Müstəqil
dövlətinə sahib olmaq
xalqın tarixi xoşbəxtliyidir
Əldə
etdiyimiz ən böyük nemət müstəqilliyimizdir. İndi
biz azadıq, gələcəyimiz öz əlimizdə - Azərbaycan
xalqının əlindədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Xalqımız daha bir tarixi bayram
təntənəsi içərisindədir. Müasir
Azərbaycan dövlətinin qurulmasının 20-ci ildönümü tamam olur. XX əsrdə ikinci dəfə
suveren hüquqlarımıza
qovuşmağımızdan 2 onillik vaxt keçir. Tarix üçün ani sayılan bu dövrün hər günü,
hər ayı, hər ili 2 əsrə yaxın
müddətdə dövlətçiliyini itirmiş,
imperiya asılılığında
yaşamış xalqımız üçün
qiymətli, məsuliyyətli və unudulmazdır. Daxili və xarici mühitin mürəkkəb,
ziddiyyətli situasiyalarından keçib
gələn, həyatın bütün
sahələrində əsaslı islahatlara
nail olan müstəqil
Azərbaycan dövlətinin möhkəmlənməsi, dünya birliyində layiqli
yerini tutması, regionda
liderə çevrilməsi bu iyirmi ilin başlıca
məzmununu təşkil edir.
Tarixdə
mövcud olmuş imperiyalar saysız-hesabsız kiçik
toplumları və məmləkətləri üyüdüb-əritsə
də, milli varlığını qoruyub saxlayan, müqavimət
qabiliyyətini itirməyən, dövlətçilik
yaddaşını yaşadan xalq və ölkə bu günə
gəlib çıxmışdır. Hərçənd,
milli varlığını itirməyən bir sıra xalqlar hələ
də əsarətdən qurtarmamışdır. Azərbaycan
xalqının dövlətçilik yaddaşına sadiq
qalması və nəhayət, suverenliyini qəti olaraq
qazanması onun ikiqat xoşbəxtliyidir. Ötən 20 ildə
əzəli insanlıq haqqımıza sahib
çıxmağımız, dövlət müstəqilliyimizi,
ulu öndər Heydər Əliyevin bütün dünyaya bəyan
etdiyi kimi, dönməz, daimi etməyimiz çoxəsrlik
tariximizin ən qiymətli hadisəsi, ən uca məqamıdır,
əbədi bir yolun başlanğıcıdır.
İndiki
dövlət müstəqilliyimiz tarixi dövlətçiliyimizin
davamı, 1918-də yenidən qazanılmış müstəqilliyin
bərpası və yaşadılması gerçəkliyidir.
Kommunist epoxasının bütün yaxşı və pis
amillərindən güc alıb irəli gedən, sivil dəyərlərlə
milli varlığını yenidən yoğurub-yapan
yarımasılı Azərbaycan Sovet Respublikası 70 illik
dövrün hər anında gələcək suverenliyinə
doğru can atmışdır. Sovet zamanının son 20 ilində
Azərbaycanın taleyində mühüm və həlledici
rol oynamış ümummilli lider Heydər Əliyevin adı ən
yeni tariximizə dövlət müstəqilliyinin hamisi və
memarı kimi daxil olmuşdur.
Ötən əsrin ortalarından sovet sisteminin dayağı sayılan Dövlət Təhlükəsizliyi Komitəsinin Azərbaycan strukturunda sürətlə rəhbər mövqelərə çıxan Heydər Əliyevin repressiya qurbanlarının bəraət almasında, millətsevər ziyalıların DTK məngənəsindən xilas edilməsində, bu qurumun milli varlığımıza yönəlmiş təxribat və qəsdlərinin ötüşdürülməsində misilsiz xidmətləri olmuşdur. Hakim imperiya daxilində xalqımızın əmin-amanlığının, özünüqorumasının və hərtərəfli inkişafının nadir bir modelini ərsəyə gətirən yerli DTK sədrinin 1969-cu ildə Azərbaycandakı ictimai-siyasi passivlik, sosial-iqtisadi tənəzzül şəraitində respublikanın ali rəhbəri vəzifəsinə irəli çəkilməsi isə tarixi bir zərurət idi.
Gənc, enerjili, xalqını ürəkdən sevən və ona xidmətin hüdudlarını dərin zəka və fəhmi ilə dəqiq müəyyənləşdirən Heydər Əliyev qısa müddətdə Azərbaycanın mövcud və potensial imkanlarını hərəkətə gətirmişdi. Bütün imperiyalar kimi Sovet İttifaqının da yaxın gələcəkdə süqutunu dəqiq proqnozlaşdıran bu qeyri-adi lider-siyasətçi öz məmləkətini misilsiz iradəsi ilə daha çox müstəqil idarəçilik yoluna yönəltmiş, sabahkı suverenliyə hazırlamışdı.
Təşəbbüskarlığı və islahatçılığı ilə, SSRİ-nin əyalət rəhbərləri içərisində müstəsna fəallığı ilə seçilən Azərbaycan liderinin 13 illik zəfərli yürüşdən sonra Kommunist Partiyasının və Sovet dövlətinin ali rəhbərliyinə aparılması isə, əslində, respublikamızın mərkəzdən asılılığını minimuma endirmiş, onun inkişafına, milliləşməsinə ən yüksək himayə qazandırmışdı. Türk-müsəlman mənşəli Heydər Əliyevin Azərbaycanı sovet imperiyası daxilində inkişaf etdirməsi, ona faktiki müstəqillik qazandırması o zaman dünyanın strateji və güc mərkəzlərində də diqqəti cəlb etmişdi. Hələ o illərdə təkcə SSRİ-də deyil, onun hüdudlarından kənarda da Azərbaycan deyəndə onun xarizmatik rəhbəri Heydər Əliyev, Heydər Əliyev adı gələndə isə onun görüntülü mövqeyə qaldırdığı Azərbaycan xatırlanırdı.
O dövrdə də Heydər Əliyevin öz xalqı, Vətəni qarşısında xidmətləri bitib-tükənməz idi. Xalqımızın düşmənləri bunu görür və hesablaşmalı olurdular. Onun bir xidməti isə zamanı gəldi ki, Azərbaycanın bədxahlarını hərəkətə gətirdi. Bu, Heydər Əliyevin Azərbaycanın hər qarış torpağını göz bəbəyi kimi qoruması idi. Dağlıq Qarabağı sovet dövründə dəfələrlə Ermənistana birləşdirmək istəyən, ayrı-ayrı illərdə xeyli torpağımızı ermənilərə bəxşiş edən qüvvələr SSRİ-nin başabəla rəhbəri M.Qorbaçovun və onun ermənipərəst ətrafının əli ilə Azərbaycanı hər bəladan qoruyan Heydər Əliyevi siyasət və idarəçilik olimpindən uzaqlaşdırmağa nail oldular.
Elə bununla da xalqımızın qara günləri başlandı. Ermənistanın Azərbaycana ərazi iddialarının və təcavüzünün qarşısının ittifaq dövləti tərəfindən alınmaması xalqımızı tarixi seçim qarşısında - öz taleyinə sahib çıxmaq, ərazilərini qorumaq zərurəti ilə üz-üzə qoydu. Belə bir mürəkkəb, taleyüklü günlərdə yerli rəhbərliyin xalqın maraqlarını ifadə edən mövqe və iradə göstərə bilməməsi günü-gündən genişlənən, yüksələn xalq hərəkatının idealist və naşı siyasi qüvvələr tərəfindən yönləndirilməsinə apardı. Xalqın qəhrəmanlıq səviyyəsinə yüksələn coşğunluğunu doğru-düzgün idarə edə bilməyən meydan natiqləri və aciz rəhbərlər Azərbaycanı Moskvanın cəza aktından - 20 Yanvar qırğınından və başqa faciələrdən xilas edə bilmədilər.
İmperiya mərkəzində göz dustağına çevrilmiş millət atası Heydər Əliyev dəmir məngənəni qıraraq o günlərdə xalqının haqq səsini dünyaya çatdırdı, qanlı faciənin fitva verənlərini və icraçılarını kəskin ittiham etdi. Onun bu qətiyyətli və qəzəbli etirazı, əslində, Azərbaycan xalqını sovet rəhbərliyindən nicat gözləməyib öz müstəqilliyi barədə düşünməyə çağırış idi. Xalqın dar günündə ayağa qalxıb, sinəsini qabağa verən, səsini ucaldan, düşmənə həddini qandıran Heydər Əliyev o günlərdə həm də həqiqi liderin kimliyini ortaya qoydu. Bu qüdrətli dövlət xadimi xalqının nəzərində qəhrəman bir lider kimi ucaldı.
Düşmənlərin zərbələrindən ağrıyan, keyləşən xalqımızın məhkum olduğu azadlıq mübarizəsi günlər keçdikcə Heydər Əliyevin atdığı addımlarla həmahəngləşməyə başladı. 1990-cı ilin yayında cinayətkar Kommunist partiyasına üzvlüyünə xitam verməklə siyasət nəhəngi Heydər Əliyev Azərbaycanın müstəqillik savaşına start vermiş oldu. Min bir çətinliklə Vətənə dönüb, yalnız doğulduğu Naxçıvanda yaşamaq imkanı əldə edən zəmanənin ən böyük azərbaycanlısı həmyerlilərinin timsalında layiq olduğu xoş münasibətdən güc aldı. O çətin günlərdə Naxçıvanın idarə olunmasının Heydər Əliyevə etibar edilməsi və onun həyata keçirdiyi xilaskarlıq missiyası, atdığı addımlar blokadada qalmış muxtar respublikanı Azərbaycanın taleyinin lokomotivinə çevirdi.
Artıq müstəqillik savaşının önünə keçmiş ümummilli lider Heydər Əliyev SSRİ-nin süqutundan 1 il əvvəl bu nəhəng dövlətin kiçik muxtar subyektində, "kiçik bir Azərbaycan"da sovet sisteminin ləğvinə fərman verdi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə muxtar respublikanın rəsmi adından "sovet" sözünün çıxarılması, milli dövlətçiliyimizin rəmzi olan üçrəngli bayrağın yenidən qaldırılması, Naxçıvan seçicilərinin SSRİ-nin qorunub saxlanması ilə bağlı referendumda iştirak etməməsi suverenlik uğrunda mübarizəni açıq müstəviyə keçirdi, Azərbaycan xalqının maraqlarının layiqli ifadəsi oldu. Vaxtilə respublikamızı müstəqillik epoxasına hazırlamış ümummilli lider Sovet İttifaqının yıxılmasından 1 il əvvəl Azərbaycana suverenlik rəmzləri, istiqlal ab-havası gətirdi.
Dövlət müstəqilliyinin ilk 2 ilində köhnə rejimdən qalma, xalqa arxalanmayan rəhbərliyin, sonra isə naşı, xəyalpərəst meydan qəhrəmanlarının kürsü hərisliyi, ziyankar fəaliyyəti qazanılmış müstəqilliyi itirmək təhlükəsi ilə üzləşdirdi. Onlar Dağlıq Qarabağın və ətraf bölgələrin işğalının qarşısını ala bilmədilər. Hakimiyyət uğrunda mübarizə 1993-cü ilin yayında vətəndaş qarşıdurmasına, ümummilli fəlakətə gətirib çıxaranda xalqın tələbi, sağlam siyasi qüvvələrin fəal iştirakı ilə böyük dövlət və siyasət xadimi Heydər Əliyev müstəqil dövlətin - Yeni Azərbaycanın rəhbərliyinə gətirildi.
Ümummilli lider nüfuzu, zəngin dövlətçilik təcrübəsi, sonsuz Vətən sevgisi xalqın etimad və dəstəyi ilə birləşərək Heydər Əliyevin xilaskarlıq missiyasına müstəsna uğur qazandırdı. Tezliklə bütün xalqın ulu öndər deyə ali məqama yüksəltdiyi Prezident Heydər Əliyev ölkədə vətəndaş həmrəyliyini, siyasi sabitliyi bərqərar etdi. Ermənistanla müharibədə düşmən geri oturduldu və atəşkəsə məcbur edildi. Xarici siyasətdə əldə olunmuş uğurlar Dağlıq Qarabağ münaqişəsində Ermənistanın ədalətsiz, işğalçı mövqeyinin açılıb göstərilməsinə, etibarlı siyasi-iqtisadi tərəfdaşlar cəlb edilməsinə, beynəlxalq qurumlara qoşulmağa, dünya birliyinə fəal inteqrasiyaya əlverişli şərait yaratdı. Ulu öndərin zəka və iradəsi ilə reallaşan və beynəlxalq aləmin "Əsrin müqaviləsi" adlandırdığı nəhəng neft layihəsi Azərbaycana güclü xarici sərmayə axınının uğurlu başlanğıcı oldu, xalqımızın öz sərvətlərinin həqiqi sahibi olduğunu təsdiqlədi.
Böyük dövlət qurucusu Heydər Əliyevin apardığı mükəmməl, kompleks islahatlar kommunist sistemindən müasir hüquqi-demokratik quruluşa, vətəndaş cəmiyyətinə keçidi təmin etdi, tarixə inkişafın "Azərbaycan modeli" kimi daxil oldu. Ulu öndərin rəhbərliyi ilə hazırlanıb, 1995-ci il noyabrın 5-də ümumxalq səsverməsi ilə qəbul edilən Yeni Konstitusiya müstəqil Azərbaycan dövlətinin varlığının və gələcəyə doğru irəliləyişinin pasportu oldu. Bu konstitusiyada təsbit olunmuş sivil, demokratik prinsiplər müstəqil dövlətin həyatının müxtəlif sahələrini tənzimləyən qanunların qəbul edilməsinə əsaslar yaratdı.
Gənc dövlətin memarı kimi Heydər Əliyevin ölkənin etibarlı müdafiəsinin təşkil edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, iqtisadi-sosial inkişaf üçün zəruri olan sabitliyin təmin edilməsi ilə bağlı müəyyən etdiyi strateji xətt, həyata keçirdiyi hüquqi-siyasi tədbirlər çağdaş Azərbaycanın qazandığı misilsiz uğurlar üçün möhkəm zəmin yaratdı. "Dövlət iki halda - cinayətkar cəzalandırılmayanda, təqsirsiz adama cəza veriləndə sarsıla bilər" mülahizəsinə önəm verən Prezident Heydər Əliyevin gerçəkləşdirdiyi zəruri və uzun bir perspektivi nəzərdə tutan tədğirlər ölkəmizdə qanunun aliliyini təmin etdi.
Ulu öndərin 9 avqust 1994-cü il tarixdə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" fərman mövcud neqativ halların aradan qaldırılması, möhkəm asayişin yaradılması üçün əməli addımlara yol açdı. Prezident Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyasının hazırladığı bir sıra qanunlar məhkəmə, prokurorluq, polis, vəkillik, notariat orqanlarının müstəqil dövlətin həyatında yerini fəaliyyət əsaslarını müəyyən etdi, hüquqi dövlət quruculuğunu gücləndirdi.
Dövlətimizin qanunçuluq sistemində mötəbər yeri olan prokurorluq orqanlarının yenidən qurulması və səmərəli fəaliyyəti də ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sırasındadır. Bu baxımdan bilavasitə onun təşəbbüsü ilə hazırlanıb qəbul olunmuş "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlar mükəmməlliyi, işləkliyi ilə prokurorluq orqanlarının səmərəli fəaliyyətini, uğurlar qazanmasını təmin etmişdir.
Böyük dövlət xadimi Heydər Əliyevin Şərqdə ilk olaraq Azərbaycanda ölüm hökmünü ləğv etməsi, həyata keçirdiyi amnistiya və əfvetmə siyasəti cinayətkarların islah olunmasında, cəmiyyətin humanistləşməsində olduqca təsirli olmuşdur. Onun təşəbbüsü ilə Milli Məclisin 1996-2003-cü illərdə qəbul etdiyi 8 amnistiya aktı 21 mindən çox məhkuma vaxtından əvvəl azadlıq bəxş etmiş, 77 mindən artıq şəxsə şamil edilmişdir. Ulu öndərin imzaladığı 32 əfvetmə fərmanı isə 3104 məhkuma nicat vermişdir.
Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev həyatın bütün sahələrində ulu öndərin kursunu ləyaqətlə, yaradıcılıqla davam etdirir. Dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" Azərbaycan Prokurorluğunun fəaliyyətini yeni tələblər əsasında qurmaq üçün sistemli tədbirləri nəzərdə tutur. Hazırda bu proqramın müddəaları ardıcıl həyata keçirilir, prokurorluğun gündəlik işinə yenilik, çeviklik, uğur gətirir.
Müstəqil dövlətimiz artıq 8 ildir ulu öndər Heydər Əliyevin yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfər yürüşünü davam etdirir. Sosial-iqtisadi, mədəni sahələrdə modernləşmə xətti Azərbaycanı dünyanın sürətlə inkişaf edən, vətəndaşlarına yüksək rifah yaradan dövləti kimi tanıdır. Azərbaycan dövləti ulu öndərin arzuladığı kimi müstəqilliyini möhkəmləndirir, tərəqqi yolu ilə irəliləyir. Dövlət müstəqilliyimizin 20 illiyinin tamam olduğu günlərdə bir daha nəzərdən keçirilən tarixi uğurlarımız bu həqiqəti təsdiqləyir, xalqımıza möhtəşəm bayram sevinci bəxş edir.
Dağlar ZEYNALOV,
Sumqayıt şəhər prokuroru
Xalq qəzeti.- 2011.- 19 oktyabr.- S. 7.