Suraxanıda
dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd edildi
Suraxanı
rayonunda müstəqilliyimizin bərpasının iyirminci
ildönümü münasibətilə Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası və rayon icra hakimiyyəti ilə birgə
"Heydər Əliyev: Azərbaycanın dövlət
müstəqilliyi bizim tarixi nailiyyətimizdir" mövzusunda
elmi-praktik konfrans keçirilmişdir. Tədbirdən əvvəl
iştirakçılar Heydər Əliyev parkında ulu
öndərin abidəsini ziyarət etmiş, önünə
tər güllər qoymuşlar.
Konfrans
dövlət müstəqilliyinin bərpasının 20 illiyinə
həsr olunan filmin nümayişi ilə
başlamışdır.
Konfransda
rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov
tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın
dövlət müstəqilliyinin 20-ci
ildönümünün hər bir azərbaycanlının
böyük fəxrlə qeyd etdiyi bir bayram olduğunu
bildirmişdir. İ.Abbasov ölkəmizin dövlət
müstəqilliyinin çox mürəkkəb tarixi və
siyasi şəraitdə bərpa edildiyini, yalnız
xalqımızın ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıtmasından sonra, 1993-cü ilin iyun
ayından etibarən ölkədə formalaşmağa
başlayan yeni siyasi kurs nəticəsində cəbhədə
atəşkəsə nail olunduğunu, vətəndaş
müharibəsi təhlükəsinin, separatçılıq
meyillərinin qarşısının
alındığını və dövlət quruculuğu
sahəsində konkret addımlar atıldığını
diqqətə çatdırmışdır. Natiq eyni zamanda
xatırlatmışdır ki, dahi rəhbər Heydər Əliyev
ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən
sonra ölkəmizin müstəqil, demokratik, hüquqi,
dünyəvi, qanunun aliliyinə və vətəndaş cəmiyyətinə
əsaslanan dövlətə çevrilməsi məqsədilə
milli dövlət quruculuğu prosesinin həyata keçirilməsi
üçün zəruri işlər görülmüş,
ölkə həyatının bütün sahələrini əhatə
edən köklü islahatlara başlanılmışdır.
Ölkəmizdə
yeni dövlət quruculuğu tarixinin son səkkiz ilinin ulu
öndərin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fədakar fəaliyyəti
ilə bağlılığını qeyd edən natiq bu illər
ərzində ölkəmizdə sosial - iqtisadi sahələrdə
həyata keçirilən genişmiqyaslı tədbirlər, əhalinin
maddi vəziyyətinin daha da
yaxşılaşdırılması ilə əlaqədar
reallaşdırılan islahatlar barədə tədbir
iştirakçılarına geniş məlumat vermişdir.
Natiq diqqətə çatdırmışdır ki, məhz
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu
strategiyanın nəticəsidir ki, dünyada maliyyə
böhranı tüğyan etdiyi bir vaxtda Azərbaycanda iqtisadi
artımın səviyyəsi 9,3 faiz olmuşdur. Əhalinin
rifahının yaxşılaşdırılması sahəsində
həyata keçirilən proqramların icrası, eləcə
də Prezident İlham Əliyevin sosial təminatların, əmək
haqlarının və müavinətlərin artırılması
ilə bağlı imzaladığı sərəncamlar məhz
bu iqtisadi inkişafın təzahürüdür.
Sonra
Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi
Əlikram Abdullayev çıxış edərək, ölkəmizin
son 20 ildə qazandığı nailiyyətlər, iqtisadi və
sosial həyatın bütün sahələrində
aparılan islahatlar barədə fikirlərini
bölüşmüşdür.
Tədbirdə
çıxış edən Dövlət İdarəçilik
Akademiyasının "Geostrateji Araşdırmalar Mərkəzi"nin
müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyev, kafedra
müdiri, dosent Rəfrəddin Nağıyev, 279 saylı tam
orta məktəbin müəllimi, tarix elmləri namizədi
İlqar Niftəliyev, kafedra müdiri Firdovsiyyə Əhmədova
Azərbaycanın müstəqilliyinin bərpası tarixi barədə
ətraflı məlumat vermiş, ulu öndər Heydər Əliyevin
və onun siyasi varisi Prezident İlham Əliyevin ölkəmizin
dünya dövlətləri arasında layiqli yer tutması
üçün həyata keçirdiyi işlərdən
danışmışdır.
Sonda
Heydər Əliyev parkında Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi və rayon icra hakimiyyəti ilə
birgə təşkil edilən kitab sərgisinə, habelə
məktəblilərin əl işlərinə və qalib
inşa yazılarına baxış keçirilmişdir.
Axşam
isə Heydər Əliyev parkında rayondakı mədəniyyət
saraylarının və tanınmış incəsənət
ustalarının iştirakı ilə bayram konserti
olmuşdur.
V.BAYRAMOV
Xalq qəzeti.- 2011.- 15 oktyabr.- S. 8.