Ağcabədi o Ağcabədi deyil...
Ölkə Prezidentinin gündəlik diqqət və
qayğısı Qarabağın bu bərəkətli
bölgəsini gülüstana çevirib
Ağcabədi
rayonunda aparılan quruculuq-abadlıq işləri məni
sevindirir. Çox şadam ki, burada işlər yaxşı
gedir, böyük işlər görülür.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bir dəfə
yazmışam, bir də yazıram. Özü də bu, sadəcə
olaraq, bir jurnalist marağından irəli gəlmir.
Gördüklərimdən, şahidi olduqlarımdan,
eşitdiklərimdən doğan təəccüb və heyrət
hissidir. Sözün həqiqi mənasında, ilk dəfə
bölgəyə ayaq basan hər kəs buranın yalnız
coğrafi mənada Ağcabədi rayonu olduğunun fərqindədir.
Nəinki ilk dəfə, bir ay, hətta bir həftə əvvəl
müsafir olanlar belə ürəkdən gələn maraq və
təəccübünü gizlədə bilmirlər.
Əslində,
onları qınamaq da olmaz. Ağcabədi nəinki 20-30 il əvvəlki,
hətta dünənki Ağcabədi deyil. Ona görə ki,
burada inkişaf və irəliləyiş aylarla, illərlə
yox, həftələrlə, hətta günlərlə
ölçülür. Səmimiyyətlə etiraf edirəm
ki, biz jurnalistlər bəzən bu bölgədə gedən
sürətli inkişaf və yüksəlişlə
ayaqlaşa bilmirik.
Yaxın
günlərin söhbətidir. Əslən Ağcabədidən
olan yazıçı dostumla şəhəri gəzirdik.
Sözün düzü, mən maşınla getməyi təklif
etdim. O isə piyada gəzməyə üstünlük verdi.
Zarafatla:
-
Gözəlliyi duymaq üçün gərək asta
keçəsən - dedi. Dostum haqlıymış. Bəlkə,
hər həftə bu küçələrdən keçirəm,
bu parklara, xiyabanlara, bulaq və fəvvarələrə
tamaşa edirəm. Ancaq bu dəfə, elə bil ki, birinci dəfəydi
görürdüm. Doğrudan da, həqiqətdi: gözəlliyi
yad göz daha tez görür.
- Bir
məsələ həmişə məni narahat edirdi, - dostum
fərəhlə danışır: - Ağcabədi həmişə
varlı, imkanlı rayon olub. Burada vaxtilə 100 min tondan
çox pambıq istehsal olunurdu. Mal-qaranın, necə deyərlər,
sayı-hesabı yox idi. Demək istəyirəm ki, adamlar
yaxşı qazanırdı, gün-güzəran,
dolanışıq da pis deyildi. Di gəl ki, mədəni sahə
yaddan çıxmışdı, tikinti-abadlıq, quruculuq məsələləri
heç kimi maraqlandırmırdı. Özünüz təsəvvür
edin: lap bu yaxınlara kimi Ağcabədinin əksər
küçələri yayda toz-torpaq, qışda
palçıq olurdu. Qarğı çəpərlər, əyri-üyrü
küçələr, harda gəldi qoyulan köşklər,
budkalar adamın ürəyini sıxırdı.
Öz-özümə düşünürdüm ki, Ağcabədi,
nəhayət, şəhər görkəmini, şəhər
simasını nə vaxt alacaq? Axı, bura mənim vətənimdir,
doğulduğum, boya-başa çatdığım
yuvamdır. Kim istəməz ki, doğma el-obası,
yurd-yuvası abad, müasir, gözəl olmasın?
Müsahibimə
"bəs indi?" - sulanı verməyə ehtiyac
qalmadı.
-
İndi Ağcabədi o Ağcabədi deyil... Adam inana bilmir
ki, şəhər qısa müddət ərzində bu qədər
dəyişə, müasirləşə, abadlaşa bilər.
İndi Ağcabədi şəhəri dünyanın ən
gözəl şəhərləri ilə müqayisə oluna
bilər. Söhbət, əlbəttə, təkcə təzə
tikililərdən, park və xiyabanlardan getmir. Burada hər
şey yüksək zövq və müasirlikdən, estetikadan
xəbər verir. Ona görə də mən tez-tez doğma
şəhərimə gəlirəm. İndi özümü
burada çox rahat və xoşbəxt hiss edirəm. Dərin
zövq alıram və bu gözəlliyi, bu
rahatlığı yaradanlara ürəkdən "sağ
olun" - deyirəm.
Şəhərin
mərkəzi meydanındayıq. Burada hər şey,
sözün həqiqi mənasında, zərgər dəqiqliyi
ilə ölçülüb-biçilib. Qəribə, rahat
və gözəl bir aura dərhal səni öz
ağuşuna alır. Əfrafımızdakıları,
gördüklərimizi bircə cümlə ilə belə
ifadə etmək olar: yüksək zövq və müasirlik.
Meydanın sağ tərəfi tamamilə yenidən
qurulmuş, burada Heydər Əliyev Mərkəzi
yaradılmışdır. Heydər Əliyev Mərkəzi
rayon sakinlərinin, eləcə də qonaqların ən
çox sevdiyi, ziyarət etdikləri müqəddəs bir
ünvana çevrilib. Üçmərtəbəli, zəngin
arxitektura elementləri ilə başa gəlmiş binaya daxil
olanda qəlbimiz qürur və iftixar hissi ilə
döyünür. Öz şərəfli həyatını
doğma xalqına, onun inkişafına həsr etmiş dahi
insanın unudulmaz və parlaq obrazı, ölməz və həmişəyaşar
ideyaları, dərin zəkası bir daha gözlərimiz
önündə canlanır. Ulu öndərin həyat yolunu,
mübarizə və qalibiyyətlə dolu fəaliyyətini əks
etdirən zəngin sənədlərə tamaşa etdikcə
Vətənə, millətə və xalqa təmənnasız
xidmət etməyin tarixdən heç vaxt silinməyən əksini
görürük.
Rayon
icra hakimiyyətinin inzibati binasının qarşısı isə
əsl mənada əlvan xalını xatırladır.
Müxtəlif güllər, çiçəklər, onların
təkrarsız kompozisiyasından ətrafa rahatlıq, gözəllik
yayılır. Ulu öndərin əzəmətli heykəli
bax, bu güllərin, çiçəklərin əhatəsindədir.
Öz mərd və müdrik baxışları ilə bizi -
müəllifi olduğu, qurduğu, yaratdığı Azərbaycan
övladını qələbəyə, xoş və işıqlı
günlərə səsləyir.
Dahi
rəhbərin adını daşıyan prospektlə
addımlayırıq. Tamamilə yenidən qurulmuş,
genişləndirilmiş abad küçələr, səliqəli
səkilər, müasir işıqlandırma sistemi, təzə
tikilmiş və əsaslı şəkildə yenidən
qurulmuş ictimai və yaşayış binalarının bu
ümumi harmoniya ilə səsləşən görkəmi qəlbimizdə
xoş duyğular oyadır. Kiçik dairənin sol tərəfində
qısa müddət ərzində tikilib istifadəyə
verilmiş şahmat məktəbi, müasir görkəm
almış rayon təhsil şöbəsinin inzibati binası
görünür. Sağ tərəfdə yerləşən
bina isə rayon mədəniyyət sarayıdır. Obyekt
tamamilə yenidən qurulmuş, müasir avadanlıqla təchiz
edilmiş, ətrafda abadlıq işləri
aparılmışdır. Üzeyir Hacıbəyov adına
park zövq oxşayır. Burada dincəlmək, istirahət
etmək üçün hər cür şərait
yaradılmışdır. Ağcabədi Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə, incəsənətinə
böyük dahilər bəxş etmiş diyardır. Bu mənada
burada - şəhərin mərkəzində
yaradılmış Qarabağ Muğam Mərkəzi olduqca
simvolikdir. Muğam mərkəzindən
çal-çağır, nəğmə-musiqi səsi əskik
olmur.
Ulu öndərin
adını daşıyan parka gələndə isə, elə
bil, başqa bir aləmə - zəngin və əsrarəngiz
bir dünyaya düşürsən. Əvvəla, onu deyək
ki, son illər şəhər bu istiqamətə xeyli
addımlamış, yeni binalar tikilmiş, səkilər,
yollar salınmış, müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Rayon Maliyyə İdarəsinin,
Sosial Müdafiə Fondu Rayon Şöbəsinin inzibati
binaları, Qarabağ müharibəsi əlilləri, veteranlar
və şəhid ailələri üçün tikilmiş
16, 36 və 24 mənzilli yaşayış binaları da bu ərazidədir.
Ağcabədidə ilk dəfə tikilən və artıq
son tamamlama işləri aparılan doqquzmərtəbəli
yaşayış binası şəhərə xüsusi
gözəllik verir.
Heydər
Əliyev parkında, sözün həqiqi mənasında, ruhən
zənginləşdik, gözümüz də dincəldi,
könlümüz də. Burada, bəlkə də,
dünyanın hər yerindən güllər, çiçəklər
gətirilmiş, böyük zövq və səliqə ilə
əkilmiş, təkrarsız mənzərələr
yaradılmışdır. Görünür, elə buna
görə də parka qədəm basan hər kəs buradan
ayrılmaq istəmir, bu mənzərələrdən, bu
gözəllikdən doymur. Şəhərin başqa guşələrinə
baş çəkməzdən əvvəl burada - Heydər Əliyev
parkında dincəlməyi, bir stəkan pürrəngi
çay içməyi qərara aldıq. Özü də
bunu ona görə etmədik ki, həqiqətən, bayaqdan
xeyli gəzib yorulmuşduq. Ona görə burada əyləşdik
ki, gördüklərimiz, müşahidə etdiklərimiz təkrarsız
idi, gözəl idi və bu gözəllikdən asanlıqla
ayrıla bilmirdik.
Həmin
gün çox gəzdik, çox dolandıq, çox yeniliklərin,
inkişaf və irəliləyişin şahidi olduq. Əlbəttə,
onların hamısını qəzet səhifəsinə
çıxartmaq mümkün deyil. Sadəcə olaraq, burada
son vaxtlar tikilib istifadəyə verilmiş obyektlərin daha
bir neçəsinin adlarını sadalamaq istəyirik: Hindarx
qəsəbəsində yeni park, 82 saylı Ağcabədi
Seçki Dairəsi üçün inzibati bina,
qaçqın və məcburi köçkünlər
üçün 10 yeni beşmərtəbəli
yaşayış binaları, su-kanal idarəsi
üçün inzibati bina və s.
O
yerdə ki, söhbət inkişaf və yüksəlişdən
gedir, orada, əlbəttə, fakt və rəqəmlərsiz
ötüşmək mümkün deyil. Yaxşı deyiblər
ki, həqiqət faktlardan doğur. Ağcabədinin son illərdəki
iqtisadi, sosial və mədəni inkişafını əks
etdirən fakt, rəqəm və göstəriciləri isə
sadalamaqla qurtarmaz. Elə isə oxucuların diqqətini ən
vacib məqamlar üzərində cəmləşdirməyə
çalışacağıq.
Hər
şeydən əvvəl, qeyd edək ki, ölkə Prezidenti
İlham Əliyev son 4 ildə 2 dəfə Ağcabədiyə
tarixi səfər etmiş, rayon ictimaiyyətinin nümayəndələri,
ziyalılar, ağsaqqallar və gənclərlə unudulmaz
görüşlər keçirmiş, bir sıra vacib obyektlərin
açılışında, o cümlədən təməlqoyma
mərasimində iştirak etmişdir. Həmin səfər və
görüşlər bu gün də ağcabədililərin
qəlbində unudulmaz bir xatirə kimi yaşamaqdadır. Ən
əlamətdar cəhət isə ondan ibarətdir ki, ölkə
rəhbərinin tarixi səfəri bütün sahələrdə
işlərin daha sürətli gedişinə səbəb
olmuş, insanlar arasında böyük ruh yüksəkliyi,
sabaha dərin inam və ümid yaratmışdır. Elə
buradaca Respublika Prezidentinin açılışda və təməlqoyma
mərasimlərində iştirak etdiyi obyektlərin bəzilərini
misal çəkmək istəyirik: uzun illərdən sonra
Ağcabədiyə təbii qazın verilməsi, Qarabağ
müharibəsi veteranları, əlilləri və şəhid
ailələri üçün 24 mənzilli
yaşayış binası, 14 min əhalinin
yaşadığı 5 kəndi birləşdirən Ağcabədi
- Qaradolaq - Kəbirli avtomobil yolu, Şahmat məktəbi,
süd emalı zavodu, süd məhsulları kombinatı, 205
çarpayılıq mərkəzi xəstəxana və s.
Hər
yerdə olduğu kimi, Ağcabədidə də "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə
tutulan vəzifələr ardıcıl surətdə, yüksək
sürət və keyfiyyətlə yerinə yetirilir. 2011-ci
ilin birinci yarısında rayon üzrə ümumi məhsul
buraxılışının həcmi 92692,7 min manat olmuşdur
ki, bu da 2010-cu ilin birinci yarısına nisbətən 22262,7
min manat çoxdur. Sənayedə, kənd təsərrüfatında,
tikintidə, nəqliyyatda, rabitə və ticarətdə
dinamik inkişaf müşahidə olunmuşdur. Əsas
kapitala investisiya qoyuluşu müqayisə olunan dövrdə
20509,4 min manat çox olmuşdur. Bu müddətdə yerli
büdcənin gəliri nəzərdə tutulduğundan 456,9
min manat çox təşkil etmişdir.
Ümumiyyətlə,
bu gün Ağcabədidə istehsal olunan ümumi məhsulun
95 faizi özəl bölmənin payına düşür.
2006-cı illə müqayisədə ümumi daxili məhsul
istehsalı 2,2 dəfə, əhalinin orta aylıq əmək
haqqı 2,8 dəfə artmışdır. Bu müddətdə
ət istehsalı 612 ton, süd istehsalı 696 ton, yumurta
istehsalı isə 343 min ədəd
çoxalmışdır. Həyata keçirilən
ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində
2006-cı ildən indiyə kimi 6015 daimi, 8455 müvəqqəti
iş yeri açılmışdır. Təkcə ötən
il rayon üzrə 160 min ağac əkilmişdir.
2006-cı
ildən başlanan və ildən-ilə geniş miqyas alan
tikinti-abadlıq və quruculuq işləri eyni sürət və
keyfiyyətlə davam etdirilməkdədir. Belə ki, Heydər
Əliyev, Üzeyir Hacıbəyov prospektləri, S.Vurğun,
T.İsmayılov, N.Nərimanov, H.Hacıyev, R.Tağıyev, Ə.Bünyadov
küçələrində, Hindarx qəsəbəsində
abadlıq və səliqə-sahman işləri sürətlə
gedir. Heydər Əliyev prospektində 65, Üzeyir Hacıbəyov
prospektində 6, S.Vurğun küçəsində 32
müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Şəhərin
Ü.Hacıbəyov prospekti, H.Hacıyev, R.Tağıyev
küçələri boyunca hasarlar
hörülmüşdür.
Təhsil,
səhiyyə və mədəniyyət müəssisələrinin
fəaliyyəti də daim diqqət mərkəzində saxlanılmışdır.
Əsas cəhət odur ki, həmin sahələrin maddi-texniki
bazası daha da möhkəmləndirilmiş, intizam və nəzarət
gücləndirilmişdir. Rayon icra hakimiyyətindən bizə
bir arayış verdilər. Orada son illər Ağcabədi
rayonundan respublikanın ali məktəblərinə daxil
olanların siyahısı göstərilib. Əgər
2006-cı ildə ali məktəblərə 65 nəfər
daxil olmuşdursa, 2007-ci ildə 75 nəfər, 2008-ci ildə
89 nəfər, 2009-cu ildə 121 nəfər, 2010-cu ildə
173 nəfər, 2011-ci ildə isə 192 nəfər
olmuşdur. Bizcə, bu rəqəmlər rayonda təhsilə
göstərilən diqqət və qayğıdan, bu sahədə
həyata keçirilən ardıcıl və məqsədyönlü
tədbirlərdən xəbər verir. Daha bir maraqlı fakt:
2006-cı ildən bəri rayonda 30 yeni məktəb binası
tikilib istifadəyə verilmiş, 6 məktəb binası isə
əsaslı şəkildə təmir edilmişdir.
Ayrı-ayrı
sahələrdən gətirdiyimiz bu fakt və rəqəmlərdən
də aydın görünür ki, son illər Ağcabədidə
inkişaf və dinamika həyatın bütün sahələrini
əhatə etmiş, ardıcıl və sistemli xarakter
daşımışdır. Ən mühüm amil isə
ondan ibarətdir ki, Ağcabədinin respublikamızın
ümumi inkişaf və yüksəlişinə olan töhfəsi
ildən-ilə artır. Ağcabədililər öz şəhərlərini,
qəsəbə və kəndlərini daha abad və gözəl
görmək istəyirlər. Elə ona görə də
gündən-günə vüsət alan abadlıq və
quruculuq tədbirlərində fəal surətdə iştirak
edir, yeni-yeni maraqlı təşəbbüslər irəli
sürürlər.
Əlbəttə,
burada Ağcabədi Rayon İcra Hakimiyyətinin, onun yerli
strukturlarının iş üslub və metodları, təşkilat-idarəetmə
məsələləri haqqında ayrıca danışmaq
lazım gəlir. Bütün sahələri əhatə edən
tələbkarlıq və məsuliyyət hissi möhkəm
icra intizamı, insan amili, daha çox elmi münasibət, idarəetmə
məsələlərində yeni, maraqlı forma
axtarışları bu gün Ağcabədidə diqqəti cəlb
edən ən vacib amillər bax, bunlardır. Vətəndaşların
qəbulu, onların ərizə, şikayət və
müraciətlərinə baxılması sahəsində
toplanmış təcrübə xüsusilə maraq
doğurur.
Belə
ki, rayon icra hakimiyyəti başçısının
müvafiq sərəncamı ilə təsdiq edilmiş qəbul
qrafikinə uyğun olaraq, hər həftənin beşinci
günləri və ayda 4 dəfə olmaqla, yerlərdə qəbullar
keçirilir, vətəndaşların təklif, ərizə
və şikayətlərinə baxılması, onları
narahat edən problemlərin öyrənilməsi və həlli
istiqamətində operativ tədbirlər görülür. O
da maraqlıdır ki, qəbul günlərində
qaldırılan məsələlər əsasən yerlərdə
həll olunur. Cari ilin ötən dövründə rayon icra
hakimiyyətinin başçısı tərəfindən
6519 nəfər dinlənilmişdir. Onlardan 5865 nəfər
yerlərdə keçirilən səyyar qəbullarda, 654 nəfər
isə aparatda qəbul olunmuşdur. Səyyar qəbullarda
iştirak edənlərin sayı 2010-cu illə müqayisədə
3214 nəfər çox olmuşdur.
Biz
bu yazı üzərində işləyərkən Ağcabədi
Rayon İcra Hakimiyyətində, onun yerli strukturlarında,
müxtəlif idarə, müəssisə və təşkilatlarda
olduq, ziyalılarla, ağsaqqallarla, gənclərlə
görüşdük. Gördüklərimizə, şahidi
olduqlarımıza, müşahidə etdiklərimizə əsaslanıb
qətiyyətlə deyə bilərik ki, bu gün Ağcabədidə
sağlam mənəvi-psixoloji mühit, yaradıcı, təşəbbüskar
ab-hava var. Adamlar sabaha dərin inam və ümidlə
baxır, son illər həyatın bütün sahələrində
əldə edilmiş dinamik inkişaf, əsaslı yüksəliş
üçün ilk növbədə Prezident İlham Əliyevə
öz dərin minnətdarlıqlarını bildirirlər.
Ağcabədililər
xalqımızın böyük oğlu, ulu öndər Heydər
Əliyevin ölməz və həmişəyaşar
ideyalarına, ölkə rəhbəri İlham Əliyevin qətiyyətli,
cəsarətli daxili və xarici siyasət xəttinə hədsiz
sədaqətlərini konkret əməli işdə sübut
edirlər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.-9 oktyabr.- S. 4.