Azərbaycan
Respublikasının dövlət müstəqilliyi milli - mənəvi sərvətimizdir
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasından
keçən 20 il ərzində ölkəmizin həyatında
çoxlu sayda əlamətdar hadisələr baş
vermişdir. Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasi strategiyanın möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən böyük uğurla
davam etdirilməsi müstəqil Azərbaycanın dünya
birliyindəki əlaqələrini getdikcə genişləndirmiş
və ölkəmizi dünyanın inkişaf etmiş qüdrətli
dövlətləri sırasına qoşmuşdur. Hazırda
Azərbaycanın iştirakı olmadan regionda hər hansı
bir iri infrastruktur layihəsinin reallaşdırılması
qeyri-mümkündür. Ölkəmiz iqtisadiyyatın
inkişaf tempinə görə dünyada lider dövlətlərdən
biridir. Dövlət başçımızın
düşünülmüş daxili və xarici siyasəti bu
uğurları daha da möhkəmləndirir, Azərbaycanın
beynəlxalq aləmdəki nüfuzunu artırır, dünya
birliyinə inteqrasiyasını sürətləndirir.
2011-ci
il oktyabrın 18-də Azərbaycanın həyatında daha
bir mühüm tarixi hadisə baş verəcək. Həmin
gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu
illər ərzində ölkəmiz kəşməkəşli,
çətin, lakin şərəfli bir yol keçmişdir.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu yolunda qətiyyətli addımlar
atılmış, mühüm əhəmiyyətli tədbirlər
həyata keçirilmiş, beynəlxalq standartlara cavab verən
qanunlar qəbul olunmuşdur. Bütün bunlar
xalqımızın ötən illər ərzində
qazandığı tarixi nailiyyətlərdir. Azərbaycanın
dövlət müstəqilliyi hər bir azərbaycanlının
qürur mənbəyi, milli sərvətidir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təntənəli keçirilməsi, ölkənin bütün ərazisində yüksək səviyyədə qeyd olunması üçün Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycanın dövlət mustəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğu bildirilir və bu bayramın ölkəmizdə dövlət səviyyəsində, təntənəli surətdə qeyd olunduğu barədə qərar qəbul edilib. Bununla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı" da təsdiq edilib. Hazırda Tədbirlər Planında nəzərdə tutulmuş vəzifələr uğurla həyata keçirilir və dövlət müstəqilliyimizin iyirminci ildönümünün böyük təntənə ilə keçirilməsi üçün bütün imkanlardan istifadə olunur.
20 il hər bir xalqın tarixində o qədər də böyük müddət deyil. Bu müddət ərzində müstəqilliyi qoruyub saxlamaq, əbədiləşdirmək çox çətin və məsuliyyətli bir işdir. SSRİ-nin süqutundan sonra - 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa edən Azərbaycanın qarşısında çox çətin bir vəzifə dururdu: müstəqilliyi qoruyub saxlamaq və əbədi etmək. Bu çətin, lakin şərəfli missiyanı həyata keçirmək üçün millətin layiqli lideri, dünya miqyaslı dövlət xadimi, qarşıya çıxan çətinlikləri aradan qaldırmağa qadir olan, xalqı arxasınca apara biləcək rəhbərin olması vacib şərtlərdən biri idi. Çünki Azərbaycan bir dəfə dövlət müstəqilliyini elan etmiş, lakin cəmi 23 ay sonra bu müstəqilliyi itirmişdir.
1918-ci il may ayının 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsi xalqımızın tarixində və taleyində çox mühüm siyasi hadisə idi. Azərbaycan Demokratik Respublikasının elan edilməsi milli tariximiz üçün çox əhəmiyyətlidir. Hər şeydən əvvəl ona görə ki, millətimizin şərəfi xilas edildi və böyük bir təhlükədən qurtulduq. O zaman Rusiyada baş vermiş inqilablar imperiyanı dağıtmışdı. Belə bir şəraitdə ya öz müstəqilliyini elan edib milli dövlətini yaratmalı, ya da hansısa dövlətin müstəmləkəsinə çevrilməli idik. Yeganə yol Azərbaycan Demokratik Respublikasının elan edilməsi idi. Beləliklə, Azərbaycan Demokratik Respublikası bütün Şərqdə, islam və türk dünyasında ilk demokratik respublika oldu. XIX əsrin əvvəllərində itirilmiş milli-dövlətçiliyin bərpası faktı millətin taleyində mühüm hadisə kimi təqdirəlayiq idi. Milli dövlətçiliyin bərpası kimi yaradılmış ADR qısa vaxtda öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. Tarixi faktlar da təsdiqləyir ki, Azərbaycan Demokratik Respublikası bu dövrdə yaranmış milli respublikalar içərisində ən demokratik dövlət idi. Azərbaycanda yaşayan bütün xalqlar və bütün siyasi partiyalar parlamentdə təmsil olunurdu. Digər tərəfdən ADR ənənəvi tarixi ərazilərimizə sahib durmuşdu. Eyni zamanda Azərbaycanın milli sərvətlərindən xalqımızın mənafeyinə uyğun istifadə edilirdi.
ADR-in müstəqilliyinin elan olunmasından 23 ay sonra - 1920-ci ilin aprelində xarici təcavüz nəticəsində beynəlxalq münasibətlərə və beynəlxalq hüquqa zidd olaraq dünya ölkələri tərəfindən tanınmış suveren dövlət - Azərbaycan Demokratik Respublikası zorla, silah gücünə devrildi. Hakimiyyət rus imperiyası tərəfindən qəsb edildi. Buna baxmayaraq, Şərqdə ilk müstəqil müsəlman dövlətinin yaradılması xalqımızın yaddaşına əbədi həkk oldu. Bu çox böyük tarixi bir hadisə idi. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını böyük tarixi hadisə adlandıraraq demişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yapradılması tarixi hadisə idi. Həm bizim xalqımız üçün, həm də dünya miqyasında bu hadisənin çox böyük tarixi əhəmiyyəti var idi. Xalqımız üçün əhəmiyyəti ondan ibarət idi ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı müstəqilliyə qovuşmuş, müstəqil dövlətini qurmuşdu. Dünya miqyasında əhəmiyyəti ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaradılmışdı. Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl Bakının mərkəzində Azərbaycan Demokratik Respublikasının şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir".
SSRİ-nin süqutundan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmək şansı qazandı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi və bununla da öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. 1991-ci ildə Azərbaycanın müstəqillik yoluna qədəm qoyması onun tarixində yeni səhifə açdı. Qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla beynəlxalq hüququn subyektinə çevrildi. Həmin gün Azərbaycan tarixinə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edildi. Onun yarandığı 28 may tarixi Respublika Günü kimi qeyd olunmağa başladı. O vaxt qarşıya çıxan problemlərin təcili həll edilməsi kəskin zərurətə çevrilmişdi. Təəssüf ki, müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edənlərin yarıtmaz fəaliyyəti, səriştəsizliyi xarici təcavüzün dəf edilməsində, daxili siyasi vəziyyətin sabitləşdirilməsində aciz qalmalarında da özünü büruzə verdi. Onların qətiyyətsizliyi, qorxaqlığı yetişməkdə olan vətəndaş müharibəsinin qarşısını ala bilmir, tənəzzüldə olan iqtisadiyyatı dirçəldə və ölkənin beynəlxalq qurumlarla əlaqələrinin qurulmasında heç bir irəliləyişə nail ola bilmirdi. Xüsusən xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar tamailə unudulmuşdu. Azərbaycanda daxili siyasi qarşıdurma son həddə çatmış, separatçı meyillər daha da güclənmişdi. Belə bir şəraitdə müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün millətin sıx birləşdirilməsi çox çətin məsələ idi. Odur ki, müstəqil Azərbaycanın yaşaması və beynəlxalq aləmə inteqrasiyası üçün xalqı arxasınca apara bilən, dövlət idarəçiliyində zəngin təcrübəsi olan liderə böyük ehtiyac var idi. Belə bir lider yalnız müdrik şəxsiyyət Heydər Əliyev idi...
1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda həyat tədricən öz axarına düşdü. Həmin dövrü öz əsərlərində xüsusi vurğulayan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev yazır: "Tarixi miqyaslı şəxsiyyət olan Heydər Əliyev ölkədə yaranmış vəziyyəti hərtərəfli düşünülmüş şəkildə qiymətləndirərək, Azərbaycan dövlətinin varlığının özü üçün gərəkli, təcili və həyati əhəmiyyətli məsələlərin - hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, döyüş qabiliyyətli ordu yaradılması kimi məsələlərin həlli naminə bütün Azərbaycan cəmiyyətini sıx birləşdirə və səfərbər edə bildi. Xarici dövlətlərin rəhbərləri, dünyanın tanınmış analitikləri birmənalı şəkildə etiraf edirlər ki, Heydər Əliyev XX əsrin ikinci yarısının - XXI əsrin əvvəlinin siyasi tarixində görkəmli siyasi xadim və dövlət xadimi kimi qalacaqdır. Çox böyük siyasi təcrübəsi, nadir xarizması, natiqlik qabiliyyəti və yüksək nüfuzu onu müasir siyasi xadimlər arasında kəskin şəkildə fərqləndirirdi. Onun məqsədi qabaqcıl Avropa standartlarına uyğun milli dövlət yaratmaq idi. Məhz o, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoydu, bununla da milli müstəqilliyin inkişaf vektoruna dönməzlik xarakteri verdi. Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və dərəbəylik vəziyyətindən, dərin iqtisadi və siyasi böhrandan çıxarmağa, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu. Ölkənin xarici siyasi aləmdən təcrid olunmuş vəziyyətdən çıxarılması da onun xidmətidir. O, bütün dünyaya sübut etdi ki, Azərbaycan tərəqqi edən müasir dövlətə çevrilə bilər".
Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və əbədiyyətə çevrilməsində ulu öndərin müstəsna xidmətləri var. Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bu elə bir dövrə təsadüf edirdi ki, həmin illərdə Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da respublikamız haqqında mənfi rəy formalaşmışdı. Belə bir gərgin şəraitdə müdrik şəxsiyyət Heydər Əliyev dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzaladı. Azərbaycan üçün həyati əhəmiyyətli olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Buna qədər isə - 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs barədə razılıq əldə olunması ilə əlaqədar saziş imzalandı. Qarşıda duran vəzifələrin mürəkkəbliyi, cəbhə bölgələrində istər hərbi, istərsə ictimai, istərsə də mənəvi durumun ağırlığı, eləcə də diplomatik danışıqların ilk mərhələsi Ermənistanla atəşkəs barədə razılığa gəlmək zərurəti yaratdı. Bu, həm də ulu öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi.
Müstəqillik illərində ulu öndərin Azərbaycan xalqı, milli dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda müstəsna xidmətlərindən biri də müstəqil dövlətin Konstitusiyasının qəbul edilməsi oldu. 1995-ci ildə Konstitusiya komisssiyası yaradıldı və Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası dünya standartlarına uyğun şəkildə hazırlanıb qəbul olundu. Konstitusiyanın qəbulu ilə Azərbaycanda hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu işin həyata keçirilməsinə başlanıldı.
Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmləndirilməsi qarşıya qoyulan mühüm vəzifələrdən idi. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev səriştəsiz sələflərindən diplomatiya sahəsində ardıcıl məğlubiyyətə uğramış, yaxın qonşuları ilə münasibətləri tamam pozulmuş Azərbaycanı miras götürdü. Məhz ulu öndərin düşünülmüş xarici siyasəti nəticəsində Azərbaycan Respublikası bölgədə özünə layiqli yer tutdu, diplomatiya sahəsində qələbələr əldə edildi. Qısa müddət ərzində Azərbaycan 150-dən artıq ölkə ilə diplomatik əlaqə qurdu. Ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərin sayı artaraq 82-yə çatdı. Azərbaycanın isə 29 xarici ölkədə nümayəndəlikləri yaradıldı. Bütün bunlar qüdrətli şəxsiyyət Heydər Əliyevin dövlət müstəqilliyinə bəxş etdiyi ən layiqli töhfələr idi.
Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və əbədi olmasında azərbaycançılıq ideyasının yaradılması və təbliği böyük rol oynayıb. Ulu öndər tərəfindən əsası qoyulan azərbaycançılıq ideyasının mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Akademik R.Mehdiyev öz əsərlərində azərbaycançılıq ideologiyasını çox yüksək qiymətləndirərək yazır: "Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından, koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyatı yaradan cəmiyyətə çevirəcəkdir".
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasi fəaliyyəti dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Möhtərəm Prezidentimizin bütün fəaliyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasına, ölkəmizin mövqelərinin daha da möhkəmləndirilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, Milli Ordunun qüdrətlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına, yeni iş yerlərinin açılmasına istiqamətlənib. 2003-cü ildən bu vaxta qədər bir milyona yaxın yeni iş yeri açılmış, dünya standartlarına uyğun istehsal və sənaye müəssisələri yaradılmış, iri infrastruktur layihələri reallaşdırılmışdır.
Xarici siyasət sahəsində qazanılan uğurlar dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə ən layiqli töhfələrdəndir. 2003-cü ildən bəri Prezident İlham Əliyev dünyanın 50-yə yaxın ölkəsinə 146 səfər etmişdir. Buraya yalnız dövlət səfərləri və rəsmi səfərlər daxildir. Xarici ölkələrin başçılarının və siyasi xadimlərinin Azərbaycana səfərlərini də buraya əlavə etsək, bir daha aydın olar ki, bu gün ölkəmiz Cənubi Qafqazda lider dövlətdir. Azərbaycan Prezidenti öz məntiqli diplomatik fəaliyyəti ilə Avropa inteqrasiyasına öz sadiqliyini nümayiş etdirir, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini yeganə variant hesab etməklə sülh tərəfdarı olduğunu bəyan edir. Ölkəmiz dünyanın super dövlətləri ABŞ və Rusiya ilə və eləcə də regiondakı qonşu dövlətlərlə, həmçinin MDB üzrə tərəfdaşlarla qarşılıqlı şəkildə tamamlanan əlaqələrini möhkəmləndirməkdə davam edir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki bazasının yeniləşdirilməsi, hərbçilərin döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi, etibarlı hərbi-sənaye kompleksinin yaradılması dövlət müstəqilliyimizin 20-ci ildönümünə layiqli töhfələrdəndir. Bu gün Cənubi Qafqazda ən güclü, ən qüdrətli ordu Azərbaycandadır. Ölkəmizin illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən çoxdur və bu göstərici artmaqda davam edir.
Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, həyata keçirdiyi bir-birindən əhəmiyyətli tədbirlər müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində ölkəmizi beynəlxalq aləmdə daha geniş şəkildə tanıtmışdır. Milli mənəvi dəyərlərimizin geniş şəkildə təbliği dünyada ölkəmizə olan marağı xeyli artırıb. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan olunmuş, 2011-ci ilin aprelində paytaxtımızda mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu keçirilmişdir. Belə faktlar onlarladır. Bütün bunlar müstəqilliyimizin 20-ci ildönümünə ən layiqli hədiyyədir.
Müstəqillik hər birimiz üçün milli mənəvi sərvətdir. Bu sərvəti qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək vətəndaşlıq borcumuzdur. Möhtrəm Prezidentimiz bununla əlaqədar demişdir: "Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir".
Əyyub KƏRİMOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının rəhbər
kadrların
ixtisasının
artırılması fakültəsinin
əməkdaşı
Xalq qəzeti.- 2011.- 16 oktyabr.- S. 5.