"Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər"

 

İsa Veysovu uzun illərdir ki, tanıyıram. Hələ Bakı Dövlət Universitetində, Gəncə Pedaqoji İnstitutunda çalışdığı vaxtlardakı fəaliyyəti, şəxsi insani keyfiyyətləri daim diqqəti cəlb edib. Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu yaradılarkən onun Qazax filialına İsa Veysovun təyin olunması çoxlarının ürəyindən xəbər verdi. Çünki İsa Veysov təşkilatçılıq, tələbkarlıq keyfiyyətləri ilə yanaşı, ilk növbədə müəllim idi, bu peşənin incəliklərini bilirdi və təbii ki, ixtisaslı kadrların hazırlanmasında öz bilik və bacarığını əsirgəməyəcəkdi. Belə də oldu. Yadımdadır ki, Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmış bu filialın maddi-texniki bazası yaxşı vəziyyətdə deyildi, müəllim heyəti çox zəif idi. Bəlkə də elə bu səbəbdən 2000-2001-ci tədris ilini filial cəmi 38 nəfər tələbə qəbulu ilə başlamışdı. Aylar, illər keçdikcə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı dəyişməyə, inkişaf etməyə başladı. İlk vaxtlar filiala bir o qədər də maraq göstərməyən orta məktəb məzunlarının sayı ilbəil artdı. Fəaliyyətinin ilk illərində yalnız Qazax, Ağstafa, Tovuz, Şəmkir və bir neçə yaxın ətraf rayonları əhatə edən tələbə kontingenti indi az qala Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Bu onunla əlaqədardır ki, Qazax filialı kadrları, maddi-texniki bazası, tədrisin keyfiyyəti ilə sübut etdi ki, artıq bu sahədə "əyalət" ifadəsi işlədilə bilməz. Layiqli müəllim kadrları yetişdirmək üçün filialın bütün imkanları var və bu imkanlardan uğurla istifadə olunur. Müsahibimiz filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, respublikanın əməkdar müəllimi İsa Veysovdur.

 

- İsa müəllim, filialınız haqqında bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm.

- Son illər bütün sahələrdə olduğu kimi, təhsildə də, sözün əsl mənasında, məqsədyönlü islahatlar həyata keçirilir, cəmiyyətdə baş verən köklü dəyişikliklər milli təhsil sistemində öz əksini tapır.

Müstəqilliyin bərpasının 20-ci ilini qeyd edən ölkəmizin yeni tarixində təhsilin uzunmüddətli strategiyası və onun əsas inkişaf istiqamətləri ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və onun rəhbərliyi altında icra olunmağa başlanmışdır.

Əsası vaxtilə ulu öndərimiz tərəfindən qoyulmuş təhsil istiqamətləri üzrə davamlı inkişaf dinamikası hazırda bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil sahəsində mühüm məzmun islahatları həyata keçirilir, genişmiqyaslı dövlət prqoramları icra olunuryeni inkişaf strategiyaları müəyyənləşdirilir.

Çoxpilləli ali təhsil sisteminə keçid, Azərbaycanın təhsil sənədlərinin tanınması üzrə Avropa Konvensiyasına və Boloniya prosesinə qoşulması, Avropa standartlarına uyğun gələn yeni modelə keçilməsi "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının strategiyası və konsepsiyası" sənədlərinin hazırlanması ölkəmizdə təhsilin inkişafına əlverişli şərait yaradır.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin daha da təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında iki fakültə-ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma fakültələri, beş kafedra-humanitar fənlər, Azərbaycan dili, ədəbiyyatı və onun tədrisi metodikası, riyaziyyatinformatika, ümumi fənlər, xarici dillər kafedraları, üç metodik kabinet, iki laboratoriya, iki kompyuter sinfi, kompyuter mərkəzi və linqafon otağı fəaliyyət göstərir.

İlkin müəllim hazırlığı fakültəsində əyani şöbə üzrə 4 ixtisas qrupunda, yəni riyaziyyatinformatika, tarixcoğrafiya, Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif ixtisasları üzrə 447 nəfər tələbə təhsil alır.

Bu tələbələrin təhsili ilə 55 nəfər professor-müəllim heyəti məşğul olur ki, onlardan da 3 nəfəri elmlər doktoru-professor, 12 nəfəri elmlər namizədi-dosent, 37 nəfəri baş müəllim və rayonun ümumtəhsil müəssisələrində çalışan qabaqcıl müəllimlərdir.

Filialın elmi potensialını təşkil edən alimlərin köməyi sayəsində bir sıra elmi-tədqiqat işləri aparılmış, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər hazırlanmış, elmi məqalələr dərc olunmuş, filialın əməkdaşlarının əksəriyyəti elmi-tədqiqat və elmi metodik işlərə cəlb olunmuşlar.

- İxtisaslı kadr hazırlanması üçün bu gün filialda yaradılmış şərait bir direktor kimi sizi qane edirmi?

- Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun və Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlının diqqət və qayğısı nəticəsində filialın maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulmuş, yeni istilik sistemi quraşdırılmış, müasir avadanlıqlar alınmış, filialın informasiya-kommunikasiya texnologiyaları ilə təminatının əhatə dairəsi genişləndirilmiş, kitabxana fondu yeni dərslik, dərs vəsaiti və müxtəlif ədəbiyyatlarla zənginləşdirilmiş, işçilərin məişət-sosial şəraiti daha da yaxşılaşdırılmışdır.

Son illərdə filialla baza institutu arasında əlaqələr daha da genişləndirilmişdir. Filial əməkdaşları tez-tez baza institutda təşkil edilən elmi praktik konfranslarda seminarlarda iştirak edir, tədris prosesi ilə bağlı müəyyən fikir mübadilələri aparırlar. Baza institutunun əməkdaşları da filialda elmi mövzularda məruzələr edir, canlı müzakirələr təşkil edirlər.

Tələbə elmi cəmiyyət xətti ilə bir sıra işlər görülmüş, xarici ölkələrlə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu müddət ərzində filialın bir neçə əməkdaşı elmlər namizədi dissertasiyasını müdafiə edərək elmlər-namizədi alimlik dərəcəsi adı almışdır. Son illərin uğurlu nəticəsi kimi onu da qeyd etmək yerinə düşər ki, AMİ Qazax filialını müvəffəqiyyətlə bitirmiş tələbələrdən 7 nəfəri respublikamızın müxtəlif ali məktəblərinin magistraturasına qəbul olunmuşdur.

Təbii ki, biz əldə olunan nailiyyətlərdən arxayınlaşa bilmərik. İstər müəllim kontingenti olsun, istərsə tələbə, dövr tələb edir ki, daim öz üzərində çalışasan, ən müasir mütərəqqi texnologiyalara yiyələnəsən.

On il əvvəl auditoriyalara, kabinetlərə daxil olanda özüm utanırdım. Çox pis vəziyyət idi. Belə olan halda hansı kadr hazırlığından söhbət gedə bilərdi? Amma indi tədris üçün lazmı şərait yaradılıb. Əlbəttə, hələ həyata keçiriləsi çox işlərimiz, perspektiv planlarımız var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox gözəl demişdir: "Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olunması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir". Bu baxımdan bizim üzərimizə ikiqat vəzifə düşür. Biz müəllimlər məhz müəllim hazırlayırıq. Gərək məsuliyyət hissini bir an belə unutmayaq.

- İsa müəllim, sizcə, bu gün müəllim peşəsinə maraq azalıb, yoxsa artıb?

- Sizə bir faktı misal çəkim. Əgər Müəllimlər İnstitutunun Qazax filialına ilk illər 100-150 balla daxil olurdularsa, dəqiq desəm, məcburiyyət qarşısında qalıb digər seçim edə bilmirdilərsə, indi bu, mümkün deyil. Hazırda filialımıza 300,400, hətta 500 balla daxil olanlar var. Abituriyentlər özləri müəllim peşəsini seçir, harada, hansı filialda təhsil alacaqlarını sərbəst müəyyənləşdirirlər. Filialda yaradılmış şərait, pedaqoji heyətin peşəkarlığı imkan verir ki, layiqli müəllim kadrları yetişdirək. Digər vacib amil müəllim əməyinə, müəllim peşəsinə dövlət səviyyəsində göstərilən hədsiz diqqət qayğıdır. Ulu öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək demişdir. "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə səbrlə bizə öyrətmiş öyrədir. Hər birimizin öz müəllimi vardır biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq."

Bizim hər birimiz ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır bu xatirələrdə ən əziz yeri ilk növbədə ona sevgi qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən insan - müəllimi tuturuq. Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli ən gözəl peşədir. Müəllim şagirdin dərin hərtərəfli bilik alması, yaşadığı dövrün poblemlərindən baş çıxarması üçün bütün bilik bacarığını sərf edir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllim yeni cəmiyyət qurucusunun memarıdır, desək, yanılmarıq.

Yaşadığımız dövr elə bir dövrdür ki, hər bir sahə ilə ayaqlaşmağı, daim öyrənməyi tələb edir. Bu baxımdan müəllim peşəsi daim yeniliklər tələb edir. Şagird, tələbə müəllimdən yeni metodika tələb edir. gizlədək, hələ elə müəllimlərimiz var ki, sovet dövründə öyrəndiklərini tətbiq edirlər.

Filialımızın müəllim kollektivinin ən başlıca vəzifəsi məhz müasir müəllimlər hazırlamaqdır. Çünki artıq orta məktəblərdəki şagirdlər 20-30 il qabaqkı şagirdlər deyil. Əgər bu gün filialımızın hər hansı bir müəllimi kompyuterlə işləməyi bacarmırsa, o heç vaxt müasir müəllim yetişdirə bilməz. Unutmamalıyıq ki, cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir.

Müəllim cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Elə bu faktın özü məktəbin, müəllimin məqsədini, vəzifəsini müəyyənləşdirir, xalqın, dövlətin gələcəyini formalaşdırır.

Müəllim elə bir insan - mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər ondan öyrənməyə can atsınlar. El arasında da belə bir deyim var: "Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər". Deməli, o müəllimdən öyrənirlər ki, o yaxşı öyrədilib, yaxşı hazırlanıb. Dahilərdən biri deyib ki, "o kəs yaxşı öyrədə bilər ki, onu yaxşı öyrədiblər".

Bizim filialın məzunları respublikamızın əksər bölgələrində çalışırlar. Xoş soraqlarını alırıq, sevinirik. Valideynlərlə görüşürük, onları dinləyirik, problemlərini öyrənirik. Tez-tez ümumtəhsil məktəblərində oluruq, hətta bir neçə il qabaq filialımızı bitirmiş məzunların dərslərində iştirak edirik. Çalışırıq ki, səhvlərimizi təkrar etməyək, müasir müəllimlər yetişdirək. Təbii ki, zəif məzunlar da olur. Amma onların sayı azdır və əksəriyyəti təhsil sahəsində çalışmır.

Ölkə miqyasında müəllim əməyinə çox yüksək qiymət verilir. Görün, son illər neçə-neçə müəllimə fəxri adlar verilir, ən yaxşıların yaxşıları müsabiqələri keçirilir, maaşlar artırılır, yeni binalar tikilir, maddi-texniki baza möhkəmləndirilir və sair. Bütün bunlar müəllim peşəsinə marağı ilbəil artırır.

Biz pedaqoji işçilər, xüsusilə müəllim kadrları hazırlayanlar etimadı nəyin bahasına olursa olsun, doğrultmalıyıq.

 

 

Söhbəti yazdı: Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 18 oktyabr.- S. 8.