Azərbaycan ədliyyəsinin uğurları müstəqil dövlətimizin demokratik inkişafı ilə bağlıdır

 

Biz hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu kursu götürmüşük. Ona görə də ölkənin bütün qanunvericilik bazasını müasir dünya standartları səviyyəsinə qaldırmalıyıq, hüquq islahatlarını dərinləşdirməliyik, xüsusən, ədliyyə sahəsində sivil dünya təcrübəsinə əsaslanan islahatlar həyata keçirməliyik. Tam əmin ola bilərsiniz ki, biz bunların hamısını edəcəyik.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Dövlətçilik tarixi hər bir xalqın siyasi manifesti, örnək və qürur mənbəyidir. Min illər boyu zamanın sərt sınaqları ilə üzləşən Azərbaycan müdrik və aqil insanların şəxsində bir məmləkət kimi yaşamış, öz varlığını qoruyub saxlaya bilmişdir. Ta qədim dövrlərdən insanlar bir-biri ilə münasibətlərini nizama salmaq üçün vasitələr axtarıblar. Bu axtarışlar səmərəsiz olmayıb. Tədricən insanların və insan qruplarının qarşılıqlı münasibətlərini tərəflərin razılığı ilə nizamlayan adətlər yaranıb. Tədqiqatlar göstərir ki, bütün dünya dövlətlərinin, o cümlədən, zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın da qanunlarının kökündə zamanın sınaqlarından keçmiş həmin adətlər dayanır.

 

Dövlət quruculuğunu şərtləndirən mühüm amillərdən biri də ölkənin hüquq sisteminin təşkilidir. Bu mənada Ədliyyə Nazirliyinin Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri vardır. Belə ki, XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ölkədə qanunçuluğun bərqərar olunması üzrə əhəmiyyətli qərarların qəbul edilməsini, Bakı Dairə Məhkəməsinin, prokurorluğun fəaliyyətinin bərpa olunmasını, Azərbaycan Məhkəmə Palatası haqqında əsasnamənin təsdiq edilməsini qeyd etmək kifayətdir.

1920-ci ilin aprel ayından sonra ədliyyə sistemində Sovetlər Birliyinin mahiyyətinə xas olan dəyişikliklər aparılmış, ədliyyə repressiya orqanına çevrilmiş və bir müddət sonra ləğv edilmişdir. 1970-ci ildə yenidən təsis edilən Ədliyyə Nazirliyinin inkişafında, xüsusən bu sahədə milli kadrların yetişdirilməsində o zamanlar respublikamıza rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Həmin kadrlar sonradan müstəqil dövlətimizin quruculuğunda fəal iştirak etmişlər. Böyük uzaqgörənliklə yetişdirilmiş belə milli kadrlar digər sahələrdə olduğu kimi, ölkəmizin ədliyyə sisteminin inkişafında bu gün yorulmadan, əzmkarlıqla fəaliyyət göstərirlər.

Azərbaycan 18 oktyabr 1991-ci il tarixdə dövlət müstəqilliyini əldə etsə də xalqımız çox ağır problemlərlə üz-üzə qaldı. İdarəçilikdə səriştəsizlik ölkəni fəlakətə sürükləyir, ictimai-siyasi münasibətlərdə gərginlik hökm sürürdü. Belə bir ağır şəraitdə xalq böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı.

Bundan sonra daha iki il ölkədə sabitlik, qayda-qanun yaradılmasına, beynəlxalq əlaqələrin qurulmasına sərf olundu. Dövlətin və cəmiyyətin idarə olunması üçün hüquqi, demokratik dövlət quruculuğunun tələblərinə cavab verən yeni qanunlar lazım idi. Nəhayət, "Heydər Əliyev Konstitusiyası" kimi tarixə düşən ilk milli Konstitusiyamız 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olundu. Əsas Qanunumuz milli və bəşəri dəyərlərlə zəngin idi. Ölkəmizdə hüquqi islahatlar məhz ilk milli Konstitusiyamızın verdiyi geniş imkanlar çərçivəsində aparıldı, hüquqi, demokratik inkişafı təmin edən yeni-yeni qanunlar qəbul olundu.

Konstitusiyamızda dövlətin idarə olunmasında hakimiyyət bölgüsü dünya təcrübəsinə uyğun təsbit edildi, qanunverici, icra hakimiyyətləri ilə yanaşı, məhkəmə hakimiyyəti də öz yerini tutdu. Bundan sonra "Məhkəmələr və hakimlər haqqında" Qanunla məhkəmələrin və hakimlərin müstəqilliyi, hüquq və vəzifələri, zərurət yarandıqda digər hakimiyyətlərin yanlış qərarlarının qarşısını almaq səlahiyyətləri təsbit olundu. Artıq bu, sivil dövlət quruculuğu təcrübəsinin əməli şəkildə tətbiqi idi.

Konstitusiyamızın ən böyük üstünlüklərindən biri odur ki, ölkəmiz inkişaf etdikcə sahəvi qanunlarda zəruri olan əlavə və dəyişikliklərə geniş imkanlar yaradır. Məhz bu səbəbdən təcrübəli ekspertlər də birmənalı şəkildə deyirlər ki, "Heydər Əliyev Konstitusiyası" ölkənin uzaq və böyük gələcəyinə hesablanmış mükəmməl qanundur.

Bundan sonra sahəvi qanunlar hazırlandı, o cümlədən, ədliyyə və məhkəmə orqanlarının inkişafı haqqında ardıcıl və səmərəli tədbirlər görülməyə başlandı. Məhkəmə ekspertizası da bu prosesdən kənarda qalmadı. Həyata keçirilən tədbirlər çərçivəsində hüquq sisteminin vacib istiqamətlərindən olan dövlət məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edən "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanun qəbul olundu.

Məhkəmə ekspertizası fəaliyyəti ədalət mühakiməsinin sivil qaydalarla həyata keçirilməsində, dövlətin və vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasında və müdafiə edilməsində əsas prosessual vasitələrdən biridir. XX əsrdə elm və texnikanın sürətli inkişafı bu tərəqqinin nailiyyətlərinin cəmiyyətin ən böyük problemlərindən biri olan cinayətkarlıqla mübarizə işinə tətbiq edilməsini şərtləndirdi. Məhz buna görə də Azərbaycanda məhkəmə ekspertizasının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. 1938-ci ilin avqust ayında yaradılmış Azərbaycan SSR Xalq Komissarlığı nəzdində kriminalistika kabinetində keçirilən ekspertizalar qrafoloji ekspertizalardan ibarət olub. 1950-ci ilin iyun ayında SSRİ Nazirlər Sovetinin sərəncamı ilə həmin kabinet ləğv edilib, bundan sonra respublika məhkəmə-istintaq orqanları üçün ekspertizalar Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasında həyata keçirilib. 1956-cı ilin iyununda Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə üç nəfərdən ibarət ştatla Bakı elmi-tədqiqat kriminalistika laboratoriyası yaradılıb. Dörd il sonra - 1960-cı ilin dekabrında həmin laboratoriyanın əsasında Azərbaycan SSR Nazirlər Sovetinin hüquq komissiyası yanında Azərbaycan Elmi -Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu təşkil olunub. 1991-ci il iyulun 30-da institutun adı dəyişdirilərək Azərbaycan Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu adlandırıldı. Bu institut keçmiş SSRİ məkanında mövcud olan bu tipli yeddi elmi mərkəzdən biri kimi güclü maddi-texniki bazası və təcrübəli, peşəkar kadr potensialı ilə seçilibdir.

Ümummilli liderimiz Heydər Əliyev XXI əsrin "Azərbaycan üçün daha böyük tərəqqi, sosial-iqtisadi inkişaf və dünya birliyində demokratik, hüquqi və dünyəvi bir dövlət kimi möhkəmlənməsi əsri olacağını" siyasi uzaqgörənliklə bəyan etmişdir. Ədalət məhkəməsinin səmərəliliyinin artırılmasına xüsusi əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə kompleks tədbirlər həyata keçirilmiş, yeni mütərəqqi normativ hüquqi aktlar qəbul edilmişdir.

2006-cı il aprel ayının 18-də ölkə başçısı tərəfindən "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında əsasnamə" təsdiq edilmiş, may ayının 26-da isə ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmişdir. Müstəsna əhəmiyyət kəsb edən bu sənədlərin qəbul edilməsi ölkəmizdə ədliyyə fəaliyyətinin daha da inkişaf etməsinə təkan vermişdir.

Müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə bölgələrdə apellyasiya, inzibati-iqtisad və ağır cinayət məhkəmələri yaradılmış, hakimlərin ştat sayı artırılmışdır.

Dövlət başçısı tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı ildə xüsusi fərman imzalanması və nazirliyin strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşdirilməsində yeni mərhələ olmuşdur. Fərmanda nazirliyin strukturunda ciddi dəyişikliklər edilmiş, yeni, mühüm struktur qurumlar yaradılmışdır. Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmışdır.

Mərkəzin strukturu təkmilləşdirilərək onun yeni əsasnaməsi təsdiq edilmiş, eyni zamanda, iş yükünün artması nəzərə alınaraq nazirlik üzrə 10 yanvar 2007-ci il tarixli əmrlə ştat vahidlərinin sayı 190-a çatdırılmışdır.

Mərkəz il ərzində 18 mindən çox məhkəmə ekspertizası aparır, ekspert tədqiqatlarının yeni metodikasını hazırlayır və təkmilləşdirir, məhkəmə və hüquq-mühafizə orqanlarına elmi-metodik kömək göstərir, elmi tədqiqat və ekspert profilaktikasını həyata keçirir.

Elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən istifadə edilməsinə diqqət artırılaraq tədqiqat üsulları və metodları təkmilləşdirilmiş, məhkəmə-kompyuter-texniki, əqli mülkiyyət obyektlərinin, məhkəmə-kontrafakt və digər yeni növ ekspertizaların aparılmasına başlanılmışdır. Hazırda mərkəzdə 22 növ və 44 ixtisas üzrə məhkəmə ekspertizası aparılır.

Ədliyyə sahəsində fəaliyyətin müasirləşdirilməsi, davamlı inkişafın təmin edilməsi və sürətləndirilməsi məqsədilə xüsusi Dövlət Proqramı qəbul edilmişdir. Azərbaycan ədliyyəsinin inkişafı baxımından müstəsna tarixi əhəmiyyətə malik olan bu Dövlət Proqramında Ədliyyə Nazirliyi qarşısında ədliyyə orqanlarında və məhkəmələrdə yeni texnologiyaların tətbiqinin sürətləndirilməsi, onların infrastrukturunun yeniləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən yeni iş prosesinin təşkil edilməsi, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına müraciət etmək imkanlarının genişləndirilməsi kimi vəzifələr qoyulmuşdur.

Dövlət Proqramına əsasən, məhkəmə ekspertizası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, tədqiqat metodikalarının standartlaşdırılması, həmçinin ekspertiza rəylərinin beynəlxalq aləmdə tanınması üçün Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin Avropa Məhkəmə Ekspertizası İnstitutları Şəbəkəsinin (ENFSI) üzvlüyünə qəbul edilməsi ilə bağlı həmin təşkilata müraciət edilmişdir.

1992-ci ildə təsis olunmuş və hazırda 33 ölkəni təmsil edən 60 qurumu özündə birləşdirən ENFSI-nin əsas məqsədi məhkəmə ekspertizası institutları arasında qarşılıqlı əlaqələrin qurulması, ekspert rəylərinin ISO/IEC 17025 standartına uyğunlaşdırılması üzrə müvafiq akkreditasiyasının aparılması, bu sahədə beynəlxalq təcrübənin unifikasiyası yolu ilə Avropada məhkəmə ekspertizası elminin inkişafının təmin edilməsidir.

Avropa Məhkəmə Ekspertizası İnstitutları Şəbəkəsinin İdarə Şurasının üzvlərindən ibarət işçi qrup 2010-cu il sentyabr ayının 24-25-də Məhkəmə Ekspertizası Mərkəzində olmuşdur. Türkiyə Cümhuriyyəti Jandarma Kriminal Genel Dairə Başkanı Burhanəddin Cihangiroğlu və Rumıniya Respublikası Məhkəmə Ekspertizası İdarəsinin rəhbəri Kristian Dmitrieskunun təmsil etdiyi qiymətləndirici missiya maddi-texniki baza ilə yaxından tanış olmuş, mərkəzin fəaliyyəti barədə geniş məlumat əldə etmişdir. Həmçinin, Avropa Məhkəmə Ekspertizası İnstitutları Şəbəkəsinə üzv olmaqla bağlı həyata keçirilməsi nəzərdə tutulan zəruri tədbirlər müəyyən edilmiş və müzakirələr aparılmışdır.

Qiymətləndirici qrupun müsbət rəyi nəzərə alınaraq, Məhkəmə Ekspertizası Mərkəzi 2011-ci il 10 fevral tarixdə ENFSI-nin üzvlüyünə qəbul edilmişdir. Cari ilin 24-27 may tarixində qurumun Estoniyada keçirilən illik toplantısında üzvlüklə bağlı sertifikat rəsmən təqdim olunmuş, mərkəzin üç il müddətində beynəlxalq akkreditasiyadan keçirilməsi qərara alınmışdır.

Dövlət başçısının "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli fərmanında həmçinin məhkəmə ekspertizası sahəsində elmi tədqiqat işlərinin səmərəliliyinin artırılması tapşırılmışdır.

Bu gün ölkəmizdə baş verən sosial-iqtisadi dəyişikliklər, iqtisadiyyatın dinamik inkişafı, ölkəmizin dünyaya inteqrasiyası, cəmiyyətdə yeni dəyərlərin meydana çıxması Azərbaycan hüquq elminin də qarşısında yeni vəzifələr qoyur.

Tarixən hər bir elm sahəsinin ictimai dəyəri, əhəmiyyəti onun praktik tətbiq imkanları, faydalılıq əmsalı ilə ölçülür. Bu mənada dövlətin mütərəqqi hüquq normaları ilə idarə olunmasında, cəmiyyətdə ədalətli hüquq siyasətinin həyata keçirilməsində, insanların hüquq düşüncələrinin formalaşmasında, ictimai münasibətlərin tənzimlənməsində hüquq elmi geniş imkanlara malikdir.

Ölkəmizin hazırkı inkişaf mərhələsində hüquq elminin rolunun artması onun üzərinə dövlət idarəçiliyinin və ictimai münasibətlərin hüquqi tənzimlənməsinin elmi əsaslarının işlənilməsi, demokratik cəmiyyətin inkişaf qanunauyğunluqlarının tədqiq olunması, demokratiyanın inkişaf etdirilməsinə, qanunçuluğun və hüquq qaydalarının möhkəmlənməsinə kömək etmək kimi mühüm vəzifələr qoyur.

İndiki dövrdə hüquq elminin rolunun artması həm də demokratik dövlət quruculuğu ilə bağlı olan bir sıra spesifik səbəblərlə şərtləndirilir.

Hüquq elmləri içərisində kriminalistika və məhkəmə ekspertizası praktika ilə ən çox bağlı olan, elmin və texnikanın müxtəlif sahələrini özündə inteqrasiya edən, onların nailiyyətlərinə daha dinamik cavab verən elm sahəsidir. Azərbaycanda hüquq elminin bu sahəsi ilə məşğul olan ixtisaslaşdırılmış yeganə müəssisə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzidir.

Mərkəzdə aparılan elmi-tədqiqat işlərinin əksəriyyəti kriminalistika və məhkəmə ekspertizasının konkret praktik sahələrini əhatə edir. Onların arasında məhkəmə-xətşünaslıq ekspertizasının, məhkəmə-fonoskopik ekspertizasının, məhkəmə-ballistik ekspertizasının, kompyuter-texniki ekspertizasının, məhkəmə-mühasibat ekspertizasının nəzəri və praktik problemlərini əhatə edən elmi-tədqiqat işlərini xüsusi qeyd etmək istəyirəm. Aparılan bu elmi-tədqiqat işləri məhkəmə-istintaq və ekspert praktikasının bugünkü tələbləri və cəmiyyətdə ictimai münasibətlərin hüquqi tənzimlənməsi zərurəti ilə müəyyənləşir.

Son 15 il ərzində Məhkəmə Ekspertizası Mərkəzində 34 namizədlik, 4 doktorluq dissertasiya işləri yerinə yetirilmiş və müdafiə olunmuşdur. Bu dövr ərzində mərkəzdə 100-ə yaxın elmi-metodik vəsait (elmi əsərlər məcmuəsi, metodik göstərişlər, monoqrafiya, beynəlxalq və respublika konfrans və seminarlarının materialları və s.) nəşr edilmişdir. Məhkəmə ekspertizalarının təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq-mühafizə orqanlarına kömək məqsədi ilə metodik vəsaitlər hazırlanmışdır. Qeyd olunmalıdır ki, mərkəzin elmi əsərlər məcmuəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"na daxil edilmişdir.

Elmi tədqiqat işlərinin müzakirəsi, tətbiqi və aprobasiyası, nəzəri, təcrübi və metodik xarakterli problemlərin həlli məqsədi ilə mərkəzdə Elmi Şura fəaliyyət göstərir. Hazırda burada 128 elmi işçi, 1 hüquq elmləri doktoru, 19 fəlsəfə doktoru çalışır.

Yeri gəlmişkən qeyd etməliyəm ki, "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli 235 nömrəli qərarına əsasən Məhkəmə Ekspertizası Mərkəzində fəlsəfə doktoru üzrə doktorantura yaradılmışdır.

Məhkəmə ekspertizasının inkişafında mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də bu sahədə kadrların hazırlanmasıdır. Burada ən çox problem yaradan məsələ ölkəmizdə, digər böyük dövlətlərdən fərqli olaraq, məhkəmə ekspert kadrları hazırlayan xüsusi təhsil müəssisəsinin olmamasıdır. Əslində, belə bir təhsil müəssisəsinin yaradılmasının özünün də istər səmərəlilik, istərsə də kadrların yerləşdirilməsi baxımından problemləri mövcuddur. Belə bir şəraitdə məhkəmə ekspert kadrları müxtəlif baza ixtisas təhsilinə malik olan kadrlar sırasından xüsusi peşə hazırlığı keçməklə hazırlana bilər. Bu gün Məhkəmə Ekspertizası Mərkəzində kadrların hazırlanması üçün ayrı-ayrı ekspert ixtisasları üzrə nümunəvi hazırlıq proqramları işlənilmişdir.

Kadrların hazırlığı istiqamətində aparılan işlər sırasında hüquq-mühafizə orqanları işçiləri ilə, ali təhsil müəssisələrinin tələbələri ilə mərkəzdə aparılan seminarlar və praktik məşğələlər də əhəmiyyətli hesab olunmalıdır.

Müasir inkişafı şərtləndirən amillərdən biri də beynəlxalq əlaqələrin qurulması və qabaqcıl xarici dövlətlərin təcrübəsinin öyrənilməsidir. Bildiyimiz kimi, ölkəmiz siyasi müstəqillik qazandıqdan sonra dünya birliyinə sürətlə inteqrasiya edərək, bir çox xarici dövlətlərlə, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əlaqələr yaratmışdır.

Bu mənada hüquqi əməkdaşlığın genişləndirilməsi sahəsində də əsaslı işlər görülmüş, beynəlxalq təsisatlar, habelə digər dövlətlərin ədliyyə orqanları ilə işgüzar münasibətlər formalaşdırılmışdır. O cümlədən, məhkəmə ekspertizası sahəsində də xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, qabaqcıl təcrübəni öyrənmək məqsədilə müvafiq sazişlər imzalanmışdır.

Ədliyyə Nazirliyinin rəhbərliyi Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinə daim diqqət və qayğı göstərir. Belə ki, məhkəmə ekspertizalarının aparılmasında elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması məqsədilə onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmışdır. Bununla əlaqədar beynəlxalq təcrübə öyrənilmiş, bir sıra qabaqcıl xarici ölkələrin, o cümlədən Böyük Britaniya, Almaniya, ABŞ-ın ixtisaslaşmış aparıcı şirkətlərinin istehsal etdikləri ən müasir kriminalistik avadanlıqlar alınmış və yeni elmi-tədqiqat laboratoriyaları təşkil edilmişdir. Ekspertiza tədqiqatının qısa müddətdə, dəqiq və hərtərəfli aparılması qonşu xarici ölkələrin də diqqətini cəlb etmiş və onlar da mərkəzin təcrübəsinin öyrənilməsi üçün müraciət edirlər.

Əminliklə deyə bilərəm ki, son dövrlərdə mühüm inkişaf addımları atmış Məhkəmə Ekspertizası Mərkəzi müstəqil dövlətimizin hüquq sisteminin inkişafında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə, ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında bundan sonra da fəal iştirak edəcəkdir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ömrünü xalqının rifahı naminə sərf etmiş ümummilli liderimiz Heydər Əliyev demişdir: "Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik".

Müdrik liderimizin bu kəlamı tarixin səsidir. Tarixin qədirbilən xalqımıza bəxş etdiyi bu fenomen şəxsiyyət ətrafında birləşərək əzəmətli və qüdrətli olduq. İnanıram ki, bu möhtəşəmliyi qorumaqda - doğma Azərbaycanımızın güclənməsi və inkişafında hər bir ədliyyə işçisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə layiqli yardımçı olacaqdır.

 

 

Fuad CAVADOV,

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyinin Məhkəmə Ekspertizası

Mərkəzinin rəisi, hüquq elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2011.- 13 oktyabr.- S. 8.