, iftixar
ünvanına çevrilirsə, şəhərdə
salınan "Koroğlu meydanı" da qürur mənbəyi
kimi qəbul edilir. Küçələrin
abadlaşdırılması, elektrik enerjisinin, təbii
qazın, içməli suyun dövri olaraq, dayanıqlı
şəkildə verilməsi göz qabağındadır.
Təhsil, səhiyyə, mədəniyyət
ocaqlarının günün tələbləri səviyyəsində
fəaliyyət göstərməsi və cəmiyyət həyatının
digər bütün sahələrindəki göstəriciləri
şamaxılılar yüksək qiymətləndirirlər.
Ancaq rayon sakinləri üçün iftixar
hissi yaradan, qürur mənbəyinə çevrilən layihələr
daha böyük auditoriyada əks-səda verir. "Koroğlu meydanı" və "Bayraq
meydanı" kimi Şamaxı Astrofizika Rəsədxanası
da bütün şirvanlıların fəxr etdiyi məkandır.
Ötən Ramazan ayının sonunda mən bunu
bir daha müşahidə etdim. Oruc tutan mömin
qardaşlarımızdan biri o birindən bayramın dəqiq
gününü soruşanda belə cavab eşitdik: "Bu
axşam Şamaxıdan cavab gəlməlidir, görək nə
deyirlər". Həmsöhbətlərimizdən
biri əslən Şirvandan idi və mən onun gözündəki
məmnunluğu müşahidə etdim. Dövlət
başçımız Şamaxı Astrofizika Rəsədxanasında
aparılan yenidənqurma işləri ilə tanış
olanda da Şirvan əhlinin həmin hisslərinin şahidi
olmuşduq.
Artıq
50 ildən çox fəaliyyət göstərən, görkəmli
alimlər Həsən Əliyev və Yusif Məmmədəliyevin
təşəbbüsü ilə dəniz səviyyəsindən
1500 metr hündürlükdə tikilən Şamaxı
Astrofizika Rəsədxanası Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2008 və
2009-cu illərdə imzaladığı sərəncamlar əsasında
tamamilə yenidən qurulur. Bu məqsədlə
dövlət büdcəsindən 8 milyon manat vəsait
ayrılıb. Əsaslı yenidənqurma nəticəsində
əraziyə Qırxbulaq mənbəyindən 6,5
kilometr uzunluğunda yeni su xətti, Çuxuryurd - Rəsədxana
əsas qaz kəməri çəkilib, yerüstü elektrik
xətti tamamilə yenilənib. Yaşlı nəsil
yaxşı xatırlayır. Ulu öndər
Heydər Əliyev 1974-cü ildə Şamaxı rəsədxanasına
gəlmiş, burada çalışan alimlərlə
görüşmüşdü. Sevinirsən
ki, ənənə davam edir. Prezident
İlham Əliyev qalaktikaların, ulduzların, planetar
dumanlıqların, Günəşin, planetlərin və
kometaların müşahidəsi aparılan bu elm
ocağına dövlət qayğısını əsirgəmir,
oraya xüsusi diqqət göstərir.
Dövlət
başçımız Şamaxı Astrofizika Rəsədxanasında
aparılan yenidənqurma işləri ilə tanış
olduqdan sonra rəsədxananın kollektivi ilə
görüşəndə təkcə bu obyektin deyil,
bütövlükdə Şamaxının son zamanlardakı
inkişafını yüksək qiymətləndirərək
bu qədim diyarın sabahından əminlik ifadə edib:
"Son illər ərzində Şamaxıda görülən
işlər göz qabağındadır. Ölkəmizin
indiki inkişafı deməyə əsas verir ki, biz gələcəkdə
daha da böyük işlər görəcəyik. O ki
qaldı Azərbaycan elminin inkişafına, mən tam əminəm
ki, bu rəsədxana indi ən azı MDB məkanında ən
gözəl rəsədxanadır. Tam əminliklə
deyirəm və siz də bunu təsdiq elə bilərsiniz".
Deməli, şirvanlılar haqlı olaraq bu rəsədxana
ilə fəxr edirlər. Çünki göylərin
sirrini öyrənənlər üçün yerlərin
sirri heç zaman qaranlıq qalmaz. Biz də
elə bunu istəyirik - aydınlıq, abadlıq və
firavanlığı. Şamaxıda
aydınlığa, abadlığa və firavanlığa
doğru geniş və sonu görünməyən bir yol gedir.
Əlbəttə, o yol da elə
Şamaxının öz yolu kimi dolanbaclıdır. Amma
nə olsun, yerdən göyə yol açanlar yerdəki yolu
da asan və rahat gedəcəklər...
Hə, əziz oxucu, bu, bizim Şamaxıda görüb
eşitdiklərimiz idi. Şamaxıdan qayıtdıqdan sonra isə
həmin diyarın ictimaiyyətinin müstəqilliyimizin 20
illiyinin qeyd edilməsi istiqamətində həyata
keçirdiyi tədbirlər haqqında məlumat aldıq.
Məlumatda bildirilir ki, Şamaxıda Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü ilə əlaqədar müxtəlif
silsilə tədbirlər həyata keçirilir. Xalqımızın həyatında mühüm hadisə
olan bu tarixi yubiley ilə bağlı rayon icra hakimiyyəti tərəfindən
hazırlanmış geniş tədbirlər planının
icrası xüsusu diqqət mərkəzindədir. Dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar
hazırda rayonun idarə və müəssisələrində,
kənd və qəsəbələrində keçirilən
yubiley tədbirləri, eləcə də Heydər Əliyev Mərkəzinə
ekskursiyalar davam etməkdədir.
Azərbaycan Müəllimlər İnstitutunun
Şamaxı filialında müstəqillik gününə həsr
olunmuş "Dəyirmi masa" keçirilib. Tədbirdə
dövlət müstəqilliyimizin keçdiyi çətin
yol və bu tarixi nailiyyətin əldə olunmasında
xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz
xidmətləri barədə ətraflı söhbət
açılıb.
Bundan əlavə rayonda dövlət müstəqilliyinin
bərpasının ildönümü ərəfəsində
təhsil və mədəniyyət müəssisələrində
kitab, foto sərgiləri və şeir, inşa müsabiqələri
təşkil edilib, idman turnirləri və kütləvi iməciliklər
keçirilib.
Rayondakı mədəniyyət sarayında
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümü ilə əlaqədar rayon ictimaiyyəti
nümayəndələrinin təntənəli
yığıncağı keçirilib. Tədbir
iştirakçıları əvvəlcə
xalqımızın ulu öndəri Heydər Əliyevin abidəsi
önünə gül-çiçək dəstələri
qoyub və Tarix-Diyarşünaslıq muzeyindəki
eksponatlarla, o cümlədən müstəqillik tariximizi əks
etdirən materiallarla tanış olublar. Ötən 20 ildə Azərbaycanda əldə
olunmuş böyük nailiyyətlərdən, dövlət
müstəqilliyinin ilk illərində
qarşılaşdığımız problemlərdən
söhbət açılıb. Dövlətimizin
başçısı İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamını
xalqımızın, dövlətimizin 20 illik müstəqillik
tarixinə verilmiş yüksək qiymət olduğu
bildirilib. Müstəqil dövlətimizin yaranmasında,
inkişafında və dünyada tanınmasında
ümummilli liderimiz Heydər Əliyevin misilsiz tarixi xidmətlərinin
olduğu və ulu öndərimizin layiqli
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti
nəticəsində bu gün ölkəmizin çox dinamik
inkişaf etdiyi, böyük uğurlar qazandığı qeyd
edilib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20- ci ildönümünə həsr olunmuş tədbir maraqlı konsert proqramı ilə başa çatıb. Bu hələ harasıdır. Tədbirlər davam edir. Demək Şamaxıda hər gün çal-çağırdır, hər gün bayramdır. Bayramların mübarək Şamaxı...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 9 oktyabr.- S. 5.