Masallıda turizm sərgisi
Bakı-Astara
magistral avtomobil yolunun 230 kilometrliyində yerləşən
Masallı rayonu relyefinə və təbiətinə görə
ölkəmizin səfalı guşələrindən
sayılır. Bir tərəfi Talış dağları və
meşələri ilə, bir tərəfi isə Xəzər
dənizi ilə əhatə olunub. Bütün bunlar
Masallıda turizmin inkişafına gözəl zəmin
yaradır. Məhz dövlət müstəqilliyimiz bərba
edildikdən sonra rayonda bu imkan geniş şəkildə
gerçəkləşdirilməyə başlayıb.
Tarixən
yaxın və uzaq ellərdən Masallıya qonaq gələn
insanlar burada yerin təkindən çıxan möcüzəli
isti sudan müalicə məqsədilə istifadə ediblər.
Bu gün Masallı beynəlxalq standartlara cavab verən turizm
xidməti şəbəkəsinə, yerli və xarici
qonaqları layiqincə qəbul etmək imkanına malikdir.
Ümumilikdə rayonda 31 turizm, istirahət və əyləncə
mərkəzi fəaliyyət göstərir. Onlardan 26-nın
xüsusi lisenziyası var. Rayonda fəaliyyət göstərən
turizm obyektləri eyni vaxtda 1100-ə yaxın turistə xidmət
edə bilər. Bu obyektlərdə mövcud olan 1040 nömrədən
70-i lüks dərəcəli, 660-ı birinci dərəcəli,
310-u isə turist dərəcəli nömrələrdir.
İstirahətə gələn turistlərə 3 marşrut
üzrə turlar təklif olunur. Rayonun görməli yerlərinə,
tarixi abidələrinə, ziyarətgahlara, muzeylərə,
Yardımlı şəlaləsinə və Lənkərana səyahətlər
təşkil edilir.
Bu
ilin 9 ayı ərzində rayona ümumilikdə 14300-ə
yaxın turist gəlib. Onlardan 500 nəfəri xarici turistlər
olub.
Bu
günlərdə Masallı şəhərinin mərkəzindəki
"Dövlət Bayrağı" Meydanında Dövlət
müstəqilliyinin bərpasının 20 illiyi və
"Turizm ili" çərçivəsində maraqlı turizm
sərgisi təşkil edilib. Sərgidə rayonun turizm, istirahət
və əyləncə obyektləri öz xidmətlərini və
bölgə mətbəxinin ləziz təamlarını
nümayiş etdiriblər. Turizm mərkəzlərinin
reklamı baxımından da sərginin önəmi
böyük olub.
Eyni
zamanda, sərgidə el sənətkarlarının əl
işləri, rayonun Hişkədərə kəndində yerləşən
R.Tağıyev adına Masallı Tarix-diyarşünaslıq
muzeyinin nadir eksponatları sərgilənib. Bölgənin
özəl nemətləri də özünəməxsus bir
tərzdə təqdim olunub.
Tədbirdə
turizm sahəsində səmərəli fəaliyyətinə
görə bir neçə turist obyekti Masallı Rayon İcra
Hakimiyyətinin başçısı Qəzənfər
Ağayev tərəfindən fəxri fərman və qiymətli
hədiyyələrlə mükafatlandırılıblar.
Minlərlə
rayon sakininin və qonaqların iştirak etdiyi sərgidən
sonra maraqlı konsert proqramı təqdim olunub. Rayon mədəniyyət
evinin özfəaliyyət kollektivləri, dünya şöhrətli
"Halay" folklor ansamblı və veteranlardan ibarət rəqs
qrupları rəngarəng musiqi nömrələri ilə
çıxış ediblər. Tədbir ona
qatılanların hamısına əsl bayram ovqatı bəxş
edib.
Əli NƏCƏFXANLI
Xalq qəzeti- 2011.- 16 oktyabr.- S. 8.