Qəbələdə
dövlət müstəqilliyinin 20 illiyi
silsilə tədbirlərlə qeyd olunur
Azərbaycanın
öz dövlət müstəqilliyini bərpa etməsinin 20
illiyi ölkənin hər yerində olduğu kimi Qəbələ
rayonunda da xeyli müddətdir ki, silsilə tədbirlərlə
qeyd olunur. Rayon İcra Hakimiyyəti Aparatında təsdiq
olunmuş Tədbirlər Planının əsas bəndi olan
ümumrayon konfransının iştirakçıları
öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki
abidəsi önünə tər çiçək dəstələri
düzmüş, Şəhidlər Xiyabanını ziyarət
etmişlər. Sonra Heydər Əliyev Muzeyi ilə
tanış olan tədbir iştirakçılarına ulu
öndərin titanik siyasi xidmətini əks etdirən
çoxsaylı tarixi sənədlər təqdim
olunmuşdur. Qeyd olunmuşdur ki, ümummilli liderin siyasi
hakimiyyətə qayıdışı təkcə vətəndaş
müharibəsinin bir addımlığında olan ölkəmizə
nicat gətirməmişdi, həm də Azərbaycanın
dövlət müstəqilliyinin əbədiləşdirilməsinə
zəmin yaratmışdı.
Rayon
mərkəzindəki Heydər Parkında Qəbələnin
son 20 ildə keçdiyi inkişaf yolunu əks etdirən sərgiyə
baxış təşkil olunmuşdur. Qəbələnin sənaye
və kənd təsərrüfatı müəssisələrində
istehsal olunmuş məhsullar tədbir
iştirakçılarının böyük marağına
səbəb olmuşdur. Rayon məktəblilərinin əl
işlərindən ibarət sərgi isə daha böyük
məmnunluq yaratmışdır. Rayonun tarixinə, mədəniyyətinə
və təbiətinə həsr olunmuş istənilən
eksponat diqqət çəkirdi.
"Qafqaz"
Otelində keçirilən "Müstəqilliyin 20
illiyi" konfransında rayon icra hakimiyyətinin
başçısı Səbuhi Abdullayev geniş məruzə
ilə çıxış edərək gənc müstəqil
dövlətimizin keçdiyi şanlı yolun bütün
detalları barədə əhatəli söz
açmışdır. Natiq qeyd etmişdir ki, Azərbaycan
xalqı bir əsrdə ikinci dəfə dövlət müstəqilliyinə
qovuşanda misilsiz bir xoşbəxtlik hissi
yaşayırdı. Ancaq müstəqilliyin ilk illərində
ölkəyə rəhbərlik edənlərin siyasi
diletantlığı və təcrübəsizliyi
ucbatından ölkə vətəndaş müharibəsi həddinə
gətirilmiş, paytaxt başda olmaqla bütün şəhər
və rayonlarda xaos və anarxiya mühiti
formalaşmış, müstəqilliyin əldən getmək
təhlükəsi yaranmışdı. Bütün
bunları günün reallığı kimi qiymətləndirməyi
bacaran xalqın öndə gedən ziyalıları
çıxış yolunu ulu öndər Heydər Əliyevi
Naxçıvandan Bakıya dəvət etməkdə
görürdülər. Heydər Əliyevin xalqın təkidli
tələbləri ilə reallaşan siyasi
qayıdışı ölkədə vətəndaş
müharibəsinin qarşısını aldı, xaos və
anarxiya son qoyuldu, xalqın dövlətə inamı bərpa
edildi və ən başlıcası dövlət müstəqilliyimizin
ikinci dəfə əldən getməsi təhlükəsi
sovuşdu. Bir sözlə, ulu öndər Heydər Əliyev
Azərbaycan xalqına Qurtuluş, milli dövlətçiliyimizə
isə nicat gətirdi. Bu gün cənab Prezident İlham Əliyev
ulu öndərin siyasi kursunu böyük prinsipiallıq və
ardıcıllıqla davam etdirir.
Natiq
qeyd etdi ki, geridə qalan 20 ildə təkcə Qəbələ
rayonu deyil, bütövlükdə respublikamız mükəmməl
bir inkişaf yolu keçmişdir. Dövlətin yeritdiyi
sosial yönümlü daxili siyasət ölkə əhalisinin
rifah halını gündən-günə
yaxşılaşdırır, respublikamız beynəlxalq aləmdə
özünəməxsus nüfuz qazanır.
Milli
Məclisin Qəbələdən seçilmiş deputatı,
el ağsaqqalı Fəttah Heydərov öz
çıxışında müstəqilliyin qorunub
saxlanılmasında ulu öndər Heydər Əliyevin tarixi
xidmətlərindən bilavasitə özünün şahidi
olduğu konkret faktlar əsasında söz açdı. O
qeyd etdi ki, Heydər Əliyevin xalqımız
qarşısındakı böyük xidmətlərindən
biri məhz Prezident İlham Əliyev kimi dünya miqyaslı
siyasətçinin yetişdirilməsi idi: "Heydər Əliyevin
ən böyük əsərləri Azərbaycanın
dövlət müstəqilliyi və müstəqil Azərbaycanın
bugünkü Prezidentidir".
Bayram
tədbirində çıxış edən natiqlərin
hamısı Azərbaycanın hərtərəfli
inkişafından söz açdılar, müstəqilliyin
xalqımıza bəxş etdiyi xoşbəxtlikdən
danışdılar. Yubiley tədbiri böyük bayram konserti
və atəşfəşanlıqla başa
çatdırıldı.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.-15 oktyabr.- S. 8.