Müstəqilliyin
bərpasının 20 illiyi Xətai rayonunda da qeyd
olundu
Dünən
Xətai Rayon İcra Hakimiyyətinin konfrans salonunda Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin 20 illiyinə
həsr olunmuş təntənəli mərasim
keçirilmişdir. Mərasimi Xətai Rayon İcra Hakimiyyətinin
başçısı Razim Məmmədov açaraq
bildirmişdir ki, xalqımızın XX əsrdə ikinci dəfə
öz dövlət müstəqilliyinə qovuşması
çox böyük tarixi nailiyyətdir. Lakin unutmaq olmaz ki,
keçmiş Sovetlər İttifaqının digər
respublikalarından fərqli olaraq Azərbaycan bu müstəqilliyin
əldə olunuması üçün çox böyük
mücadilələrdən keçmişdir.
R.Məmmədov
20 illik tarixə ekskurs edərək bildirdi ki, müstəqilliyini
elan etdikdən az bir müddət sonra Azərbaycanda
sözün əsl mənasında böyük bir xaos
yaşandı. Həm bu müstəqilliyimizlə
barışmaq istəməyən xarici qüvvələr, həm
erməni təcavüzü, həm də daxildə hakimiyyət
nümayəndələrinin səbatsızlığı və
təcrübəsizliyi müstəqilliyimiz üçün
son dərəcə böyük təhlükələr
yaratdı. Artıq qısa zaman içində ölkədə
gedən hakimiyyət dəyişiklikləri də dərin
siyasi böhranı, anarxiya və xaosu aradan qaldırmadı. Əksinə,
AXC hakimiyyəti ölkəni vətəndaş müharibəsinə
və fəlakətə sürükləməyə
başladı.
Natiq bütün bu ağır məqamlarda xalqın köməyinə məhz ümummilli lider Heydər Əliyevin gəldiyini, müstəqilliyimizin xilası üçün son dərəcə böyük tədbirlər həyata keçirdiyini qeyd edərək, bildirdi ki, bundan sonra Azərbaycanda müstəqil dövlətçiliyin ilk təməl daşları hörülməyə başlandı. Xalqın birliyinə və mütəşəkkilliyinə nail olan ulu öndər qısa zamanda iqtisadiyyatın bərpasına, xarici münasibətlərin tənzimlənməsinə, ordu quruculuğuna başladı. Onun iti zəkasının və zəngin dövlətçilik təcrübəsinin məhsulu olan neft strategiyasına 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" ilə start verildi.
R.Məmmədov ümummilli liderin misilsiz xidmətlərindən, Azərbaycan müstəqilliyinə verdiyi əvəzsiz tövhələrdən, sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirdiyi cəsarətli islahatlardan da ətraflı danışdı və qeyd etdi ki, onun irsi xalqımızın çox qiymətli sərvətidir. Bu irsin dəyəri bir də ondan ibarətdir ki, Azərbaycan bu gün də ulu öndərin müəyyənləşdirdiyi müstəqil inkişaf yolu ilə gedir və artıq 8 ildir ölkəmizi bu yolla ümummilli liderin varisi Prezident İlham Əliyev uğurla tərəqqiyə və yüksəlişə doğru aparır.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov məruzə ilə çıxış etdi və 20 illik müstəqillik dönəmində Azərbaycanın qazandığı uğurlardan geniş məlumat verdi. Təntənəli mərasimdə Milli Məclisin deputatları Gülər Əhmədova, Hüseynbala Mirələmov, "İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və digər iştirakçılar da çıxış edib bu qısa, lakin zəngin və şərəfli tarixin müxtəlif məqamlarına işıq saldılar.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2011.- 12 oktyabr.- S. 8.