"Azərsu"
ASC-də elmi-praktiki konfrans
keçirilmişdir
Bu
günlərdə ölkəmizin bütün idarə, müəssisə
və təşkilatlarında Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər
keçirilir, ötən illərdə keçilmiş yola
bir daha nəzər salınır. Həmin tədbirlərdə
xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi
ilə işlənib hazırlanmış inkişaf
strategiyasının uğurla davam etdirilməsinin Azərbaycanın
iqtisadi qüdrətinin artırılması ilə
yanaşı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi
üçün də möhkəm baza, əlverişli zəmin
yaratması birmənalı olaraq vurğulanır.
Dünən
"Azərsu" Açıq Səhmdar Cəmiyyətində
"Müstəqil Azərbaycan Respublikasının 20 il ərzində
su təchizatı və tullantı suların kənarlaşdırılması
sistemlərinin inkişafı" mövzusunda keçirilən
elmi-praktiki konfransda da bu barədə danışıldı,
ulu öndərin xalqın təkidli xahişi ilə yenidən
hakimiyyətə gəlişindən sonra ölkənin su
sektorunda həyata keçirdiyi məqsədyönlü tədbirlərdən
ətraflı söhbət açıldı.
Elmi-praktiki
konfransın plenar iclasını giriş sözü ilə
açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov
1991-ci il oktyabrın 18-də tarixi müstəqilliyin bərpasından
ötən hər bir ilin ölkəmiz, xalqımız
üçün son dərəcə məsuliyyətli bir
dövr kimi yadda qaldığını vurğulayaraq ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
düzgün sosial-iqtisadi strategiyanın uğurla
reallaşdırılması nəticəsində Azərbaycanın
sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə
çatdırdı. Natiq qeyd etdi ki, bu strategiyanın ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən yeni
dövrün reallıqlarına uyğun olaraq yaradıcı
şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan
hazırda dünyanın ən dinamik inkişaf edən bir
dövlətinə çevrilmişdir.
Dövlət
müstəqilliyinin bərpasının ölkə həyatının
bütün sahələrində olduğu kimi, su təchizatı
sektorunda da yeni mərhələnin əsasını
qoyduğunu diqqətə çatdıran Q.Hüseynov bildirdi
ki, Azərbaycanda siyasi sabitliyi qısa müddətdə təmin
edən ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə beynəlxalq maliyyə qurumlarından adı çəkilən
sahənin inkişaf üçün məqsədli kreditlərin
cəlbi müsbət nəticələr vermiş, əhalinin
içməli su ilə təminatı xeyli
yaxşılaşdırılmışdır. Qeyd olundu ki, Azərbaycan
dövlətinə ayrılmış kreditlər Ceyranbatan və
Kür sutəmizləyici qurğular komplekslərində, eləcə
də Bakı şəhərinin su təchizatı sisteminin
istehsal sahələrində əsaslı yenidənqurma işlərinin
aparılmasına, texniki təchizatın yeniləşdirilməsinə
və əhaliyə verilən suyun keyfiyyətinin xeyli
yaxşılaşdırılmasına imkan
yaratmışdır. Ötən illər ərzində bir
sıra sutəmizləyici qurğuların istifadəyə
verildiyini bildirən natiq Oğuz-Qəbələ-Bakı su kəmərinin
Azərbaycanın 20 illik müstəqillik tarixində su
sektorunda reallaşdırılan ən iri infrastruktur layihəsi
olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki,
1991-2011-ci illər ərzində ölkənin şəhər
və rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin
yaxşılaşdırılması üçün müxtəlif
diametrli borularla 1500 kilometrdən artıq su və 600 kilometrə
yaxın kanalizasiya xətləri çəkilmiş, 59 su
anbarı, 30 suqəbuledici qurğu, 24 su nasos stansiyası, 20
kanalizasiya nasos stansiyası tikilmiş, 200-dən çox su
quyusu qazılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
2011-2013- cü illərin ölkənin su təchizatında əsaslı
dönüş yaradılması dövrü elan edildiyini diqqətə
çatdıran "Azərsu" ASC-nin sədri dövlət
başçısının göstərişi ilə
artıq bir sıra şəhərlərin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə
başlanıldığnı bildirdi.
Plenar
iclasda "Sukanal" Elmi-Tədqiqat və Layihə
İnstitutunun direktoru Oqtay Heybətov çıxış edərək
rəhbərlik etdiyi qurumun müstəqillik illərində
ölkənin su təchizatı sektorunun inkişafına
verdiyi töhfələrdən danışdı. Ötən
illər ərzində institutun qazandığı
mühüm nailiyyətlərdən söhbət açan
natiq bu elmi-tədqiqat müəssisəsinin Azərbaycanın
su təchizatı sektoru üçün son dərəcə
vacib layihələr işləyib
hazırladığını diqqətə
çatdırdı.
"Azərsu"
ASC sədrinin baş müşaviri Telman Ağayev
çıxışında dövlət müstəqilliyinin
bərpasının çətin bir dövrə təsadüf
etdiyini vurğulayaraq ölkənin içməli su sektorunun həmin
illərdəki acınacaqlı vəziyyətinə nəzər
saldı. Qeyd olundu ki, yalnız ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra bu sahə
böhrandan xilas olaraq əsaslı yüksəliş mərhələsinə
qədəm qoydu. Natiq ötən illər ərzində
içməli su sektorunda həyata keçirilmiş
mühüm tədbirləri konkret faktlar əsasında diqqətə
çatdırdı.
"Birləşmiş
Sukanal" MMC-nin sədri Etibar Məmmədov isə öz məruzəsində
ötən illər ərzində ölkənin
ayrı-ayrı regionlarının içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması ilə
bağlı həyata keçirilmiş konkret tədbirlərdən
bəhs etdi. O qeyd etdi ki, ölkənin şəhər və
rayonlarının, eləcə də kənd və qəsəbələrinin
içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə yeni
su xətləri çəkilmiş, nasos stansiyaları
tikilmiş, quyular qazılmışdır. Natiq dövlət
başçısı İlham Əliyev tərəfindən
təsdiq olunmuş "Azərbaycan Respublikası
regionlarının 2009-2013- cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın yaxın illərdə
bölgələrin içməli su təchizatı və
kanalizasiya sistemlərinin işinin əsaslı şəkildə
yaxşılaşdırılmasına imkan
yaradacağını bildirdi.
Elmi-praktiki
konfrans öz işini bölmə iclaslarında davam etdirdi.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 15 oktyabr.- S. 5.