BŞTİ-nin keçirdiyi "Müstəqilliyimiz əbədidir" adlı yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü münasibətilə keçirilən tədbirlər silsiləsinin miqyası gündən-günə genişlənir. Elə bir idarə, müəssisə və ya təşkilat yoxdur ki, bu əlamətdar günü özünəməxsus tədbirlərlə qeyd etməsin. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)tabeçiliyində olan bütün təhsil, təlim və tərbiyə müəssisələrinin hamısında müvafiq tədbirlər keçirilib və bu proses davam etməkdədir. BŞTİ miqyasında növbəti yubiley tədbiri isə oktyabrın 15-də "Hyatt Regency" otelində reallaşdırıldı.

 

"Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" - devizi altında keçirilən Ümumbakı konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva məruzə ilə çıxış edərək dövlət müstəqilliyimizin Azərbaycan xalqına bəxş etdiyi səadətdən, bu müstəqilliyin qorunması və əbədiləşdirilməsi üçün ulu öndər Heydər Əliyevin həyata keçirdiyi titanik siyasətdən söz açdı. Natiq qeyd etdi ki, xalqımızın birinci dəfə dövlət müstəqilliyi əldə etməsi bütün azərbaycanlılar üçün böyük səadət idi. Ancaq çox təəssüf ki, 1918-20-ci illərin mürəkkəb ictimai-siyasi prosesləri həmin müstəqilliyimizin uzunömürlü olmasını əngəlləmişdi. Əsrin sonunda ikinci dəfə dövlət müstəqilliyinə qovuşanda isə bizim xoşbəxtliyimiz onda idi ki, xalqın önündə gedən, dövlətin və dövlətçiliyin qorunmasına xidmət elə bilən liderimiz var idi. Heydər Əliyev, sözün həqiqi mənasında, xilaskarlıq missiyasını yerinə yetirərək milləti vətəndaş qarşıdurmasından, milli dövlətçiliyi isə məhv olmaq təhlükəsindən xilas etmişdi. Ulu öndərin Azərbaycan dövlətçiliyini qoruması, müstəqilliyimizin əbədiləşdirilməsi isə cəmiyyətin bütün sahələri kimi, təhsil sistemini də bəlalardan, məhrumiyyətlərdən xilas etmişdi. Bu gün Avrasiyanın ən öndə gedən ölkələrinin təhsil sistemləri səviyyəsinə qalxmış Azərbaycan təhsilinin bütün uğurlarına görə biz ulu öndər Heydər Əliyevin siyasi dühasına minnətdarıq.

İdarə rəisi Azərbaycan təhsilinin müstəqillik illərində əldə etdiyi çoxsaylı uğurlardan söz açaraq söylədi ki, bu gün ölkə Prezidenti İlham Əliyev milli təhsilimizin daha da çiçəklənməsi üçün lazım olan bütün addımları atır. Təhsil sisteminin elə bir mərhələsi və ya istiqaməti yoxdur ki, o sahənin daha da inkişaf etdirilməsi üçün xüsusi Dövlət Proqramı icra olunmasın. Bu sahənin inkişafında ulu öndərin adını daşıyan fondun, xüsusən, həmin fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.

İdarə rəisi qeyd etdi ki, dövlətin və Heydər Əliyev Fondunun qayğısına cavab olaraq paytaxtın təhsil ictimaiyyəti özünəməxsus uğurlar əldə edir və eləcə də ölkənin ictimai-siyasi həyatındakı bütün proseslərə münasibət bildirir. Dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş silsilə tədbirlər də həmin münasibətin tərkib hissələrindəndir.

Qeyd olundu ki, adı çəkilən yubileyin şagirdlər arasında yüksək səviyyədə keçirilməsi üçün hələ sentyabrın 2-də BŞTİ üzrə müvafiq qərar qəbul olunmuş, inşa yazı və bədii qiraət üzrə ümumşəhər müsabiqəsinə start verilmişdir. Bu, bir tərəfdən dövlət müstəqilliyimizin yubileyinin qeyd edilməsi kimi əlamətdar idisə, digər tərəfdən də şagirdlərin milli tariximizi öyrənməsi, dövlət müstəqilliyimizin keçdiyi yol barədə maarifləndirilməsi baxımından əhəmiyyətli idi. Sentyabrın 27-dən əsas mərhələsinə qədəm qoyan inşa yazı müsabiqəsində 266 şagird iştirak etmiş, onlardan 42-si final mərhələsinə vəsiqə qazanmışdı. Oktyabrın 7-də böyük münsiflər heyətinin yekdil qərarı ilə müsabiqə iştirakçılarının 11 nəfəri qalib elan olunmuşdur. Bədii qiraət nominasiyası üzrə keçirilən müsabiqədə isə 226 şagird iştirak etmiş, onların 12-si qalib adını qazanmışdır.

Paytaxtın bütün məktəb rəhbərlərinin və ölkənin təhsil ictimaiyyətinin aparıcı simalarının iştirakı ilə keçirilən mükafatlandırma tədbirində qalib şagirdlərə fəxri fərman və birdəfəlik pul mükafatları təqdim olundu. Şəhər turuna vəsiqə almış, amma qalib gələ bilməmiş şagirdlərə isə xüsusi sertifikatlar və "Azərbaycan Ensiklopediyası" kitabları təqdim olundu. Paytaxtın bütün rayonlarını təmsil edən qalib şagirdləri təbrik edənlər arasında şəhər rayonlarının rəhbərliklərinin təmsilçiləri, Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri də var idi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, şair Əjdər Ol, əməkdar artist Ağalar Bayramov, müsabiqə qalibləri və digər natiqlər çıxış edərək bu qəbildən olan müsabiqələrin böyük əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandığı gündən bəri bu miqyaslı müsabiqələri hər il ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirdiyinə görə indi artıq böyük təcrübə qazanılıb. Bu musabiqənin uğurla başa çatmasının əsas səbəblərindən biri də məhz həmin təcrübədir.

Konfrans ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin əbədiləşdirilməsi üçün həyata keçirdiyi möhtəşəm tədbirlərin bəzi fraqmentlərini əks etdirən video-filmin nümayişi ilə başa çatdırıldı.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 16 oktyabr.- S. 5.