Hüquqi dövlət
demokratik, hüquqi islahatlardan qaynaqlanır. (əvvəli 14 oktyabr 2011-ci il tarixli sayımızda)
(əvvəli
14 oktyabr 2011-ci il tarixli sayımızda)
Azərbaycanda
müstəqil məhkəmə hakimiyyətinin
formalaşması da ulu öndər Heydər Əliyevin xüsusi
diqqət mərkəzində idi. Ulu öndər Heydər Əliyevin
1998-ci il dekabrın 1-də imzaladığı fərmanla
qüvvəyə minmiş "Məhkəmələr və
hakimlər haqqında" qanun bu sahədə qanunvericiliyin
müasirləşdirilməsi və beynəlxalq standartlara
uyğunlaşdırılması baxımından mühüm
addım oldu. Hakim vəzifəsinə seçkilərin test
üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv
və ədalətli prosedur əsasında keçirilməsi
prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə
hakimiyyətinin dövlət idarəçilik sistemində
nüfuzlu, mötəbər və müstəqil təsisat
kimi formalaşması məsələsinə xüsusi diqqət
ayrılmışdı.
Aparılan
məhkəmə-hüquq islahatları nəticəsində
yeni, əvvəlki məhkəmə sistemindən köklü
surətdə fərqlənən, insan haqlarının
müdafiəsinə daha etibarlı təminat yaradan
üçpilləli müstəqil məhkəmə sistemi
yaradıldı. Həbs və insan hüquqlarını məhdudlaşdıran
digər prosessual məcburiyyət tədbirlərinin
görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə
aid edildi, məhkəmələr üzərində prokuror nəzarəti
ləğv edildi, istintaqa məhkəmə nəzarəti,
habelə təhqiqat, istintaq və prokurorluq orqanlarının
qanunsuz hərəkətlərindən məhkəməyə
şikayət hüququ müəyyən olundu.
Ulu
öndər Heydər Əliyevin "Azərbaycan
Respublikasında hakim vəzifəsinə namizədlərin
seçilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" 17 yanvar 2000-ci il tarixli fərmanı ilə
hakimlərin seçilməsi prosesinin təşkili və məhkəmə
fəaliyyəti ilə bağlı digər tədbirlərin
həyata keçirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq
Şurası təsis edildi, hüquq sistemində köklü
dəyişikliklərə səbəb olan müxtəlif tədbirlər
görüldü. 2000-ci ilin sentyabrında test üsulu və
müsabiqə yolu ilə seçilmiş ilk hakimlər and
içərək səlahiyyətlərinin icrasına
başladılar.
Yeni
yüzilliyin başlanğıcında respublikada hüquqi və
demokratik dövlət quruculuğu sahəsində mühüm
addımlardan biri də 2002-ci ilin 24 avqustunda Azərbaycan
Respublikası Konstitusiyasına ümumxalq səsverməsi yolu
ilə demokratik ruhlu dəyişikliklərin edilməsi oldu. Məlumdur
ki, Əsas Qanun dinamik olaraq inkişaf edən cəmiyyətdə
formalaşmış ictimai münasibətləri tənzimləmə
funksiyasını da yerinə yetirir. İctimai münasibətlərin
dinamik inkişafı - sosial-iqtisadi tərəqqinin
başlanması, ölkənin siyasi və hüquq sisteminin əhəmiyyətli
dərəcədə təkmilləşməsi, Avropa
Şurasına üzvlüklə əlaqədar Avratlantik məkana
inteqrasiyanın sürətlənməsi və digər
mühüm yeniliklərin Əsas Qanunda adekvat əksini
tapması məqsədilə 2002-ci il avqustun 24-də
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi
ilə əlaqədar referendum keçirildi.
Həmin
vaxt ümumxalq səsverməsinə çıxarılan
referendum layihəsi 24 maddədə dəyişiklik edilməsini
nəzərdə tutaraq 8 bölmədə
qruplaşdırıldı. Məsələn, 83-cü maddəyə
edilən dəyişiklik Milli Məclisə seçkilərin
yalnız majoritar qaydada keçirilməsini nəzərdə
tuturdu. Proporsional seçki sisteminin ləğvinə
bütün dünyada meylin artdığı bir zamanda Azərbaycanda
siyasi partiyaların həddən artıq çoxluğu və
onların parlamentdə yer qazanmaq imkanlarının məhdudluğu
danılmaz reallıq idi. Digər tərəfdən, majoritar və
proporsional seçki sistemlərinin müqayisəli təhlili
göstərir ki, vətəndaşların iradəsinin
hansı formada ifadə olunması ölkədə parlament və
ya prezident üsul-idarəsinin tətbiqindən bilavasitə
asılıdır. Majoritar seçki sistemi prezident
üsul-idarəli ölkələrdə daha geniş tətbiq
olunur. Azərbaycan da məhz bu ölkələr
sırasına daxildir və Prezidentin timsalında icraedici
hakimiyyətlə qanunverici hakimiyyət arasındakı səlahiyyət
bölgüsünün nisbəti təbii olaraq birincinin xeyrinə
yüksək şəkildə ifadə olunur. Bu mənada, Azərbaycanda
qanunverici orqana seçkilərin sırf majoritar seçki
sistemi əsasında keçirilməsi siyasi
qanunauyğunluğun nəticəsi olmaqla, demokratik normalara,
beynəlxalq təcrübəyə və siyasi nəzəriyyələrə
qətiyyən zidd sayıla bilməzdi. Parlament seçkilərinin
sırf majoritar sistem üzrə keçirilməsini nəzərdə
tutan konstitusion dəyişiklik də hansısa partiyanın
deyil, yalnız ölkə vətəndaşlarının mənafeyini
özündə ehtiva edirdi. Çünki ölkə vətəndaşları
partiya siyahısına səs verməklə bəzən istəmədikləri,
yaxud tanımadıqları təsadüfi adamları seçmək
məcburiyyətində qalır, iradələrini azad surətdə
ifadə edə bilmirdilər.
24 avqust
2002-ci il referendumunun digər prinsipial dəyişikliyi Azərbaycan
Respublikası prezidenti seçkilərinin nəticələrinin
"50+1" prinsipi əsasında hesablanmasını nəzərdə
tuturdu. Bu referenduma qədər ölkədə seçicilərin
üçdə ikisinin, yaxud 67 faizinin səsini
toplamış namizəd qalib elan olunurdu. Yeni prinsip isə hər
bir namizədin xeyrinə olmaqla, seçkilərin
demokratikliyinin daha yüksək səviyyədə təmin
edilməsi istiqamətində atılmış ciddi addım
idi.
24 avqust
referendumunun mühüm nəticələrindən biri də
vətəndaşlara Konstitusiya Məhkəməsinə
birbaşa müraciət imkanının yaradılması oldu.
Bu referenduma qədər Konstitusiya Məhkəməsində Azərbaycan
Respublikası Prezidentinin, Milli Məclisin, Prokurorluğun,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
sorğusu əsasında normativ-hüquqi aktların
Konstitusiyaya uyğunluğu məsələsinə
baxılırdı. Normativ-hüquqi aktla vətəndaşların
hüquq və azadlıqları pozulduqda onların müdafiəsinin
hüquqi mexanizmi Azərbaycan Respublikasının
Mülki-Prosessual Məcəlləsinin 352-ci maddəsi ilə
müəyyən edilirdi. Həmin mexanizmə müvafiq olaraq
vətəndaşların hüquq və azadlıqları
pozulduqda, onlar müvafiq məhkəmələrin vasitəsilə
Azərbaycan Respublikasının Ali Məhkəməsinə
müraciət edərək, Konstitusiya Məhkəməsinə
sorğu göndərilməsini istəyirdilər. Beləliklə,
həmin müraciət uzun bir yol keçdikdən və xeyli
vaxt itkisindən sonra Konstitusiya Məhkəməsinə
çatırdı. 24 avqust 2002-ci ildə Konstitusiyaya edilən
dəyişiklikdən sonra hər kəsin onun hüquq və
azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti
orqanlarının, bələdiyyələrin normativ
aktlarından, məhkəmə qərarlarından Konstitusiya Məhkəməsinə
birbaşa müraciətinə imkan yarandı.
2002-ci
ilin konstitusiya islahatları, həmçinin hökumətin
Milli Məclis qarşısında hesabatla
çıxış etməsi, siyasi partiyaların ləğvi
səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən
alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə
verilməsi, alternativ hərbi xidmət növünün
formalaşdırılması, Respublika Prokurorluğunun və
Ali Məhkəmənin qanunvericilik təşəbbüsü
ilə çıxış etmək səlahiyyətinə
malik olması, fövqəladə hallarda prezidentin səlahiyyətlərinin
baş nazirə keçməsi kimi vacib məsələlərlə
əlaqədar idi.
2003-cü
və 2005-ci illərin oktyabr ayında hakimiyyətin zorakı
yolla ələ keçirilməsinə yönəlmiş
uğursuz iğtişaş cəhdlərinin
qarşısının qətiyyətlə alınması bir
daha sübut etdi ki, Azərbaycanda mövcud ictimai-siyasi sabitlik
və qanunçuluq mühiti real təminatlara söykənir.
Hər hansı radikallıq cəmiyyət üçün təhlükə
doğura, Azərbaycanın müstəqilliyinə xələl
gətirə, demokratik inkişaf proseslərinin
qarşısını ala bilməz. Bu səbəbdən də
cənab İlham Əliyevin dövlətə rəhbərliyinin
ilk ayları daha çox humanist çalarlarla yadda qaldı.
Vaxtilə dövlətçiliyə qarşı ağır
cinayətlər törədən və azadlıqdan məhrumetmə
cəzasını çəkdiyi dövrdə öz əməlindən
səmimi peşmançılıq keçirən insanlar əfv
edilərək azadlığa buraxıldılar. 15-16 oktyabr
iğtişaşlarının təşkilatçıları
və fəal iştirakçıları qısa müddətdən
sonra azad edildilər. Daxili siyasətdə liberalizm elementləri
qabarıq şəkildə nəzərə çarpmağa
başladı, siyasi qüvvələr arasında dialoqa meyil
gücləndi. Demokratik inkişaf, vətəndaş cəmiyyəti
quruculuğu, milli həmrəyliyin əldə olunması
istiqamətində daha ciddi uğurlar qazanıldı.
Ölkədə
inamla həyata keçirilən hüquqi-siyasi islahatların
mühüm bir istiqamətini məhz məhkəmə hakimiyyətinin
fəaliyyətinin müasirləşdirilməsi və yeni
dövrün tələblərinə
uyğunlaşdırılması oldu. Bu məqsədlə hələ
2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq
Şurası haqqında" yeni qanun qəbul olundu, "Məhkəmələr
və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi
dəyişikliklər edildi. "Konstitusiya Məhkəməsi
haqqında qanuna əlavə və dəyişikliklər
haqqında" 23 dekabr 2003-cü il tarixli qanuna əsasən
isə, vətəndaşların pozulmuş hüquq və
azadlıqlarının bərpası ilə bağlı
birbaşa Konstitusiya Məhkəməsinə müraciət
etməsi hüququnun həyata keçirilməsi mexanizmləri
müəyyənləşdirildi.
Prezident
İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında
bu məsələlər geniş əksini tapdı.
Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata
keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin
mahiyyətindən irəli gələn bu mühüm fərmanda
bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin
yaradılması başlıca vəzifə kimi qarşıya
qoyulmuşdu. Fərmanın imzalanması rayonlarda yaşayan vətəndaşlara
göstərilən hüquqi yardımın səviyyəsini
yaxşılaşdırmaq, onlarda haqlı narazılıq
doğuran sui-istifadə, süründürməçilik
hallarını, eləcə də digər nöqsanları
aradan qaldırmaq, ədalət mühakiməsinin səmərəliliyini
yüksəltmək, məhkəmələrə inamı
artırmaq, müraciət imkanlarını
asanlaşdırmaq, məhkəmələrin fəaliyyətində
yeni informasiya texnologiyalarının tətbiqinə nail olmaq, məhkəmə
aparatlarının strukturunu və işini daha optimal şəkildə
qurmaq, habelə hakimlərin sosial vəziyyətini
yaxşılaşdırmaq niyyətindən irəli gəlirdi.
Fərmanla
Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki
(rayon) şəhərlərində yeni apelyasiya məhkəmələrinin
yaradılması bilavasitə bu məqsədlərin gerçəkləşdirilməsinə
xidmət edirdi. Dövlət başçısı cənab
İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında
regionlarda yeni məhkəmələrin yaradılması ilə
bağlı prokurorluq orqanlarının qarşısında
duran vəzifələr də dəqiq əksini tapdı.
Qanunun 7-ci bəndində Azərbaycan Respublikası
Prokurorluğuna yeni məhkəmələrin
yaradılmasını nəzərə almaq və məhkəmələrdə
dövlət ittihamının müdafiəsi işinin təşkilində
müvafiq dəyişikliklər etmək tövsiyə edildi.
Həmin
fərmanda məhkəmələrlə yanaşı,
prokurorluq orqanlarına İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi,
onun məhkəmə təcrübəsində nəzərə
alınması tövsiyə olunmuşdu. Ötən müddətdə
bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata
keçirildi. Dövlət başçısının 17
avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında" fərmanı ilə respublika məhkəmələri
hakimlərinin sayı 153 ştat artırıldı. Hakim
korpusunun genişləndirilməsi məhkəmələrə
daxil olan işlərin qanunda nəzərdə tutulmuş
vaxtda, keyfiyyətlə baxılmasını təmin etdi.
Dövlət
başçısı Azərbaycanda demokratik dəyərlərin,
qanunçuluğun və hüquq qaydalarının möhkəmlənməsində
vətəndaş cəmiyyəti institutlarının da roluna
mühüm önəm verir. Respublikamız müstəqillik
qazandıqdan sonra qeyri-hökumət təşkilatlarının
vətəndaş cəmiyyəti quruculuğu prosesindəki
müstəsna rolunu nəzərə alan Azərbaycan Prezidenti
onların dövlətlə sıx əməkdaşlığının
təmin olunmasına xidmət edən ardıcıl tədbirlər
həyata keçirir. Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında" 27 iyul 2007-ci il tarixli, "Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
yaradılması haqqında" 13 dekabr 2007-ci il tarixli fərman
və sərəncamları da məhz bu məqsədə xidmət
etmişdir.
Ümumilikdə,
respublikamız 2003-2008-ci illərdə onlarla beynəlxalq
konvensiya və sazişə, o cümlədən
"İşgəncələrin və qeyri-insani və ya ləyaqəti
alçaldan rəftarın və ya cəzaların
qarşısının alınması haqqında",
"İnsan hüquq və əsas azadlıqlarının
müdafiəsi haqqında", "Ekstradisiya
haqqında", "Cinayət işləri üzrə
qarşılıqlı hüquqi yardım haqqında",
"Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin
leqallaşdırılması, aşkar olunması,
götürülməsi və müsadirə edilməsi
haqqında", "Genosid cinayətlərinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında", "Hərbi cinayətlərə və bəşəriyyətə
qarşı cinayətlərə cinayət məsuliyyətinə
cəlb etmə müddətinin tətbiq edilməməsi
haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi
ilə mübarizə haqqında" konvensiyalara
qoşulmuşdur.
Hüquqi
islahatlar fonunda 2009-cu il martın 18-də Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin
edilməsini nəzərdə tutan ümumxalq referendumunun
keçirilməsini xüsusi vurğulamaq lazımdır.
İlk dəfə 2002-ci ildə keçirilmiş Konstitusiya
islahatından ötən 7 ildə respublikanın ictimai-siyasi
həyatında özünü qabarıq göstərən
fundamental dəyişikliklər - iqtisadi, siyasi, hüquqi
islahatların dərinləşməsi, demokratikləşmə
prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti
institutlarının, siyasi partiyaların sayının
artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki
rolunun obyektiv dərk olunması və onların dövlət
dəstəyi ilə əhatə olunması, Avratlantik məkana
inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi,
ən əsası, sosial ehtiyacları əhəmiyyətli dərəcədə
ödənən ölkə vətəndaşlarının
ictimai şüurunda demokratik proseslərin
qaçılmazlığı fikrinin möhkəmlənməsi
və digər pozitiv yeniliklər Azərbaycan
Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin
edilməsini obyektiv zərurətə çevirmişdi. 18
mart referendumunda ciddi ictimai dəstək almış yeniliklər
hüquqi baxımdan Konstitusiyanın bir çox
normalarını yeni dövrün tələblərinə
uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və
vətəndaş hüquq və azadlıqlarının təmini
sahəsində dövlətin məsuliyyətini
artırmış, onun üzərinə bir sıra yeni
hüquqi öhdəliklər qoymuşdu. Konstitusiya islahatı
milli qanunvericiliyin beynəlxalq konvensiya və sazişlərə
uyğunlaşdırılması prosesində keyfiyyətcə
yeni mərhələnin əsasını qoydu.
Son illər
vətəndaşların yaşayış səviyyəsinin
yüksəlməsi, sosial-iqtisadi problemlərin tədricən
həllini tapması paralel olaraq demokratik və hüquqi
islahatlara olan ictimai marağı daha da gücləndirmişdi.
İnsanların hüquq və azadlıqlarının daha
yüksək səviyyədə təmini ilə bağlı
dövlətdən gözləntiləri artdı, hakimiyyət
isə öz növbəsində üzərinə bir sıra
yeni öhdəliklər götürərək ictimai rəyə
həssas münasibətini izhar etdi. Konstitusiyaya yeni
dövrün tələbləri ilə uzlaşan bir sıra əlavə
və dəyişikliklər edilməsi də məhz bu
reallıqla şərtlənirdi. Konstitusiyanın 12-ci maddəsinə
edilmiş dəyişiklik sosialyönümlü xarakter
daşımaqla Azərbaycanda hər bir vətəndaşın
normal yaşayış səviyyəsinin, rifah halının
yüksəldilməsi istiqamətində həyata keçirilən
tədbirlərin mahiyyətindən irəli gəlirdi. Bu dəyişikliklə
"Azərbaycan Respublikasının vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin edilməsi" məsələsi
dövlətin ali məqsədləri sırasında yer
almışdı. Bu əlavənin Konstitusiyada əksini
tapması respublikamızın iqtisadi siyasətində
sosialyönümlü məsələlərin həllinin
prioritetə çevrilməsi ilə şərtlənirdi.
Hüquqi
dövlət quruculuğundan, demokratiyanın inkişaf etdirilməsindən
danışarkən son illərdə qəbul olunmuş
qanunlar sırasında "İnzibati icraat haqqında" Azərbaycan
Respublikası Qanununun və "İnzibati-Prossesual Məcəllə"nin
əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. 2005-ci
il 21 oktyabr tarixli "İnzibati icraat haqqında" qanun vətəndaşın
dövlət orqanlarının və məmurların qanunsuz hərəkətlərindən
yuxarı dövlət orqanına şikayət hüququnu təsbit
edir. 2009-cu il 30 iyun tarixli İnzibati-Prosessual Məcəllə
isə inzibati hüquq münasibətləri ilə
bağlı mübahisələrin məhkəmə aidiyyətini,
həmin mübahisələrə məhkəmədə
baxılmasının və həll edilməsinin prosessual
prinsiplərini və qaydalarını müəyyən edir.
İnzibati-Prosessual
Məcəllənin 2-ci maddəsinə əsasən qanunla
başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə,
inzibati mübahisələrə dair işlər üzrə məhkəmə
icraatı inzibati-iqtisadi məhkəmələr və
inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata
keçirilir.
Prezident
İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər və "Məhkəmələr və hakimlər
haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" qanunla isə yerli iqtisad məhkəmələrinin
bazasında inzibati-iqtisadi məhkəmələrin
yaradılması təmin edilmişdir.
Prezidentin
2010-cu il 15 iyul tarixli "Azərbaycan Respublikasının məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər və "Məhkəmələr və hakimlər
haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli qanununun tətbiq
edilməsi haqqında" fərmanı ilə respublikada bir
sıra yeni məhkəmələr təşkil edilmişdir.
Belə ki, fərmanda Ağır Cinayətlərə Dair
İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi
əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin,
habelə Lənkəranda, Gəncədə, Şəkidə
ağır cinayətlər məhkəmələrinin
yaradılması nəzərdə tutulur. Eyni zamanda fərmanın
1.5-ci bəndinə əsasən, Naxçıvan Muxtar
Respublikasının İqtisad Məhkəməsi əsasında
Naxçıvan Muxtar Respublikasının
İnzibati-İqtisadi Məhkəməsi
yaradılmışdır.
Bundan
başqa, fərmanla 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi
əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi;
2 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə
Yerli İqtisad Məhkəməsi əsasında Gəncə
İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt Yerli
İqtisad Məhkəməsi əsasında Sumqayıt
İnzibati-İqtisadi Məhkəməsi, Şəki Yerli
İqtisad Məhkəməsi əsasında Şəki
İnzibati-İqtisadi Məhkəməsi, Şirvan Yerli
İqtisad Məhkəməsi əsasında Şirvan
İnzibati-İqtisadi Məhkəməsi
yaradılmışdır.
2011-ci il
yanvarın 1-dən iqtisadi xarakterli işlərə ümumi
yurisdiksiyalı məhkəmələrdə deyil,
inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu
isə iqtisadi xarakterli mübahisələrin
ixtisaslaşmış birinci məhkəmə
instansiyasında tam, ədalətli, obyektiv
araşdırılmasına, qanunamüvafiq şəkildə
baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət edir.
Dövlət
başçısının qanunvericilik təşəbbüsü
əsasında son illər Milli Məclisdə qəbul
edilmiş qanunlar ictimai həyatın bütün sahələrini
əhatə etməklə, vətəndaşa həssas və
qayğıkeş münasibəti təşviq edir. Bu baxımdan
yalnız 2011-ci ilin müvafiq dövründə parlamentdə
qəbul olunmuş qanunları xüsusi qeyd etmək
lazımdır. Ötən müddətdə "İcra
haqqında", "İnformasiya əldə etmək
haqqında", "Əhalinin sağlamlığının
qorunması haqqında", "Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında", "Dini etiqad azadlığı
haqqında", "Prokurorluq haqqında", "Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında" Azərbaycan Respublikasının
qanunlarında, "Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə müvəkkili (Ombudsman)
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanununda, "Azərbaycan Respublikasının Mülki Məcəlləsi"ndə,
"Azərbaycan Respublikasının Ailə Məcəlləsi"ndə,
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"ndə,
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin"də,
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllə"sində
əlavə və dəyişikliklər edilməsi
haqqında qanunların qəbulunu xüsusi vurğulamaq olar.
Milli Məclisin
qarşıdakı payız sessiyası ərzində "Rəqabət
Məcəlləsi"nin üçüncü oxunuşda,
"Şəhərsalma və Tikinti Məcəlləsi"nin
birinci oxunuşda qəbulu gözlənilir. Bundan başqa,
payız sessiyasında "Təhsil krediti haqqında",
"Hərbi vəzifə və hərbi xidmət
haqqında", "Ali təhsil haqqında", "Elm siyasəti
haqqında", "Mədəniyyət haqqında",
"Pasiyentin hüquqlarının qorunması
haqqında", "Sosial xidmət haqqında", "Həbs
yerlərində saxlanılanların hüquq və vəzifələri
haqqında" və digər layihələrin müzakirəsi
də nəzərdə tutulur.
Ümumilikdə,
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan hüquq islahatlarının son illərdə inamla davam
etdirilməsi nəticəsində respublikamız insan və vətəndaş
hüquq və azadlıqlarının təminatı sahəsində
mühüm nailiyyətlər əldə etmişdir. Həyata
keçirilən islahatlar isə ötən 20 ildə
respublikamızda hüquqi, demokratik dövlət
ideyasının reallaşdığını, vətəndaş
cəmiyyətinin formalaşdığını söyləməyə
ciddi əsaslar verir. Əlbəttə, müstəqil Azərbaycan
bu sahədə əldə olunan müsbət nəticələrlə
də kifayətlənmir, cəmiyyətin inkişaf tempinə,
iqtisadi islahatların sürətinə, vətəndaşların
ictimai şüur səviyyəsinə adekvat olaraq bu sahədə
yeni-yeni addımlar atır. İnanırıq ki, Prezident
İlham Əliyevin rəhbərliyi altında bu islahatlar
qarşıdakı illərdə də inamla davam etdiriləcək,
respublikamız hüquqi və siyasi mühitin
liberallaşdırılması, hər bir fərdin maraq və
mənafeyinin qanunla müəyyən olunmuş şəkildə
qorunması sahəsində yeni nailiyyətlərə imza
atacaqdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2011.- 15 oktyabr.- S. 5.