Düşmən hər addımda hiss edir ki, qarşısında güclü, qüdrətli Azərbaycan əsgəri dayanıb

 

Hər dəfə bu hərbi hissəyə gələndə gördüklərimdən ürəyim açılır. Zabit və əsgərlər həm dərs və məşğələlərdə, həm təlimlərdə fəallıq göstərir, həm də torpaqlarımızın keşiyində ayıq-sayıq dayanırlar. Budur, aradan xeyli müddət keçəndən sonra yenə də cəbhə bölgəsində yerləşən bu hərbi hissəyə ezamiyyətə gedirəm. Əvvəlki ezamiyyətim yaz fəslinə təsadüf etmişdi. Onda ağacların çiçəkləyən, çəmənlərin yaşıllığa bürünən, güllərin açan vaxtı idi. Hər tərəf gül-çiçəyə bürünmüşdü. Necə deyərlər, gül-gülü, bülbül-bülbülü çağırırdı. Budəfəki ezamiyyətim isə yayın son günlərinə, payızın ilıq nəfəsinin duyulduğu bir vaxta düşmüşdü.

 

Fəsillərin bir-birini əvəz etməsinin o qədər fərqində olmayan zabit və əsgərlərimiz isə torpaqlarımızın keşiyində həmişə ayıq-sayıq dayanır, xidməti vəzifələrinə məsuliyyət və diqqətlə yanaşırlar. Hərbi hissəyə ayaq qoyan kimi ətrafda aparılmış abadlıq və quruculuq işləri diqqətimizi cəlb etdi. İlk olaraq görüşdüyümüz zabit E.Əhmədov şəxsi heyətin qarşısında dayanan vəzifələrdən söz açaraq dedi:

- Bu gün biz hərbçilərin qarşısında mühüm vəzifələr dayanır. Bu vəzifələrin ən başlıcası yurdumuzu erməni işğalçılarından azad etmək və torpaqlarımızı göz bəbəyimiz kimi qorumaqdır. Torpaq müqəddəsdir, torpaq əzizdir. Bu gün ayaq basıb üstündə gəzdiyimiz bu torpaqlar babalarımızdan bizlərə miras qalıb. Onu qorumaq, düşmənlərdən müdafiə etmək bizim müqəddəs borcumuzdur və şərəfli vəzifəmizdir. Zabit və əsgərlərimiz qarşılarında dayanan bu mühüm tapşırıqları yerinə yetirmək üçün xidməti vəzifələrinə məsuliyyətlə yanaşırlar. Hər bir zabit, hər bir əsgər mövqeyində ayıq-sayıq dayanıb. Şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Əsgərlərimiz müxtəlif təyinatlı silahlardan hədəflərə atəş açmağı məharətlə bacarırlar. Erməni qəsbkarları atəşkəs rejimini pozmağa cəhd göstərəndə əsgərlərimiz dəqiq atəş zərbələri ilə düşməni susdururlar. Düşmən hər addımda hiss edir ki, onun qarşısında döyüş hazırılığı yüksək olan və hədəfləri dəqiq vuran güclü, qüdrətli Azərbaycan əsgəri dayanıb. Hərbi hissəmizin şəxsi heyəti hər an Ali Baş Komandanın istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır. Əminəm ki, zabit və əsgərlərimiz savaş meydanlarında uğurlar qazanacaq, hərbi hissəmizin keçdiyi döyüş yoluna daha da şərəfli səhifələr yazacaqdır.

Qısa hazırlıqdan sonra ön xətdə dayanan şəxsi heyətlə görüşmək üçün çoxdan bəri yaxından tanıdığım zabit E.Orucovla birlikdə yola çıxdıq. Gün artıq xeyli qalxmışdı. Hava günəşli idi. Yollarda maşınlar seyrək görünürdü. Avtomobili məharətlə idarə edən zabit sözündən, söhbətindən də qalmırdı. Yol boyu şəxsi heyətlə aparılan işlərdən xeyli danışdıq.

Maraqlı söhbət yolumuzu qısaltdı. Yolboyu gözəl mənzərələri seyr edə-edə mənzil başına gəlib çatdıq. Artıq qarşıda əsgərlərimiz görünürdü.

Bizi burada qarşılayan baş leytenant Elşən Alxasov bildirdi ki, şəxsi heyət təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq dərs və məşğələ keçir, hazırlığını artırır.

Vaxt itirmədən zabit və əsgərlərlə görüşmək üçün irəli gedirik. İlk olaraq qurğu ilə ərazidə müşahidə aparan gizir Nahid Mikayılovla görüşüb tanış olduq. Verilən tapşırığı məsuliyyətlə yerinə yetirən vətənpərvər gizir N.Mikayılov Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Əsgər kimi xidməti borcunu cəbhə bölgəsində yerinə yetirib. Tərxis olunandan sonra gizirlər məktəbinə daxil olaraq yenidən ordu sıralarına qayıdaraq xidmətə başlayıb.

- Bu gün əynimə hərbi forma geyinib Vətənə xidmət etdiyimə görə fəxr edirəm, - deyə gizir Nahid Mikayılov sözə başladı. -Hərbçi həyatına həmişə marağım və sevgim olub. Ona görə də hərbi xidmətə çağırılanda çox sevindim. İlk günlərdən hərbi bilikləri maraqla öyrənməyə başladım. Cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət edirdim. Mövqeyimdə möhkəm dayanır, yurdumuzu göz bəbəyim kimi qoruyurdum. Günlər keçdikcə ordu həyatına, hərbi xidmətə həvəsim daha da artırdı. Nəhayət, xidmət müddətim başa çatdı. Ordu sıralarından tərxis olunandan sonra gizirlər məktəbinə üz tutdum. Burada biliklərimi və döyüş təcrübəmi daha da artırdım. İndi budur, gizir kimi yenə də ordu sıralarındayam, Vətənə xidmət edirəm. Üzərimə düşən tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıram, əxz etdiyim hərbi bilikləri xidmətdə ilk addımlarını atan gənc əsgərlərə həvəslə öyrədirəm.

Baş leytenant Elşən Alxasov bizi əsgər Rabət Əsgərovla tanış edərək dedi:

- Rabət Əsgərov bacarıqlı əsgərdir. Həm dərs və məşğələlər vaxtı, həm də təlimlər zamanı verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir. Tapşırıqları qüsursuz və vaxtında yerinə yetirir.

Əsgər R.Əsgərov ordu sıralarına Qazax rayonundan çağırılıb. Artıq onun xidmətinin xeyli hissəsi arxada qalıb. Bu müddət ərzində o, hesablayıcı ixtisasının sirlərinə dərindən yiyələnib. Xidməti ərzində nümunəvi əsgər olmaqla komandirlərinin və əsgər dostlarının dərin hörmət və rəğbətini qazanıb.

- Şəxsi heyət üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir. Zabit və əsgərlərimiz dərs və məşğələlərdə fəal iştirak edərək daim döyüş hazırlıqlarını artırırlar, - deyə kapitan Bəhmən Daşdəmirov sözə başladı. - Düşmənlə təmas xəttində olmağımız məsuliyyətimizi daha da artırır. Torpaqlarımızın keşiyində dayanan əsgərlər müntəzəm olaraq ərazidə müşahidələr aparır, erməni qəsbkarlarının bütün hərəkətlərini nəzarətdə saxlamağa çalışırlar. Nümunəvi xidmət edənlərdən kiçik çavuş Samir Babazadənin, manqa komandiri Şəhriyar Sadıyevin, əsgər Bağır Eyvazovun və başqalarının adlarını çəkmək istərdim. Əsgərlərimizin döyüş hazırlığı yüksəkdir. Onlar hər an düşmən hücumunun qarşısını almağayurdumuzu erməni qəsbkarlarından azad etməyə hazırdırlar.

Binəqədi rayonundan ordu sıralarına çağırlımış rabitəçi əsgər Coşqun Təhsilovla da tanışlığımız yerinə düşdü. Müxtəlif rabitə qurğularını məharətlə idarə edən əsgər bizdə xoş təəssüratlar oyatdı.

- Rabitəçi peşəsini çox sevirəm, - deyə əsgər C.Təhsilov sözə başladı. - Ona görə də bu peşənin sirlərini dərindən öyrənmişəm. Düzdür, ilk günlər mənə bir az çətin göründü. Amma sonra təcrübəli zabtilərin köməkliyi ilə mərhələ-mərhələ rabitə qurğularının sirlərini öyrəndim. Bu qurğularda işləmək vərdişlərinə yiyələndim. İndi heç bir çətinlik çəkmədən rabitə qurğularını idarə edir, qarşıma qoyulan tapşırıqları yerinə yetirirəm.

Yurdumuza keşik çəkən zabit və əsgərlərlə sağollaşıb ayrıldıq. Xoş təəssüratlarla geri qayıtdıq. Bir daha əmin olduq ki, Azərbaycan əsgəri torpaqlarımızın keşiyində həmişə ayıq-sayıqdır. Həmişə barmaq tətikdə, gözü isə nişangahdadır.

 

 

Vahid MƏHƏRRƏMOV

 

Xalq qəzeti.- 2011.- 20 oktyabr.- S. 6.