Müstəqil Azərbaycan
iqtisadiyyatının tarixində Heydər Əliyev mərhələsi
70 il
Sovet İttifaqının iqtisadiyyatının bir hissəsi
kimi inkişaf etmiş Azərbaycan iqtisadiyyatının əsas
sahələri neft hasilatı, neft emalı sənayesi və
bir də kənd təsərrüfatından ibarət olsa da
1960-80-ci illərdə, xüsusilə ümummilli lider Heydər
Əliyevin hakimiyyətinin birinci mərhələsində
respublikada maşınqayırma, kimya, toxuculuq, qida və digər
sənaye sahələri də sürətlə inkişaf etməyə
başladı. Bu inkişafın iki onillikdən bir qədər
artıq davam etməsinə baxmayaraq, ölkənin sosial
rifahının və mədəni həyatının yüksəlməsində,
dövlət idarəçiliyi üçün yüksək
ixtisaslı yerli kadrların hazırlanmasında çox
böyük rolu oldu.
Gözləmək olardı ki, SSRİ dağılandan və Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpa olunduğunu bəyan etdikdən sonra sosial-iqtisadi vəziyyətin sabitləşməsi istiqamətində hökumət radikal addımlar atacaq və qabaqlayıcı tədbirlər görəcək. Lakin hər şey düşünülənlərin tam əksinə cərəyan etməyə başladı.
Ölkədəki mövcud reallıqlar - hakimiyyət böhranı, genişlənməkdə olan erməni təcavüzü nəticəsində Azərbaycanın strateji mövqelərinin əldən getməsi, bunların yaratdığı xaos və anarxiya gənc müstəqil respublikanın taleyini sual altında qoyurdu. Müharibəyə cəlb edilmiş ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri çökmüşdü. Təsadüfi adamların xalq hərəkatı dalğasında hakimiyyətə gəlməsi dövlət idarəçiliyindəki tabeçilik prinsipini heçə endirmişdi.
Ölkə iqtisadiyyatı sürətlə tənəzzülə sürüklənirdi. 1989-cu ildən başlayan bu proses müstəqilliyin ilk illərində daha da dərinləşir, bu isə əhalinin sosial vəziyyətinin durmadan pisləşməsinə gətirib çıxarırdı. Bu illərdə kəskin enerji böhranı ilə bərabər neft hasilatı da sürətlə aşağı düşür, sənaye müəssisələrinin fəaliyyəti məhdudlaşır, kənd təsərrüfatı ağır itkilərə məruz qalır, inflyasiya daha böyük sürət götürməyə başlayırdı. Kəndlərdən fərqli olaraq şəhərlərdə ərzaq qıtlığı daha aydın hiss olunur, çörək növbələri getdikcə ağrılı bir vəziyyət alırdı.
Statistik rəqəmlər göstərir ki, əgər 1989-91-ci illərdə ümumi daxili məhsul istehsalı ildə orta hesabla 6,7 faiz azalmışdısa, müstəqilliyin ilk üç ili ərzində bu geriləmənin sürəti 3,8 dəfə artmışdı. 1990-cı illə müqayisədə 1993-cü ildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə azalmışdı.
Azərbaycan dövlət müstəqilliyinin erkən dövründə həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan iflasa uğramağa başladığı çox ağır bir məqamda heç bir amilə, təhdid və təzyiqlərə baxmayaraq, öz xilaskarını - ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Tarix çox qısa bir zamanda göstərdi ki, Azərbaycan xalqının bu seçimi, şübhəsiz, yeganə doğru seçim olmuşdur.
"İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz. Suveren dövlətin ərazisinin 17 faizi işğal olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir... Axı keçmiş SSRİ-nin heç bir respublikasında belə vəziyyət yoxdur". 1993-cü ilin yayında kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin birində ümummilli lider Heydər Əliyevin dediyi bu fikirlər dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının qəbul olunmasından cəmi iki il sonra Azərbaycanın gerçək vəziyyətini bütün təfərrüatı ilə əks etdirirdi.
Siyasətdə dəyərlər iyerarxiyası mövcuddur və müxtəlif problemləri görməyi bacarmaq lazımdır ki, onların həlli yollarını qarışıq salmayasan. Bu mənada ulu öndər Heydər Əliyev, şübhəsiz ki, hakimiyyətə qayıdışından sonra dövlət başçısı olaraq qarşısında hansı problemlərin durduğunu və nədən başlamağın lazım gəldiyini özünəməxsus siyasi intuisiya ilə çox gözəl bilirdi.
Azərbaycanın siyasi-iqtisadi məkanında hansı proseslərin getdiyini, bu zəngin neft ölkəsinin ətrafında hansı siyasi çoxgedişli kombinasiyaların qurulduğunu bütün incəlikləri ilə görən böyük siyasət adamı eyni zamanda, müstəqilliyə yeni qovuşmuş Azərbaycanın bir deyil, bir neçə transformasiya dövrü yaşadığını da aydın dərk edirdi: diktaturadan demokratiyaya, imperiya köləliyindən milli müstəqil dövlətçiliyə və ən əsası, iqtisadi iflasdan sağlamlaşdırmaya və inkişafa keçid. Bu ağır və eyni zamanda, həyati vacib işlərin reallaşmasına mane olan, onları əngəlləyən problemlər isə olduqca çox idi. Azərbaycanın cəlb olunduğu ədalətsiz müharibə, daxildə hakimiyyət uğrunda gedən amansız çəkişmələr, ölkənin vətəndaş müharibəsilə üz-üzə qalması, hakimiyyətin idarəçilik prinsiplərinin qeyri-qanuni silahlı birləşmələr tərəfindən pozulması, iqtisadiyyatda tənəzzülün qarşısını almaq üçün investisiyaların yoxluğu və əslində buna əlverişli mühitin belə olmaması.
Etiraf etmək lazımdır ki, keçmiş Sovet Respublikalarının heç birində analoji problemlər yox idi. Lakin bunların heç biri böyük siyasət ustası Heydər Əliyevi tutduğu yoldan, həyata keçirdiyi xilaskarlıq missiyasından döndərə bilmədi. Onun hakimiyyətdə olduğu hər an Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənir və inkişaf edirdi.
1993-94-cü illərdə Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin prespektivsizliyini və onun ölkənin iqtisadi dirçəlişini kəskin şəkildə əngəllədiyini nəzərə alan Heydər Əliyev Azərbaycanın müharibədən çıxmasına və atəşkəs haqqında razılaşma əldə edilməsinə nail oldu. Bu, ölkəni vəziyyətdən çıxarıb, münaqişənin Bakıya münasib həllinə nail olmaq üçün qüvvələri sonrakı mərhələyə səfərbər etmək məramı daşıyırdı. Çünki məhz bu səbəbdən karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycana, nəhəng dövlətlərin və şirkətlərin maraq dairəsində olsa belə, təhlükəli region kimi investisiya qoymağa cəsarət göstərən yox idi.
Bütün bunlara baxmayaraq, böyük uzaqgörənliklə neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkənin qazanacağı iqtisadi və siyasi dividendləri görən Heydər Əliyev çox böyük səylə özünün uzun illərə hesablanmış neft strategiyasının real konturlarını çəkirdi. Məhz bu məqamda dünyada söz sahibi olan dövlətlərin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başladı. Çox yaxşı düşünülmüş və ağıllı şəkildə reallaşdırılan neft strategiyasının ilk mərhələsində özünəməxsus bir "neft layihələri birjası" meydana çıxdı. Burada hər bir layihədə iştirak payı uğrunda xarici şirkətlər arasında gedən çox kəskin rəqabətdən isə Azərbaycan udurdu - həm iqtisadi, həm də siyasi cəhətdən.
Nəticə özünü çox gözlətmədi və 20 sentyabr 1994-cü ildə Bakıda 6 dövlətin 10 nəhəng neft şirkətinin rəhbərləri ilə danışıqlar uğurla başa çatdı və nəticədə "Əsrin müqaviləsi" imzalandı. Həmin dövrdə tanınmış rus siyasətçilərindən biri yazırdı ki, "vaxtı ilə Neft daşlarının kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin zəkasının və qətiyyətinin təntənəsi olan "Əsrin müqaviləsi" gənc müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi".
"Əsrin müqaviləsi"nin mühüm əhəmiyyətlərindən biri də ondan ibarət idi ki, bu müqavilə Azərbaycanın iqtisadi müstəvisində çox güclü qanunvericilik bazası yaratdı, investorlar öz kapitallarının etibarlı müdafiəsinə inandılar və bununla da Azərbaycan əlverişli və etibarlı investisiya mühiti olan sivil bir ölkəyə çevrildi.
Artıq bir fakt bütün çılpaqlığı ilə bəlli idi ki, sovet hakimiyyətindən qalmış mərkəzləşdirilmiş planlı iqtisadiyyat iflasa uğrayıb və onun geriyə yolu yoxdur. Qurulacaq yeni cəmiyyətin, müstəqil dövlətin iqtisadi modelinin mahiyyətinin qısa izahı isə iki sözlə müəyyənləşirdi - bazar iqtisadiyyatı. "Əsrin müqaviləsi"nin imzalanması ilə bu mexanizmi işə salan ümummilli lider Heydər Əliyev ölkənin siyasi kataklizmlərdən və daxili çəkişmələrdən kəskin böhran keçirdiyinə baxmayaraq, Azərbaycanın bazar iqtisadiyyatına doğru irəliləməsindən başqa yolu olmadığını hamıdan yaxşı bilir və aydın görürdü. Bu isə ölkənin uzunmüddətli iqtisadi inkişaf və tərəqqi yolu idi.
"Əsrin müqaviləsi"nin imzalanması ilə eyni vaxtda ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. 1997-ci ildə isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı. "Əsrin müqaviləsi"nin reallaşmağa başlaması sənayenin də bir çox sahələrinə investisiyaların yönəlməsinə, kiçik və orta müəssisələrin özəlləşdirilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsinə və yeni sənaye müəssisələrinin istifadəyə verilməsinə gətirib çıxardı.
1990-cı illərin ikinci yarısında ölkə iqtisadiyyatına büdcədən kənar vəsait hesabına kapital qoyuluşunun həcmi sürətlə artmağa başladı. 1996-cı ildən 2000-ci ilə qədər xarici invenstisiyaların həcmi 5 milyard dollara çatdı. Daxil olan xarici investisiyaların 50 faizi maşınqayırma, rabitə və qida sənayesinə, xidmət bölməsinə və digər sahələrə yönəldilmişdir. 1996-cı ildə qeyri-neft sektoruna yönələn investisiyaların həcmi 33 faiz təşkil edirdi.
Neft ölkəsi kimi isə Azərbaycanın bu sahədəki gəlirləri daha çox idi və bu da iqtisadiyyatımıza birbaşa təsir edirdi. Statistika göstərir ki, 20 il ərzində ölkədə qaz kondensatı da daxil olmaqla 413 milyon ton xam neft, 191,6 milyard kubmetr qaz hasil edilmişdir. Məhz bunun nəticəsidir ki, bu illər ərzində ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələrindən 83,4 milyard manat (100 milyard ABŞ dolları) investisiya yönəldilmişdir.
Beynəlxalq Valyuta Fondunun apardığı təhlillər də göstərir ki, Azərbaycanda 1996-cı ildən etibarən iqtisadi dirçəlişin əlamətləri özünü göstərməyə başlamışdır.
Təkcə iqtisadçılar deyil, sadə insanlar da bilirdilər ki, müstəqilliyin bərpasının ilk illərindən başlayaraq inflyasiya maliyyə bazarının qarşısıalınmaz bəlasına çevrilmişdi. Hətta 1994-cü ildə inflyasiya 1600 faizə qalxmışdı. Lakin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası sürət yığdıqca inflyasiyanın səviyyəsi də sürətlə enməyə başladı və 1995-ci ildə 85 faizə, 1996-cı ildə isə 28 faizə düşdü. 2005-ci ildə isə inflyasiya 1-2 faizə endi, manat möhkəmlənməyə başladı, devalvasiya ildə 2-3 faizə düşdü. 1996-2001-ci illərdə isə ümum daxili məhsulun artımı 40 faizə çatdı.
Etiraf olunmalıdır ki, iqtisadiyyatın bu sürətlə artmasının başlıca səbəblərindən biri də "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəyə axan xarici investisiyalar olmuşdur. Statistik məlumatlara diqqət yetirsək, görərik ki, 1994-cü ildən 2010-cu ilə kimi iqtisadiyyatımızın inkişafına 54,4 milyard dollar məbləğində xarici investisiya cəlb edilmişdir. İnvestisiyaların 68,8 faizi iqtisadiyyata birbaşa investisiya şəklində yönəldilmiş, eyni zamanda, 33,1 milyard dollar neft sənayesinin inkişafına sərf edilmişdir. 2010-cu ildə xarici investisiyaların axını maksimal həddə çatmış və təkcə bu il ərzində iqtisadiyyatımıza 8,2 milyard dollar investisiya cəlb olunmuşdur. Ümumilikdə isə ötən il ölkə iqtisadiyyatına 12,5 milyard manat investisiya yatırılmışdır ki, bu da 2009-cu illə müqayisədə 19,2 faiz çoxdur.
Rəqəmlərdən də göründüyü kimi, bu investisiyaların böyük bir qismi neft sektoruna yönəlmişdir. Belə nəhəng investisiya layihələrinə dünyaya səs salan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşmasını göstərmək olar. Əslində, əvvəldə qeyd etdiyimiz kimi, investisiya üçün əsas şərtlərdən biri də elə Azərbaycanda zəngin neft və qaz yataqlarının mövcudluğu idi ki, bu layihələr də onların tərkib hissələri idi. Lakin unutmaq olmaz ki, ölkədə siyasi sabitlik, əmin-amanlıq əldə olunmadan, investisiyalara hüquqi təminat yaradılmadan, bir sözlə, əlverişli investisiya mühiti olmadan bu, mümkün deyildi. Və ümummilli lider Heydər Əliyev ona görə də çox qısa zamanda bu təminatları yaratmaq üçün bütün səyləri göstərdi və buna nail oldu.
Müstəqilliyin bərpasından sonrakı illərdə ölkədə fəaliyyət göstərən xarici və müştərək müəssisələr Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna da böyük maraq göstərməyə başladılar və bu istiqamətdə də birbaşa investisiyalar artmağa başladı. Bunun nəticəsidir ki, ötən ilin sonuna qədər göstərilən sahələrə birbaşa xarici investisiyaların həcmi 4,3 milyard dollar təşkil etmişdir.
Bütün bunlarla yanaşı, Azərbaycanın tərəqqi və inkişafını göstərən amillərdən biri də ölkəmizin özünün investisiya imkanlarının zaman-zaman genişlənməsidir. Son illərdə Azərbaycan şirkətlərinin və sahibkarlarının digər ölkələrə investisiya yönəltmələri bunu bir daha sübut edir. Məsələn, Türkiyə iqtisadiyyatına qoyulmuş Azərbaycan investisiyalarının həcmi bu gün 4 milyard dolları keçir və proqnozlara görə bu rəqəm yaxın illərdə 6 milyard dollara çatacaq.
Qonşu Gürcüstan Respublikasına da investisiya yatırımının həcmi artıq 1 milyard dollara çatmışdır. Fəal investisiya siyasəti yeridən Azərbaycan 2003-2007-ci illərdə bir çox ölkələrin iqtisadiyyatına bütövlükdə 5,7 milyard dollar investisiya qoymuşdur. Ölkənin maliyyə resursları imkan verir ki, Azərbaycan bu istiqamətdə fəallığını daha da artırsın və dünyanın bir çox regionlarında həyata keçirilən qlobal layihələrdə müstəqil ölkəmizin iştirakını təmin etsin. Bu isə iqtisadiyyatımızın təkcə qlobal iqtisadi məkana inteqrasiyasını deyil, həm də neft gəlirlərinin səmərəli istifadəsini nümayiş etdirir.
Tarixə qovuşan 2010-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 715,2 milyon manat vəsait yönəldilmişdir. Bu isə 2009-cu illə müqayisədə 21,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 75,2 faizini və ya 7 milyard 209,3 milyon manatını daxili, 24,8 faizini və ya 2 milyard 405,9 milyon manatını isə xarici investisiyalar təşkil etmişdir.
İnvestisiyaların tələb olunan həcminin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdən olsa da dövlətin investisiya siyasətinin əsas istiqamətləri də böyük əhəmiyyət daşıyır. Ona görə də respublika hökumətinin 2011-2014-cü illər üçün investisiya siyasətinin prioritet istiqamətləri müəyyən edilmişdir.
İnvestisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması , ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi, dövlət investisiya siyasətinin tam şəffaflığının təmin edilməsi bu siyasətin ana xəttini təşkil edir.
Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar beynəlxalq iqtisadi qurumların da diqqətindən yayınmamışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan 2009-cu il "Doinq Biznes 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir.
Mən şübhə etmirəm ki, öz müstəqillik tarixinin çox qısa bir dövründə Azərbaycanın beynəlxalq maliyyə-iqtisadi qurumları tərəfindən belə qiymətləndirilməsinin kökündə həm də ümummilli lider Heydər Əliyevin cəsarətlə həyata keçirdiyi torpaq islahatı durur.
Müstəqil Azərbaycanda öz radikallığı və tempinə görə təkcə ölkənin digər sahələrindəki islahatlardan deyil, bütün MDB məkanında həyata keçirilən islahatlardan köklü surətdə fərqlənən torpaq islahatı az bir zamanda heyrətamiz nəticələrə gətirib çıxardı. Hər şeydən əvvəl, etiraf etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin məhz aqrar sektordakı bu radikal islahatı Azərbaycanda şəxsi mülkiyyətin və sahibkarlığın inkişafında çox mühüm təkanverici rol oynadı.
Ümummilli lider Heydər Əliyev bu islahatların sürətlə və maneəsiz həyata keçirilməsi və uğur qazanması üçün onun qanunvericilik bazasını da yaratdı. Bunlardan bilavasitə ulu öndərin iştirakı ilə hazırlanan və 1995-96-cı illərdə qəbul olunmuş "Aqrar islahatların əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və ən əsası "Torpaq islahatı haqqında" mühüm qanunları qeyd etmək olar ki, bu qanunvericilik aktları sözün əsl mənasında böyük inqilaba yol açdılar. Bütün postsovet məkanında, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda "Torpaq islahatı haqqında" Qanunda torpağın şəxsi mülkiyyətə verilməsi öz əksini tapdı.
Çox da uzun olmayan bir zamanda aparılmış aqrar islahatlar nəticəsində 2239 kolxoz, sovxoz və sair kənd təsərrüfatı müəssisəsi ləğv edilərək, onların bazasında və digər əsaslarla müxtəlif təşkilatı hüquqi formalı 1525 kənd təsərrüfatı müəssisəsi yaradıldı.
Ölkənin müstəqillik tarixinin çox qısa bir dövrünü - Heydər Əliyev hakimiyyəti illərini araşdırdıqca bir daha əmin olursan ki, həqiqətən bu böyük düha XX əsrin sonu XXI əsrin əvvəllərində böyük islahatçı kimi də Azərbaycan tarixində iz qoymuşdur. Onun islahatlarının mərkəzində, şübhəsiz, demokratik hüquqi dövlət quruculuğu dururdu. Böyük islahatçı bilirdi ki, hüquqi dövlətin təməl prinsiplərindən biri əməyə daxili stimulun olmaması səbəbindən deqradasiyaya uğrayan inzibati amirlik iqtisadiyyatı deyil, hüquqa söykənən bazar iqtisadiyyatıdır və ikinci prinsip isə ondan ibarətdir ki, hüquqi quruluşun əsasını inkişaf etmiş vətəndaş cəmiyyəti təşkil etməlidir.
İqtisadiyyatda hüquqi prinsipləri təmin etmək üçün bir çox azadlıqların təmin olunması vacib idi və ümumilli lider tərəddüd etmədən, ləngimədən bu islahatları reallaşdırmağa başladı. Bu islahatlar nəticəsində bütün mülkiyyət formalarına daha çox şəxsi, özəl mülkiyyət formasına geniş imkanlar açıldı, inzibati əmrləri müəssisə və şirkətlər arasında tərəflərin bərabərliyini təsbit edən müqavilələr əvəz etdi, "qadağan olunmayan hər şeyə icazə var" prinsipi irəli sürüldü, təşəbbüskarlığa geniş meydan verildi. Azərbaycanda sürətli bazar iqtisadiyyatı mexanizmi məhz bundan sonra formalaşdı və işə düşdü. Məhz bundan sonra əkib-becərdiyi torpağın və əmlakın həqiqi sahibinə çevrilmiş Azərbaycan kəndlisi məhsul istehsalı sahəsində yüksək nəticələr əldə etməyə başladı. Artıq 2010-cu ildə kənd təsərrüfatının ümumi məhsulu 1993-cü ilə nisbətən 58,1 faiz artdı. Ötən il sahibkar təsərrüfatçılar 2 milyon tona yaxın taxıl, 954 min ton kartof, 1 milyon 190 min ton tərəvəz, 434 min ton bostan məhsulları, 730 min ton meyvə və 130 min ton üzüm topladılar. 1993-cü illə müqayisədə artım artıq faizlə deyil, bir neçə dəfələrlə ölçülürdü.
Digər tərəfdən, ulu öndərin Prezidentliyi dövründə - 1993-2003-cü illərdə 3 mindən çox yeni müəssisə açılmışdı və 2004-cü il yanvarın 1-nə olan statistik məlumatlara əsasən, onların sayı 5536-ya çatmışdı. Böyük islahatçı Heydər Əliyevin xarici sərmayədarlara və iş adamlarına müraciətlə Azərbaycanı açıq ölkə bəyan etməsi və "açıq qapı" siyasətini həyata keçirməsinin real nəticələri göz önündə idi. Hamı dərk edirdi ki, bu, sadəcə bəyanat deyil. Ölkəmizə ilk gələnlər - xarici neft şirkətləri bu bəyanatın arxasında xarici investisiyalar üçün əlverişli, təhlükəsiz şəraitin dayandığına tam arxayınlaşandan sonra beynəlxalq qurumlar, nəhəng şirkətlər və tanınmış iş adamları ən müxtəlif təklif və təşəbbüslərlə Azərbaycana gəlməyə başladılar.
Cənab İlham Əliyevin prezidentliyinin ilk günündən bu "açıq qapı" siyasətini çox böyük uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycanda dünyanın 63 ölkəsini təmsil edən, xarici investisiya ilə qurulmuş 193 müəssisə fəaliyyət göstərir.
Siyasi sistemdən fərqli olaraq, iqtisadiyyatın transformasiyası olduqca mürəkkəb və uzun prosesdir. Lakin Azərbaycanda bu artıq baş vermişdir. 2009-cu ildə Respublika Prezidenti cənab İlham Əliyevin elan etdiyi kimi, iqtisadi sahədə keçid dövrü başa çatmışdır. Bu, Azərbaycan iqtisadiyyatının tarixində çox mühüm bir mərhələdir.
İndi bizi qarşıda daha böyük vəzifələr gözləyir - dünyanın yüksək inkişaf etmiş ölkələri qrupuna daxil olmaq və layiq olduğumuz yeri tutmaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzunmüddətli inkişaf strategiyasının mərkəzində duran bu məqsəd naminə Azərbaycan xalqı özünün bütün imkanlarını səfərbər etməlidir.
Arzuman MURADLI,
iqtisad elmləri üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2011.- 19 oktyabr.- S. 8.