Astara: təhsil sahəsinin
uğurları xoşbəxt gələcəyin təməlidir
Azərbaycanda
gedən inkişaf prosesi təhsil sistemində nəzərəçarpan
dəyişikliklərlə, ürəkaçan yeniliklərlə
müşayiət olunur. "Təhsil əsri" elan edilən
XXI əsr yüksək intellektə malik insan kapitalının
formalaşmasında və güclü iqtisadiyyatın
qurulmasında təhsilin rolunu daha da aktuallaşdırır.
Prezident İlham Əliyev "Azərbaycanın gələcək
inkişafı məhz təhsillə bağlıdır"
deməklə ölkəmizdə təhsilin ən prioritet sahə
olduğunu bir daha bəyan etmişdir.
Respublikamızın
bütün guşələrində olduğu kimi, Astara
rayonunda da sosial-iqtisadi inkişaf təhsil sahəsinə
yenilik ruhu gətirmişdir. Ölkə rəhbərliyi rayonda
gedən tikinti-quruculuq işlərinə daim dəstək
verir. Bu il aprelin 15-də dövlət
başçısının Astaraya növbəti səfəri
bütün rayon ictimaiyyəti kimi, təhsil işçilərinin
də böyük sevincinə səbəb olmuşdur.
Rayonda 45 tam orta, 9 ümumi orta, 9 ibtidai məktəb fəaliyyət göstərir, 17 minədək şagirdin təlim-tərbiyəsi ilə 2074 müəllim məşğul olur ki, onların da 975 nəfəri ali təhsillidir. Astarada biri özəl olmaqla 17 məktəbəqədər təhsil ocağı da var. Həmin bağçalarda min nəfər uşaq tərbiyə alır. Bundan başqa, rayonda 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir: 4695 şagird ekoloji tərbiyə və təcrübəçilik mərkəzində, idman və şahmat məktəblərində, habelə texniki yaradıcılıq mərkəzində müxtəlif qruplara gedir.
Dövlət başçısının təsdiq etdiyi inkişafyönümlü dövlət proqramlarının həyata keçirilməsi üzrə Astarada xeyli iş görülmüşdür. Yeni məktəb binalarının tikintisi və maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində uğurlar yetərincədir. Belə ki, son beş ildə rayonda müasir standartlara uyğun 21 yeni məktəb tikilmiş, 12 məktəb əsaslı təmir olunmuşdur. Yeni məktəblərin 13-ü dövlət hesabına, 6-sı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir. Toradi kəndində 180 yerlik məktəb binasının tikintisi başa çatmaqdadır. Rüdəkənar, Suparibağ məktəblərinin tikintisinə başlanmış, şəhər 7 saylı məktəbinin isə ilin sonuna kimi tikintisinə başlanacaq. Astarada məktəblərin zəruri avadanıqla təmin edilməsi istiqamətində xeyli iş görülmüşdür. Yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinə 400 parta, 365 şkaf, 600 stul, 250 stol, 7 kondisioner, 10 kompyuter, 170 lövhə, 10 soyuducu, elektrik və idman avadanlıqları gətirilib paylanılmışdır. Uşaq bağçalarının isə hər birinə Təhsil Nazirliyi tərəfindən mətbəx avadanlığı, yataq və mebel dəstləri, elektrik avadanlığı, soyuducu və sair verilmişdir.
Məktəblərin İKT ilə təminatı məsələsi də uğurlu həllini tapır. Hazırda Astara məktəblərində 450-yə yaxın kompyuter, 20 noutbuk və proyektor aparatı şagird və müəllimlərin istifadəsindədir.
Məktəblərin dərsliklə təminatı, məktəb kitabxanalarının Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə zənginləşməsi şagirdlərin mütaliə imkanlarını genişləndirir. Şagirdlərin dövlət vəsaiti hesabına dərsliklə təmin olunması yerlərdə təhsilə, elmə marağı artırmış, rəğbətlə qarşılanmışdır. Rayonun məktəb kitabxanalarında 240714 ədəd dərslik fondu, 82809 ədəd bədii fond yaradılmışdır. Keçən tədris ilində rayona 2745 əyani vəsait, 905 elektron disk gətirilib məktəblərə paylanmışdır. Yeni dərs ili üçün isə 81 adda 38206 yeni dərslik gətirilərək yeni fənn kurikulumları ilə işə başlayan 4-cü siniflərə verilmişdir.
Rayon məktəblərinin kadrlarla təminatı üçün də az iş görülməmişdir. Təhsil Nazirliyinə 47 müəllim üçün sifariş verilmişdir. Dağ zonasında yerləşən Pəlikəş, Şümrüd, Sım kənd orta məktəblərinin Azərbaycan dili və ədəbiyyat, kimya, fizika müəllimlərinə ehtiyacı var. Əmək Məcəlləsinə əsasən, rayonun ümumtəhsil məktəblərində işləyən 65 və ondan yuxarı yaş həddində olan 142 müəllimlə bağlanmış əmək müqavilələri ləğv edilmişdir ki, bu da rayonun şagird-müəllim nisbətinin artmasına gətirib çıxarmışdır. Xüsusi istedada malik uşaqların aşkarlanması və istedadlarının inkişaf etdirilməsi ilə bağlı Astaranın təhsil müəssisələrində vaxtaşırı tədbirlər həyata keçirilir. Ötən il məktəblilərin fənn olimpiadalarının rayon turu iki mərhələdə keçirilmişdir. İlk mərhələdə 722, ikinci mərhələdə isə 165 şagird iştirak etmişdir. Beş fənn üzrə olimpiadanın respublika turunda iştirak etmək üçün 17 şagird seçilmişdir. Onlardan biri - şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Yusif Məmmədov fizika olimpiadasında mükafatalayiq yer tutmuş və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, hər il orta və əsas təhsil üzrə buraxılış imtahanları mərkəzləşmiş qaydada keçirilir. Ötən il XI siniflərdə təhsil alan şagirdlərdən 600-ü attestat almışdır. IX siniflərdənsə 1083 şagirdə şəhadətnamə verilmişdir.
Ötən il 321, əvvəlki illərin məzunlarından isə 271 gənc ali məktəblərə qəbul üçün ərizə vermişdir. Onlardan 150 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 4 nəfəri 600-dən, 23 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Ümumiyyətlə, son altı ildə Astaradan 1124 məzun müxtəlif ali məktəblərə daxil olmuşdur. Bu nəticələrin daha da yaxşılaşması arzuediləndir. İyul və avqust aylarında "İnkişaf" Elm Mərkəzinin əməkdaşları Astarada kurikulum təlim kursu keçirmişlər. Kursda 167 ibtidai sinif müəllimi iştirak etmişdir. Onlardan 93-ü 1-ci, 74-ü 2-ci dərəcəli sertifikat almışdır. Ümumiyyətlə, son dörd il ərzində 567 nəfər ibtidai sinif müəllimi kurikulum təlim kursundan keçmişdir. Rayonda 5 kurikulum mərkəzi yaradılıb: şəhər 1 saylı, Səncərədi, Siyəkü, Maşxan və Şiyəkəran kənd 2 saylı tam orta məktəblərində. Siniflərdə 40 saat açıq dərs keçirilib, müzakirə edilib, ayda bir dəfə isə seminar təşkil olunmuşdur.
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri yarışlarda qələbələr qazanmışlar. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş respublika şahmat turnirində Almaz Heydərova I yerə, Sevinc Fətəliyeva III yerə, Qurtuluş Gününə həsr olunmuş respublika turnirində isə Almaz Heydərova ilə Məmmədşah Əliyev I yerə, Jalə Əlizadə III yerə layiq görülmüşlər.
Texniki Yaradıcılıq Mərkəzinin yetirmələri də zona və respublika müsabiqələrində fəal iştirak etmiş, yüksək nailiyyətlər qazanmışlar. Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq işlərinə respublika baxış-müsabiqəsinin zona mərhələsində müxtəlif nominasiyalar üzrə Elvir Elxanzadə, Elvin Sovqatov, Elyar Həsənov, Kamil Rzayev I yeri, Mahsun Sadıqov, Fariz Məmədov, Ruslan Hesabzadə, Asif Fərzizadə və Şəhriyar Hacızadə isə II yeri tutmuşlar. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmış, final mərhələsinə vəsiqə qazanmışlar.
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin yetirmələrindən Gülnarə Ağayeva və Rəqsanə Məmmədova "Ekologiya ilinə töhfəmiz" mövzusunda respublika forumunda fərqləndiklərinə görə sertifikata layiq görülmüşlər. Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvü Dəniz Baxışzadə Beynəlxalq İnsan Hüquqları Günü və Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyi münasibətilə keçirilmiş "Mən və hüquqlarım" mövzusunda rəsm müsabiqəsində sertifikat almışdır. Təhsil Nazirliyinin keçirdiyi "Azərbaycanı sev və öyrən" turist-diyarşünaslıq ekspedisiyasının respublika baxış-müsabiqəsində iştirak etmiş Ruhanə Hüseynovanın "Təbiətin sirlərinə doğru" nominasiyası üzrə əl işləri II yerə layiq görülmüşdür.
Astara Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən, məktəblilərin incəsənət və ədəbiyyat sahəsində ənənəvi "İstedad-2010" ümumrayon festivalı hər il keçirilir. Ötən il festivalın yekun konserti ümummilli lider H.Əliyevin doğum günündə - mayın 10-da olmuşdur. Qaliblər icra hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar. Ulu öndərin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin Fövqəlada Hallar Nazirliyi ilə birlikdə "H.Əliyev və müstəqil Azərbaycan" mövzusunda keçirdiyi inşa yazı, rəsm, şahmat, futbol turnirlərində rayonun məktəbliləri həvəslə iştirak etmişlər. Kijəbə qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Sahib Sabirzadə II yeri tutmuşdur.
"Cəsurlar" və "Şahin" hərbi idman oyunları üzrə Şiyəkəran kənd 2 saylı orta məktəbinin komandası Salyanda keçirilən zona yarışında III yerə layiq görülmüşdür. Kakalos 1 saylı orta məktəbinin komandası Biləsuvar şəhərində II yeri tutaraq respublika mərhələsinə vəsiqə qazanmışdır. Astaranın təhsil sistemində bir gözəl ənənə də var: gənc nəslin təlim-tərbiyəsi sahəsində yorulmadan çalışan müəllimlərin yubileylərinin keçirilməsi daim diqqət mərkəzində olur. Onlar rayon icra hakimiyyətinin başçısı, təhsil şöbəsinin rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılır. Bu isə daha yaxşı çalışmağa stimul yaradır.
İnanmaq istərdik ki, Astaranın təhsil işçiləri nailiyyətlərlə kifayətlənməyəcək, gənc nəslin milli, ümumbəşəri və demokratik ideyalar ruhunda tərbiyə olunması üçün imkanlardan daha bacarıqla istifadə edəcəklər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 20 oktyabr.- S. 7.