Azərbaycanın
sərhəd mühafizəsi müstəqillik illərində
"Hər bir ölkənin dövlət
müstəqilliyini və ərazi
bütövlüyünü təsdiq edən amillərdən
biri onun dövlət sərhədləri və bu sərhədlərin
toxunulmazlığıdır".
Heydər ƏLİYEV,
Ümummilli lider
Ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
milli sərhəd siyasətinin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi, ardıcıl həyata
keçirilən islahatlar, yeni sərhəd mühafizə
infrastrukturunun yaradılması, hərbi texnikanın və
xüsusi texniki avadanlıqların yeniləşdirilməsi
sayəsində Azərbaycan sərhəd mühafizəsi xeyli
təkmilləşdirilmiş və mükəmməl
inkişaf yolu keçərək qarşıya qoyulan hər
bir tapşırığı yerinə yetirməyə qadir
olan hərbi qurum səviyyəsinə yüksəlmiş,
Avropada öncül mövqe qazanmışdır. Heydər Əliyev
ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini
dəfələrlə nümayiş etdirən hər bir sərhədçi
zabit, gizir, çavuş, əsgər və matros müstəqil
ölkəmizin dövlət sərhədlərini gecə-gündüz
sayıqlıqla qoruyur.
1991-ci
ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya
Aktı" qəbul olunduqdan sonra milli dövlət
quruculuğunun bərpası işlərinə
başlanıldı. Müstəqil dövlət
quruculuğunun əsas tərkib hissələrindən olan
milli ordunun, o cümlədən sərhəd mühafizəsinin
yaradılması prosesləri də ön plana çəkildi.
1991-ci ilin dekabr ayının 9-da Azərbaycan
Respublikasının Milli Şurası "Azərbaycan
Respublikasının Dövlət Sərhədi haqqında»
Qanun qəbul etdi. Bir həftə sonra, dekabr ayının 16-da
isə Azərbaycan Respublikasının Dövlət Sərhədini
Mühafizə Komitəsi (DSMK) yaradıldı.
1992-93-cü
illərdə dövlət sərhədinin mühafizəsinin
gücləndirilməsi sahəsində bir neçə qərar
verilsə də, onların yerinə yetirilməsi lazımi səviyyədə
təşkil olunmurdu. Hakimiyyət dairələrinin səriştəsizliyi,
bəzi xarici və daxili qüvvələrin
dağıdıcılıq fəaliyyəti sərhəd
mühafizəsinin formalaşması prosesində
inamsızlıq yaradırdı.
Bu
dövrdə Türkiyə Cümhuriyyəti və İran
İslam Respublikası ilə dövlət sərhədində
mövcud mühəndis-texniki qurğuların bir hissəsi
dağıdılmış, hərbi texnika və digər vasitələr
yararsız hala salınmışdı. Ermənistan Silahlı
Qüvvələri tərəfindən ölkə ərazisinin
20 faizinin işğalı nəticəsində İİR ilə
dövlət sərhədinin 132 km sahəsinə nəzarət
etmək də qeyri-mümkün oldu. Narkotik vasitələrin
qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv
maddələrin və kütləvi qırğın
silahları komponentlərinin qanunsuz daşınması,
qaçaqmalçılıq kimi cinayətlərlə məşğul
olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının
dövlət sərhədlərində yaranmış vəziyyətdən
maksimum yararlanmağa çalışırdı. Nəticədə,
dövlət sərhədinin pozulması halları kəskin
şəkildə artmışdı.
Həmin
illərdə dövlət sərhədinin mühafizəsi, əsasən,
şəxsi heyətin fiziki imkanları və SSRİ
dövründən qalmış, fiziki və mənəvi cəhətdən
köhnəlmiş texniki vasitələr hesabına həyata
keçirilirdi. Şimal və şimal-qərb istiqamətində
yaradılmaqda olan sərhəd məntəqələri
vaqonlarda, çadırlarda və ən yaxşı halda,
uyğunlaşdırılmış binalarda yerləşirdi.
Belə
bir vaxtda DSMK-nın qarşısında duran ən
böyük vəzifə keçmiş sovet hərbçilərinin
tabeliyində olan hərbi hissələrin və sərhəd
dəstələrinin təhvil alınması idi. Rusiya
Federasiyası Sərhəd Qoşunlarının Bakı şəhərində
yerləşən Əməliyyat-Döyüş Şöbəsi,
eləcə də hərbi hissələrin rəhbərləri
bu prosesi uzatmağa, təxribatlar törətməyə
çalışırdılar. 1992-ci ilin fevral ayının
12-də DSMK-nın Mühəndis-Tikinti İdarəsinin,
"Bakı" Əlahiddə-Nəzarət
Buraxılış Məntəqəsinin, Neftçala Təlim
Mərkəzinin, Gözətçi Gəmilər
Briqadasının və "Yalama" Nəzarət-Buraxılış
Məntəqəsinin ştat strukturu təsdiq olundu.
Həmin
ərəfədə Bakı bərə-keçid və hava
limanlarında keçmiş SSRİ sərhədçiləri
xidmət aparırdılar və bu, respublikadan silah-sursatın
daşınmasına, xarici kəşfiyyat orqanları əməkdaşlarının
ölkəmizə maneəsiz gəliş-gedişinə imkan
verirdi. Bu cür halların qarşısını almaq məqsədi
ilə may ayının 8-dən 9-na keçən gecə
"Bakı" ƏNBM-in DSMK-nın tabeçiliyinə
verilməsi təmin edildi.
DSMK-nın
maddi-texniki bazasının yaradılmasında mühüm rol
oynayan, silah-sursat və digər lazımi hərbi ləvazimatlarla
dolu olan hərbi anbarların təhvil alınması əsas məsələ
kimi qarşıda dururdu. Oğurluq, hərbi sursatın və əmlakın
rus sərhədçiləri tərəfindən talan edilməsi
də adi hal almışdı. Milli sərhədçilərimiz
1992-ci ilin iyul ayının 26-da əsl fədakarlıq
göstərərək bu vacib hərbi obyekti öz
tabeçiliklərinə keçirməyə nail oldular.
Sovet
sərhədçilərinin milli qüvvələrlə əvəz
edilməsi prosesindən aqressivləşən, əldə
edilmiş sazişi pozaraq hərbi texnikanı, silah-sursatı
imkan düşdükcə aradan çıxarmağa
çalışan kənar sərhədçilər
şimala doğru üz tutdular. Bu istiqamətdə nəzarəti
gücləndirmək zərurəti meydana çıxdı və
DSMK 1992-ci ilin iyun ayının 13-də "Yalama" ƏNBM-in
yaradılması və fəaliyyətə başlaması
haqqında qərar verdi. İyun ayının 16-da milli sərhəd
qoşunlarımızın əsgərləri baş leytenant
Elçin Quliyevin rəhbərliyi altında Azərbaycanla
Rusiya arasındakı əsas tranzit yola nəzarət etmək
üçün Samur qəsəbəsindəki körpü
üzərinə çıxdılar (Respublikaya gəlib-gedən
maşınların sənədlərinin yoxlanılması ilə
fəaliyyətə başlayan kiçik bir post sonradan
inkişaf edib nizam-intizamı və dövlət sərhədinin
etibarlı mühafizəsində nümunəvi xidməti ilə
fərqlənən Xudat Sərhəd Dəstəsinə
çevrildi).
Təhvil
alınmış hərbi hissələri şəxsi heyətlə
komplektləşdirmək, eləcə də qəbul edilən
sərhəd dəstələrini hazırlıqlı əsgərlərlə
təmin etmək üçün Neftçala Təlim
Bazasının milli sərhədçilərimizin
tabeçiliyinə keçməsinin böyük əhəmiyyəti
var idi. 1992-ci ilin iyul ayının 8-də təlim bazası
çətinliklə olsa da rus sərhədçilərindən
təhvil alındı və burada milli sərhədçilərimizin
hazırlanmasına başlanıldı. Cənub sərhədlərində
xidmət edən keçmiş SSRİ sərhədçiləri
artıq könülsüz xidmət aparır,
qaçaqmalçılıq və sərhədpozma
halları baş alıb gedirdi. Təxribatçı qüvvələr
bu əlverişli vəziyyətdən öz məqsədləri
üçün yararlanırdılar. Belə bir şəraitdə
DSMK birtərəfli qaydada 1992-ci ilin avqust ayının 1-də
Lənkəran Sərhəd Dəstəsinin, avqust
ayının 9-da isə Göytəpə Sərhəd Dəstəsinin
yaradıldığını elan etdi. DSMK-nın
atdığı bu məqsədyönlü addımları
keçmiş SSRİ sərhədçilərinin rəhbərliyi
narahatlıqla qarşılayır, daxili pozucu qüvvələrin
gücündən hər vasitə ilə istifadə edərək
aparılan prosesin qarşısını almağa
çalışırdı. Lakin milli zabit və gizirlərimizin
köməkliyi ilə öz sərhəd dəstələrimizin
yaradılması işi uğurla həyata keçirilməkdə
idi.
1992-ci
ilin oktyabr ayından başlayaraq Hadrutda yerləşən
Horadiz Sərhəd Dəstəsinin qəbulu məsələsi
ön planda dururdu. Həmin ilin mart ayından başlayaraq rus sərhədçiləri
tərəfindən bu sərhəd dəstəsinə məxsus
nə var idisə, hamısı ermənilərə təhvil verilmişdi.
Odur ki, həmin sərhəd dəstəsinin nəzarət
etdiyi ərazidə baş verə biləcək təxribatların
qarşısını almaq üçün dövlət sərhədimizin
bu sahəsi Azərbaycan sərhədçiləri tərəfindən
tezliklə mühafizəyə götürülməli idi.
Bir sıra çətinliklərə baxmayaraq, 1992-ci ilin
noyabr ayının 1-də Horadiz sərhəd dəstəsi də
sərhədçilərimiz tərəfindən təhvil
alındı.
Xəzər
dənizi hövzəsində dövlət sərhədinin
mühafizəsini təmin etmək məqsədilə 1992-ci
ilin oktyabr ayının 6-da Rusiya Federasiyası və Azərbaycan
Respublikası arasında bağlanan müqavilənin şərtlərinə
uyğun olaraq, 27 noyabr 1992-ci il tarixdə Əlahiddə Sərhəd
Gözətçi Gəmilər Briqadası milli sərhədçilərimizin
ixtiyarına verildi. Lakin bütün gəmilər, silah-sursat,
avtomobil və digər texnika ölkəmizdən
çıxarılaraq Həştərxana
aparılmışdı. Azərbaycanda yalnız iki ədəd
xidmətə yararsız gəmi qalmışdı.
Keçmiş
sovet sərhədçilərinin Azərbaycan ərazisindən
çıxarılması prosesi 1993-cü ilin aprel ayına qədər
davam etdi. Həmin ilin aprel ayının 5-də Rusiya
Federasiyasının Azərbaycan Respublikası ərazisində
yerləşən sonuncu rabitə taborunun təhvil-təslimi
başa çatdı və bununla da, sonuncu rus sərhədçisi
ölkəmizin ərazisini tərk etdi.
Respublikamızda
ordu quruculuğu, o cümlədən Sərhəd
Qoşunlarının yaranma prosesi müxtəlif siyasi qüvvələrin
hakimiyyət ehtiraslarının
qızışdığı dövrlə üst-üstə
düşmüşdü. Erməni təcavüzünə məruz
qalan ölkəmizdə daxili siyasi vəziyyətin də
qeyri-sabit olması, siyasi hakimiyyətdəki qüvvələrin
naşılığı, bacarıqsızlığı Sərhəd
Qoşunlarının formalaşmasına mane olur, sərhədlərimizin
mühafizəsi işinin təşkili üçün əsaslı
tədbirlərin həyata keçirilməsinə imkan
vermirdi.
1992-ci
ilin oktyabr ayının 9-dan etibarən DSMK Milli Təhlükəsizlik
Nazirliyinin Baş İdarəsi kimi fəaliyyət göstərməyə
başladı və dövlət sərhədlərimizin
qorunması işi milli təhlükəsizliyimizin ayrılmaz
tərkib hissəsinə çevrildi. Müstəqil Azərbaycan
dövlətinin banisi Heydər Əliyev 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikasının çox
ağır, çətin və mürəkkəb
dövründə ictimai, siyasi, iqtisadi, mədəni həyatın
bütün sahələrində olduğu kimi, ordu
quruculuğu sahəsində də böyük işlər
görməyə nail oldu. 1988-ci ildən etibarən avtomobil və
dəmir yolu ermənilər tərəfindən bağlanan,
iqtisadi blokadaya alınan, xarici aləmdən təcrid edilən
muxtar respublika basqınlara və talanlara məruz qalır, sərhədyanı
yaşayış məntəqələri erməni
işğalçıları tərəfindən mütəmadi
olaraq atəşə tutulur, insanlar öldürülür,
girov götürülürdülər. Muxtar respublikanın ərazisində
olan 75-ci motoatıcı diviziyanın və 41-ci sərhəd
dəstəsinin hərbçiləri isə Moskvanın siyasətinə
uyğun olaraq Naxçıvanı nəinki erməni təcavüzündən
qorumur, hətta bəzi hallarda ermənilərə kömək
edir, yerli əhali ilə münaqişələr
yaradırdılar. Belə bir vəziyyət muxtar
respublikanın müdafiəsinin milli qüvvələr hesabına
təşkil olunması istiqamətində təcili və təxirəsalınmaz
tədbirlərin görülməsini tələb edirdi.
Heç
təsadüfi deyildir ki, uzaqgörən dövlət xadimi
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri seçildikdən cəmi üç gün sonra,
1991-ci ilin sentyabr ayının 6-da muxtar respublikada Dövlət
Milli Müdafiə Komitəsi yaradılması barədə qərar
verdi. Belə bir qərar qəbul etməklə uzaqgörən
sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə
tabe olan milli ordusunun əsasını qoydu. Ulu öndərin rəhbərliyi
ilə Milli Müdafiə Komitəsinin statusu, strukturu, təşkili
haqqında qanunvericilik bazası yaradıldı, fəaliyyət
istiqamətləri müəyyənləşdirildi və
Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi
prosesinə başlanıldı. Ulu öndərin o vaxt qəbul
etdiyi tarixi qərarların bir hissəsi sərhədlərlə,
Vətənin hüdudlarının milli sərhədçilərimiz
tərəfindən mühafizə olunmasının təşkili
və həyata keçirilməsi ilə əlaqədar
olmuşdur. Zaqafqaziyada sərhədlərin qorunması
işinə incəliklərinə qədər bələd
olan görkəmli dövlət xadimi bilirdi ki, Sədərək
və Ordubad rayonları ərazisində ermənilərlə
həmsərhəd olan sərhəd məntəqələri
Naxçıvandakı 41-ci sərhəd dəstəsinə
deyil, Ermənistan ərazisində fəaliyyət göstərən
müxtəlif sərhəd dəstələrinə tabedir.
Sovetlər zamanı Naxçıvan ərazisindəki sərhəd
zastavaları düşünülmüş şəkildə
bu cür parçalanmışdı. O dövrdə Şərurdan
Ermənistana gedərkən nəzarət məntəqəsi
sərhəd xəttinə yaxın yerdə deyil, xeyli
aralıda, muxtar respublikanın içərilərinə
doğru gedən yerdə yaradılmışdı. Sədərək
nəzarət məntəqəsi də Vəlidağla Dəhnə
dağının birləşdiyi yerdə, "Qurd
qapısı» deyilən ərazidə təşkil
olunmuşdu və Sədərək qəsəbəsi nəzarət-buraxılış
məntəqəsindən o tərəfdə
qalmışdı. Ordubad rayonu ərazisində isə vəziyyət
daha anlaşılmaz idi. Bu rayonun ərazisindəki
bütün sərhəd zastavaları ("Yaycı» sərhəd
zastavasından "Kotam» sərhəd zastavasınadək) Ermənistan
ərazisində süni şəkildə yaradılan Mehri Sərhəd
Dəstəsinə tabe edilmişdi.
Belə
bir vəziyyət sərhədçilərlə yerli hakimiyyət
orqanları arasında ciddi problemlər yaradır, yerli əhalini
narazı salırdı. Ulu Öndər Sərhəd
Qoşunları Zaqafqaziya Dairəsinin və 41-ci sərhəd
dəstəsinin rəhbərliyindən tələb etdi ki,
muxtar respublikanın ərazisindəki sərhəd məntəqələrinin
hamısı bir dəstədə cəmlənsin və 41-ci sərhəd
dəstəsinə tabe etdirilsin. Bu məsələ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tələb
etdiyi müddətdə, yəni 3 gün ərzində (30
oktyabr 1991-ci il) həll edildi. Naxçıvan Sərhəd dəstəsinin
əmlakının, silah-sursatının tamamilə milli sərhədçilərimizə
təhvil verilməsi işi də uzaqgörən sərkərdənin
qətiyyəti sayəsində ölkəmizin milli
maraqlarına uyğun şəkildə həll olundu. 1992-ci
ilin avqust ayının 22-də 41-ci sərhəd dəstəsi
Azərbaycanın tabeliyinə keçdi və orada müstəqil
Azərbaycanın milli bayrağı dalğalandı. (Bu hadisəni
Naxçıvan sərhədçiləri sərhəd dəstəsinin
yaradılması günü kimi qeyd edirlər.) Beləliklə,
ölkəmizdə müəyyən xidməti ərazidə
sərhədlərimizi tam mühafizə altına
götürən ilk milli sərhəd dəstəsi
yaradıldı.
O
vaxt respublikamızın ərazisindəki sərhəd dəstələrinin
əmlakının bölünməsi, yəni 50 faizinin Rusiya
Federasiyasının, 50 faizinin isə Azərbaycan
Respublikasının sərəncamına verilməsi barədə
razılaşma olmuşdu. 1992-ci ilin sentyabr ayının 19-da
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət
Heyətinin yığıncağında "Naxçıvan
Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin
qorunması haqqında" məsələyə
baxıldı və qərar qəbul olundu. Az sonra isə
muxtar respublika ərazisində yerləşmiş
keçmiş SSRİ Silahlı Qüvvələrinin
tabeliyində olan silah-sursatın, texnikanın, hərbi və
mülki əmlakın bütövlüklə Azərbaycana təhvil
verilməsi prosesinə başlanıldı.
Naxçıvana
məkrli əllərin uzanmasına imkan verməmək,
mürəkkəb ictimai-siyasi şəraitdə, blokadada inləyən
torpaqları işğal təhlükəsindən xilas etmək
zərurəti ordu quruculuğu işini daha da sürətləndirdi.
1992-ci ilin sentyabr ayının 29-da rus zabitləri ilə təhvil-təslim
prosesinin rəsmi imzalanma mərasimi oldu. Ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində
Naxçıvan ərazisində yerləşən hərbi
hissələrin texnika və hərbi əmlakı heç bir
şərt qoyulmadan xalqımızın ixtiyarına verildi və
rus sərhədçiləri Naxçıvandan yola
salındı.
1992-ci
ilin oktyabr ayının 18-də Naxçıvan Sərhəd
Dəstəsində gənc əsgərlərin andiçmə
mərasimi keçirildi. Bu, Azərbaycan Respublikasının
milli sərhədçilərinin ilk andiçmə mərasimi
idi. Mərasimdə iştirak edən Ali Məclis sədri Heydər
Əliyev sərhədçiləri təbrik edərək bu
sözləri dedi: "Siz müstəqil Azərbaycanın sərhədlərinin
toxunulmazlığını, respublikamızın ərazi
bütövlüyünü təmin edən sərhəd
qoşunlarının sıralarında xidmət etməyə
başlayırsınız. Siz indi müstəqil Azərbaycan
dövlətinə sədaqətlə xidmət etmək
andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan
xalqının son 70 ildə xidmətə gedən
oğulları daim Sovet Ordusuna, Sovet dövlətinə sədaqətlə
xidmət edəcəklərinə and içərdilər.
Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə
bizim üçün ən şərəfli, ən xoşbəxt
an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət
olub, Azərbaycan xalqı öz milli azadlığına nail
olub və indi müstəqil dövlətin atributlarını
yaratmaqla məşğuldur. Bu baxımdan ən mühüm
sahə olan Sərhəd Qoşunlarının
yaradılması prosesi gedir...
Biz
bu gün çox böyük məmnuniyyət hissi ilə
müstəqil Azərbaycan dövlətində Sərhəd
Qoşunlarının yaranmasını məhz buradan,
Naxçıvandan, Azərbaycanın bu qədim diyarından
başlandığını qeyd edirik..."
1993-cü
ilin iyununda Azərbaycanda yenidən hakimiyyətə gələn
dahi dövlət xadimi Heydər Əliyevin müdrikliyi sayəsində
ictimai həyatın bütün sahələrində
olduğu kimi, dövlət sərhədinin mühafizəsində
də mühüm dəyişikliklər baş verdi. Dövlət
sərhədlərinin mühafizəsi məsələlərinə
göstərilən diqqət və qayğı sayəsində
cənub sərhədlərində
dağıdılmış sərhəd infrastrukturunun bərpası,
ölkənin şimal və şimal-qərb sərhədlərində
sərhəd məntəqələrinin yaradılması və
maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində
məqsədyönlü tədbirlər görüldü. XX əsrin
60-cı illərinin 2-ci yarısından etibarən həyata
keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd
qoşunlarında məsul vəzifələrə yüksəlmiş
milli sərhədçi kadrlar xidmətə cəlb edildi və
peşəkar sərhədçilərin təcrübəsindən
geniş istifadə olunmağa başlanıldı.
Milli
sərhəd mühafizəsinin formalaşdığı
1993-2002-ci illərdə dövlət sərhədlərinin
etibarlı mühafizəsinin təşkili sahəsində
böyük irəliləyişlərə nail olundu. Sərhəd
mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi,
maliyyə-təsərrüfat fəaliyyətinin
nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində
və sərhəd zastavalarında müasir tələblərə
uyğun xidməti və yaşayış binalarının
tikilib istifadəyə verilməsi prosesləri uğurla davam
etdirildi. Azərbaycan-Rusiya sərhədində Şəki Əlahiddə
Sərhəd Komendantlığı (11 iyul 1995-ci il), Azərbaycan-Gürcüstan
sərhədində isə Zaqatala (3 mart 1993-cü il), Şəmkir
(15 avqust 1994-cü il) sərhəd dəstələri
yaradıldı. Qısa tarixi vaxt ərzində sərhəd
mühafizəsi nəinki formalaşma prosesini başa
çatdırdı, həm də təkmilləşərək
respublikanın sayılıb-seçilən hərbi
qurumlarından birinə çevrildi.
Lakin bu proseslər asanlıqla getmirdi. Sərhəd
mühafizəsinin yaradılması ilə bağlı
qarşıya çıxan əsas problemlərdən biri
ixtisaslı kadrların çatışmaması idi. Keçmiş SSRİ Silahlı Qüvvələri
sıralarında xidmət edən azərbaycanlı zabitlərin
başqa millətlərlə müqayisədə azlıq təşkil
etməsi yeni yaradılmış sərhəd mühafizəsinin
sərhədçi zabitlərlə komplektləşdirilməsində
çox böyük problemə çevrilmişdi. SSRİ Sərhəd Qoşunlarında xidmət edən
azərbaycanlı zabit və gizirlərin, demək olar ki,
hamısı könüllü olaraq Azərbaycan sərhəd
mühafizəsində xidmətə daxil oldular. Lakin bu, qoşunların tələbatını tam
ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər,
eləcə də digər hərbi mükəlləfiyyətli
vətəndaşlar könüllü olaraq xidmət etmək
üçün sərhəd mühafizəsinə həqiqi
hərbi xidmətə qəbul edildilər. 1992-ci ildən sərhədçi zabitlər
Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali
Ümumqoşun Komandanlıq Məktəbinin sərhəd
fakültəsində hazırlanmağa başlanıldı.
1994-cü ildən başlayaraq Sərhəd
Qoşunları həmin məktəbin məzunları ilə
komplektləşdirildi. Məktəbin tədris
prosesində sərhəd mühafizəsinin spesifik xüsusiyyətlərinin
tam nəzərə alınmaması, sərhədçi
zabitlərin peşə və mənəvi-psixoloji
hazırlıqlarının lazımi səviyyədə
olmaması, son nəticədə dövlət sərhədinin
etibarlı mühafizə edilməsi işinə mənfi təsir
göstərirdi. Məhz bunları nəzərə
alaraq, 1998-ci ilin dekabr ayının 1-də ulu öndər Heydər
Əliyev Milli Təhlükəsizlik Nazirliyinin
Akademiyasının yaradılması haqqında fərman verdi.
Sərhədçi zabit və gizirlərin, xüsusilə
ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə
bacarığını artırmaq məqsədi ilə sərhəd
mühafizəsinin tərkibində 1994-cü ilin avqust ayının
12-də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi
Kursları yaradıldı.
Prezident Heydər Əliyevin Azərbaycan sərhədçiləri
ilə görüşləri sərhəd mühafizəsinin
inkişafı üçün xüsusilə əhəmiyyətli
oldu. Onun
1996-cı ilin dekabr ayının 16-da, 2001-ci ilin avqust
ayının 19-da Sərhəd Qoşunlarının
ildönümlərinə həsr olunmuş mərasimlərdə
iştirakı, 2002-ci ilin mart ayının 7-də sərhəd
qoşunlarının illik hesabatını qəbul etməsi,
2003-cü ilin fevral ayının 6-da Dövlət Sərhəd
Xidmətinin rəhbər heyəti ilə görüşməsi,
sərhəd mühafizəsinin maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün verdiyi göstərişlər
milli sərhəd mühafizəsinə yüksək
qayğının nümunəsi oldu. 2001-ci ildə Sərhəd
Qoşunlarının xidməti hesabatını qəbul edərkən
Ulu Öndər sərhədçilərin
qarşısında beynəlxalq terrorçuluğa, qanunsuz
miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə,
qaçaqmalçılığa qarşı mübarizə
aparılması, dənizdə neft-qaz hasilatı
infrastrukturunun mühafizəsi kimi vəzifələr qoydu.
2002-ci ilin iyul ayının 31-də Prezident Heydər Əliyev
Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidmətinin yaradılması barədə fərman
imzaladı. Dövlət Sərhəd Xidmətinin
yaradılması və ona mərkəzi icra hakimiyyəti
orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin
fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm
qoydu. Dövlət Sərhəd Xidməti
qarşısında müasir dövrün tələblərinə
uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd
təhlükəsizliyinin təminatı məsələlərinin
ən yüksək səviyyədə həll olunmasına
başlanıldı.
2002-ci
ilin oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı,
DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı
təmir edilərək xidmətə cəlb olundu, sərhədin
havadan mühafizəsinin təşkili, dövlət sərhədində
baş verən hadisələrə çevik reaksiya verilməsi
və şəxsi heyətin təyinat yerinə vaxtında
çatdırılması, dağlıq ərazilərdə
və dənizdə xilasetmə əməliyyatlarının
aparılması üçün sərhəd
aviasiyasının istifadəsinə başlanıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
ölkəyə rəhbərlik etməyə
başladığı ilk vaxtlardan ümummilli lider Heydər Əliyevin
milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri
və sərhəd mühafizəsini daim dövlət
qayğısı ilə əhatə etdi. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin 2004-cü ilin iyul
ayının 21-də Xudat Sərhəd Dəstəsinin şəxsi
heyəti ilə görüşü ölkənin sərhəd
mühafizəsi salnaməsində yeni səhifə
açdı. Ali Baş Komandanın 2005-ci ilin avqust
ayının 16-da Dövlət Sərhəd Xidmətinin mərkəzi
aparatında sərhəd dəstələrinə
Döyüş Bayraqlarını təqdim etməsi və
Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinin
açılışında iştirakı, oktyabr
ayının 12-də Şəmkir Sərhəd Dəstəsinin
xidməti ərazisində sərhəd mühafizə
infrastrukturu ilə tanış olması, 2006-cı ilin aprel
ayının 12-də Zaqatala Sərhəd Dəstəsinin
şəxsi heyəti ilə görüşü, oktyabr ayının
7-də Xudat Sərhəd Dəstəsinin "Xınalıq»
sərhəd zastavasında, dekabr ayının 7-də həmin
sərhəd dəstəsinin zabit-gizir heyəti
üçün inşa olunmuş 11 binadan ibarət 66 mənzilli
yaşayış massivinin açılışında,
2007-ci ilin avqust ayının 17-də "Sərhədçi"
istirahət mərkəzinin istifadəyə verilməsində,
2008-ci ilin noyabr ayının 8-də Türkan qəsəbəsində
Sahil Mühafizəsinin yeni bazasının
açılışında, 2009-cu ilin mart ayının 6-da
"N" saylı hərbi hissənin, 2009-cu ilin avqust
ayının 31-də "Sərhədçi" idman
olimpiya mərkəzinin istifadəyə verilməsi mərasimində,
2010-cu ilin aprel ayının 29-da Göytəpə Sərhəd
Dəstəsinin qarnizonunda, avqust ayının 10-da Dövlət
Sərhəd Xidmətinin Akademiyasında, avqust ayının
12-də Xudat Sərhəd Dəstəsinin Yuxarı Zeyxur sərhəd
zastavasında, 2011-ci ilin fevral ayının 9-da
"Şıxlı" sərhəd nəzarət məntəqəsində,
aprel ayının 15-də "Astara" sərhəd nəzarət
məntəqəsində olması, may ayının 19-da
Bakı şəhərində sərhədçilər
üçün tikilmiş 12 mərtəbəli
yaşayış binasının istifadəyə verilməsi
münasibəti ilə keçirilən mərasimdə
iştirak etməsi Dövlət Sərhəd Xidmətinin
inkişafına, ölkəmizin sərhədlərinin
mühafizəsinə göstərilən diqqət və
qayğının əyani təzahürləridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
fərmanı ilə 2004-cü ilin yanvar ayının 14-də
Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd
diviziyası yaradıldı. 2005-ci ilin fevral
ayının 18-də dövlət
başçısının Fərmanı ilə sərhəd
gözətçi gəmilər dəstəsinin əsasında
DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin
mühafizəsinə və Xəzərdə ölkəmizin
maraqlarının daha yüksək səviyyədə təmin
edilməsinə geniş imkanlar yaratdı. DSX-nin Xəzər dənizində müşahidə,
axtarış və xilasetmə imkanları xeyli inkişaf
etdirildi, sərhəd gözətçi gəmiləri
müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə
təchiz edildi, dəniz səthi üzərində nəzarətin
təşkili üçün zəruri istiqamətlərdə
radiolokasiya stansiyaları quraşdırıldı. 2005-ci ilin dekabr ayının 27-də "Azərbaycan
Respublikasının dövlət sərhədinin mühafizəsi
sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair
Dövlət Proqramı" təsdiq edildi.
2007-ci ilin iyun ayının 12-də Prezident İlham Əliyevin
Dövlət Sərhəd Xidmətinin Akademiyasının
yaradılması barədə sərəncam imzalaması Vətənimizin
sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində
mühüm rol oynadı. 2008-ci ilin sentyabr
ayının 14-də Dövlət Sərhəd Xidməti
Akademiyasının ilk kursantları Vətənə, dövlətə
sədaqət andı içərək təlim və tədrisə
başladılar. 2008-ci il noyabr
ayının 27-də akademiyanın yeni səhra təlim mərkəzi
istifadəyə verildi. Mərkəzdə kursantların
nəzəri hərbi biliklərinin təcrübədə
işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki
vərdişlərinə yiyələnməsi
üçün hər bir şərait
yaradılmışdır. "Azərbaycan
Respublikasının dövlət sərhədinin mühafizəsi
sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair
Dövlət Proqramı" uğurla həyata
keçirilmişdir.
Şəmkir,
Şəki və Göytəpə Sərhəd Dəstələrinin
qarnizonları, xidməti heyvanlar təlimatçılarının
hazırlığı mərkəzi, "Sərhədçi"
istirahət mərkəzi, aviasiya dəstəsində
komanda-idarəetmə mərkəzi, hərbi hissə qarnizonlarında
zabitlər üçün yaşayış binaları, sərhəd
nümayəndələri üçün görüş
evləri, sərhəd dəstələrində müasir sərhəd
zastavası kompleksləri və sahil məntəqələri
xidməti istifadəyə verilmiş, Astara rayonu ərazisində
cənub katerlər divizionu, Türkan qəsəbəsində
Sahil Mühafizəsi üçün müasir tələblərə
cavab verən, böyük limana, hidrotexniki qurğulara,
vertolyot meydançasına, təlim mərkəzinə,
geniş xidməti obyektlərə və yaşayış
massivinə malik yeni baza tikilmişdir. Cənub sərhədlərində
onlarla sərhəd zastavası əsaslı təmir
olunmuş və yeni sərhəd yolları
salınmışdır. Sərhəd dəstələrində
videonəzarət sistemlərinin yaradılması, sərhəd
zastavalarında müşahidə kameralarının
quraşdırılması və görüntülərin dəstə
qərargahına ötürülməsi nəticəsində
sərhəd xəttində xidmətin təşkilinə
bilavasitə nəzarət gücləndirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş
Komandanlığı altında ardıcıl həyata
keçirilən islahatlar, yeni sərhəd mühafizə
infrastrukturunun yaradılması, hərbi texnikanın və
xüsusi-texniki avadanlıqların yeniləşdirilməsi
sayəsində Azərbaycan Sərhəd Mühafizəsi
mükəmməl inkişaf yolu keçərək
qarşıya qoyulan hər bir tapşırığı yerinə
yetirməyə qadir olan hərbi qurum səviyyəsinə
yüksəlmişdir.
Fərhad TAĞIZADƏ,
Dövlət Sərhəd Xidməti
rəisinin
müavini, general-mayor
Xalq qəzeti.- 2011.- 18 oktyabr.- S. 4.