Milli tariximizin xalqın arzu etdiyi məcraya yönəldiyi gün

 

Əlimi Azərbaycan Respublikasının Konstitusiyasına basaraq and içirəm ki, biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm.

 

Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də təntənəli andiçmə mərasimindəki nitqindən

 

Azərbaycan xalqının və dövlətimizin bəlalardan, məhrumiyyətlərdən qurtulmaq üçün göstərdiyi səylər, ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizin qorunması üçün axtardığımız çıxış yolları barədə çox yazmışıq, çox danışmışıq. Ancaq yeni tariximizin 1988-93-cü illəri elə bir mürəkkəb və qarışıq dövr idi ki, həmin illərin hər bir hadisəsi barədə onlarla, yüzlərlə yazının qələmə alınması vacibdir. Çünki indi Ermənistan adlandırılan qədim türk-oğuz torpaqlarından o yerlərin əbədi sakinləri olan soydaşlarımızın qovulmasına başlanılmışdı.

 

Kremlin milli ayrı-seçkilik siyasətinə etiraz edən ziyalılarımız həbsə atılır, xalqın yüz illərdən bəri qəlbində yaşatdığı azadlıq arzusu hər addımda boğulur, milli dövlətçilik yolunda qurban getməyə hazır olan insanların üzərinə tanklar, toplar yeridilirdi. Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi məsələsinin tamamilə əsassız olduğunu sübut etmək istəyən adamların böyük əksəriyyəti vertolyot "qəzasında" aradan götürülür, Xankəndində və İrəvanda baş alıb gedən mitinqlərdəki istənilən həyasızlığa, hətta, ermənilərin kütləvi şəkildə silahlanmasına göz yumulur, Azərbaycanda isə ən ucqar kəndlərdə belə əhalidən ov tüfəngləri yığışdırılırdı. Bütün bunları görən istənilən azərbaycanlı əlini uca Tanrıya doğru uzadıb yalvarırdı: "Ya Allah, sən Heydər Əliyevi yenə də hakimiyyətə qaytar". Çünki hamı yaxşı bilirdi ki, ermənilər yuxarıda sadaladığımız bütün həyasızlıqlara ulu öndər Heydər Əliyevin Moskvada siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra başlamışdılar.

1988-1992-ci illərdə Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını sadəcə arzu edirdisə, 1993-cü ilin yayında - ölkədəki siyasi, iqtisadi və hərbi böhran son həddə çatanda bu məsələ artıq arzu müstəvisindən israrlı təklif və ciddi tələblər müstəvisinə keçdi. Xalq artıq ulu öndərə təkcə qruplarla deyil, ayrı-ayrı adamların fərdi məktubları ilə də kütləvi şəkildə müraciət etməyə başladı. 93-cü ilin yanvar-may aylarında xalqı bəlalardan, ölkəni məhrumiyyətlərdən qurtarmaq istəyən soydaşlarımız Naxçıvana üz tutur, ulu öndəri Bakıya dəvət edirdilər. Həmin ilin iyun ayında isə artıq ölkəyə rəhbərlik edənlər də Heydər Əliyevin Bakıya gəlməsi zərurətini dərk etdilər. Gördülər ki, "biz sərhədləri bağlayıb Azərbaycanı idarə edəcəyik" - deməklə nə sərhədlər bağlanır, nə də ölkə idarə olunur. Hiss etdilər ki, "türkün türkdən başqa dostu yoxdur" - deyə dünyanın əksər ölkələrini düşmən elan etməklə müstəqil dövlətimizi təhlükə altında qoyurlar. Etiraf etməli oldular ki, "ayrı-ayrı adamların tabeçiliyində olan silahlı birləşmələr ermənilərə gözlənilməz zərbələr endirəcək" - tezisi tamamilə əsassız və hətta yolverilməz bir səhv idi. Heydər Əliyevin siyasi müdrikliyi AXC-Müsavat iqtidarına bütün bu problemlərin aradan qaldırılması üçün lazım idi. Necə ki, siyasət dahisinin möhtəşəm qayıdışı həmin problemlərin hamısını aradan qaldırdı.

Ulu öndərin Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın işıqlı sabahını arzulayan hər kəsin sevincinə, məmnunluğuna səbəb olmuşdu. Ermənistanda isə bu qayıdış çox böyük təşvişlə, narahatlıqla qarşılanırdı. Erməni siyasətçiləri Azərbaycan xalqının Heydər Əliyev müdrikliyinə olan inamını itirmək, heç olmazsa azaltmaq üçün dəridən-qabıqdan çıxırdılar. Onlar öz himayədarlarının dəstəyi ilə ərazilərimizin işğalını genişləndirməyə çalışırdılar ki, sadəlövh azərbaycanlılarda "Heydər Əliyev də bizi xilas edə bilmədi" - kimi yanlış fikirlər yaransın. Ancaq onların özləri yanılırdılar. Çünki Heydər Əliyevi Tanrı bu xalqa məhz xilaskar kimi göndərmişdi. Çox təəssüf ki, ermənilərin həmin istəyinin reallaşdırılmasına xarici ölkələrdəki bədxahlarımızla yanaşı ölkə daxilindəki qaragüruhçular da kömək edirdilər. Ancaq kimin kömək etməsindən asılı olmayaraq haqqın, ədalətin qarşısını hansı qüvvəninsə alması heç zaman mümkün olmayıb.

Ulu öndər Naxçıvandan Bakıya gəldi, hər an partlaması gözlənilən barıt çəlləyinə dönmüş paytaxta qismən sabitlik gətirildi, tarıma çəkilmiş əsəblərin üzərinə su çiləndi və xalq öz liderini dövlət başçısı seçdi. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri ölkənin müstəqillik dövründə keçirilmiş ən ədalətli və ən uğurlu seçki kimi tarixə düşdü. Bir həftədən sonra - oktyabrın 10-da dövlət başçısı kimi ilk dəfə and içən ulu öndər ölkəyə rəhbərlik edəcəyi dövrdə hansı məsələləri həll edəcək, hansı problemlərin aradan qaldırılmasına çalışacaqdı? Bunu bilmək istəyən milyonlarla soydaşımız oktyabrın 10-da televiziya ekranının önündən çəkilə bilmirdi. Ulu öndər həmişəki kimi məntiqli, mündəricəli və qətiyyətli nitqindən sonra xalq qarşısında and içərək dedi:

- "And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam".

Siyasət dahisinin həmin andının hansı səviyyədə reallaşacağını biz çox yaxşı bilirdik. Çünki onun ölkəyə əvvəlki rəhbərliyi heç kəsin yadından çıxmamışdı. Ancaq beynəlxalq aləmdəki dostlarımız və bədxahlarımız uzun illər SSRİ rəhbərliyində çalışmış bir insanın müstəqil dövlətdə demokratik ab-havalı siyasi kurs götürəcəyinə bir qədər şübhə ilə yanaşırdılar. Ulu öndər həmin adamların tərəddüdlərinin uzunömürlü olmasına imkan vermədi. Azərbaycanda müasir dünya təcrübəsinin ən ali nümunələri əsasında sivil, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu kursu götürüldübu kurs çox böyük qətiyyət və prinsipiallıqla icra olundu.

Qısa müddətdə ölkədə daxili ictimai-siyasi sabitlik yarandı, cəbhədə atəşkəs əldə olundu, xalqın dövlətə inamı bərpa edildi, aclıq, yoxsulluq və məhrumiyyət kimi fəsadların aradan qaldırılması üçün addımlar atıldı və nəhayət, hərtərəfli islahatlara start verildi. Ulu öndərin işləyib hazırladığı yeni neft strategiyası Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, start verilmiş köklü islahatların həyata keçirilməsini də sürətləndirirdi. Nəticədə ümummilli liderin andiçmə mərasimində qeyd etdiyi kimi respublikamız sivilizasiyalı dünya dövlətləri arasında özünün ləyaqətli yerini tutdu.

Gənc müstəqil Azərbaycan dövlətinin Heydər Əliyev siyasi kursu ilə başladığı möhtəşəm inkişaf tendensiyası 2003-cü ilin oktyabrından sonra Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan təkcə demokratik dəyərlərin yüksək səviyyədə tətbiq edilməsi baxımından deyil, eləcə də sosial-iqtisadi inkişaf, ordu quruculuğu, elmi-texniki tərəqqi, milli-mnəvi dəyərlərin təbliği baxımından dünyanın aparıcı ölkələri sırasındadır. Regionda heç bir iqtisadi layihə Azərbaycanın iştirakı olmadan reallaşdırılmır. Rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rollardan birini oynayır. Dünya miqyasında sözükeçən dövlətə çevrilmiş Azərbaycan Respublikasının bütün uğurlarının təməlində isə məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və həmin qayıdışdan sonra götürülən siyasi kurs dayanır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 9 oktyabr.- S. 3.