Kamil Əliyev -
90.
Onun əsərləri
dünyanın məşhur muzeylərini bəzəyir
Milli köklərə söykənən
xalça sənəti yarandığı gündən hər
zaman xalqın xidmətində olmuş, onun mədəni irsi
kimi bir çox sənətkarların ilham mənbəyinə
çevrilmişdir. Bu sənətin qorunmasında və
inkişafında mühüm xidmətlər göstərmiş
sənət fədailərindən biri də xalq rəssamı
Kamil Əliyevdir. Azərbaycanın xalçaçı-rəssamı
olaraq tarixə iz salmış Kamil Əliyev çoxşaxəli
və orijinal üslubu ilə milli mədəniyyətimizə
töhfələrini vermişdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə 90 illik yubileyini qeyd etdiyimiz sənətkarın Azərbaycan
rəssamlıq sənətində, xüsusilə də
xalçaçılıqda məxsusi yeri vardır.
"Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaqdır". Sənətkar haqqında bu sözləri Azərbaycan xalqının ümummilli lideri, mədəniyyətimizin mahir bilicisi və böyük hamisi Heydər Əliyev demişdir.
Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilmiş və tamaşaçıların rəğbətini qazanmışdır.
Kamil Əliyev Bakı Rəssamlıq Məktəbində təhsil alarkən "Azərxalça" Birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmış və zəngin təcrübə qazanmışdır.
Kamil Əliyevin yaradıcılığında süjetli və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunmuşdur. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır.
Kamil Əliyevin böyük və zəngin yaradıcı əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının "xalq rəssamı" adına, ölkənin yüksək mükafatı olan "İstiqlal" ordeninə layiq görülmüşdür. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamının icrası məqsədilə Kamil Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Nazirliyin mətbuat xidmətindən bildirilmişdir ki, oktyabrın 22-də "Kamil Əliyevin xalça dünyası" kitab-albomunun təqdimat mərasimi Xalça Muzeyində keçiriləcək. Oktyabrın 25-də isə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Kamil Əliyevin əsərlərindən ibarət yubiley sərgisi təşkil olunacaq. Həmin gün Muzey Mərkəzində Kamil Əliyevin yaradıcılığına həsr olunmuş yubiley tədbiri keçiriləcək.
2011-ci ilin oktyabr-dekabr aylarında xalq rəssamı Kamil Əliyevin 90 illik yubiley mərasimlərinin Naxçıvan, Gəncə, Quba, Xaçmaz və İsmayıllı rayonlarında da keçirilməsi planlaşdırılır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 20 oktyabr.- S. 8.