Müstəqillik şəraitində yüksək iqtisadi inkişafın Azərbaycan nümunəsi

 

Qədim yüksək mədəniyyəti, zəngin milli ənənələri, bol təbii sərvətləri olan Azərbaycan iki əsrə yaxın ağır müstəmləkə zülmü şəraitində yaşamağa məhkum olmuşdur. 1969-cü ildə Heydər Əliyev respublika rəhbəri seçildi. Məhz XX əsrin 70-80-cı illərində ulu öndərin dərin elmi əsaslara söykənən məntiqli siyasəti nəticəsində Azərbaycan çox sürətli inkişaf yolu keçərək böyük imkanlarını ortaya qoydu. Heydər Əliyev ədalətsiz olaraq inkişafı bilərəkdən çərçivəyə salınan Azərbaycan iqtisadiyyatını ilk dəfə geniş yüksəliş yoluna çıxartdı, başlıcası isə respublikanın hərtərəfli artım meyillərini və regionlarının dirçəlməsini təmin etdi. Nəticədə Azərbaycan çox qısa vaxtda hər cəhətdən yüksək inkişafa nail oldu.

 

Qazanılan böyük naliyyətlər fonunda xalq vaxtilə zorla əlindən alınmış dövlət müstəqilliyinin bərpasının mümkünlüyü haqda yenidən fikirləşməyə başladı və tezliklə ona nail oldu. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış özbaşınalıq şəraitində hakimiyyətə gələn şəriştəsiz, dar düşüncəli və məsuliyyətsiz rəhbərlərin günahı üzündən nəinki inkişaf baş vermədi, hətta keçmişdən yeni cəmiyyətə miras qalmış maddi dəyərlər amansızcasına məhv edildi.

Xoşbəxtlıkdən bu hal çox davam etmədi və xalq dərindən inanıb etibar etdiyi Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə dəvət etdi. Bununla da ölkədə milli dircəliş və yüksək tərəqqi mərhələsi başlandı. Ulu öndər ilk növbədə müstəqil ölkə həyatının hər sahəsində böyük quruculuq fəaliyyətinə yönəldilən normal mühit yaratdı, onun beynəlxalq aləmdə nüfuzunun artmasını və əlaqələrinin genişləndirilməsini təmin etdi. Nəticədə tezliklə respublikanın hərtərəfli inkişafı istiqamətində mühüm irəliləyişlər əldə olundu. Dünya təcrübəsinə əsaslanaraq müstəqil dövlətçiliyin ən həlledici təməllərindən biri olan iqtisadiyyatın əsas sahələrinin inkişafını təmin etmək məqsədilə bazar münasibətləri sisteminə keçildi, habelə demokratiyanın genişləndirilməsi və insan hüquqlarının qorunması yeni cəmiyyətin ruhuna uyğun olaraq müasir tələblər səviyyəsində həll edilməyə başlandı.

Ümummilli lider Heydər Əliyevin mütərəqqi dünya təcrübəsinə və elmi əsaslara söykənən düşünülmüş iqtisadi strategiyası, xüsusən 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması, sonralar Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisinə başlanması və digər tədbirlərin görülməsi nəticəsində artıq 1996-cı ildən ölkənin iqtisadiyyatında davamlı artım meyilləri sürətlə getməyə başladı.

Yaranmış güclü istehsal imkanlarından səmərəli və düzgün istifadə edilməsi hesabına 2003-cü ildən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi inkişafında daha möhtəşəm yüksəliş baş verdi. Bunu iqtisadi inkişafın mühüm sahələrini özündə birləşdirən bir neçə ümumiləşdirici makroiqtisadi göstəricilər də təsdiq edir.

Ölkədə 2003-cü ilə nisbətən 2010-cu ildə UDM istehsalı 3, sənaye məhsulunun həcmi 2,8, kənd təsərrüfatı 1,3, əsas kapitala yönəldilən vəsaitlər 2,9, dövlət büdcəsinin gəlirləri 9,3, strateji valyuta ehtiyatları 18,4, əhalinin gəlirləri 4,5, onun orta aylıq gəliri 4,3 dəfə artdı. Həmin dövrdə ölkədə yoxsulluq səviyyəsi 4,3 dəfəyə qədər azaldılaraq 47 faizdən 9 faizə endi. Əlamətdar haldır ki, yaradılan son dərəcə münbit biznes mühiti nəticəsində milli sahibkarlıqla yanaşı, xarici investisyaların qeyri-neft sahələrinin inkişafına yönəldilən vəsaitləri 14,5 dəfə artırıldı.

Respublikada artan böyük imkanlar ilk növbədə ölkə həyatı üçün çox vacib olan bir sıra mühüm dövlət proqramlarının və iqtisadiyyatın həlledici əhəmiyyət kəsb edən sahələrinin inkişaf problemlərini uğurla həll etməyə şərait yaratdı. Bunlardan qeyd etdiyimiz magistral neft-qaz kəmərlərinin inşası ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Oğuz-Qəbələ-Bakı su kəmərini, Samur-Abşeron suvarma sisteminin inşasını yoxsulluğun azaldılmasını, qaçqınların və məcburi köşgünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını və digər zəruri məsələləri nəzərdə tutan lahiyələri göstərmək olar. Ölkənin iqtisadiyyatında müstəsna əhəmiyyətə malik istehsal sahələrinin, xüsusilə respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha böyük uğurlar əldə olundu. Hazırda ölkədə neft istehsalı 50 milyon tona, qaz istehsalı isə 26,3 milyard kubmetrə (müstəqilliyin ilk dövrlərinə nisbətən neft hasilatı 6,1 dəfə, qaz çıxarılması 3,1 dəfə artmişdir) bərabərdir. İndi Azərbaycanda ümumi istehsal gücü 6 min meqavatdan xeyli çox olan 20 elektrik stansiyası fəaliyyət göstərir. Respublika neft-qaz yanacağı ilə bərabər, dünyanın bir sıra ölkələrinə həm də elektrik enerjisi ixrac edir. Belə diqqətəlayiq naliyyətlər ölkənin bütün başqa əsas istehsal sahələri üçün də səciyyəvidir.

Müstəqillik illərində Azərbaycanın iqtisadi naliyyətləri onun beynəlxalq aləmdə mövqeyininüfuzunu da xeyli möhkəmlətmişdir. Hazırda respublikamız Qafqaz ölkələri iqtisadiyyatının 3/4 hissəsini hasil edir. İnsan inkişafı indeksinə görə isə Azərbaycan artıq Avropa və Mərkəzi Asiya ölkələri səviyyəsinə qalxmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarının III qurultayında demişdir: "Azərbaycanda eyni zamanda, güclü iqtisadi potensial yaradılmışdır. Son illər ərzində aparılan iqtisadi islahatlar nəticəsində ölkə tam şəkildə özünü təmin edə bilir və hətta dünya üçün çox böyük problemlər yaratmış maliyyə və iqtisadi böhran Azərbaycana çox az təsir etmişdir. Ən böhranlı illərdə -2008-ci, 2009-cu, 2010-cu illərdə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir, iqtisadiyyatımız artmışdır."

Təqdirəlayiq haldır ki, ancaq müstəqilliyin böyük üstünlüyünün təməlində Azərbaycan iqtisadiyyatının nəzərdə tutulan müasir mükəmməl inkişafı çox böyük məqsədli amallara köklənmişdir. Onun dayanıqlı yüksəlişinin əsas hədəfi ölkə sakinlərinin bugünkü firavanlığı ilə yanaşı, gələcək nəsillərin də daha yüksək firavan həyatını təmin etməkdir. Dövlətin bu iqtisadi siyasəti ardıcıl olmaqla yanaşı həm də onun davamlı milli tərəqqisinin təmin edilməsinə yönəldilməsidir. Bu məqsədlə ilk növbədə ölkənin valyuta ehtiyatlarının ildən-ilə böyük həcmdə artırılmasının müstəsna əhəmiyyəti vardır. Bununla belə istehsalın müxtəlif sahələrinin respublikanın tələbatına, resurslarına və imkanlarına uyğun geniş inkişafı elə səviyyədə və istiqamətdə genişləndirilir ki, onun nəticələrindən bu günkü ölkə sakinləri istifadə etməklə bərabər, həm də gələcək nəsillərin bəhrələnməsinin mümkünlüyü nəzərdə tutulur.

Bu bir həqiqətdir ki, ümumi kontekstdə Azərbaycanın müasir iqtisadi inkişafının əsas səciyyəvi cəhəti - onun özünün milli maraqlarının çoxəhatəli məqsədlərinin nəzərə alınmasını meydana çıxarır. Demək, respublikanın iqtisadiyyatının böyük yüksəlişinin bütün tərəflərinin mahiyyətini təfərrüatı ilə geniş xalq kütlələrinə çatdırılmasının əhalinin vətənpərvərlik ruhunda tərbiyyəsində, milli həmrəyliyin daha da möhkəmləndirilməsində əhəmiyyəti çox böyük ola bilər. Düzdür, respublikanın heyranedici uğurları mətbuatda müntəzəm şərh edilir. Lakin bu fəaliyyəti daha dolğun və səmərəli etmək üçün adamlarla bilavasitə yerlərdə təmasda olmaq, onların sorğularını ətraflı cavablandırmaq bu işin səmərəsini xeyli gücləndirə bilər. Vaxtilə əhalinin kütləvi maariflənməsində "Bilik" cəmiyyətinin gördüyü işlər təqdirəlayiq idi. Bu təcrübədən istifadə edərək indi də hər hansı bir nüfuzlu təşkilatın nəzdində alimlərdən və mütəxəssislərdən ibarət belə təbliğatçılar qrupunu yaratmaq məqsədəuyğun olardı.

Biz böyük iftixarqürur hissi ilə müstəqil ökəmizin iqtisadiyyatının misilsiz nailiyyətlərini hər zaman və hər yerdə şərh etməklə yanaşı, eyni zamanda dərk edirik ki, respublikanın daha yüksək inkişaf imkanları hələ böyükdür. Təbii ki, ölkənin geniş imkanları, seçdiyi tərəqqi və müasirləşmə yolunun düzgünlüyünə əminlik hər şeydən əvvəl, tezliklə onun dünyanın qabaqçıl dövlətlərinin səviyyəsinə qalxmaq niyyətini reallaşdırmağa tam şərait yaradır. Bu cəhətdən ilk növbədə beynəlxalq aləmdə yüksək inkişaf etmiş ölkələrin nail olduqları mütərəqqi sosial-iqtisadi artım təcrübəsinin bütün mümkün yollarının kəmiyyət və keyfiyyət tərəfləri Azərbaycanda da nəzərə alınmalıdır. Məsələn, bu gün həmin ölkələrin yüksək inkişaf meyarlarından birini sənayenin quruluşunda mədənçıxarma sənayesi ilə emal sənayesi arasında nisbətin sonuncunun üstünlüyünün təmin edilməsi təşkil edir. Sənaye istehsalının Azərbaycanda sahə strukturunda emal sənayesinin 2010-cu ildə xüsusi çəkisi 15,9 faizə bərabər olmuşdur. Hələlik emal sənayesinin yerinin istənilən səviyyədə olmaması müstəqil Azərbaycanın indiyə qədərki iqtisadiyyatının inkişaf xüsusiyyətlərindən irəli gəlir. Məsələ ondadır ki, gənc müstəqil ölkənin tezliklə dirçəlməsi ilk növbədə, hər cəhətdən xeyli sərfəli olan (ölkənin beynəlxalq aləmdə nüfuzunun artması, iqtisadiyyatın sürətli inkişafı, əhalinin rifahının yüksəldilməsi və s.) yüksək gəlirli xam neftin və qazın hasilatının artırılması mümkün olan yeganə imkan idi. Buna görə də ulu öndər Azərbaycan iqtisadiyyatının əsas inkişaf strategiyasında neft-qaz sənayesinin üstün artımını müdrükcəsinə birinci yerə çıxartdı. Həlledici əhəmiyyət kəsb edən beynəlxalq neft müqavilələrinin ərsəyə gəlməsi bir müddət mədənçıxarma sənayesinin daha yüksək artımına səbəb oldu. Bundan başqa, metal filizlərinin çıxarılması, onun ərazisinin bütün hissələrində tikinti işlərinin geniş vüsət alması: daş, qum, çınqıl, habelə duz məhsullarının hasilatı və digər mədənçıxarma sənayesinin inkişafı onun hələlik sənayenin tərkibində obyektiv olaraq yüksək çəkisini müəyyən etmişdir. Bu da öz növbəsində bütövlükdə Azərbaycan iqtisadiyyatının daha tez və miqyaslı müasir inkişafını təmin etdi. Nəticədə ölkədə məhsuldar qüvvələrin tərkibi dünyanın qabaqcıl ölkələrinə xas olan inkişafın daha bir mühüm əlamətinə - iqtisadiyyatın hərtərəfli yüksək inkişaf durumuna yaxınlaşmasına şərait yaratdı.

Azərbaycanın müxtəlif təbii sərvətlərlə və başqa imkanlarla zənginliyi, habelə yanacaq sənayesinin güclü maliyyə köməkliyi ilə ölkə iqtisadiyyatının şaxəli inkişafı üçün dövlətin ardıcıl dəstəyi müxtəlif qeyri-neft sektoru sahələrinin böyük miqyasda artımı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Təkcə onu demək kifayətdir ki, 2003-cü ilə nisbətən 2010-cu ildə respublikada əsas kapitala yönldilən vəsait 2,9 dəfə artmışdırsa, qeyri-neft sektoru sahələrinin inkişafına qoyulan məbləğin artımı 8,3 dəfə təşkil etmişdir. Məhz buna görə son illərdə (2003-2011-ci illər) qeyri-neft sektorunun orta artımı 9 faiz olmuşdur. Bunun nəticəsidir ki, ölkə ərazisinin demək olar əsas hissələrində artıq çoxdan yaranmış istehsal sahələrinin sırası xeyli genişləndi və respublika iqtisadiyyatının hərtərəfli inkişafı daha geniş miqyas aldı. Bu taleyüklü dəyişikliyə son zamanlar dövlətin göstərdiyi xüsusi diqqət ölkənin yanacaq sənayesindən asılılığını əsaslı dərəcədə azaltmaqla yanaşı, onun sənayesinin tərkibində emal sənayesinin də xüsusi çəkisini yüksəldir.

Bu cəhətdən ölkənin imkanları hələ çox genişdir. Məsələn, özünün çox böyük tələbatını nəzərə almaqlaixrac imkanlarını xeyli genişləndirmək üçün müxtəlif istehsal sahələrini artırmaq, bir sıra strateji əhəmiyyətli yerli xammal növlərinin satış qiymətlərini düzgün tənzimləmək Azərbaycanın emal sənayesinin inkişafına güclü təkan verə bilər.

Toxuculuq sənayesinin əlverişli inkişafı ölkə sənayesinin istehsal quruluşunun xeyli yaxşılaşmasını təmin eərdi. Xüsusilə, bu sahədə ölkənin zəngin təcrübəsi olubindiçox əlverişli ilkin istehsal şəraitinə malikdir. Hələ keçən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikada toxuculuq malları istehsalını 190 milyon kvadratmetrə, bu sahədə çalışan işçilərin sayını isə 100 min nəfərə çatdırmaq mümkün olmuşdu. Ancaq təkcə bu sahənin yüksək inkişafı hesabına emal sənayesinin respublika sənaye istehsalının tərkibində xüsusi çəkisi xeyli yüksəlmişdi. Həm də nəzərə almaq lazımdır ki, bu sahənin müəssisələri respublikada indimövcuddur. Sadəcə olaraq milli sahibkarların, onlara Kömək Milli Fondunun, Sahibkarlar Konfederasiyasının, ayrı-ayrı şirkətlərin və KiçikOrta Sahibkarlığın İnkişafı Agenliyinin ümumi səyləri ilə onların müasir texnologiyalar əsasında çox tez bir vaxtda bərpasını təmin etmək və daha da genişləndirmək olar.

Belə imkanların maşınqayırma, kimya, yüngül, yeyinti və sənayenin digər başqa sahələrində də mövcud olduğunu qeyd etmək olar. Daha sonra, dəfələrlə deyilsə və yazılsa da təkrar birqeyd edim ki, regionlarda məhsuldar qüvvələrin köklü yüksəlişində və ümumiyyətlə, ölkənin sosial-iqtisadi həyatının xeyli yaxşılaşdırılması və müasirləşdirilməsində Azərbaycan ərazisinin mərkəzi hissəsində yeni neftayırma zavodunun tikilməsi bu gün daha məqsədəuyğundur. Çünki, Baki-Tbilisi-Ceyhan əsas boru neft kəmərinin keçdiyi ərazinin çox əlverişli nəqliyyat -coğrafi şəraiti olan hər hansı bir şəhərində belə bir müəssisənin yaranması üçün indi daha münasib vəziyyət yaranmışdır.

Məlumdur ki, son zamanlar respublikanın ümumi sosial-iqtisadi inkişafının yüksəldilməsi məqsədilə regionlarda çoxlu yığma müəssisələr tikilmişdir. Bu çox zəruri tədbirlərin ölkə üçün əhəmiyyətini daha da artırmaq məqsədilə həmin müəssisələrdə istifadə edilən əksər hissələrin Azərbaycanda buraxılması çox vacibdir. Həmçinin ölkələrin iqtisadi inkişafının əsas göstəricisi kimi yaxşı olardı ki, mühərriklər də respublikanın özündə istehsal edilsin.

Hazırda ekoloji mühitin sağlamlaşdırılması məqsədilə alternativ enerji mənbələrindən geniş istifadə edilməsi çox ciddi şəkildə gündəmə gəlmişdir. Azərbaycanın bu enerji mənbələrindən (günəş, külək, kiçik dağ çaylarının enerjisi, bioqaz ehtiyatları) istifadə imkanları xeyli böyükdür. İqtisadiyyatın inkişafının bu böyük imkanlarından istifadəyə respublikada artıq başlanmışdır. Bununla əlaqədar olaraq bu mühüm sahənin ölkədə səmərəsini artırmaq və miqyasını daha da genişləndirmək məqsədilə onun inkişafına əlverişli şərait yaratmaq üçün Azərbaycanın özündə lazım olan avadanlıqların və texnologiyaların istehsalı üzrə müəssisələrin yaradılmasını da təşkil etmək çox vacibdir. Bu tədbir həmçinin Azərbaycanın ixrac imkanlarını da xeyli artıra bilər.

Qeyri-neft sektorunun respublikanın imkanlarına müvafiq olaraq inkişafı onun hərtərəfli inkişafı əsasında emal sənayesinin üstünlüyünü təmin etməklə yanaşı, həmçinin ölkədaxili məhsuldar qüvvələrin inkişafına da güclü təsir göstərə bilər.

Ümumiyyətlə, Azərbaycanın regionları arasında sosial-iqtisadi inkişaf səviyyəsinə görə uzun müddət mövcud olan kəskin fərqin aradan qaldırılmasının əsasını hələ keçən əsrin 70-80-ci illərdə ulu öndər Heydər Əliyev qoymuş və müstəqillik illərində bu sahədə dövlət tədbirləri xeyli genişləndirilmişdir. Son illərdə regionların daha sürətli və miqyaslı inkişafı isə əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Birinci dəfə prezident seçildikdən dərhal sonra onun imzaladığı ilk mühüm sərəncamlardan birini regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramı oldu (fevral 2004-cü il). Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintilərinin başa çatdırılması və onların fəaliyyətə başlanması ilə Azərbaycanın artan maliyyə imkanları nəticəsində regionların daha sürətli sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramını da cənab İlham Əliyev təsdiq etdi (aprel 2009-cu il). Birinci proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və ikinci proqramda müəyyən edilmiş işlərin uğurla gerçəkləşdirilməsinə başlanması nəticəsində bütün regionların istehsal-sosial infrastrukturu yeniləşir və müasirləşdirilir, onların fəaliyyət dairəsi xeyli genişləndirilir.Yaradılan əlverişli biznes mühitində əksər ərazilərdə müxtəlif istehsal sahələrinin çoxlu müəssisələri tikilib istismara verilir. Nəticədə 2004-2010-cu illərdə ölkədə bir milyona yaxın yeni yerləri yaradılmışdır ki, bunun da əksər hissəsi Bakı şəhəri də daxil olmaqla Abşeron iqtisadi regionu ərazisinin hüdudlarından kənarda olan regionların payına düşür. İndi bu regionlarda ancaq sənayenin 1134 müəssisəsi fəaliyyət göstərir ki, (respublikada fəaliyyət göstərən sənaye müəssisələrin 43,2 faizi), həmin müəssisələrdə də respublika sənayesində çalışan işçilərin 10 faizdən çoxu çalışır. Sənayedə çalışanların respublikada nisbətən az xüsusi çəkisi dövlətin sahibkarlıq fəaliyyətini müntəzəm genişləndirilməsi ilə əlaqədar əsasən regionlarda kiçikorta sahibkarlıq müəssisələrinin bir qədər üstünlük təşkil etməsinin nəticəsidir. Regionlarda hazırda sosial-iqtisadi inkişafı əks etdirən belə göstəricilər istehsalın başqa sahələrində də çoxdur.

Heç şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair iki mühüm dövlət sənədindən və ayrı-ayrı ərazilərin problemlərinin həllinə yönəldilən onlarca digər sərəncamlardan irəli gələn vəzifələr əlaqədar təşkilatlar və adamları tərəfindən tam məsuliyyətlə yerinə yetirməlidir. Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin adamlarına verdiyi dəstək heç də onların istənilən vasitələrlə qazanc əldə etmək məqsədini yox, ilk növbədə regionlarda məhsuldar qüvvələrin nikişafı üçün sanballı istehsal sahələrini yaratmaqla regionların daha da müasirləşdirilməsini nəzərdə tutmalıdır. Yaddan çıxarılmamalıdır ki, bu müstəsna əhəmiyyəti olan iqtisadi lahiyələrin ali məqsədi regionların sosial-iqtisadi yüksəlişi ilə bərabər, həm də Bakı da daxil olmaqla Abşeron iqtisadi regionunun ərazisində həddən artıq yüksək məskunləşmanın qabağını almaqdan ibarətdir.

Beləliklə, bu gün Azərbaycanın bütün regionlarında misli görünməmiş inkişafköklü müasirləşmə baş verir. Azərbaycan iki əsrə yaxın müddətdə asılılıq şəraitində olduğundan iqtisadi inkişaf sahəsində dünyanın qabaqcıl ölkələrindən uzaqlaşsa da 20 illik müstəqillik dövründə onun bu ölkələrə yaxınlaşmaq məqsədi artıq özünü göstərməkdədir. İndi ölkənin bütün regionlarında sosial-iqtisadi və mədəni-intelektual inkişaf böyük sürətlə həyata keçirilir. Heç şübhəsiz, yerli imkanlardan səmərəli istifadə edilməsi şəraitində əsas iqtisadi regionların özünümaliyyələşdirməyə nail olması onların inkişafının tarazlı tənzimlənməsinin əsas meyarlarından biri olacaqdır.

 

 

Asəf NADİROV,

akademik, əməkdar elm xadimi

 

Xalq qəzeti.- 2011.- 18 oktyabr.- S. 6.