Qaradağ: müstəqillik yolunda şəhid olanların xatirəsi yad edildi

 

Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətiylə keçirilən tədbirlərin sırası genişləndikcə onların xarakter və məzmunu daha geniş miqyas alır.

 

Bu baxımdan Qaradağ rayonundakı şəhid Etibar Şirəliyev adına 274 nömrəli orta məktəbdə keçirilən tədbir özünəməxsusluğu ilə seçilirdi. "Müstəqillik: onu bizə xalqın fədakar övladları bəxş etmiş, ulu öndər Heydər Əliyev əbədiləşdirmişdir" adlı tədbirdəki çıxışlar da məhz bu iki istiqamətə yönəlmişdi - şəhidlərin xatirəsinin yad edilməsinə və türk dünyasının böyük oğlu Heydər Əliyevin titanik və tarixi xidmətlərinin qiymətləndirilməsinə.

Rayon rəsmilərinin, Yeni Azərbaycan Partiyası təmsilçilərinin, mətbuat nümayəndələrinin və Müşfiqabad qəsəbə sakinlərinin iştirak etdiyi tədbirdə çıxış edən məktəb direktoru Atakişi Cəfərov qeyd etdi ki, öz tarixi boyu bir əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı bu mənəvi sərvətin qorunmasına və əbədiləşdirilməsinə görə hələ yüz illər boyu ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinə minnətdar olacaqdır: "Heydər Əliyev siyasi dühası Azərbaycan xalqına elə bir səadət bəxş etmişdir ki, planetin müxtəlif guşələrində yaşayan 50 milyonluq soydaşlarımızın hər bir fərdi həmin səadətin şirinliyini dadır".

Qəsəbə bələdiyyəsinin sədri Elman Quliyev, direktor müavini Emiliya Əliyeva, müəllimlər və valideynlər çıxış edərək dövlət müstəqilliyimizin bərpasından keçən 20 ildə respublikamızın əldə etdiyi hərtərəfli nailiyyətlərdən söz açmışlar. Qeyd olunmuşdur ki, orta məktəbin sonuncu sinfini dövlət müstəqilliyimizin yubiley ilində oxuyan "XI C" sinif şagirdlərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu tədbir Azərbaycan gənclərinin Heydər Əliyev siyasi irsinə sədaqətinin nümunəsi kimi dəyərləndirilir. Tədbir böyük bayram konserti ilə davam etdirilmişdir.

 

 

İ.MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 15 oktyabr.- S. 8.