Ölkəmiz müstəqilliyin bəxş etdiyi tərəqqi yolu ilə inamla irəliləyir

 

Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı-Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, demokratik cəmiyyət qurmaq... Azərbaycanda bu siyasətin alternativi yoxdur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən 20 il ötdü. Bu müddət ərzində respublikamızın qarşısında yeni perspektivlər, inkişaf və dirçəliş imkanları açılmış, bunlar uğurla reallaşmış, yeni tipli müstəqil dövlət quruculuğu prosesinin təşəkkül mərhələsi başa çatmış, bütün istiqamətlərdə çox ciddi irəliləyişlər nəzərə çarpmışdır. "İnkişafın Azərbaycan modeli"nin tətbiqi nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir. Daha konkret desək, bu gün inkişafın Azərbaycan modeli hamılıqla qəbul olunan reallıq statusuna malikdir.

 

Xatırladaq ki, 1987-1992-ci illərdə Azərbaycanda xaos, özbaşınalıq hökm sürürdü. Ölkənin ərazi bütövlüyünə qəsd edilmiş, vətəndaş qarşıdurması ilə üzləşilmişdi. Siyası ziddiyyətlərin dağıdıcı mahiyyət alması təhlükəsi yaranmışdı. Bu dövrdə xalq zəngin idarəetmə təcrübəsi və beynəlxalq nüfüzu ilə tanınan, 1969-1982-ci illərdə sovet Azərbaycanına uğurla rəhbərlik edən, 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksələn Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. Ulu öndər 1993-cü ilin iyununda Azərbaycan xalqının tələbi və geniş dəstəyi ilə tarixi missiyanı üzərinə götürərək 1987-1992-ci illərin siyası fiaskosuna son qoydu. Bu məqamda onu da xatırladaq ki, hər bir xalq öz inkişafının müəyyən mərhələsində taleyüklü məsələləri həll etmək üçün böyük lider və şəxsiyyətə ehtiyac duyur. Bu baxımdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı böyük əhəmiyyət daşıyırdı.

1993-2003-cü illərdə ölkədə geniş quruculuq siyasətini reallaşdıran ulu öndər respublikanın təşəkkül dövrünü uğurla başa çatdıraraq cəmiyyətin müxtəlif istiqamətlər üzrə inkişafı üçün yeni mərhələnin bazasını təmin etdi. Belə ki, ilk növbədə, ölkədə siyası sabitliyə nail olundu, vətəndaş qarşıdurmasına gətirib çıxaran siyasi çəkişmələr aradan qaldırıldı, geniş xalq dəstəyi sayəsində siyasi ambisiyalar cilovlandı. Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, dövlətin möhkəmlənməsi üçün siyasi-hüquqi zəmin yaradıldı. Bununla da siyasi-ideoloji və inzibati-idarəetmə təsisatlarının formalaşması reallaşdı.

1988-1992-ci illərdə bəzi ambisioz şəxslərin siyasi inhisarına düşmüş hərbi birləşmələr ləğv edildi, dövlətə tabe olan yeni tipli milli ordu quruculuğuna keçildi. Ordudan yayınma halları aradan qaldırıldı, orduda xidmət hamı üçün milli şərəf borcuna çevrildi, onun yenidən qruplaşdırılması və formalaşdırılması, siyasi şəxslərin nəzarətində olmayan yeni komanda-rəhbərlik heyəti ilə təminatı və texniki döyüş hazırlığının yenidən qurulması üçün çox geniş, hərtərəfli islahatlara başlanıldı.

Mətbuatın üzərindən senzuranın götürülməsi, ölüm hökmünün ləğvi, vətəndaş cəmiyyətinin formalaşması prosesinə təkan verəcək hüquqi-normativ bazanın təmin edilməsi ilə liberal cəmiyyət quruculuğu strateji hədəf olaraq müəyyənləşdirildi. Ölkənin beynəlxalq nüfuzunun yenidən formalaşdırılması üçün uzun müddətli stateji hədəflərə ünvanlanmış ideoloji kurs hər cür təhdidlərdən qorundu.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hələ Milli Məclisin IV Çağırış birinci iclasında liberal, demokratik cəmiyyət quruculuğu üçün əldə edilmiş tarixi irəliləyişləri xarakterizə edərək demişdir: "Biz istəyirik ki, Azərbaycanda güclü siyasi sistem formalaşsın...

Azərbaycanda demokratik müzakirələr, diskussiyalar, fikir mübadiləsi, plüralizm meyilləri, azad mətbuat daha da güclənməlidir."

Sərbəst bazar iqtisadiyyatına keçidini əsası olaraq özəlləşmə uğurla tətbiq edildi, bir çox sosial, iqtisadi qanunvericilik təşəbbüsləri reallaşdırıldı. Bununla da özəlləşmənin başlıca məqsədi sayılan təsərrüfat subyektləri üçün mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin təşəkkülü üçün yol açıldı. Liberal iqtisadi quruculuğa keçidson nəticədə xarici investisiyaların tətbiqi ilə sosial-iqtisadi dirçəlişə təkan verəcək mühit təmin edildi.

Beləliklə, 1993-2003-cü illərdə Azərbaycanın formalaşma mərhələsi uğurla başa çatdı. Ölkə keçid dövrünü arxada qoyaraq novbəti onilliyə - 1993-2013-cü illəri əhatə edən sosial-iqtisadi inkişaf mərhələsinə daxil oldu. "İnkişafın Azərbaycan modeli"nin tətbiqi öz müsbət nəticələrini verdi. Başqa sözlə, inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkə statusuna yüksələn yeni tipli dövlət nümunəsi reallaşdı. Bu irəliləyiş, uğur təkcə Azərbaycanın iqtisadi qüdrətinin arması ilə deyil, həm də kəmiyyətcə yeni hədəflərin müəyyənləşdirilməsi, daha geniş həcmli vəzifələrin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Rəqəmlərin dili ilə desək, 1993-2003-cü illərdə əvvəlcə inflyasiya cilovlandı, büdcə kəsiri Ümumi Daxili Məhsulun (ÜDM) - 1-2 faizi səviyyəsinə endirildi. Həmçinin 1996-cı ildə ÜDM-nin artım surəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2004-cü illərdə 10 faiz təşkil etdi. Azərbaycan 2006-2008-ci illərdə artım tempinə görə dünyada lider ölkə oldu. 2009-cu ildə dünya iqtisadiyyatında böhranla bağlı 1,1 faizlik geriləmə olduğu halda, bizdə 9,3 faiz artım müşahidə edildi.

Yeri gəlmişkən, 1995-ci ildə sənaye məhsullarının buraxılışında azalma 21,4 faiz olmuşdusa, 1997-ci ildə bu sahədə 0,3 faiz artım nəzərə çarpmış, 1997-2003-cu illərdə sənaye məhsulunun istehsalı 23,6 faiz, yaxud orta hesabla 3,6 faiz artmışdır. 2003-cü ildən sonrakı dövrdə, yəni təşəkkül dövründən inkişaf mərhələsinə daxil olan ölkəmizdə qısa müddətdə iqtisadiyyatın həcmi 3 dəfədən çox artmışdır. Hazırda Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 51-ci, MDB məkanında isə 1-ci yerdədir. 2003-cü ildən indiyədək ölkəmiz bu siyahıda 25 pillə irəliləmişdir. Prezident İlham Əliyev sosial - iqtisadi sahələrdə əldə edilən bu uğurlarla bağlı demişdir: "...Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Bu həqiqətən də belədir. Biz artıq keçid dövrü iqtisadiyyatı deyilik. Bunu şərtləndirən müxtəlif amillər vardır. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resuslarına güvənən, dünya birliyinə sürətlə inteqrasıya edən iqtisadiyyatdır."

Məhz bu tarixi nailyyətlər ulu öndər Heydər Əliyevin dərin zəkasının, uzaqgörənliyinin, xalqına olan böyük sevgisinin nəticəsidir. Elə buna görə də Heydər Əliyev xalqın tarixində böyük qurucuümummilli lider adını qazanmışdır.

 

 

Qüdsi BAYRAMOV,

Binəqədi Rayon Gənclər və

İdman İdarəsinin rəisi

 

Mədəniyyət.- 2011.-20 oktyabr.- S. 6.