Şəmkir: Dövlət Proqramı uğurla yerinə yetirilir

 

Şəmkirin son illər sürətli inkişafı hamının diqqətini cəlb edir. Qərb bölgəsinin ən böyük rayonu olan Şəmkirdə elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın, müəyyən işlər görülməsin. Qəzetimizin səhifələrində vaxtaşırı olaraq rayonun dünəni, bu günü, qarşıda duran vəzifələr, problemlər haqqında yazılar vermişik. Budəfəki söhbətimiz isə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqdisadi inkişafı Dövlət Proqramı"nda Şəmkir rayonu üzrə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinin gedişi haqqındadır.

 

Dövlət Proqramında Şəmkir rayonu üzrə 17 tədbirin icrası nəzərdə tutulub. Bunlar rayon iqtisadiyyatının, sosial sferanın bütün sahələrini əhatə edir. Bəs vəziyyət necədir?

Emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinin dəstəklənməsi tədbirini nəzərdən keçirək. Bildiyiniz kimi, Şəmkir rayonu respublikanın qərb bölgəsində üzümçülük üzrə ixtisaslaşmışdır. Sovetlər dönəmində üzümçülüyün ləğv edilməsi ilə əlaqədar onlarca şərab emalı zavodu öz fəaliyyətlərini dayandırmışdır. Hazırda "Şərq Ulduzu" MMC və ayrı-ayrı sahibkarlar üzümçülüyü inkişaf etdirərək üzüm bağları sahəsini 511 hektara çatdırmışlar. "Şərq Ulduzu" MMC 110 hektar üzüm bağı salmaqla həmin ərazidə istehsal gücü 2 min ton olan, alman texnologiyası əsasında üzüm emalı zavodu tikmişdir. Zavodda 9 növ şərab məhsulu istehsal edilir. Zavodun emal gücünün artırılması məqsədilə şərab məhsulundan konyak spirtinin çəkilməsi üçün yeni sex işə salınmışdır. Çinarlı qəsəbəsində 2 nömrəli şərab emalı zavodu fəaliyyət göstərir. Zavodun böyük potensial imkanları vardır. Gələcəkdə emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Yun, kartof emalı və toxuculuq müəssisələrinin yaradılması da təklif olunub. Amma hələlik bu sahədə işlərin icrasına başlanılmamışdır. Respublikamızda həyata keçirilən ən böyük iqtisadi layihələrdən biri olan Şəmkirçay dəryaçasının tikintisi davam edir. Ümumi su tutumu 175 milyon kubmetr, bəndin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir və ətraf rayonlarda 75 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcəkdir. Gəncə və Şəmkir şəhərlərinin içməli su təchizatına hazırlıq işləri aparılır. Dəryaçanın qarşısında qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 49 meqavat elektrik enerjisi istehsal olunacaqdır. Dəryaçadan ayrılacaq sağsol sahil kanallarının çəkilişinə son hazırlıq işləri görülür.

Rayonun ərazisində qiymətli metalların və tikinti materiallarının axtarış və kəşfiyyat işləri davam etdirilir. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Şəmkir rayonunun ərazisində qiymətli metal-platin yatağı aşkar olunmuşdur.

Bir sıra sosial sahələr üzrə nəzərdə tututlan tədbirlər uğurla yerinə yetirilir və onların bir çoxu artıq başa çatdırılmışdır. Məsələn, tədbirlərdən biri səhiyyə müəssisələrində istilik təchizatı sistemlərinin bərpası idi. Artıq bu həyata keçirilib. Digər işlərdə də əldə olunan nailiyyətlər diqqəti cəlb edir.

Təhsil sahəsi üzrə tədbirlərin icrası daim nəzarət altındadır. Artıq 450 şagird yerlik Çinarlı qəsəbə orta, 360 şagird yeri olan İrmaşlı 1 saylı orta, 480 şagird yeri olan Aşağı Seyfəli orta məktəbi, Heydər Əliyev Fondunun vəsaiti hesabına 880 şagird yeri olan Dəllər qəsəbə orta məktəbi, Bakı Oksford məktəbinin Dəllər qəsəbə üzrə filialı, Təhsil Nazirliyinin sifarişi ilə 960 şagird yeri olan S.Vurğun adına Təzə kənd orta və 1200 şagird yeri olan Zəyəm-Cırdaxan kənd orta məktəbi, 460 şagird yeri olan Qapanlı kənd orta məktəbinin binası cari istifadəyə verilmişdir. 480 şagird yerlik Abbaslı orta məktəbinin tikintisinə başlanılmışdır.

Şəmkir rayon Olimpiya İdman Kompleksi və 5 min tamaşaçı tutan futbol stadionu istifadəyə verilmişdir. 26 may 2009-cu il tarixində hər iki obyektin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Rayon üzrə mövcud idman obyektlərində müxtəlif yarışlar keçirilir.

Rayonda 2006-cı il noyabr ayının 1-dən Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Muzeyin fəaliyyətində tədris, milli vətənpərvərlik tərbiyəsi və kütləvi tədbirlərin genişləndiyi nəzərə alınaraq 2011-ci ilin iyul ayından etibarən Heydər Əliyev Muzeyi Heydər Əliyev Mərkəzinə çevrilmişdir.

Heydər Əliyev Mərkəzində ulu öndərin adı ilə bağlı arxiv, dövri mətbuat materialları, video-foto və digər sənədləri toplayan 15 nəfərdən ibarət təhqiqat qrupu yaradılmışdır. Mərkəz texniki avadanlıqlarla təchiz olunmuşdur. Burada kompyuteringilis dili kursları fəaliyyət göstərir, həmçinin qrafik üzrə məktəblilərin gəlişi təşkil olunur.

Mərkəzdə ulu öndərin həyat və fəaliyyəti ilə bağlı kitabxana yaradılmışdır. Buradakı ekspozisiya bölmələrindən biri "Heydər Əliyev Şəmkirdə" adlanır. Həmin bölmədə ulu öndər Heydər Əliyevin 1972, 1979, 1998 və 2000-ci illərdə Şəmkir rayonuna səfərləri ilə bağlı foto-şəkillər toplanılmışdır. Heydər Əliyev Mərkəzində məktəblilərə, rayon sakinlərinə, qonaqlara ulu öndərin ictimai-siyasi həyatı və irsi geniş təbliğ edilir. Müxtəlif sahələr üzrə peşə bayramlarının Heydər Əliyev Mərkəzində qeyd edilməsi ənənə şəklini almışdır.

Abadlıq, quruculuq, təmir-bərpa işəri ilə bağlı nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə icra olunur. Rayon ərazisində kəndarası yolların asfaltlaşdırılması işinə başlanılmışdır. Çinarlı, Zəyəm qəsəbəsindən Düyərli kəndinədək 1,5 kilometr yola asfalt salınmışdır. Zəyəm-Düyərli yolunun asfalt salma işi başa çatdırılmışdır. Kür qəsəbəsinə gedən yolun əsaslı təmiri plana daxil edilmişdir. Şəhərin Posanlı yaşayış məntəqəsinə gedən yolun da 1,5 kilometri asfaltlaşdırılmışdır.

Şəmkir-Dəllər qəsəbə yolu 2 kilometr, Dəllər-Zəyəm qəsəbə yolu 1,1 kilometr, Şəmkir şəhərində Əzizbəyov, R.Rəhimov, M.Füzuli, Ə.Cavad, M.C.Paşayev küçələri və küçələr üzrə dalanlara 13,5 kilometr yola asfalt salınmışdır. Şəhərin Füzuli, M.Əsədov, Posanlı qəsəbəsinə gedən yolSevil Qazıyeva adına küçələrdə asfalt salma işləri davam etdirilir.

Rayonun elektrik şəbəkəsində cari təmir işlərinə başlanılmış, Dəllər-Cəyir, Dəllər-Daşbulaq, Qapanlı, Talış, Tatar kəndlərində elektrik dirəkləri yeniləri ilə əvəz olunur. Elektrik şəbəkələrinin yenidən qurulması Dövət Proqramı çərçivəsində davam etdirilir.

Rayonun 1 şəhər, 4 qəsəbə, 32 kəndin qaz təchizatı bərpa olunmuşdur. Abonentlərin sayı 30494-ə çatmışdır ki, onlardan da 41-i büdcə, 60-ı qeyri-dövlət müəssisəsidir. Əhalinin 96 faizi təbii qaz alır. Rayonun Sərxan, Morul sahələrinin təbii qaz təchizatı Morul Qaz Paylayıcı stansiyası istifadəyə verildikdən sonra təmin olunmuşdur. Rayonun 3 yaşayış məntəqəsinə təbii qaz verilməsi üçün hazırlıq işləri davam etdirilirbununla da rayonun tam qazlaşdırılması başa çatdırılacaq. Qəsəbə və kəndlərdə su təchizatının yaxşılaşdırılması üçün əsaslı və cari təmir işləri davam etdirilir. Tatar kəndinə 11 kilometr məsafədən içməli və suvarma, Təzəkənd kəndinə isə 4 kilometr məsafədən içməli su xətti çəkilmişdir. Şəhərdə 5 kilometr su xətti təmir və bərpa edilmişdir.

Dövlət Proqramında Şəmkir rayonu üzrə nəzərdə tutlan işlərin gedişi göstərir ki, bütün sahələrə ciddi nəzarət var, nizam-intizam güclüdür, məsuliyyət hissi, təşkilatçılıq ön plana çəkilib. Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyətinin başçısı Nazim Veysov bu illərdə adamların sosial problemləri ilə daim maraqlanıb, kənd və qəsəbələrin hamısında bir yox, bir neçə dəfə görüşlər keçirib, probemləri öyrənib, onların həllinə çalışıb və təbii ki, əhali arasında hörmət qazanıb. Özü bu barədə söhbət düşərkən dedi: Ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti, köməyi, dəstəyi olmasa, biz heç nə edə bilmərik. Biz icraçılarıq. Diqqət, qayğı, kömək olmasa icraçı acizdir.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 20 oktyabr.- S. 7.