Lənkəran yeni inkişaf mərhələsini yaşayır

 

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 20 il ötür. Bu dövr ərzində bütün bölgələrimiz kimi, yeni növrağını yaşayan qədim Lənkəran da sürətlə inkişaf etmiş, böyüyüb gözəlləşmişdir. Abadlıq işlərinin vüsət aldığı, müasir şəhər infrastrukturunun formalaşdığı Lənkəranda regional inkişafın nümunəvi modelinin yaranması fərəh doğurur. Bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının müsbət nəticələrinə cənub diyarının hər sahəsində rast gəlmək olar.

 

Bu gözəl diyarın sosial-iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycana rəhbər təyin edildiyi 1969-cu ildən başlayaraq xalqımızın dünya şöhrətli oğlu Lənkəranın tərəqqisinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider altı dəfə - 1973, 1974, 1976, 1979, 1982 və 1998-ci illərdə Lənkəranda olmuş, rayonun ictimai-siyasi həyatı ilə yaxından maraqlanmış, əhalinin problemlərini öyrənmiş, zavod və fabriklərdə, tarlalarda zəhmət adamları ilə görüşmüş, toplantı və müşavirələr keçirmiş, tövsiyə və tapşırıqlarını vermişdir. Bu görüşlərin hər biri Lənkəranın sosial-iqtisadi həyatında yaddaqalan hadisələrlə zəngin olmuş, rayonun iqtisadi dirçəlişinə güclü təkan vermişdir.

1970-1980-ci illər arasında Lənkəran rayonunda Dəmir-beton məmulatları zavodu, Asfalt zavodu, Bakı Kondisionerlər zavodunun filialı, Cihazqayırma zavodu, Kondensator zavodu, çayın ilkin emalı fabrikləri, Çay çəkici-bükücü fabriki, Tikiş fabriki, İstehsal kombinatı, Sərnişin Avtonəqliyyat Birliyi üçün inzibati binayeni qaraj, şəhərlərarası "Ləvəngi" avtovağzalı, Hava limanı, Tərəvəz kombinatı, Meyvə-tərəvəz konserv zavodu tikilmiş, köhnə istehsal müəssisələri yenidən qurularaq genişləndirilmişdir. Həmin illərdə rayonda 360 nəfərlik yeri olan teatr binası, 600 yerlik yaraşıqlı mədəniyyət sarayı, Ziyalılar evi, Səadət sarayı, Çay evi xidmət kompleksi, Mərkəzi univermaq, 100 min kvadratmetrədək yaşayış massivi, iki mikrorayon, altı məktəb, sanatoriya və xəstəxana, onlarla klub, mədəniyyət evisair tikilib istifadəyə verilmişdir. Ulu öndərin misilsiz səyləri ilə 52 milyon kubmetr su tutumu olan Xanbulançay dəryaçası, Bəlləbur suayrıcı bəndi tikilmişrayonda suvarma işi birdəfəlik qaydaya salınmışdır. Dəryaçanın inşasında iştirak edən fəhlələr üçün iki qəsəbə - Azfilial və İnşaatçılar qəsəbələri salınmışdır.

Ulu öndər 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra da bir əli elə hey Lənkəranın üstündə olmuşdur. Həmin il ölkəmizin ictimai-siyasi təbəddülatlar keçirdiyi, cəbhə xəttində Qarabağ uğrunda gərgin döyüşlər getdiyi bir vaxtda Lənkəranda qondarma Talış-Muğan Respublikası yaratmaq kimi gülünc xülyaya düşən Əlikram Hümbətov kimilərinin separatçılıq meyllərini zərərsizləşdirmək, iflic vəziyyətə düşən dövlət orqanlarının fəaliyyətini qaydaya salmaq missiyasını da ulu öndər layiqincə həyata keçirmişdir.

Məhz Heydər Əliyevin müdrik, təmkinli davranışı və yorulmaz səyləri nəticəsində cənub bölgəsində hökm sürən anarxiyaya, xaosa az vaxtda son qoyulmuşdur. Yalnız bundan sonra Lənkəranda dövlət hakimiyyəti möhkəmlənmiş, ictimai-siyasi həyat öz axarına düşmüşdür.

Hazırkı Lənkəran mədəniyyət abidələri, dövlət universiteti, kollecləri, dövlət dram teatrı, Avropa yarışlarında çıxış edən futbol klubu, regional televiziyası, bölgələr arasında ilk Müalicə-Diaqnostika Mərkəzi, xarici avtomobillərin satış-salonları olan böyük, gözəl bir şəhərdir. Bu aqrar-sənaye rayonu tərəvəz və çay istehsalına görə ölkədə birinci yerə sahibdir. Rayonda balıqçılıq, meyvəçilik və sitrus bağçılığı inkişaf edib. Neçə-neçə istehsalemal müəssisəsi, mebel fabrikləri, mədəniyyət sahələri üzrə yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Nazirlik və komitələrin ərazi idarələri, "ulduz"lu otellər, turizm-istirahət strukturları Lənkəran ünvanı ilə tanınırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkərana səfərlərində burada görülən işləri bəyəndiyini dəfələrlə qeyd edib: "Lənkəranda mən dəfələrlə olmuşam. Bölgəyə bu səfərimdən də çox məmnunam. Şadam ki, Lənkəranda yenə də böyük inkişaf və dəyişiklik görürəm. Xüsusən, rayonun abadlaşdırılması sahəsində aparılan işlər razılıq doğurur... Bütün bu işlər Lənkəranın keçmiş şöhrətini özünə qaytarır".

...Üç il öncə, bir payız günü Lənkəranda beynəlxalq hava limanının açılış mərasimi reallaşdırıldı. Bölgə üçün möhtəşəm obyektə dövlət büdcəsindən 51 milyon manat vəsait xərclənmişdi. Prezident İlham Əliyevin rəmzi lentini kəsdiyi aeroport iri yük və sərnişin təyyarələrini qəbul etmək imkanına malikdir. Hava limanı cənub bölgəsinin iqtisadi inkişafında bundan sonra daha böyük rol oynayacaq. Lənkəranlılar bu gözəl töhfəyə görə dövlət başçısına hədsiz minnətdarlıqlarını bildirdilər. Axı, köhnə aeroport neçə il idi ki, istifadəsiz qalmışdı. İndi isı dünyaya birbaşa çıxış yenidən təmin edilmişdi.

Regional inkişaf üzrə birinci Dövlət Proqramı Lənkəranın həyatında silinməz izlər qoyub. Dünyanın hər hansı bir əyalət şəhəri bunları yalnız arzulaya bilər. Təkcə səhiyyə sahəsini götürsək, öyünməli faktlar yetərincədir. Bu sistem tamamilə yenidən qurulub. Regional Müalicə-Diaqnostika Mərkəzi, Əlillərin Regional Bərpa Mərkəzi, Uşaq Sağlamlıq Mərkəzi, Perinatal Mərkəz, həmçinin onlarla kənd feldşer-mama məntəqəsi və ambulatoriya tikilib. Dağ kəndlərinin əhalisinə xidmət göstərməkdən ötrü təcili tibbi yardım maşınları ayrılıb.

Tikiş fabriki, emal sexləri, müxtəlif istehsal və xidmət müəssisələri, çörək zavodu, beynəlxalq standartlar səviyyəsində stadion, imtiyazlı ailələr üçün 16, 24, və 40 mənzilli yaşayış evləri, çoxsaylı parklar və istirahət guşələri məhz birinci Dövlət Proqramının icrası nəticəsində təvəllüd tapıb. Heydər Əliyev Xatirə Parkı, Həzi Aslanov parkı, "Dostluq" parkı, Dənizkənarı park, Xalq sənətkarlığı şəhərciyi, turizm mərkəzləri sanki Lənkəranın işıqlı çöhrəsi, gülən gözləridir.

Lənkəranın tikinti kompleksinin dinamik inkişafı iqtisadiyyatın və sosial həyatın bütün sahələrini əhatə edir. Məhz bu imkanlar hesabına rayonda yeni təhsil ocaqları, rabitə müəssisələri, sağlamlıq qurumları yaradılıb. "Qafqaz-Sahil" oteli, "Cənub-TV"nin yeni binası, yeniləşmiş dəmiryol vağzalı, Xatirə abidə-kompleksi, müasir ticarət mərkəzləri, asfalt örtüklə təzələnmiş yollar, qiymətli qara mərmərlə yenidən işlənmiş "Şəhidlər Xiyabanı", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları generalı Həzi Aslanovun yenidən qurulan ev-muzeyi, tikilməkdə olan "göydələn" binalar kompleksi, Turizm İnformasiya Mərkəzi, müasir texnologiyada "Pal-süd" markası ilə onlarla çeşiddə məhsulun istehsal və ixracı, sahibkarlığın inkişafı birinciikinci dövlət proqramlarının uğurlu icrasının nəticələridir.

Rayonun sahibkarları onlar üçün yaradılan münbit şəraitdən bacarıqla istifadə edirlər. Belə ki, sənaye sahələrinin 65,5 faizi, aqrar bölmənin 99,9 faizipullu xidmətlərin 83,3 faizi özəl bölmənin payına düşür. Bu ilin əvvəlindən bankkredit təşkilatları sahibkarlara və ümumən vətəndaşlara 20 milyon manatlığadək kredit veriblər.

Bu gün 211 mindən artıq əhalisi olan Lənkəranda müasir infrastruktur formalaşır. Kənd yollarının əsaslı təmirinə diqqət qat-qat artırılıb. Təbiət qorunur, mədəniyyət inkişaf etdirilir, həyat səviyyəsi yüksəlir, adamlar belə bir diyarda yaşamaqdan zövq alır, doğma yurdun tərəqqisindən qürur duyurlar.

Ötən il iyunun 25-də cənub bölgəsinə səfər edən Prezident İlham Əliyev Lənkəranda müəssisələrin sosial obyektlərin açılışında iştirak etmiş, ictimaiyyət nümayəndələri ilə görüşüb söhbət etmişdir. Dövlət başçısının görülən işləri bəyənməsi, yeni obyektlərə xeyir-dua verməsi həmin unudulmaz anların hər bir iştirakçısını sevindirmişdir. Saatda 30 ton məhsul qəbul edə bilən yeni konserv zavodunda ən müasir xarici avadanlıq quraşdırılıb. Soyuducu anbarın tutumu 2 min tondur. Müəssisə tam gücü ilə işləyəndə burada 350 nəfər çalışacaq. Prezident idarəetmə pultunun düyməsini basmış, dünyanı cənginə alan iqtisadi böhran dövründə Azərbaycanda daha bir iri, müasir sənaye sahəsini işə salmışdır. Bu, məhz dövlət müstəqilliyimizin nailiyyəti, iqtisadi potensialın durmadan artması nümunəsidir.

İctimaiyyət nümayəndələri ilə görüş zamanı qazanılan uğurları diqqətə çatdıran dövlət başçısı Lənkəranın da ilbəil tərəqqi etdiyini vurğulamış, burada bütün sahələrdə irəliləyiş olduğunu qeyd etmişdir. Həmin gün Lənkəranda çay fabrikinin, "Palmali Holdinq" şirkətlər qrupunun dondurma fabrikinin Cənub Regional Boks Təlim Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edən Azərbaycan rəhbəri tapşırıq tövsiyələrini vermişdir. Görüş zamanı Prezidentdən eşitdikləri təqdir dolu sözləri lənkəranlılar işlərinə verilən ən yüksək qiymət kimi dəyərləndirməkdə haqlıdırlar.

Lənkəran çay fabriki regional inkişaf proqramına əsasən bir ilə tikilib. Üç korpusdan ibarət istehsal sahəsində ilkin emal, çeşidləmə bükmə sexləri fəaliyət göstərir. Məhsulun keyfiyyətli rəqabətqabiliyyətli olmasından ötrü xaricdən ən yeni avadanlıq gətirilib. Fabrik saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücündədir. Bu, ildə 100 ton çayın emalı deməkdir.

Dondurma fabrikinin avadanlığı Danimarkadan gətirilib, qablar isə Türkiyə istehsalıdır. Burada keyfiyyətli süddən 28 çeşiddə dondurma istehsal olunur. Məhsulların Azərbaycan bazarı ilə bərabər, xarici ölkələrə göndərilməsi təşkil olunur. Fabrik ayda 500 min litr dondurma istehsal etmək gücünə malikdir.

Rayon sənayesində 1500 nəfər çalışır. "Nur-süd" MMC- "Pal-süd" markası ilə 10 növdə yüzlərlə kiloqram məhsul hazırlanır. Burada 160 nəfər işləyir orta aylıq əməkhaqqı 300 manatdan yuxarıdır. Qeyd edək ki, rayon üzrə bu rəqəm 206 manatdır. Hər yerdə olduğu kimi, Lənkəranda da İKT tətbiqi sürətlənib. 31230 nəfərdən çox sakin internet şəbəkəsinə, rayonun bütün məktəbləri isə internet-provayderə qoşulub. ATS-lərin böyük əksəriyyəti elektronlaşdırılıb. Ötən il Lənkəranda Dövlət Proqpamı üzrə xeyli tədbir həyata keçirilib. Qarabağ əlilləri şəhid ailələri üçün 36 mənzilli çoxmərtəbəli yaşayış binası inşa olunub. İdarələr üçün inzibati binalar tikilib. Daşdatük-Biləsər avtomobil yolunun 12 kilometrində, Osaküçə-Günəhir-Türkəncil yolunun 10 kilometrində Gəgiran-Tüədo yolunun 8 kilometrində təmir işləri aparılıb. Osaküçə-Bəliton yolunun böyük bir hissəsi əsaslı təmir olunaraq çınqılla örtülüb, Osaküçə-Günəhir yolunda uzunluğu 24 metr olan 2 ədəd metal konsturkiyalı körpü quraşdırılıb.Yeri gəlmişkən, yol təmiri işləri daimi olaraq davam etdirilir, sel sularının yararsız hala saldığı yollar, körpülər operativ şəkildə sahmana salınır, nəqliyyatın piyadaların maneəsiz hərəkəti qısa zamanda təmin edilir. Elə sentyabr ayında güclü yağışlar nəticəsində bəzi kənd yollarında yaranmış fövqəladə vəziyyətin dövlət orqanlarının rayon rəhbərliyinin çevik müdaxiləsi nəticəsində aradan qaldırılması sakinlərin razılığına səbəb olub. Rayonun içməli su kanalizasiya sistemlərinin yenidən çəkilməsi məsələsi həllini tapır.

Əkinçilik və heyvandarlıqda da irəliləyiş var. Bildiyimiz kimi, çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Çaybecərənlərə uzunmüddətli kreditlərin verilməsi nəticəsində sahə daha da genişlənəcək. Regional inkişaf Dövlət Proqramına uyğun olaraq Lənkəran rayonu üzrə Ərazi Məşğulluq Proqramı həyata keçirilir. Son yeddi ildə rayonda 26 min yeni yeri açılıb. Bu il daha minə qədər sakin işlə təmin edilib. Vaxtaşırı əmək yarmarkaları təşkil olunur. Fərdi evlərin tikintisi sahəsində xüsusilə böyük artım hiss edilməkdədir. Məsələn, cari ilin ilk yarısında Lənkəranda fərdi mənzillərin inşası əvvəlki ilin müvafiq dövründəkindən 6 faiz çox olub. Türkəkəran kəndində dövlət hesabına Qarabağ əlili üçün ayrıca ev tikilib. Bundan başqa, vətəndaşların müraciətlərinə əsasən şəhər icra hakimiyyəti tərəfindən daxili imkanlar hesabına əhaliyə 26 min manat dəyərində tikinti materialı, 78 min manatlıq ərzaq və maddi yardımlar verilib. Bu il daha iki BVM əlili fərdi minik avtomobili ilə təmin olunub.

Turizmin inkişafı ilə əlaqədar bu il 16 yerlik "Xan-Lənkəran" otel binası və Sütəmurdov kəndində "Palmalife" Turizm İstirahət Kompleksi inşa olunub. Hazırda "Lənkəran" sanatoriyasının, Bakı-Astara magistral yolunun Lənkərandan keçən hissəsinin, digər yolların yenidən qurulması, qazlaşdırmanın sürətləndirilməsi, yeni sosial obyektlərin tikilməsi kimi məsələlər gündəmdədir.

...Yazının əvvəlində Lənkəran adının ehtimal olunan bəzi mənalarından söz açmışdıq. Əlavə edək ki, bir başqa mənasına görə, bu ad "ləngiyən yer" anlamına da gəlir ki, subtropik zona sayılan məkanda yağışların çox olması üzündən yolçuların ləngiməsinə işarə vurulur. İndi Lənkəranda yağışların çoxluğu üzündən kimsə yolda qalmaz, amma gözəlliklərə vurğunluq səbəbilə ləngiməyinə dəyər. Lənkəran başdan-başa əlvan festival rənglərinə bürünüb. Burada insan əllərinin qüdrətilə daşlar da gül açır, həyat qaynayır. Dövlət müstəqilliyimizin bərpasından keçən 20 ildə yaranan imkanlar sayəsində qədim diyar yeni növrağını, büsatını yaşayır. Buna ürəkdən sevinən lənkəranlılar inanırlar ki, doğma yurdun sabahı daha gözəl olacaq. Qarşıda görünən üfüqlər daha aydındır.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 12 oktyabr.- S. 7.