"Bakıtur" turizm şirkəti fəaliyyətini genişləndirir

 

Ötən il "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi, eyni zamanda, 2011-ci ilin "Turizm ili" elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq edilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin göstəricisidir. Bu gün turizm sahəsində özəl şirkətlər də geniş fəaliyyət göstərirlər. Onlardan biri də "Bakıtur" turizm şirkətidir. Bu sahədə əldə olunan nailiyyətlər və şirkətin fəaliyyəti ilə bağlı suallarımızı şirkətin və Yalama-Xəzər turist bazasının direktoru Fayis Məmmədov cavablandırır.

 

- Fayis müəllim, Azərbaycanda turizmin inkişafı ilə bağlı dövlət tərəfindən çox mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər Azərbaycanın gələcəkdə inkişaf etmiş turizm ölkəsinə çevrilməsinə imkan yaradacaqmı?

- Əlbəttə, yaxın gələcəkdə ölkəmizdə turizmin çox güclü inkişaf edəcəyi şübhəsizdir. Ölkəmizin təbii şəraiti, maddi və mədəniyyət abidələri, milli-mənəvi dəyərlərimiz turistlərin Azərbaycana cəlb olunmasında olduqca əhəmiyyətli amildir. Son illər Prezident İlham Əliyevin turizmin inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin inkişafına güclü təsir göstərmişdir. Təsadüfi deyil ki, 2011-ci ili cənab Prezident "Turizm ili" elan etmişdirbu sahədə Dövlət Proqramı qəbul olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi davamlı tədbirlər nəticəsində ölkəmizə turistlərin gəlişi ilbəil artmaqdadır. Turistlərin yerləşdirilməsi üçün yeni-yeni mehmanxanalar inşa edilir, yeni turist marşrutları yaradılır və s. Bütün bunlar yaxın gələcəkdə Azərbaycanın inkişaf etmiş turizm ölkəsinə çevrilməsi məqsədi daşıyır.

- Siz "Bakıtur" özəl turizm şirkətinə rəhbərlik edirsiniz. Şirkətiniz bu sahənin inkişafına hansı töhfələri verir?

- Bizim şirkət 1992-ci ildən fəaliyyət göstərir. Ötən illər ərzində böyük təcrübə toplaya bilmişik. Fərəh hissi ilə deyə bilərəm ki, ölkəmizdə turizmin inkişafı özəl sahənin də inkişafına öz təsirini göstərib. Sahibkarlığa getdikcə dövlət qayğısının artması da bu işdə əhəmiyyətli rol oynayır. "Bakıtur" yarandığı vaxtdan həm daxili turizmin inkişafına, həm də xarici turistlərin ölkəyə cəlb olunmasına böyük diqqət yetirir.

Qeyd edim ki, apardığımız məqsədyönlü təbliğat işləri xarici turistlərin ölkəmizə gəlişinə öz müsbət təsirini göstərib. Son illərdə bu sahədə 20-30 faizə yaxın artım vardır.

Xarici turistlər Azərbaycana xüsusi turist marşrutları ilə gəlirlər. Onlardan "Böyük ipək yolu", "Aleksandr Düma Qafqazda", "Xalçaçılıq", "Şərab yolları" və s. misal göstərmək olar.

Ölkədaxili marşrutlar da müəyyənləşib. Həm şimal, həm də şimal-qərb və cənub bölgələri üzrə müəyyənləşmiş marşrutlar üzrə turistlərin hərəkəti təmin olunur.

Deyim ki, bizim Xəzərsahili çimərliklərimiz olsa da, xarici turistləri hələlik çimərlik turizminə dəvət edə bilmirik. Çünki biz, tutaq ki, Antalyada olan çimərliklərdəki kimi lazımi şərait yarada bilməmişik. Gələcəkdə yəqin ki, çimərlik turizminə də yer ayıracağıq.

- Öz xidmətlərinizi xarici ölkələrə necə təqdim edirsiniz?

- Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi bizə yaxından köməklik göstərir. Dünyanın inkişaf etmiş dövlətlərinin böyük şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycan üçün xüsusi stendlər ayrılması artıq ənənə şəklini almışdır. Biz də həmin sərgilərə dəvət olunuröz xidmətlərimizi təklif edirik. Orada çap etdiyimiz müxtəlif disklər, kataloqlar, bukletlər, bülletenlər və s. vasitəsilə Azərbaycanımız, onun milli-mənəvi dəyərləri, təbiət və tarixi abidələrimiz barədə məlumat veririk. Məsələn, bu il sentyabrın 21-dən 23-dək Parisdə keçirilən sərgidə biziştirak etdikorada öz təkliflərimizi bildirdik. Paris sərgisində dünyanın 120 ölkəsi ilə işləyən "Fokstranfer" nəqliyyat şirkəti ilə müqavilə imzaladıq. Bu şirkət öz nəqliyyat vasitələri ilə turistlərin marşrut üzrə hərəkətlərini təmin edir. Biz istəyirik ki, "Eurovision" xətti ilə Bakıya qonaq gələn turistlərin hərəkətini həmin şirkətin nəqliyyat vasitələri ilə həyata keçirək.

Əlbəttə, planlarımız çoxdur. Bu ilin noyabr ayında Londonda, gələn ilin fevral ayında İtaliyada, mart ayında isə Berlində və Moskvada keçiriləcək sərgilərdə iştirak edəcəyik.

- Fəaliyyətinizin bir sahəsi də Yalama-Xəzər turizm bazası ilə bağlıdır. Burada vəziyyət necədir?

- 3 ilə yaxındır ki, Xəzər turizm bazasına rəhbərlik edirəm. Respublika Həmkarlar İttifaqları Konfederasiyası nəzdində fəaliyyət göstərən Nabrandakı "Xəzər" turist bazası SSRİ dövründən qalmadır və burada vəziyyət heç də yaxşı deyildi. Biz ilk növbədə bu turizm obyektini təmir edib, burada səliqə-sahman yaratmaq qərarına gəldik. Konfederasiya iki il ardıcıl olaraq təmir üçün vəsait ayırdı və üstəlik turbazanın gəlirini də bu işə sərf etdik. Beləliklə, az müddət ərzində turbaza normal vəziyyətə gətirildi.

Buradakı kotteclərdə on-on bir nömrə bir yerdə yerləşirdi. Onları ayrı-ayrı nömrələrə ayırdıq. Kommunal şəraiti yaxşılaşdırdıq. 4 mərtəbəli korpusda təmir işlərinə başladıq. 3 mərtəbənin foyesini təmir etdik, 4-cü mərtəbəni isə konfort vəziyyətə gətirə bildik. Artıq bu mərtəbədə 4 ulduz hotel səviyyəsi təmin olunmuşdur. Digər mərtəbələr də 4 ulduz səviyyəsində yaxın vaxtlarda təmir olunacaq. Təmir etdiyimiz bütün kotteclərdə müasir avadanlıqlar quraşdırırıq.

Bir məsələ hələ ki, problem olaraq qalmaqdadır. Belə ki, bu ərazidə neçə illərdir ki, məcburi köçkünlər məskunlaşmışlar. Onlar burada mal-qara, toyuq-cücə saxlayır ərazidə abadlıq işlərinin görülməsinə çətinlik yaradırlar. Biz bu barədə müxtəlif instansiyalara məktublar göndərmiş, vəziyyətlə bağlı məlumat vermişik. Amma hələlik, elə bir real cavab yoxdur. Yəqin ki, onlar üçün dövlətimiz tərəfindən yeni yaşayış binaları tikiləcək məcburi köçkünlər oraya köçürüləcək. Bundan sonra burada müasir səviyyəli abadlıq işləri aparmaq, turistlərin qəbulunu çoxaltmaq olar.

Qeyd edim ki, artıq "Xəzər"də aparılmış təmir işləri turistlərin çoxalmasına öz təsirini göstərmişdir. Biz onların mədəni istirahətini təmin etmək məqsədilə mədəni-kütləvi tədbirlər keçirir, turistlərin yaxın rayonların maddi mədəni abidələri ilə tanış olmaları üçün gəzintilər keçiririk.

- Bütün bu işlər turistlərin sayının ilbəil artmasına təsir edir.

Biz çalışırıq ki, Azərbaycanda turizm sahəsinin inkişafına öz töhfəmizi verək, daxili turizm imkanlarımızı dünya bazarına çıxaraq. Bu gün turizm sahəsində çalışan bütün özəl şirkətlər cənab Prezident İlham Əliyevin turizmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün öz qüvvələrini səfərbər etmişlər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 11 oktyabr.- S. 8.