Televiziyanın yeni tamaşası

 

Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti böyük dramaturq və mütəfəkkir Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə yubilyarın "Mürafiə vəkillərinin hekayəti" pyesi əsasında film-tamaşa hazırlamışdır. Respublikanın tanınmış sənət adamlarının, yaradıcı heyətin və jurnalistlərin iştirakı ilə yeni əsərə ictimai baxış oldu.

 

Meydan tamaşası janrında yaradılmış səhnə-ekran əsərinin ssenari müəllifi İlham Rəhimli və quruluşçu rejissoru Ramiz Həsənoğlu milli dramaturgiyamızın banisinin həmişəyaşar irsindən seçib işlədikləri pyesin mövzu və ideyasının müasirliyini vurğuladılar, 4 ay davam edən yaradıcı prosesi hərtərəfli himayə etdiyinə görə Teleradio Verilişləri QSC-nin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonra ikihissəli film-tamaşa sənət bilicilərinə və ictimaiyyət nümayəndələrinə təqdim olundu. Zaman-zaman haqsızlığa, sosial ədalətsizliyə rəvac verən mənəviyyatsız insanların bəd əməllərini hədəfə almış Mirzə Fətəli pyesinin çağdaş yozumu ilk tamaşaçılarda böyük maraq və rəğbət doğurdu.

Film-tamaşanın nümayişindən sonra müzakirə aparıldı. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar televiziya tamaşaları və film-tamaşalar hazırlamaq ənənəsinə milli klassikaya müraciət etməklə sadiq qalan Milli Televiziyanın təqdim etdiyi "Mürafiə vəkillərinin hekayəti"ni yüksək səviyyəli yaradıcılıq işi kimi səciyyələndirdi. O, səhnə əsərlərini kütləvi auditoriyaya çatdırmaqda misilsiz rolu olan televiziyanın ötən onilliklərdəki dəyərli fəaliyyətini xatırlatdı və "AzTV"-yə bu sahədə yeni uğurlar dilədi.

Uzun illər Dövlət Televiziyasında ədəbi-bədii verilişlər, tamaşalar hazırlanmasına rəhbərlik etmiş teleradio veteranı, yazıçı-publisist Nahid Hacıyev vaxtilə çalışdığı kollektivin milli-mənəvi dəyərlərimizi bu gün də himayə etməsindən razılığını bildirdi, yaradıcı heyətin klassik əsərə yeni həyat bəxş etməsini vurğuladı.

"Azərbaycan" qəzetinin şöbə müdiri Flora Xəlilzadə, "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı təəssürat və qeydlərini söylədilər, uğurlu ssenarist, rejissor, operator, bəstəkar, rəssam, aktyor işinin qovuşaraq orijinal, baxımlı, düşündürücü, təsiredici bir ekran əsəri hasilə gətirdiyini söylədilər.

Sonda Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanov müzakirələrə yekun vurdu, filmi ərsəyə gətirənləri təbrik etdi. O bildirdi ki, ilk tamaşaçıların belə yüksək qiymətləndirdiyi "Mürafiə vəkillərinin hekayəti" film-tamaşasının hazırlanması ideyası Prezident İlham Əliyevin böyük ədib və unudulmaz soydaşımız Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi barədə sərəncamından qaynaqlanmışdır. Həmin sənədlə bağlı teleradionun ikiillik yaradıcılıq planı tərtib olunmuşdur. Mirzə Fətəlinin hakim imperiya dairələrinin milli-mənəvi varlığımızı unutdurmaq siyasətinə qarşı yönəlmiş səylərinin və bu məramı ictimai-estetik fəaliyyət meydanında gerçəkləşdirən yaradıcılığının dövlət müstəqilliyimiz prizmasından yenidən dəyərləndirilməsini və xalqa çatdırılmasını nəzərdə tutan silsilə verilişlər üzərində ciddi gedir.

Sədr əlavə etdi ki, 70 ilə yaxın müddətdə ilk və tək radiomuzun, yarım əsrlik dövrdə yeganə televiziyamızın varisi olan Teleradio Verilişləri QSC bundan sonra da milli-mənəvi irsimizin, azərbaycançılıq dəyərlərinin keşiyində dayanacaq, xalqla dövlət, dünənlə sabah arasında canlı körpü rolunu davam etdirəcək. Milli kimliyimiz, öyünclü tariximiz, çağdaş hədəflərimiz, uğur və bəlalarımız, sevinc və kədərimiz dövlət teleradiosunda yüksək peşəkarlıqla əks olunacaq.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 12 oktyabr.- S. 8.