Milli
qürurumuzun təntənəsi
Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası 21-ci əsrdə həyatın bütün sahələrində geniş inkişaf edərək, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır.
Heydər ƏLİYEV Ümummilli lider
DÖVLƏT
MÜSTƏQİLLİYİ-20
Dünyada insan üçün azadlıqdan,
dövlət üçün müstəqillikdən
böyük nemət yoxdur. Əgər azad insan müstəqil
dövlətdə yaşayırsa, bu, əvəzolunmaz
xoşbəxtlikdir.
Mərdliyi, döyüşkənliyi və cəsarəti ilə şöhrətlənmiş Azərbaycan xalqı köləlik zəncirindən qurtulmaq üçün bütün dövrlərdə əzmkar mübarizə aparmışdır. 1918-ci il mayın 28-də xalqımızın azadlıq və müstəqillik ideallarının təcəssümü kimi elan olunmuş "İstiqlal Bəyannaməsi" Şərqdə ilk dəfə olaraq respublika dövlət idarəçiliyinin əsasını qoymuş, dövlət müstəqilliyimizi rəsmiləşdirmişdir. Mövcud olduğu 23 ay ərzində respublikamızda müstəqillik, azad yaşamaq, beynəlxalq aləmdə tanınmaq istiqamətində müəyyən işlər görüldü.
XX əsrin sonlarında ictimai-siyasi sahədə gedən proseslər nəticəsində SSRİ-nin dağılması ilə yaranmış əlverişli şərait xalqımıza yenidən müstəqilliyə qovuşmaq, öz milli dövlətini qurmaq imkanını verdi. 1991-ci il oktyabrın 18-də "Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi ilə Azərbaycan öz müstəqilliyini elan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınlığın hökm sürməsinə səbəb oldu. Getdikcə anarxiya, başıpozuqluğa yuvarlanan Azərbaycan1993-cü il iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. İyunun 4-də Gəncədə başlayan qiyam ölkəni fəlakətə sürükləyirdi. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi və qətiyyətsizliyi üzündən qiyamçılar paytaxt Bakıya hərəkət edirdilər. Belə bir vəziyyətdə iqtidar çarəsiz qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq isə üzünü Heydər Əliyevə tutaraq onu köməyə çağırırdı. Ümummilli lider Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 9-da onun dalınca göndərilmiş xüsusi təyyarə ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin 15 iyun 1993-cü il tarixli iclasındakı proqram xarakterli çıxışında deyirdi: "Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün ictimai və siyasi təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən qurtarmalıyıq".
Beləliklə, Azərbaycan Respublikasında dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə respublika əhalisinin böyük əksəriyyətinin səs verməsi ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Vətənə, dövlətə, xalqa sədaqət andı içdi. Andiçmə mərasimindəki nitqində dahi rəhbərimiz deyirdi: "Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır". Milli qurtuluş yolunun bu əsas istiqaməti Heydər Əliyev qüdrətilə günbəgün, ilbəil möhkəmləndirildi, əbədi və dönməz xarakter aldı.
Təsadüfi deyil ki, ömürdən ötüb keçən hər bir gün tarixə çevrilir. Azərbaycan xalqı müstəqilliyinin iyirminci ildönümünü qeyd etməyə hazırlaşdığı bir vaxtda keçilən yola bir daha nəzər salmaq, tarixin dərslərindən nəticə çıxarmaq lazım gəlir. Keçmişi yada salmaq, tarixi keçmişimizdən ibrət dərsi götürmək bizə, hər şeydən əvvəl, gələcəyimizi düzgün müəyyənləşdirməyə imkan verir. Həqiqətən də, tarixin sınaqlardan çıxmış çoxəsrlik təcrübəsi birmənalı olaraq təsdiqləyir ki, müstəqilliyin qorunub saxlanması onun əldə olunmasından qat-qat çətindir. İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirən şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin taleyi baxımından müstəsna əhəmiyyət kəsb edən 1993-cü il 15 iyun hadisələrinin - Milli Qurtuluş Gününün mahiyyətinə vararkən qəti əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin köməyi ilə reallaşdırmaq olar, əks təqdirdə, fürsət itiriləcək, məhrumiyyətlər və qurbanlar hədər gedəcəkdir. Bu mənada, Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa, Cəvahirləl Nehrunun Hindistan üçün etdiklərini Heydər Əliyev ən çətin məqamlarda Azərbaycan xalqı üçün edib.
Azərbaycanın keçdiyi tarixi yola baxış prizmasından alman filosofu İmmanuel Kantın "Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər" fikri ümummilli liderin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini bir daha təsdiqlədi.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rışələnmişdir. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmişə güclüdür" prinsipindən çıxış etmiş, hakimiyyətin daim hər bir vətəndaşın maraq və mənafeyini uca tutmasına çalışmışdır.
Ulu öndər Heydər Əliyev 1994-cü ilin oktyabr qiyamı və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri günlərində gücün siyasətinə qarşı siyasətin gücünü qoyarkən, bütün xalq qısa vaxt ərzində öz liderinin ətrafında toplaşarkən məhz "haqlı adam güclüdür" deyimi bir daha təsdiqləndi. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün "ədalət" və "dövlət" məfhumları arasında möhkəm bağlılıq var. "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə",- deyən Heydər Əliyev dövlətçi olmağın ilkin şərtini məhz ədalətli olmaqda görürdü.
Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamağı zəruri etmişdi. Məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi bazası yaradılmağa başlandı.
Ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti 1994-cü il avqustun 9-da "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman imzaladı. Bu fərman ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərindən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Atəşkəs əldə edildikdən sonra xalqımızın ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməklə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami Silahlı Qüvvələr formalaşdırılmışdır. Ulu öndərimiz Heydər Əliyevin səyi ilə ordumuzun elmi əsaslarla formalaşması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində münaqişənin dinc yolla aradan qaldırılması üçün ilkin şərait yaradılmışdır, torpaqlarımızı işğaldan azad və ölkəmizi düşmənlərdən müdafiə etmək qabiliyyətinə malik ordu quruculuğuna xüsusi diqqət yetirilmişdir.
Azərbaycan daxilində yaranmış stabillikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, "Əsrin müqaviləsi"nin imzalanması, bu sazişlərin Azərbaycana gətirdiyi 10 milyardlarla dollar sərmayələr isə iqtisadi tərəqqinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz xətlərinin çəkilişi kimi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi şəxsən ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərimizin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər analoji addımı hələ atmamışdılar. 2001-ci ilin yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildikdən sonra bu təşkilatla səmərəli əməkdaşlıq milli qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına əlverişli şərait yaratmışdır.
Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində qəbul etdiyi hüquqi sənədlərdə bu vacib məsələ başlıca ümumdövlət vəzifələri səviyyəsinə qaldırılmışdır.
Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquq islahatlarının əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndər Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, məhkəmələrdə dövlət ittihamının daha mütərəqqi prinsiplər əsasında həyata keçirilməsi istiqamətində mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin mövcud Konstitusiyaya uyğunlaşdırılması olmuşdur. Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi-siyasi, hüquqi münasibətlərə keçid, habelə Avroatlantik məkana sürətli inteqrasiya prosesi prokurorluğun funksiyalarına və statusuna yenidən baxılmasını zərurətə çevirmişdi. Keçmiş sovet dövlətində prokurorluq mahiyyətcə sinfi xarakter daşımaqla, qeyri-məhdud səlahiyyətlərə malik, fəaliyyətində daha çox cəza funksialarına üstünlük verilən bir orqan idi. Hakimiyyət bölgüsünün olmadığı bir şəraitdə prokurorluq bəzən məhkəmələrə, hətta Konstitusiya Məhkəməsinə aid bir sıra funksiyaları da həyata keçirirdi. Bu status ölkəmizin demokratik inkişafı ilə uzlaşmadığından prokurorluq sistemində genişmiqyaslı islahatların aparılması vacib idi. Prokurorluqda aparılan islahatların əsas məqsədi bu orqanın mahiyyətcə yenidən qurulması, onun səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsindəki fəaliyyətinin mütərəqqi normalara uyğun olaraq təşkil edilməsindən ibarət idi.
Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının təzahürüdür.
Ulu öndərimiz Heydər Əliyevin çıxışlarında prokurorluğun fəaliyyətinə yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sədaqətini xüsusi vurğulaması hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Bu gün prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti, onlara olan yüksək etimadı dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa səy göstərirlər. Prokurorluq orqanlarında aparılan islahatlar, fəaliyyətimizlə bağlı qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi daha fəal və səmərəli çalışmağa, qanunların aliliyinin təmin edilməsi uğrunda daha barışmaz və prinsipial mübarizə aparmağa ruhlandırır.
Rifahı üçün bütün həyatını sərf etdiyi doğma Azərbaycan xalqı ilə vida ərəfəsində insanlar ölkənin gələcək taleyi ilə bağlı həmişə olduğu kimi, yenə də məhz Heydər Əliyev sözünün intizarında idilər. Belə bir məqamda ulu öndərin ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə qadir siyasi lideri- cənab İlham Əliyevi böyük əminliklə xalqa təqdim etməsi, insanların Azərbaycanın gələcək taleyi ilə bağlı tərəddüdlərini ortadan götürdü. Ümummilli liderin xalqa tarixi müraciətində möhtərəm Prezidentimiz İlham Əliyev haqqında irəli sürdüyü "Mən ona özüm qədər inanıram" əminliyi və xalqın bu əminliyə söykənən yüksək etimadı Azərbaycanın tezliklə qədəm qoyduğu böyük yüksəliş yolunun, yeni bir inkişaf mərhələsinin başlanğıcına çevrilmiş oldu.
Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində bu gün Azərbaycanın davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli inkişafına yönələn bir sıra qətiyyətli addımlar atılmışdır. Azərbaycan dünyanın iqtisadi müstəvisində istehlakçı ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş, sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən öncül dövlətlərindən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycan bu gün bütün bəşəriyyəti narahat edən enerji təhlükəsizliyi problemini nəinki tamamilə aradan qaldırmış, eyni zamanda özünün zəngin enerji ehtiyatları ilə Avropa regionunun enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmişdir. Bütün dünya üçün xüsusi aktuallıq kəsb edən ərzaq təhlükəsizliyi probleminin həlli yönündə də əhəmiyyətli işlər görülmüş, mühüm dövlət proqramları qəbul edilərək onların icrasına başlanmışdır. Enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, bu gün ölkəmiz üçün vacib olan nəqliyyat təhlükəsizliyinin təmin edilməsi sahəsində də əsaslı tədbirlər həyata keçirilməkdədir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində qazanılan uğurların sırası cənab İlham Əliyev tərəfindən daha da genişləndirilmiş, geopolitik baxımdan olduqca həssas bölgədə yerləşən ölkəmiz öz mənafelərini balanslaşdırılmış xarici siyasət kursu nəticəsində qoruyaraq regionun ən vacib ölkəsinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin gerçəkliyə çevrilməsi, nəinki Cənubi Qafqaz regionunun, ümumilikdə Avropanın gələcək taleyinin xeyli dərəcədə asılı olduğu irimiqyaslı qlobal layihələrdə Azərbaycanın əsas tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil dövlətimizin mövqelərinin daha da gücləndirilməsini, onun xarici investisiyalar üçün açıq və cəlbedici ölkə, etibarlı tərəfdaş imicinin formalaşmasını təmin etmişdir. Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da özünü qabarıq şəkildə hiss etdirməkdədir.
Bu gün ölkəmizdə ən müxtəlif sahələr üzrə davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycanda güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir. Bütün bunlara paralel olaraq ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir.
Azərbaycan istiqlalının, Azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyımızin dayaq nöqtəsi, enerji mənbəyi, hərəkətverici qüvvəsi olan xilaskar Heydər Əliyev ideyaları hər bir Azərbaycan vətəndaşını, bütün dünya azərbaycanlılarını birliyə, bütövlüyə və fədakarlığa çağırır. Heydər Əliyev ideyaları milli azadlığa qovuşan azad, müstəqil Azərbaycanın daha xoşbəxt gələcəyə gedən dönməz tərəqqi, intibah yollarında ən şərəfli, ən real, ən perspektivli xilaskar qüvvədir. Heydər Əliyev ideyaları fundamental əsaslarda, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin bel sütunudur, hərəkətverici beyin mərkəzidir. Bu ideyalar Azərbaycan reallığının bütöv tarixi yollarından, inkişaf, intibah pillələrindən, eləcə də müəyyən dövrlərin tənəzzül, böhranlı eniş məqamlarının analitik dərkindən çıxış edərək, bu günün və sabahın, perspektiv gələcəyin yaxın və uzaq yollarını göstərir.
Bu gün dahi şəxsiyyət Heydər Əliyevin ideyaları yaşayır və xalqımıza düzgün yol göstərir. Azərbaycan dövləti ulu öndərimizin ən layiqli siyasi varisi, regionumuzun lideri cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bundan sonra da ölkənin uğurlu inkişafı üçün əlindən gələni edəcəyinə söz verən dövlət başçısı İlham Əliyev demişdir: "Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən digər sahələrə olduğu kimi, prokurorluq orqanlarına da həmişə hərtərəfli qayğı və diqqət göstərilir. Dövlət səviyyəsində və ölkə başçısının dəstəyi ilə davam etdirilən islahatların nəticəsidir ki, bu gün prokurorluq orqanlarının yeni tələblər müstəvisində səmərəli fəaliyyəti üçün təkmilləşdirilmiş mütərəqqi normativ huquqi bazası olan demoratik məzmunlu, fəaliyyət prinsipləri və iş metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmiş, şəffaf və ədalətli prosedurlar əsasında kadr tərkibini mütəmadi olaraq yeniləşdirən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları dərhal aradan qaldırmağa təminat verən nəzarət mexanizmi yaradılmışdır. Prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsi işində dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsinin mustəsna əhəmiyyəti olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq- mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mühüm strukturlarından olan Hərbi Prokurorluq orqanları öz fəaliyyətində daim ulu öndərimizin hüquqi dövlət və vətəndaş quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımi səviyyədə həyata keçirməyə, Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə qanunçuluğun, nizam-intizamın tam bərqərar olmasına çalışır.
"Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlar qəbul edildikdən sonra Hərbi Prokurorluğun Azərbaycan Respublikasının Prokurorluq sistemində yeri və səlahiyyətləri müəyyən edilmişdir. Bu qanunlara sonradan edilmiş bəzi əlavə və dəyişikliklər işimizi dinamik dəyişən indiki şəraitdə müasir tələblərə uyğun qurmağa şərait yaratmışdır. "Azərbaycan Respublıkasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Hərbi prokurorluğa Silahlı Qüvvələrdə əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış subyektlərinin məlumatları və qanunvericilikdə müəyyən edilmiş digər məlumatlar əsasında yoxlamalar aparılması və müvafiq qərarların qəbul edilməsi kimi səlahiyyətlər verilmişdir. Həmin qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun 20 dekabr 2005-ci il tarixli 22-saylı əmri ilə Respublika Hərbi Prokurorluğunun strukturuna dəyışikliklər edilmiş, Azərbaycan Respublıkası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi, eləcə də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin tərkibində Krimınalistika şöbəsi yaradılmışdır. Bu da cinayətkarlğa qarşı mübarizə işinin təşkilində öz müsbət təsirini göstərmişdir. Cinayət işlərinin təhqiqat və istintaqı zamanı kiriminalistikanın son nailiyətlərindən, istintaq təcrubəsinin qabaqcıl metodlarından istifadə edilməsi, prokuror-kriminalistin yeni kriminalist texniki vasitələrlə təmin edilməsi, onlara bu vasitələrdən istifadə olunması üçün lazımi kömək göstərilməsi barədə tələb istintaq idarəsinin fəaliyyətində əsas götürülərək, işin səmərəliliyini artırmaq məqsədi ilə köhnəlmiş texnika yenisi ilə əvəz edilmişdir. Müasir standartlara cavab verən xarici ölkə istehsallı avadanlıqlar, o cümlədən hadisə yerinin müayinəsi zamanı istifadə edilən rəqəmli audio-video yazılar və foto şəkillər aparılması üçün texniki vasitələr, elektron şüalı ölçü cihazları, işıqlandırma vasitələri, mini-fotolobororatoria, izlərin numunələrin götürülməsi üçün preparat və avadanlıqlar, əl-barmaq izlərinin eksperimental götürülməsi üçün ləvazimatlar əldə edilmişdir. İdarə və şöbələrin əməkdaşları, eləcə də ərazi hərbi prokurorluqları baş vermiş cinayət hadisələri zamanı hadisə yerinin ixtisaslı müayinəsini təşkil etmək üçün zəruri kriminalistik avadanlıqlarla təchiz olunmuş xususi nəqliyyat vasitəsi-"Hunday", "UAZ" markalı mikroavtobusla təmin olunmuşdur. Dövlət Proqramına uyğun olaraq 2009-cu ilin mart ayında Azərbaycan Respublikası Hərbi Prokurorluğunda struktur dəyişiklikləri olmuş Baş prokuror cənab Zakir Qaralovun əmri ilə Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin nəzdində xüsusi İstintaq, Kadrlar və maddi-texniki təminat şöbələri yaradılmış, eləcə də Respubblika Hərbi Prokuroruna kadrların seçilib yerləşdirilməsi ilə əlaqədar əlavə səlahiyyətlər verilmişdir. Bununla yanaşı "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu təsis edilmiş və artıq iki ilə yaxındır ki, fəaliyyət göstərir.
Respublika Hərbi Prokurorluğu tərəfindən Silahlı Qüvvələrdə ötən müddət ərzində hərbi intizamın daha da möhkəmləndirilməsi, cinayətkarlıq və qanun pozuntularına qarşı kəsərli mübarizənin təşkili sahəsində böyük işlərin görülməsi və səmərəli tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur.
Hərbi Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə son bir ildə vətəndaşların müraciətlərinə baxılması üzrə lokal kompyuter şəbəkəsi yaradılmışdır. Bu şəbəkə Hərbi Prokurorluğa vətəndaşların ünvanladığı müraciətlərin baxılması, gedişi və nəticələri barədə zəruri məlumatları əldə etməyə şərait yaradır, eləcə də ərizə və şikayətlərə baxılmasına gündəlik nəzarətin həyata keçırilməsi üçün böyük imkanlar verir.
Hərbi prokurorluq orqanlarının fəaliyyətinin əsas sahələrindən biri olan müraciətlərə baxılması işinin və onun tərkib hissəsi kiimi vətəndaşların qəbulunun müasir tələblər səviyyəsində təşkil edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Vətəndaş və hərbi qulluqçulara müraciət etmək imkanlarının genişləndirilməsi, daxil olan şikayətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində görülən tədbirlər nəticəsində hərbi prokurorluğa ictimaiyyətin inamı xeyli artmışdır. Məhz bunun nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən müraciətlərin sayı artmışdır. Ötən illər ərzində Hərbi Prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların iş şəraitinin və sosial mudafiəsinin yaxşılaşdırılması məqsədi ilə bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 yanvar tarixli qərarına uyğun olaraq hərbi prokrorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 94 əməkdaşına Respublika hərbi prokurorunun əmrləri ilə məharət dərəcələri verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 2007-ci il tarixli 310- saylı sərəncamına əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi aparatının yerləşdiyi inzibati bina və tikililər Respublika Hərbi Prokurorluğunun balansına verilmişdir. Bununla yanaşı son illərdə, Sumqayıt, Gəncə, Qarabağ, Tərtər və Füzuli hərbi prokurorluqlarının inzıbati bınalarında əsaslı, yenidənqurma işləri aparılmış, işçilər üçün müasir tələblərə cavab verən şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu və Qazax hərbi prokurorluğu üçün yeni inzibati bina tikilib istifadəyə verilmiş, Bakı Hərbi Prokurorluğuna Hərbi Prokurorluğun inzibatı binasında yer ayrılmış, işçilər üçün lazımi şərait yaradılmışdır. Respublika Hərbi Prokurorluğunun yeni doqquz mərtəbəli inzibati korpusunun tikintisi başa çatmış, hazırda son tamamlama işləri gedir
Son illər ictimai həyatın bütün sahələri üzrə yeniləşən Azərbaycanın möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində, inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun qarşısının alınmasında, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında Hərbi Prokurorluq orqanlarının da mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiq olan Hərbi Prokurorluq orqanları üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, ordunun qüdrəti və döyüş qabiliyyətinin artırılmasına çalışır və bundan sonra da üzərinə düşən bütün vəzifələrin icrası istiqamətində səmərəli fəaliyyət göstərəcəkdir.
Xanlar
VƏLİYEV, Azərbaycan Respublikası Baş prokurorunun
müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə
general-leytenantı
Xalq qəzeti.- 2011.- 13 oktyabr.- S. 5.