Biz doğma torpağımız Dağlıq Qarabağa qayıdacağıq

 

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. Müstəqilliyini əldə edən Azərbaycan Respublikası ATƏM/ATƏT -in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektində oldu. Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxardı.

 

Dünya birliyinin Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yummasından və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbirin görülməməsindən istifadə edən Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı. Bu, BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan təcavüzkar siyasətini bir daha təsdiq edir.

Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun sülhyaratma təkliflərinə hörmətlə yanaşır. Münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda isə təcavüzkar Ermənistan öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir.

1993-cü ilin ikinci yarısından başlayaraq ümummilli liderimiz Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini daim diqqət mərkəzində saxlamış, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

Hazırda ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən və dövlətimizin milli maraqlarını daim üstün tutan cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi önəm verir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar və Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcəkdir.

Dağlıq Qarabağın Azərbaycanlı icmasının qarşıya qoyulmuş məqsədlərə çatması, eyni zamanda, daha səmərəli fəaliyyət göstərməsi üçün dövlət başçısı cənab İlham Əliyev 2009-cu il avqustun 31-də "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalamışdır.

Dövlətimizin başçısı tərəfindən hər zaman Daqlıq Qarabağın Azərbaycanlı icmasına göstərilən diqqət və qayğı, icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermiş və bu istiqamətdə ictimai birlik öz fəaliyyətini genişləndirərək Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2010-cu il iyulun 6-da Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirakı zamanı söylədiyi fikirlər icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu istiqamətdə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu görüş zamanı dövlət başçımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirmişdir ki, Dağlıq Qarabağın və ətraf bölgələrin işğalı dözülməzdir. Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Bu məsələ bizim üçün və Prezident kimi mənim üçün prioritet məsələdir. Məsələ həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır. Ölkə başçısının bu inamlı və qətiyyətli çıxışı biz qarabağlıları daha da ruhlandırmış və işlərimizdə böyük stimul yaratmışdır.

Belə ki, dövlət başcısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyi siyasət, onun Azərbaycan xalqının iradəsini tam ifadə edən qətiyyətli mövqeyi, verdiyi bəyanatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına və məcburi köçkünlərin tarixi ata-baba yurdlarına qayıdacaqlarına olan inamı daha da artırmışdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və həmin sənədə edilmiş əlavələr öz doğma torpaqlarından məcburən köçkün düşmüş insanların həyat şəraitinin yüksəlməsinə və mənzil-məişət şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. Dağlıq Qarabağın Azərbaycanlı İcması istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini genişləndirərək müxtəlif tədbirlər həyata keçirir.

Bu ilin mart ayında ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Acubalisiyunun 9-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik mərkəzinin üzvləri ictimai birliyin mərkəzi qərargahında qurumun idarə heyətinin üzvləri ilə görüşlər keçirmişdir.

Qanlı 20 Yanvar faciəsi, ermənilərin Xocalıda və Qaradağlıda törətdikləri soyqırımı, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə etdiyi müraciətlərdə, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmaq və onları bu məsələyə biganə qalmamağa çağırış öz əksini tapmışdır.

Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (İKT) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam edir.

Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı dünyaya çatdırılması istiqamətində çox mühüm əhəmiyyət kəsb edən və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının onlayn fəaliyyəti "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında təqdim edilmişdir. 1942-ci ildə alman faşistləri tərəfindən Çexiya Respublikasının Lidiçe şəhərində ermənilərin Xocalıda törətdikləri faciə kimi bir insan qırğını törədilmişdir. Bir neçə dəfə Çexiyada olmuş xocalılar orada Xocalı küçəsinin açılışında iştirak etmiş, əhəmiyyətli görüşlər keçirmişlər. Bu ilin iyul ayında isə, xocalılar məskunlaşdıqları Aşağı Ağcakənd qəsəbəsindəki küçələrdən birinə eyni faciə ilə üzləşmiş Çexiyanın Lidiçe şəhərinin adını vermişlər. Çexiyadan gəlmiş qonaqlar xocalılarla birlikdə əvvəlcə Goranboy rayonunda "Xocalı" soyqırımı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar. Bununla yanaşı, bu il fevralın 17-də ictimai birliyin qərargahında Qaradağlı faciəsinin 19-cu ildönümü günü ilə bağlı anım mərasimi keçirilmişbu soyqırımı ilə əlaqədar film nümayiş etdirilmişdir. Bundan əlavə, iyun ayında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai BirliyininŞuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Şuşa Musiqi Məktəbinin bir qrup şagirdi İtaliyada səfərdə olmuşdur. Qrup-ansambl İtaliyanın tanınmış musiqiçiləri, ekspertləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri qarşısında çıxış etmiş, sonra isə münaqişənin qurbanları olmuş qaçqın-köçkünlərin həyatına həsr edilmiş foto-sərgiyə baxış təşkil edilmişdir.

Bu ilin mart ayında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin "Karabakh.az." saytı təqdim olunmuşdur. Bu, informasiya texnologiyalarının geniş yayıldığı indiki dövrdə çox faydalı və atılan zəruri addımlardan biridir. Sayt təkcə icma barədə yox, həm də Qarabağ, onun mədəniyyəti, coğrafiyası, tarixi haqqında məlumat almaq istəyənlər üçün zəngin mənbə rolunu oynayacaqdır. Onun Azərbaycan, ingilis və erməni dilində olması da çox mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlarla yanaşı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin təşəbbüsü ilə "Qarabağa qayıdacağıq" kitab-albomu 3 dildə (Azərbaycan, ingilisrus) nəşr edilmişdir.

"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişkitab erməni saxtakarlıqları və yalanlarının ifşa olunması baxımından son dərəcə dəyərli elmi tədqiqat əsəri kimi yüksək dəyərləndirilmişdir.

Butün bunlarla yanaşı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinin sədri, eləcə də idarə heyətinin üzvləri Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün duşmüş insanlarla müntəzəm görüşlər keçirirlər. Bu baxımdan ictimai birliyin idarə heyətinin üzvləri məcburi köçkünlərin daha çox məskunlaşdıqları Sabunçu rayonunda bir sıra səyyar görüşlər keçirmişdir.

Azərbaycanın ərazi bütövlüyünün dünya birliyi tərəfindən tanınmasına baxmayaraq, məsələnin öz həllini, hələ ki, tapmadığı və bu ədalətsizliyin davam etdiyi bir şəraitdə aparılan danışıqlar prosesində möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır" fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına ümidləri daha da artırmışdır.

Biz də hər zaman olduğu kimi, cənab Prezident İlham Əliyevin apardığı bu siyasətə arxalanaraq "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın fəaliyyətinini daha da canlandırmaq məqsədilə Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməli, Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra daha çox calışmalıyıq.

 

 

Abbas MƏLİK-YEGANOV,

"Azərbaycan Respublikası Dağlıq

Qarabağ Bölgəsinin Azərbaycanlı

İcması" İctimai Birliyi idarə heyətinin

üzvü

 

Xalq qəzeti.- 2011.- 20 oktyabr.- S. 6.