Sabunçu rayonunda
müstəqilliyimizin bərpasının 20 illiyi
təntənə ilə qeyd olundu
Azərbaycanın
müstəqilliyinin bərpa olunmasından 20 il ötür. İndi
ölkəmizin hər yerində bu münasibətlə tədbirlər
keçirilir, ötən illər qazanılmış nailiyyətlərdən
söhbət açılır.Sabunçu rayonunda da bununla
bağlı təntənəli mərasim
keçirilmişdir.
Tədbirdə
Sabunçu Rayon İcra Hakimiyyətinin
başçısı Əlibaba Əliyev geniş məruzə
ilə çıxış etdi. Ə. Əliyev bildirdi ki,
xalqımız hələ 1918-ci ildə müsəlman Şərqinin
ilk demokratik respublikasını - Azərbaycan Xalq Cümhuriyyətini
yaratmışdır. Təəssüf ki, bir sıra obyektiv səbəblər
üzündən cümhuriyyət cəmi 23 ay müddətində
mövcud olmuşdur. Azərbaycan xalqının tarixində
Heydər Əliyev dövrü isə müstəqilliyə
doğru böyük dönüş və milli oyanış
dövrü kimi yadda qalmışdır
Dövlət
müstəqilliyinin ilk illərində ölkəmizdə
aparılan quruculuq işləri həyatımızın
bütün sahələrində uğurla davam etdirilərək
daha da geniş miqyas aldı.
Natiq
müstəqillik illərində ölkədə, o cümlədən
Sabunçu rayonunda həyata keçirilən quruculuq işlərindən
ətraflı bəhs etdi. O bildirdi ki, ümummilli lider Heydər
Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi
sahəsindəki misilsiz xidmətlərindən biri də
özündən sonra dövlətçilik irsinin əbədiliyini
təmin edəcək qüdrətli varis və lider
yetişdirməsidir. Ötən 8 ildə ulu öndərin
müəyyənləşdirdiyi strategiyanı uğurla davam
etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
fəaliyyətini diqqətlə nəzərdən
keçirdikdə isə onun xalqına və dövlətinə
qəlbən bağlı lider olduğu bir daha aydın görünür.
O, daha sonra dedi:- Rayonumuzun inkişafından danışarkən
fəxrlə qeyd etməliyəm ki, bu tərəqqinin əsl
müəllifi Prezidentimiz cənab İlham Əliyevdir.
Respublika rəhbərinin sahibkarlığın
inkişafı, işsizliyin aradan qaldırılması, yeni
iş yerlərinin açılması ilə bağlı
proqram tapşırıqlarının həyata keçirilməsi
rayonumuzun inkişafı ilə bağlı prioritet istiqamətlərdən
olmuşdur.
Son
illər Sabunçu rayonunda cənab Prezidentin birbaşa təşəbbüsü
və himayəsi sayəsində bir sıra mühüm obyektlərin
tikintisinin təməli qoyulmuş və inşası
uğurla davam etdirilir. Bunlara misal olaraq Balaxanı qəsəbəsi
ərazisində "Bərk tullantılar" poliqonunun yeniləşdirilməsi
və orada müasir standartlara cavab verən zavodun
inşasını, Sabunçu qəsəbəsi ərazisində
regionda ən böyük stadionun tikintisini, Bakı-Aeroport və
Sumqayıt dairəvi yolunun Sabunçu rayonu ərazisindən
keçən hissəsində müasir tipli yolun
inşasını, ətrafda aparılmış yenidənqurma
və abadlıq işlərini göstərmək olar ki,
bütün bunlar şəhərin, eləcə də
rayonumuzun görünüşünü əsaslı şəkildə
dəyişmişdir.
Müstəqilliyinin
bərpasından keçən 20 il ərzində rayon ərazisində
onlarca sosial obyektlərin tikintisi aparılmış, təhsil,
səhiyyə, mədəniyyət və idman qurğuları
inşa edilmişdir. Şəhid ailələri və
Qarabağ əlilləri üçün Bakıxanov qəsəbəsində
beşmərtəbəli 2 bina, Zabrat qəsəbəsində
9 mərətəbəli 81 mənzilli bina tikilib istifadəyə
verilmiş, Maştağa Olimpiya Mərkəzi, Nardaran qəsəbəsində
idman zalı, Kürdəxanı-Pirşağı və
Balaxanı qəsəbələri ərazisində idman
kompleksləri inşa edilmişdir.
Bu
illər ərzində 7182 şagird yerlik 9 yeni məktəb
tikilmiş, 14 məktəbdə 4040 şagird yerlik əlavə
tədris korpusları, üç məktəbəqədər
uşaq müəssəsi istifadəyə verilmiş, 9-da əsaslı
təmir işləri aparılmışdır, həmçinin
4 peşə liseyində əsaslı təmir işləri
görülmüşdür.
Bu
gün biz böyük minnətdarlıq hissi ilə qeyd etməliyik
ki, Sabunçu rayonu ərazisində onlarca sosial
yönümlü yeni müəssisələr tikilmiş və
ya əsaslı təmir olunmuşdur, yüzlərlə aztəminatlı
rayon sakini fondun failiyyətindən bəhrələnərək
sağlamlığını bərpa etmiş və sosial-məişət
problemlərini həll etmişdir. Onu da nəzərinizə
çatdırmaq istəyirəm ki, Heydər Əliyev Fondu
xeyirxah işlərinin davamı olaraq hazırda
Pirşağı qəsəbəsində 112 saylı orta məktəb
və 226 saylı uşaq bağçasının köhnə
binalarını sökərək yerində müasir tipli 3 mərtəbəli
məktəb binasının və uşaq
bağçasının tikintisinə
başlamışdır.
Bildiyiniz
kimi, əvvəllər qəbul edilmiş və uğurla
hayata keçirilən sosial yönümlü dövlət
proqramlarının davamı kimi möhtərəm Prezident
İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə
təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"
çərçivəsində ümumən nəzərdə
tutulmuş 16 sahəni əhatə edən tədbirlərin həyata
keçirilməsinə başlanmışdır.
Biz
bütün bunları rayonumuza göstərilən diqqət və
qayğının təzahürü kimi qiymətləndirir və
fürsətddən istifadə edərək bütün rayon
sakinləri adından cənab Prezidentimizə dərin minnətdarlığımızı
bildiririk. Prezidentimizi əmin edirik ki, biz bundan sonrada bu və
ya digər dövlət proqramlarının həyata
keçirilməsində yaxından iştirak edərək
Müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə
öz əməli töhfələrimizi verəcəyik.
Sonra
YAP Sabunçu rayon təşkilatının sədri
M.Abbasquliyeva,"Neftqazmaş"ASC-nin sədri V.Hacıyev və
Milli Məclisin deputatı E.Quliyev çıxış edərək
müstəqillik illərində həyata keçirilən
islahatlardan, ölkəmizin beynəlxalq aləmdə
qazandığı nüfuzdan danışdılar.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 16 oktyabr.- S. 7.