Xətai rayonu müstəqilliyin bəxş etdiyi tərəqqi yolu ilə inamla irəliləyir

 

Mavi Xəzərin qiymətli mirvarisi olan Bakının tarixi keçmişi min illərə söykənsə də, onun həm ərazi, həm də sənaye infrastrukturlarına görə ən böyük rayonu olan Xətainin yaşı 100 ildən bəlkə bir qədər çox olar. Doğrudur, yaş keçmişin, qədimliyin ölçüsü olsa da inkişafın meyarı sayıla bilməz. Bu meyarla yanaşsaq, Xətai rayonunun inkişafının qədim Bakıda sənaye üsulu ilə neft hasilatının artmağa başladığı, yəni çar Rusiyası dönümində Azərbaycanda neft bumu ilə başladığını görərik.

 

Əsasən sənaye rayonu, məzlum neftçilərin çalışıb yaşadıqları ərazi kimi tanınan və elə bəlkə buna görə də "Qara şəhər" kimi ad çıxaran bu rayonun Sovet İttifaqı dövründə də ağ günlər yaşadığını demək, yenə gerçəklikdən uzaq olardı. Amma nə qədər olmasa da özünün spesifik neft qoxusu ilə belə fərqlənən bu rayon ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərindəki ilk hakimiyyəti dövründə böyük sıçrayışı ilə yadda qaldı. Bir çox müəssisə və zavodlarla yanaşı, böyük yaşayış massivləri salınmağa başlandı. Həmin illərdə nəinki tikinti meydançasını xatırladan Bakının, bəlkə də, Azərbaycanın əsas tikinti layihələri məhz bu rayonda həyata keçirilirdi.

Lakin bütün bunlara baxmayaraq, "Qara şəhər" adı bu rayonun üstündən götürülmürdü. Bu bəlkə də ondan irəli gəlirdi ki, məkrli sovet rejimi Bakının ən böyük rayonuna xalqımızın qəddar düşməni, bolşeviklər bu şəhərə daxil olarkən azərbaycanlıların kütləvi şəkildə soyqırımını həyata keçirən məkrli erməni canişinin adını vermişdilər.

1988-ci ildən başlayaraq bütün Azərbaycanda milli oyanışa təkan verən tarixi proseslər cərəyan etməyə başladı. Yüz illərlə beyinlərdə dolanan, milli mənlik şüurundan doğan dövlət müstəqilliyi arzusu milyonlarla insanın mücadiləsinin əsas məqsəd və məramına çevrildi. Artıq 1990-cı il yanvarın 5-də haqqında söhbət açdığımız "Qara şəhər" yaxınlaşmaqda olan müstəqilliyin ilk müjdəsini aldı və onu Azərbaycan milli dövlətçilik ənənələrinin banilərindən biri, böyük dövlət xadimitarixi şəxsiyyət Şah İsmayıl Xətainin şərəfinə Xətai rayonu adlandırdılar. Lakin bu tarixi gerçəklik günlərə ümid versə də, tərəqqi və inkişafın müjdəsi bir qədər sonra gəldi.

1993-cü il iyunun 15-də, iki il öncə müstəqilliyini bəyan etmiş Azərbaycanı ölüm yatağından qaldırmaq üçün ümummilli lider Heydər Əliyev Bakıya gəldi. Əslində dövlət müstəqilliyimizin əbədiləşməyə başladığı bu gün həm də Xətai rayonunun dirçəlişinin və gələcək tərəqqisinin əsas tarixinə çevrildi.

Maraqlıdır ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışının ilk illərində Xətai rayonuna elə birinci gəlişində ictimaiyyət qarşısındakı çıxışlarının birində "Qara şəhəri şəhərə çevirməliyik" deməklə sanki uzun illər görmək arzusunda olduğu bir işə start verdirayonun bütün idarə və müəssisələrinin, ictimaiyyətin qarşısında böyük bir vəzifə qoydu.

Müstəqillik dövründə 17 ilində ulu öndərin xatırlatdığımız deyimini özünə deviz seçmiş Xətai Rayon İcra Hakimiyyəti, bütün idarə və müəssisələr ötən illərdə bir çox layihələr həyata keçirmişçox uğurlu nəticələr əldə etmişlər. Şübhəsiz, bu uğurların əldə olunması üçün ilk növbədə Azərbaycanın bir müstəqil dövlət olaraq iqtisadi tərəqqisi, inkişaf və yüksəlişi lazım idi. Ümummilli liderin iqtisadi inkişaf strategiyasının hərəkətverici qüvvəsinə çevrilən "Əsrin müqaviləsi" 1994-cü il sentyabrın 20-də gerçəkləşəndən sonra ölkədə ümumi inkişaf dinamikası sürət yığmağa başladı. Beləcə, müstəqil dövlətin sürətli inkişafı az bir zamanda özünü Xətai rayonunda da göstərməyə başladı.

Xətai rayonunun əsas sosial iqtisadi göstəricilərinə diqqət etsək görərik ki, təkcə 2005-2010-cu illər ərzində əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2,4 dəfə, sənaye məhsullarının istehsalı 2 dəfədən çox artmışdır. Bu illər ərzində rayonda 12 yeni irikiçik müəssisə açılmışdır ki, bu da bütövlükdə rayonda 19308 yeni yerinin açılmasına öz töhfəsini vermişdir. Təkcə 2010-cu ildə rayon üzrə işçilərin orta aylıq nominal əmək haqqı 12,3 faiz artaraq 443,6 manat olmuşdur. Bu günə olan məlumata görə isə, bu rəqəm 450 manatdır. Əhalinin güzaranının yaxşılaşdığını göstərən faktlardan biriondan ibarətdir ki, bu illər ərzində rayonda şəxsi avtomobillərin sayı 19 dəfə artmışdır.

Etiraf etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişaf proqramları" da rayonun sosial iqtisadi inkişafında müstəsna rol oynamışdır. Haqqında söhbət açdığımız illər ərzində rayonda 9 yeni məktəb binası və ya əlavə korpus tikilmiş, 5 məktəb binası əsaslı təmir olunmuş, 10 yeni ambulatoriya-poliklinika yardımı göstərən müalicə müəssisəsi açılmışdır. Təkcə 2011-ci ilin 6 ayında tikinti-quraşdırma işlərinin həcmi 59 milyon 491 min manat olmuş, onun ümumi məhsulda xüsusi çəkisi 7,5 faiz təşkil etmişdir. Bütövlükdə son beş ildə rayonun tikinti müəssisələri üzrə iqtisadiyyatın və sosial sahənin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsaslı kapitala 1 milyard 163 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da əvvəlki beş ildəkindən 2,2 dəfə çoxdur.

Bu müddətdə rayonun sənaye müəssisələri tərəfindən mal və xidmətlərin faktiki qiymətlərlə buraxılışı 4 milyard 216,7 manat olmuş, bütövlükdə rayon əhalisinə göstərilmiş pullu xidmətlərin həcmi 116,9 faiz artmışdır.

Rayonda iqtisadiyyatın qabaqcıl sahələrindən olan ticarət sahəsində də böyük irəliləyiş müşahidə edilmişdir. Son beş ildə ticarətdə əmtəə dövriyyəsinin həcmi 6 dəfə artmışdır. Əgər 2003-cü ildə bu dövriyyənin həcmi 113,7 milyon manat olmuşdursa, 2011-ci ilin əvvəlinə bu rəqəm 818 milyon manat təşkil etmişdir.

Faktlardan və rəqəmlərdən də göründüyü kimi rayon iqtisadiyyatının əsasını sənaye müəssisələri təşkil edir. Bu müəssisələr sırasında dövlət müstəqilliyinin "övladları" olan "Karvan-L" və Vest boya məhsulları şirkətlərini, Orucoğlu firmasını, süd məhsulları istehsalı ilə məşğul olan M-Pro şirkətini, şərab istehsal edən AlkoLtd birgə müəssisəsini, təbii mineral sular istehsal edən müəssisələri xüsusi qeyd etmək olar.

Bu illər ərzində rayonun tikinti sektoruna yönələn investisiyalarının həcmi artdıqca Xətai sözün əsl mənasında şəhərə çevrilir. Son illərin tikintiləri sırasına əlavə olunan AMAY ticarət və əyləncə mərkəzi, Nobel prospektində AFFA-nın yeni inzibati binası, görkəmi ilə rayona son dərəcə böyük yaraşıq verən Ali Məhkəmənin əzəmətli binası, Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin, Çevik Polis Alayının və Miqrasiya Xidməti İdarəsinin inzibati binaları, "Dinamo" Cəmiyyəti, Sərhəd Qoşunlarının Akademiyası, Sərhədçi Olimpiya İdman Kompleksi və sairlərini göstərmək olar.

Rayonun tərəqqi və inkişafının nişanələri olan bu tikililərə Nobel prospekti - Zığ-Hava limanı istiqamətində və Yusif Səfərov küçəsində tikilmiş dövlət əhəmiyyətli müasir yolları, Yusif Səfərov küçəsi, Heydər Əliyev, Babək və Xətai prospektlərini birləşdirən körpü-tunelötürücü yol qovşaqlarını, həmçinin "Xalqlar dostluğu" metro stansiyasının yaxınlığındakı körpünü də əlavə etsək mənzərəni qismən də olsa tamamlamış olarıq.

Amma unutmaq olmaz ki, bütün bu əzəmətli layihələrlə yanaşı rayonun küçə və prospektlərinin, park və meydanlarının yenidən qurulması, əhalinin tələblərinə uyğun yeni istirahət parklarının salınması, sosial obyektlərin inşası da geniş vüsat almışdır. Bu layihələr sırasında xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı abidə kompleksinionun yerləşdiyi park-xiyabanın əsaslı şəkildə yenidən qurulmasını, yüksək heykəltəraşlıq nümunəsi olan körpəsi qətlə yetirilmiş "Ana" abidəsinin ucaldılmasını, abidənin postamentinə qanlı faciəni əks etdirən fraqmentlərin barelyeflərinin vurulmasını xüsusi qeyd etmək lazımdır.

Xətai rayon sakinlərinin daimi ziyarətgahına çevrilən Ukrayna meydanındakı Heylər Əliyev Parkı, burada ucalan müstəqilliyin memarı və qurucusu ulu öndərin əzəmətli abidəsi də bu illərin zəhmətinin bəhrəsidir. Çox maraqlı məqam ondan ibarətdir ki, bu parkdakı abidənin açılışında iştirak edən dövlət başçısı cənab İlham Əliyev parkda aparılan yenidənqurma və bərpa işlərindən məmnunluq ifadə etmişrayonda, bütövlükdə paytaxtda belə parkların tikintisinə böyük ehtiyac olduğunu bildirmişdir.

Yeri gəlmişkən, Xətai rayonunda görülən işlər sırasında diqqət çəkən əsas məqamlardan biri də məhz özəlliyi ilə seçilən parkların və yaşıllıqların salınmasıdır. Əzəmətli Heydər Parkı ilə yanaşı Zığ yolunda 2 hektar ərazidə müasir memarlıq üslubunda tikilmiş park da bu gün sakinlərin sevimli istirahət guşələrindən birinə çevrilmişdir. Park boyu quraşdırılmış fəvvarələr kompleksi, müxtəlif atraksionlar, uşaq əyləncə elementləri, rahat oturacaqlar, 10 min kvadratmetrdən artıq sahədə salınmış yaşıllıqlar, minlərlə gül və bəzək kolları insanların ruhunu oxşayır. Bu parklara rayonun C.Naxçıvanski hərbi liseyinin yanında son illərdə salınmış parkı, Zığ yolu 37-39 ünvanındakı fəvvarələr quraşdırılmış, süni yaşıl örtüklü idman meydançası salınmış nümunəvi həyəti də əlavə etmək olar. İcra hakimiyyətindən bildirdilər ki, təkcə ötən il "Ekologiya ili" çərçivəsində rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif ərazilərdə 20 mindən çox ağac, 50 mindən çox dekorativ gül kolu əkilmişdir. Yaşıllaşdırma işlərinə diqqət bu gündavam etməkdədir. Elə bu günlərdə rayonun müxtəlif yol qovşaqlarının kənarlarında keçirilən iməciliklərdə 500-dən artıq ağac əkilmişdir.

Xətai rayonunun abadlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biriyeni obyektlərin tikintisi ilə yanaşı mövcud tikililərin fasadlarının milli memarlıq ənənələrinə uyğun yenidən qurulmasıdır ki, bu son bir neçə ildə geniş vüsət almışdır. Nobel və Xocalı prospektlərindəki, Yusif Səfərov küçəsindəki beşmərtəbləri yaşayış binalarının fasadlarına üzlük daşın vurulması, həmin binaların yöndəmsiz eyvanlarının tökmə üsulla hazırlanmış məhəccərlərin quraşdırılması işi artıq yekunlaşmaqdadır. 2010-cu ildə üzlük daş çəkilmiş və üzərində memarlıq üslubunda saat mexanizmi quraşdırılmış, müasir işıqlandırma ilə təchiz edilmiş Y.Səfərov küçəsindəki 4 saylı binada tikilmiş mansard və gümbəz bu gün də həmin əraziyə xüsusi bir yaraşıq verir.

Xətai Rayon İcra Hakimiyyətinin diqqətdə saxladığı əsas məsələlərdən biri də dövlət başçısı cənab İlham Əliyevin inkişaf strategiyasında prioritet sahələrdən biri kimi göstərdiyi təhsildir. Əslində dövlət müstəqilliyinin Azərbaycan təhsilinə yaratdığı imkanlar da geniş olmuşdur. Bu Azərbaycanın hər yerində olduğu kimi, Xətai rayonunda da daha çox yeni təhsil müəssisələrinin tikintisində və onların maddi-texniki bazasının gücləndirilməsində özünü göstərir. 2004-cü ildə Heydər Əliyev adına lisey, 2005-ci ildə 287 saylı Zəkalar liseyi üçün yeni binalar, 2006-cı ildə 95 və 17 saylı məktəblər, 2007-ci ildə 165 və 59 saylı məktəblər, 2008-ci ildə isə 27, 64 və 116 saylı məktəblər üçün Avropa standartlarına uyğun yeni tədris korpusları inşa edilmiş, 98, 171, 204, 261, 264, 147 və 254 saylı məktəblər isə əsaslı təmir olunaraq şagirdlərin ixtiyarına verilmişdir. Əhmədli qəsəbəsində tikilən yeni uşaq bağçası da öz körpə sakinlərini qoynuna almışdır.

Heç şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin "neft kapitalını insan kapitalına çevirək" çağırışına cavab olaraq atılan addımlardır və özünü təhsilin keyfiyyətində göstərməyə bilməzdi. Belə ki, 2003-cü ildə ali məktəblərə daxil olan Xətai rayon ümumtəhsil məktəblərinin məzunlarının sayı 1255 nəfər idisə, 2008-ci ildə bu rəqəm 1534 nəfərə çatmışdır. Maraqlıdır ki, bütün ölkədə orta təhsilin səviyyəsinin qalxması qəbul imtahanlarında rəqabətin daha da güclənməsinə gətirsə də Xətai rayonunun orta məktəbləri 2010-2011-ci tədris ilində də nəinki Bakı şəhəri, bütün Azərbaycan üzrə yenə birinci yerə çıxırlar. Tələbə adını qazanmış məzunlardan 117 nəfəri 650, 324 nəfəri isə 600-dən yuxarı bal toplamışlar. Onlardan 10 nəfəri isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.

Müstəqillik illərində rayonun mədəni həyatının inkişafı imkanlarının artırılmasına da xüsusi diqqət yetirilmişdir. Rayonun ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkı yenidən qurulmuşdur. Azərbaycan neft sənayesində xidmətləri olan Nobel qardaşlarının fəaliyyətini əks etdirən tarixi abidələrin bir çoxu bərpa olunmuş və Bakı Nobel İrsi Fondu tərəfindən bərpa edilmiş Nobel qardaşlarının yaşadığı ev muzey kimi fəaliyyətə başlamışdır. Rayonun turizm imkanlarını geninləşdirmək üçün bu cür abidələrin bərpası şübhəsiz böyük rol oynayır.

Yeri gəlmişkən, son illər rayonda turizm və istirahət obyektlərinin sayında da artım dinamikası özünü göstərir. Son məlumatlara görə, hazırda bu qism obyektlərin sayı 120-yə çatmışdır. Turizm imkanlarının artdığını istirahət edən insanların sayının artımından da aydın görmək olar. Belə ki, 2003-cü ildə rayonun turizm və istirahət obyektlərində 3822 nəfər gecələmişdisə, bu göstərici dörd dəfə artaraq 15500 nəfər təşkil etmişdir.

Azərbaycan Dövlət Müstəqilliyinin 20 illiyi ərəfəsində görülən bütün bu işlərə rəğmən qarşıda nə kimi vəzifələrin durduğu ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova müraciət etdik. Bir qədər fikrə getdikdən sonra deyir:

- Ən çətin və tarixi bir işi, Azərbaycan xalqı qarşısında misilsiz bir xidməti ümummilli lider Heydər Əliyev həyata keçirmiş və müstəqil dövlətçiliyimizin əbədiliyini və dönməzliyini təmin etmişdir. Bu möhtəşəm tarixi missiyanı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev çox böyük uğurla davam etdirir. Bizim bütün bu nəhəng işlərlə müqayisəyə belə gəlməyən işimiz sadəcə xalqa azacıq da olsa xidmət göstərmək, üzərimizə düşən vəzifələri yerinə yetirməkdir.

Şübhəsiz, Xətai rayonunda müstəqillik dönəmində çox böyük işlər görülüb. Bütövlükdə respublikanın bu illər ərzindəki sürətli sosial-iqtisadi inkişafı fonunda başqa cür ola da bilməzdi. Etiraf etməliyəm ki, gördüyümüz hər bir işdə, qazandığımız hər bir uğurda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rolu və dəstəyi var. Onun iqtisadi inkişaf strategiyasının həyata keçməsinin əsas uğuru xalqımızın öz prezidentinə sonsuz inamı və dəstəyi ilə bağlıdır.

Biz elə düşünürük ki, ümummilli liderimiz Heydər Əliyevin Xətaini " şəhər"ə çevirmək arzusunu yerinə yetirmək üçün görülən işlər kifayət deyil. Amma bir fakt danılmazdır ki, sürətlə inkişaf edən, gözəlləşən paytaxt Bakının Xətai rayonu da elə bu templə gedir. Bir çox ölkələrin səfirliklərinin binalarının tikintisi, elə bu günlərdə Fransa Prezidentinin və Azərbaycan Prezidentinin birgə iştirakı ilə təməli qoyulan Fransız liseyinin, yeraltı və yerüstü keçidlərin tikintisi və həyata keçirilməkdə olan bir çox digər layihələr " şəhər" arzusunun gerçəkləşməsinə öz töhfəsini verəcək.

- Bizim və bütövlükdə Azərbaycan xalqının bəxti onda gətirib ki, ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin idarəçiliyi onun özü kimi qətiyyətli, iti zəkalı, dünyanın siyasi gündəmini dərindən bilən, müasir dövrün liderinə, son dərəcə enerjili bir siyasətçiyə, Prezident cənab İlham Əliyevə etibar olunub.

Bu sözləri isə rayonun qocaman sakini, el ağsaqqalı Qurban Əlizadə söyləyir və çox böyük fərəhlə Prezident İlham Əliyevlə uzun illər yaşadığı Əhmədli kəndindəki görüşünü xatırlayır. Dövlət başçısının Xətaiyə bu gəlişi sayca bəlkə də 12-ci idi. Ondan sonra da səfərlər oldu. Amma bu gəliş Qurban müəllimin hədsiz sevincinə ona görə səbəb olub ki, məhz bundan sonra dövlət başçısı qədim Əhmədli kəndində yeni poliklinika binasının tikintisinə sərəncam verdi. Biz isə əminik ki, dövlət başçısının nəinki Xətai rayonu, bütün Azərbaycanın çiçəklənməsi üçün belə sərəncamları, əzəmətli layihə və proqramları hələ çox olacaq. Bu isə o deməkdir ki, müstəqilliyin Azərbaycana gətirəcəyi tərəqqi, inkişaf və firavanlıq dünya durduqca davam edəcək.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 15 oktyabr.- S. 7.