Möhtəşəm iyirmi il

 

Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının iyirmi illiyini təntənə ilə qeyd edir. Sovetlər İttifaqının dağılması onun tərkibinə daxil olan müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı. Bütün müttəfiq respublikalar, o cümlədən Azərbaycan Respublikası müstəqillik əldə etdi. Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayının 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək bütün dünyaya, beynəlxalq aləmə müstəqilliyini və suverenliyini bildirdi. Qısa müddət ərzində Azərbaycan dünya ölkələri, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındı və beynəlxalq hüququn subyektinə çevrildi. İyirmi il böyük bir müddət olmasa da,ölkəmiz ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan iqtisadiyyatı, elmi, hərbi potensialı artan templə inkişaf edən qabaqcıl ölkələrdən biridir. Yaxın keçmişimizə nəzər salarkən biz müstəqilliyimizin kəşməkəşli, ziddiyyətlərlə, təhlükələrlə dolu bir yol keçdiyinin şahidi oluruq. Tarix üçün qısa zaman kəsiyi olan bu dövrün ilk illərində hərc-mərclik hökm sürür, xalqımızın maraqlarına zidd siyasət həyata keçirilirdi. Bütün bunlar iqtisadiyyatın zəifləməsinə, milli sərvətlərin talan edilməsinə gətirib çıxarmaqla, dərin siyasi və iqtisadi-sosial böhranla nəticələnirdi.

 

Məhz həmin dövrdə, Azərbaycan xalqının təhlükəli sınaqlara çəkildiyi bir dövrdə xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Azərbaycanda hakimiyyətə qayıtdı. Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətdə respublika SSRİ tərkibində olduğu dövrdə - 1969-1982-ci illərdə olmuşdu. Hətta belə bir çətin dövrdə belə o, uzaqgörənliklə bugünkü dövlət müstəqilliyimizin əsaslarını yaratdı, müstəqil yaşamağa imkan verəcək addımlar atdı.

1991-ci ilin oktyabr ayının 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilsə də, ölkədə yeni yaranmış siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələri nəinki siyasi, həmçinin iqtisadi və sosial sahələrdə də vəziyyəti böhran həddinə çatdırmışdı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq, ordu quruculuğuna başlamaq əvəzinə ölkədə xaos, özbaşınalıq hökm sürür, ayrı-ayrı şəxslərə və siyasi qurumlara məxsus silahlı birləşmələrin yaradılması respublikanı vətəndaş qarşıdurmasına sürükləyidi.

Belə bir şəraitdə Heydər Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən dövlətçilik siyasəti nəticəsində Azərbaycan dövləti qarşılaşdığı sərt və çətin sınaqlardan uğurla çıxa bildi, gələcəyə istiqamətləndirilmiş uğurlu strateji inkişaf konsepsiyasına müvafiq olaraq respublikamızda əsaslı dəyişikliklərlə nəticələnən böyük quruculuq işləri reallaşdırıldı. Dünya dövlətləri birliyində layiqli yer tutan Azərbaycan Respublikasında ölkə həyatının bütün sahələrini əhatə edən mütərəqqi islahatlar aparılmaqla hüquqi və sivil bir dövlət, qanunun aliliyinə və demokratik hüquq və azadlıqlara real təminat yaradan vətəndaş cəmiyyəti formalaşdırıldı, xalqımızın həyat tərzinin, maddi-sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edəcək iqtisadi müstəqilliyə nail olundu.

Ulu öndər Heydər Əliyevin müdrik siyasətinin və uzaqgörənliyinin nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" müqaviləsi imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı. Bu sənəd Azərbaycanın neft strategiyasının reallaşması üçün geniş imkanlar yaradaraq Xəzər dənizi hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu inkişaf yolunu bəyan etsə də, bu məramın həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk milli Konstitusiyanın qəbul olunması ilə reallaşdı. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında irəli sürülən ideya və prinsiplərin gerçəkləşməsi yolunda atılan ən böyük addım müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi oldu. Dövlətin mahiyyətini, onun inkişaf problemlərini ən dərin incəliklərinə qədər bilən ulu öndərimiz Heydər Əliyev milli Konstitusiyanın layihəsinin hazırlanmasını gündəlik nəzarətində saxlayaraq, mütərəqqi milli ənənələrimizə söykənən, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini böyük uzaqgörənliklə əks etdirən mükəmməl bir Əsas Qanun hazırlanmasına nail oldu.

Müstəqilliyimiz bərpa olunduqdan sonra ulu öndərin rəhbərliyi altında Milli Ordumuz formalaşaraq onun döyüş qabiliyyəti yüksəldildi. Torpaqlarımızın müdafiə olunması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada yaranan tarazlıqdan sonra 1994-cü ilin may ayında atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin dinc yolla aradan qaldırılması üçün şərait yaradıldı, torpaqlarımızı işğaldan azad, ölkəmizi düşmənlərdən müdafiə etmək qabiliyyətinə malik Ordu quruculuğuna başlandı. Bu proses bu gun Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Son illərdə ölkəmizin hərbi potensialı yüksək dərəcədə artmışdır. Eyni zamanda, Azərbaycanda yaradılmış və tam gücü ilə fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması uğurla həyata keçirilir.

Dahi rəhbərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkəmizin Avropa Şurasına qəbul olunması məsələsini gündəmə gətirərək bu işi canlandırdı. Siyasi-iqtisadi, sosial, mədəni həyatın bütün sahələrində Avropa Şurasının tələbləri baxımından dəyişikliklər baş verməyə başladı. Heydər Əliyevin qurduğu plan əsasında istər daxili, istərsə də xarici siyasətdə görülən geniş miqyaslı işlər tezliklə öz bəhrəsini verdi. Belə ki, 1996-cı ilin iyununda Azərbaycana Avropa Şurasında "qonaq statusu" verildi. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 20 yanvar, "Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında" 1998-ci il 16 aprel, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 1998-ci il 18 iyun tarixli sərəncamları Azərbaycanın bu yolda qətiyyətli mövqe tutduğundan xəbər verir. Görülən tədbirlər nəticəsində Azərbaycanda qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti, kütləvi informasiya vasitələrinin azadlığı təmin olunmuş, senzura götürülmüş, iqtisadiyyatda tənəzzül aradan qaldırılmış, torpaq islahatları aparılmış və bir çox mütərəqqi işlər görülmüşdür. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmiş, Avropa Birliyi ilə, Avropanın iqtisadi strukturları ilə əməkdaşlıq fəallaşmışdır.

Dahi rəhbərimiz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində nail olduğumuz bu nəticələr Azərbaycanın demokratik inkişaf prosesinə dönməz xarakter vermiş, azadlığın və qanunçuluğun möhkəm təminatını yaratmışdır. Bütün bu işlərin bəhrəsi olaraq 2001-ci ilin yanvar ayının 25-də Azərbaycan Avropa Şurasına qəbul olunmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdən biri də ölkədə sabitliyin yaradılması və qorunub saxlanılması idi. Onun çıxışlarında tez-tez səsləndirdiyi "Sabitlik, əmin-amanlıq olmasa, ölkədə heç bir irəliləyişdən söhbət gedə bilməz" fikri ulu öndərimizin bu məsələyə yetirdiyi diqqət kimi qəbul edilməlidir. Hamıya məlumdur ki, ulu öndərimizin bu qayğısı və onun siyasətini uğurlu davam etdirən Prezidentimiz cənab İlham Əliyevin daimi diqqəti nəticəsində bu gün Azərbaycan dünyanın ən təhlükəsiz, azad, vətəndaşların qorxusuz yaşaya, işləyə və dincələ bildikləri ölkələrdəndir.

Müdrik dövlətçilik siyasəti həyata keçirən Heydər Əliyev yaratdığı dayanıqlı sabitlik şəraitindən məharətlə istifadə edərək ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək Azərbaycanın iqtisadi inkişaf strategiysını işləyib hazırlayaraq onun mərhələ-mərhələ həyata keçirilməsini təmin etdi. Möhtəşəm neft strategiyasının uğurla həyata keçirilməsi, ümumdünya kommunikasiya proqramının mühüm tərkib hissəsi olan tarixi "İpək yolu"nun bərpasına başlanılması və digər möhtəşəm iqtisadi layihələrin reallaşması nəticəsində irimiqyaslı investisiyaların respublikamıza axını başlandı, bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və aqrar islahatlar prosesi prioritet istiqamətlərə çevrildi.

Ümummilli liderimizin müəyyənləşdirdiyi strateji sosial-iqtisadi xəttin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün iqtisadiyyatın bütün sahələri üzrə böyük nailiyyətlər qazanılmışdır. O cümlədən, ölkənin iqtisadi qüdrəti sürətlə artmış, qeyri-neft sektorunun, regionların, sosial sferanın və digər sahələrin inkişafını təmin edən kompleks tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi təmin olunmuş, enerji təhlükəsizliyi, xalqın rifahının yaxşılaşdırılması, işsizlik probleminin həlli və dünya iqtisadi sistemində Azərbaycanın öz layiqli yerini tutması üçün əhəmiyyətli işlər görülmüşdür.

Ölkə başçısı cənab İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Belə ki, bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılmış, analoqu olmayan iqtisadi inkişaf göstəricilərinə nail olan ölkəmizin dünya dövlətləri birliyinə inteqrasiya prosesləri sürətlənmiş, milli maraqlarımıza uyğun olan möhtəşəm iqtisadi layihələrin reallaşdırılması təmin edilmişdir. Son illər ərzində ciddi və yüksələn xətlə inkişafa nail olan Azərbaycan Respublikasında bu müsbət meyillər hazırda da eyni intensivliklə davam etməkdədir.

Ölkəmizin daim yüksələn xətlə artan iqitsadi inkişafı keyfiyyət və kəmiyyət göstəricilərinə görə misli görünməmiş mərhələyə çatmışdır. Bunun nəticəsidir ki, iqtisadi inkişafa görə Azərbacan dünya ölkələri arasında bu gün liderdir. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır, Azərbaycanda enerji təhlükəsizliyi təmin olunmuşdur.

Dövlətimizin həyata keçirdiyi bir sıra irimiqyaslı iqtisadi tədbirlər nəticəsində, bir çox nailiyyətlər, o cümlədən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neftin əsas ixrac boru kəmərinin tam gücü ilə işləməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi ölkənin qaz hasilatının, konkret olaraq "Şahdəniz" yatağından çıxarılan təbii qazın həcminin əhəmiyyətli dərəcədə artırılması, ölkəmizin dünya kommunikasiya sisteminə qoşulmasında mühüm vasitəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun inşa edilməsi, Azərbaycan neftçiləri tərəfindən "Ümid" qaz yatağının kəşfi, habelə Dövlət Bayrağı Meydanının açılışı kimi tarixi nailiyyətlər əldə edilmişdir.

Ölkəmiz 20 il ərzində böyük yol keçmişdir. Əhalinin maddi rifahı yüksəlmiş, ölkə iqtisadiyyatı inkişaf etmişdir. Respublika rəhbərliyinin, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin çoxşaxəli, balanslaşdırılmış, uğurlu fəaliyyəti nəticəsində Azəprbaycan Respublikasının mövqeyi dünya birliyində möhkəmlənmiş, respublikamız beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmışdır.

Ötən dövrə nəzər salsaq görərik ki, ölkəmiz daim yüksələn xətlə inkişaf etmişdir. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildə hərbi xərclərimiz 160 milyon dollar təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, bu il isə 3 milyard 300 milyon dollara çatmışdır. Yəni, bu gün Azərbaycanda hərbi sahəyə sərf olunan vəsait Ermənistanın dövlət büdcəsindən 50 faiz artıqdır. Bu da ölkə iqtisaydiyyatının, dövlətimizin qüdrətinin get-gedə güclənməsinin bariz nümunəsidir.

İyirmi il ərzində ökəmizdə baş vermiş inkişaf hər bir sahədə, bütün istiqamətlərdə özünü göstərir. Doğma Bakımız gündən-cünə abadlaşır, gözəlləşir, müasirləşir, onun infrastrukturu yeniləşir. Yeni parklar salınır, binalar tikilir, istirahət mərkəzləri istifadəyə verilir.

Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratiyanın bərqərar olması, insanların maddi rifahının yüksəldilməsi, işsizliyin, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin açılması, vətəndaşlarımızın keyfiyyətli təhsil, tibbi yardım almaları üçün münbit şəraitin yaradılması, turizmin, idmanın inkişafına önəm verilməsi dövlətimizin qarşısında duran prioritet məsələlərdən olmuşdur. Bunun nəticəsidir ki, ölkəmizdə azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmış, sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə uzunmuddətli kreditlərin verilməsi həyata keçirilmiş, insanların daxili məhsulla təmin edilməsi ön plana çəkilmişdir. Respublikamızda yeni-yeni sənaye və səhiyyə müəssisələri, məktəb binaları, idman kompleksləri, turizm obyektləri tikilərək istifadəyə verilmiş, regionların inkişaf planı hazırlanaraq həyata keçirilmiş və bu mütərəqqi proses daim davam etməkdədir. Paytaxtımızın yol infrastrukturuna, respublikamızın avtomobil magistrallarına nəzər salarkən ölkəmizin iqtisadi potensialının nə qədər güclü olduğunun və bu potensialın xalqın xidmətinə yönəldilməsinin şahidi oluruq.

Müstəqilliyimizin bərpa olunmasından ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərir ki, artıq ölkəmiz sosial-iqtisadi inkişafında yeni mərhələdədir. Respublikamızın demokratik inkişaf yolu ilə inamla addımlaması üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşmışdır. Sosial-iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazandığımız uğurlar müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir, ölkəmiz intensiv inkişaf dövrünü yaşayır.

Məlum olduğu kimi, 2009-cu və 2010-cu illərdə bütün dünya ölkələrində, dünya iqtisadiyyatında böhran yaşanmışdır. Bir çox, hətta inkişaf etmiş ölkələr belə, bu böhran nəticəsində tənəzzülə uğradıqları halda Azərbaycan bu çətin sınaqdan uğurla çıxmış, aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində ölkəmiz artan xətlə inkişaf etmişdir.

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan düşünülmüş siyasət nəticəsində ölkə iqtisadiyyatının neft sektorundan asılılığı xeyli azaldılmışdır. Bunun üçün kompleks əməli-praktiki tədbirlər həyata keçirilmişdir. O cümlədən, qeyri-neft sektoruna neft sektoruna qoyulan investisiyalardan daha çox sərmayələr qoyulmuşdur. Bütün bu tədbirlər isə ölkədə yoxsulluğun azalmasına, Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılmasına, sosial ədalət prinsipinin effektiv işləməsinə xidmət edir. Dövlətimizin qarşıya qoyduğu bütün sosial proqramlar icra edilir. Ötən il ərzində və bu il minimum əmək haqqı, pensiyaların baza hissəsi xeyli artmışdır.

Ölkə rəhbərliyinin diqqət mərkəzində olan problemlərdən biri də regionların inkişafıdır. Qeyd etmək lazımdır ki, bu problem artıq öz həllini tapmışdır. Regionlarda müasir infrastrukturun yaradılması sahəsində işlər uğurla davam etdirilir. Tikilən səhiyyə müəssisələri, məktəblər, çəkilən yollar, qaz xətləri, iri su layihələri və digər işlər buna sübutdur. Keçən ilin sonunda Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Tikintisi sosial xarakter daşıyan bu kəmərin tam gücü ilə işləməsi nəticəsində Bakı sakinləri təmiz, keyfiyyətli içməli su ilə təmin olunacaqdır.

Bu ilin iyun ayının 26-da dövlət müstəqilliyinin bərpasının 20-ci, Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə Bakının Azadlıq Meydanında keçirilmiş hərbi paradda çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev demişdir: "Azərbaycan 20 il ərzində, sözün əsl mənasında, müstəqil dövlətə çevrilibdir. Biz müstəqil siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqının iradəsinə əsaslanır. Bu siyasətin kökündə, mərkəzində Azərbaycan vətəndaşıdır. Biz elə etməliyik ki, ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan meyillər bundan sonra daha da güclənsin. Bundan sonrakı illər ərzində görüləcək işlər çoxdur. İyirmi il ərzində əldə edilmiş nailiyyətlər və artıq yaradılmış möhkəm təməl imkan verir ki, biz bundan sonra da onilliklər, yüzilliklər ərzində müstəqil, güclü dövlət kimi yaşayaq, siyasətimizi aparaq, Azərbaycan xalqının maddi rifahını yüksəldək və ölkəmizin dünyadakı mövqelərini daha da gücləndirək. Mən əminəm ki, belə də olacaq və biz qarşıda gördüyümüz və qarşıya qoyduğumuz bütün hədəflərə çatacağıq. Hər halda, 20 illik təcrübə onu göstərir ki, biz istədiyimizə həmişə nail olmuşuq və bundan sonra da nail olacağıq"

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-2003-cü illər ərzində Azərbaycan Respublikasında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmaqla milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılmışdır. Bütün bu islahatlar Azərbaycan Respublikası Prokurorluğunun müasir dünya standartlarına uyğun şəkildə formalaşmasına, fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Azərbaycan Prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilir.

Azərbaycan Prokurorluğu 93 illik inkişaf tarixi ərzində çətin və şərəfli bir yol keçmişdir. Bu gün prokurorluq orqanları öz doğma xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə daim təkmilləşən bir orqan olmaqla, dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsinə, cinayətkarlığa qarşı sərt mübarizə aparılmasına, vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə xidmət göstərir.

Ulu öndərimiz Heydər Əliyev prokurorluğa olan diqqət və qayğısının təzahüri kimi 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabrın 1-ni prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis etmişdir. Bu sərəncamla prokurorluğun cəmiyyətdəki roluna və yerinə dövlət səviyyəsində qiymət verilmiş, tarixi keçmişimizə və milli dəyərlərimizə qayğı ifadə olunmuşdur.

Ulu öndərimiz dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı, prokurorluğun da xüsusi yer tutduğunu dəfələrlə qeyd etmişdir. Ümummilli lider 26 aprel 2000-ci ildə prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirədən sonra prokurorluq orqanlarında hərtərəfli islahatlara başlanılmış, dövlət başçısının tövsiyə və tapşırıqlarına müvafiq olaraq məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin müasir tələblər səviyyəsində səmərəliliyinin artırılması, dövlətçiliyə sadiq yeni kadr korpusunun formalaşdırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin dünya standartlarına müvafiq şəkildə gücləndirilməsi təmin edilmişdir.

Bu gün prokurorluq orqanlarının fəaliyyətinin əsas məzmunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsindən, hərtərəfli islahatların yeni müstəvidə və müasir tələblərə uyğun davam etdirilməsindən, 2009-2011-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş, Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsi istiqamətində tədbirlərin vaxtında və keyfiyyətli icrasından, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasından ibarətdir.

Aparılmış islahatlar və məqsədyönlü yeniləşmə nəticəsində Baş Prokurorluqda yeni məzmunda Elm-Tədris Mərkəzinin, Hüquqi Təminat və İnformasiya İdarəsinin, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin və Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin təkibində tam yeni məzmunlu kriminalistika şöbələrinin, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin tərkibində ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin yaradılması, Daxili İşlər Orqanlarının İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin yeni strukturunun formalaşdırılması, Zaqatala Hərbi Prokurorluğunun yaradılması, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ştat vahidlərinin artırılması və həmin idarənin tərkibində yeni şöbələrin yaradılması təmin edilmişdir. Eyni zamanda, prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi elan edilən 2010-cu ildə mərkəzləşdirilmiş informasiya-kommunikasiya sistemi yaradılmış və fəaliyyətin bütün sahələrində yeni texnologiyaların tətbiqinə başlanılmışdır.

Mühüm islahat tədbiri kimi 2002-ci ildən başlayaraq keçirilən ədalətli və şəffaf müsabiqələr nəticəsində gənc mütəxəssislərin işə qəbulu davam etdirilir, gənclər müxtəlif vəzifələrdə fəaliyyət göstərməklə nümunəvi işlərinə görə xidmətdə irəli çəkilirlər.

Ötən ilin axırlarında və bu lin əvvələrində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış, dövlət proqramının tələblərinə müvafiq olaraq, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri olan "İmtahan" informasiya sisteminin tətbiqinə başlanılmış, əməkdaşların nəzəri və peşə hazırlığı səviyyəsi yoxlanılmışdır.

Bundan əlavə, son illər ərzində prokurorluq orqanlarında görülmüş işləri özündə əks etdirməklə, həyata keçirilmiş islahat tədbirləri barədə məlumat mənbəyi rolunu oynayan "Azərbaycan Prokurorluğu: islahatlar və təkamül. 2000-aprel-2010" adlı kitabın və milli prokurorluq orqanları barədə ətraflı məlumatları özündə əks etdirən elektron diskin hazırlanması təmin edilmişdir

Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə təminatın yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlərin görülməsi təmin olunur. Bu sahədə görülən işlər nəticəsində rayon prokurorluqları üçün yeni inzibati binalar tikilir, əsaslı təmir işləri aparılır, prokurorluqlar bütün zəruri avadanlıqlarla təchiz edilir.

Bu gün, müstəqilliyimizin bərpasının 20-ci ildönümü ərəfəsində respublikamızda yüksək ictimai-siyasi əhval - ruhiyyə mövcuddur. Görünməmiş sosial-iqtisadi inkişaf hökm sürür, ölkə miqyasında əzəmətli abadlıq-quruculuq işləri aparılır, insanların maddi rifahı durmadan yüksəlir. Azərbaycan isqisadi cəhətdən özünü təmin edən, heç bir xarici ölkənin yardımından asılı olmayan, daim inkişaf edən, qüdrətlənən bir ölkəyə çevrilmişdir. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, onun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti, xalqa, Vətənə qayğısı nəticəsində ərzaq və enerji təhlükəsizliyini təmin etmişdir. Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycan xalqı gələcəkdə daha da yaxşı yaşayacaq, ölkəmiz daha da inkişaf edəcəkdir. Bunun üçün Azərbaycan xalqının düzgün sosial, iqtisadi və siyasi siyasət həyata keçirən rəhbəri və onun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün güclü potensialı vardır.

 

 

Azər OSMANOV,

Zəngilan rayon prokuroru,

ədliyyə müşaviri

 

Xalq qəzeti.- 2011.- 16 oktyabr.- S. 4.