Müstəqilliyin
şərəfli yolu
Azərbaycan
xalqı oktyabrın 18-də dövlət müstəqilliyinin
bərpasının 20 illiyini təntənə ilə qeyd
etdi. Böyük ictimai-siyasi hadisələrlə zəngin
olan XX yüzillik bəşər tarixinə ilk növbədə
məzlum xalqların milli oyanışı və milli
dirçəlişi əsri kimi daxil olmuşdur.
Çünki məhz XX əsrdə dünyanın siyasi xəritəsində
onlarca müstəqil dövlət meydana gəlmişdir. Azərbaycan
da bu ümumdünya prosesindən kənarda
qalmamışdır.
Azərbaycan XX əsrdə iki dəfə müstəqillik əldə etmişdir. Xalqlar həbsxanası sayılan çar Rusiyasında 1917-ci ilin fevral burjua-demokratik inqilabı qələbə çaldı. Bu dövrdə Azərbaycanda siyasi proseslər və milli hərəkat keyfiyyətcə yeni mərhələyə daxil oldu və öz qarşısında siyasi vəzifələrin həlli məqsədini qoydu. 1918-ci il mayın 28-də 4 partiyanı təmsil edən 44 nəfər azərbaycanlı deputat Milli Şurada birləşərək yeni dövlətin - Azərbaycan Demokratik Respublikasının tarix səhnəsinə gəldiyini bildirən məşhur "İstiqlal Bəyannaməsi" ilə çıxış etdi. Beləliklə, 1918-ci il mayın 28-də çox əlamətdar tarixi bir gündə keçmiş Qafqaz canişinliyinin sarayında Milli Şuranın sədr müavini Həsən bəy Ağayevin sədrliyi ilə məsələni hərtərəfli və bütün təfərrüatı ilə müzakirə etdikdən sonra Milli Şura Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qətnamə qəbul etdi. Lakin Azərbaycan Demokratik Respublikası az müddət, 23 ay yaşadıqdan sonra 1920-ci ilin aprelində süqut etdi. Azərbaycan yenidən, bu dəfə artıq sovetləşmiş formada Rusiyanın tərkibinə qatıldı. Tarixdən məlumdur ki, 30 dekabr 1922-ci ildə Azərbaycan da daxil olmaqla Sovet Sosialist Respublikaları İttifaqı yaranmışdır. Qeyd edək ki, ayrı-ayrı respublikalar, o cümlədən Azərbaycan da SSRİ tərkibinə zorla birləşdirilmişdi. Buna görə də həmin xalqlar öz müstəqilliklərini bərpa etmək istəyirdilər. Sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almağa çalışsa da, buna nail ola bilməmiş, nəhayət, SSRİ 68 il 11 ay 7 gün yaşadıqdan sonra - 8 dekabr 1991-ci ildə süqut etmişdir.
1991-ci il avqustun 30-da Ali Sovet Azərbaycan Milli Şurasının 1918-ci il 28 may bəyannaməsini əsas tutaraq Azərbaycan Respublikasının müstəqilliyi haqda bəyannamə qəbul etdi. XX əsrin sonlarına yaxın - yəni 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya Aktı ilə dövlət müstəqilliyimiz bərpa edildi.
Həmin tarixdə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirdi. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün başlanğıc sayılan bu Akt respublikanın dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarının təsisini nəzərdə tuturdu. Dekabrın 29-da keçirilən və respublika əhalisinin 95 faizindən çoxunun iştirak etdiyi ümumxalq səsverməsində Azərbaycan xalqı yekdilliklə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt"ına tərəfdar olduğunu izhar etdi.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş və dekabrın 29-da referendumla təsdiq edilmiş, 6 bölmə və 32 maddədən ibarət olan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda Azərbaycanın müstəqil, dünyəvi və unitar dövlət olduğu və bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız suveren hakimiyyətin daşıyıcısı olan Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırdığı, Azərbaycan xalqının suveren hakimiyyəti bilavasitə referendumla və Azərbaycan Respublikasının parlamentinə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirdiyi qeyd olundu.
Azərbaycanın dövlət müstəqilliyi ilkin olaraq Türkiyə, Ruminiya, Pakistan, İsveçrə və İran, daha sonra ABŞ, Rusiya və digər dövlətlər tərəfindən tanındı. 1993-cü ildə respublikanın dövlət müstəqilliyini artıq 116 dövlət tanımış, 70 dövlət ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradılmışdı. Azərbaycan 14 beynəlxalq təşkilata, o cümlədən İslam Konfransı Təşkilatına, İran, Türkiyə və Pakistanın daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Parlamentlərarası İttifaqa üzv qəbul edildi və eyni zamanda, Ümumavropa təhlükəsizlik və əməkdaşlıq proseslərini tənzimləyən Helsinki müşavirəsinin 1976-cı il Yekun Aktına, Helsinki Yekun Sənədinə, Yeni Avropa üçün Paris Xartiyasında irəli sürülmüş təkliflərə tərəfdar çıxdı, bir çox mühüm beynəlxalq konvensiya və paktlara qoşuldu. Azərbaycanın Türkiyə, ABŞ, İran, Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələrdə səfirlikləri açıldı.
1993-cü
il sentyabrın 24-də Azərbaycan
Respublikası MDB-yə daxil oldu. 1994-cü ilin yanvarında Azərbaycan
NATO-nun Avropa və dünyada sülhün, əmin-amanlığın
bərqərar olmasına xidmət edən "Sülh Naminə
Tərəfdaşlıq Proqramı"na
qəbul edildi və mayın 4-də proqramın çərçivə
sənədinə imza atdı. 1997-ci ilin
noyabrın 25-də Gürcüstan, Ukrayna, Azərbaycan və
Moldova respublikalarının daxil olduğu "GUAM" bloku təşkil
edildi. 2001-ci il yanvarın 25-də Azərbaycan
Respublikası Avropa Şurasına tam hüquqlu üzv qəbul
olundu.
Azərbaycan dünya dövlətləri ilə ikitərəfli
əlaqələrini getdikcə möhkəmləndirdi. Hazırda Azərbaycan
Respublikası 150-yə yaxın ölkə ilə diplomatik əlaqələr
yaratmışdır. Onlardan əksəriyyətinin
səfirliyi Azərbaycanda fəaliyyət göstərir.
30-a yaxın ölkədə Azərbaycanın
səfirliyi, baş konsulluğu və daimi nümayəndəliyi
vardır.
Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi rəsmən
1991-ci il oktyabrın 18-dən başlasa da,
xalqımız həmişə ürəyində
yaşatdığı və həsrətində olduğu
müstəqilliyinə faktiki olaraq dahi rəhbərimiz Heydər
Əliyevin hakimiyyətə yenidən qaydışı ilə
qovuşdu. Belə ki, müstəqilliyin ilk illərində
ölkəyə nəzarət edə bilməyən dövlət
başçılarının səriştəsizliyi səbəbindən
istehsal dayanmış və iqtisadi böhran
günü-gündən genişlənmişdi. İdarəçilik orqanlarının bir-biri ilə
qarşılıqlı əlaqələri qeyri-normal vəziyyətdə
idi; ictimai-siyasi proseslər nəzarətdən
çıxmış, dövlətçilik
üçün real təhlükə yaradan qanunsuz silahlı
dəstələrin törətdiyi
özbaşınalıqların həddi-hüdudu yox idi;
dövlət müstəqilliyi şəxsi ambisiyalara qurban
verilir, dövlət, millət və xalq faktiki olaraq
parçalanır, vətəndaş müharibəsi
reallığa çevrilirdi. Belə bir
çətin vaxtda hamı - iqtidar da, müxalifət də,
bitərəf də yekdil bir qərara gəldi - ölkəni
fəlakətdən, yaranmış bu ağır vəziyyətdən
ancaq Heydər Əliyev zəkası və qətiyyəti
xilas edə bilər. 1993-cü il
iyunun 15-də Heydər Əliyev xalqın təkidi və tələbi
ilə yenidən hakimiyyətə gələrək, müstəqilliyimizin
qorunub saxlanılmasına müvəffəq oldu, vətəndaş
müharibəsi və qardaş qırğınının
qarşısını ala bildi, atəşkəsə nail oldu
və dinc quruculuq işlərinə başladı.
Dünyanın
ən böyük imperiyası olan Sovet Sosialist
Respublikaları İttifaqının dağılması əlverişli
geosiyasi məkanda yerləşən və zəngin təbii sərvətlərə
malik olan Azərbaycanın ən böyük dövlətlər
tərəfindən ələ keçirilməsinə cəhd
olunması, mənfur qonşularımızın xarici
havadarlarının fitvası ilə torpaqlarımızı
işğal etməyə çalışması, dəqiq və
aydın daxili və xarici dövlətçilik siyasətinin
olmaması, başıpozuqluq və daxili çəkişmələr
fonunda 1993-cü ilin 15 iyun gününün böyük tarixi
əhəmiyyəti danılmazdır.
1993-cü ilin iyununda Azərbaycan xalqı müstəqilliyə
qovuşmuş dövlətin idarə olunmasını Heydər
Əliyevə etibar edərkən bu dövlətin taleyi
Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik,
qarma-qarışıqlıq və hərc-mərclik baş
alıb gedirdi: manatın məzənnəsi sürətlə
aşağı düşür, sənaye və kənd təsərrüfatı
istehsalının səviyyəsi günbəgün azalır,
çörək və digər ən zəruri ərzaq məhsulları
üçün alçaldıcı növbələr
düzülür, bir sıra bölgələrdə
separatçılıq əhval-ruhiyyəsi güclənir,
cinayətkar ünsürlər meydan sulayır, ziyalılar
baş götürüb ölkədən qaçır,
hakimiyyət iddiasında olan qruplaşmaların sayı
artır, silahlı toqquşmalar baş verir, Ermənistan
silahlı birləşmələri ilə bəsit
özünümüdafiə səviyyəsində müharibə
aparılır, cəbhə xəttində adicə hərbi
nizam-intizam və vahid tabeçilik yaratmaq olmurdu.
Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən
daha çətindir. Heydər Əliyev Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasında ölkə parlamentinə sədr
seçilərkən xalq qarşısında bəyan etdi:
"Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan
Respublikasının dövlət müstəqilliyini
qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi
özüm üçün ən əsas vəzifələrdən
biri hesab edirəm... Heç kəsin şübhəsi
olmasın ki, ömrümün bundan sonrakı hissəsini
harada olursa-olsun, yalnız və yalnız Azərbaycan
Respublikasının müstəqil dövlət kimi inkişaf
etdirilməsinə həsr edəcəyəm..."
Müstəqil dövlət qurmaq xoşbəxtliyi
yalnız güclü şəxsiyyət, qüdrətli lider
yetişdirmiş xalqlara nəsib olur. Bu, tarixin
sınağından çıxmış gerçəklikdir.
Xalqı vahid milli ideya ətrafında birləşdirməyi
bacaran lider onu öz müqəddəs arzularına qovuşdurmağa
qadirdir. Ulu öndər Heydər Əliyev
məhz belə bir nadir şəxsiyyət və alternativsiz
fenomen şəxs kimi XX əsrin sonlarında dövlət
müstəqilliyini bərpa etmiş Azərbaycanı bəlalardan
qorudu, onun suverenliyini mühafizə edib saxlaya bildi.
Xalqın böyük oğlu Heydər Əliyev Azərbaycanı
dünya xəritəsindən silinmək təhlükəsindən
qurtardı, müstəqilliyimizi əbədi etdi, həm də
sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı
inkişafa, firavanlığa qovuşmuş, dünya birliyində
layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Hər kəsə yaxşı məlumdur ki, 1993-cü
ilə qədər respublikamızın vəziyyəti olduqca
ağır idi. Hər bir şəxsdə belə fikir
formalaşırdı ki, Azərbaycan bundan sonra dirçələ
bilməz. Ölkə uçuruma, xaosa
sürüklənirdi. Hadisələrin belə
davam etməsi Azərbaycanın məhvi ilə nəticələnə
bilərdi. Onu da qeyd edək ki, Azərbaycan
vaxtı ilə geridə qalmış ölkələrdən
biri idi. İmzalar içində millətimizin imzası
görünmürdü, Azərbaycan poeziyasında xüsusi
yeri olan Məhəmməd Hadinin (1879-1920) sözləri ilə
desək:
İmzasını
qoymuş millət övraqi həyatə
Yox millətimin
xətti bu imzalar içində...
Bir sözlə, problemlərin baş alıb getdiyi bir
vaxtda bütün çatışmazlıqları aradan
qaldıra biləcək yeganə şəxsiyyət yalnız
Heydər Əliyev idi. Çünki xalq hələ 1969-cu ildə
hakimiyyətə gələndən sonra Heydər Əliyevin nəyə
qadir olduğunu görmüşdü. Müstəqilliyimizin
reallaşması, dövlətçiliyin və ölkənin
xilası, qorunması bilavasitə Heydər Əliyevin adı
ilə bağlı idi. Görkəmli
dövlət xadimi, nadir şəxsiyyət Heydər Əliyevin
uzaqgörən daxili və xarici siyasəti nəticəsində
respublikamız bütün sahələrdə sürətlə
inkişaf etdi, imzalar içində millətimizin də
imzası göründü.
Yalnız xalqın təkidi və iradəsi ilə ikinci
dəfə hakimiyyətə qayıdan bu tarixi şəxsiyyətin
xidmətləri, gördüyü misilsiz işlər, yeritdiyi
düzgün siyasət nəticəsində Azərbaycan
artıq dünya birliyində öz yerini tutub, müstəqillik
əbədi və dönməz prosesə çevrilib.
Bu gün biz dönüb hadisələrlə zəngin
olan müstəqillik dövrünə nəzər salır,
bu hadisələrdən bir çoxunun həqiqi əhəmiyyətini
dərk edir və ictimai inkişafın hərəkətverici
qüvvəsinə çevrilə bilmiş siyasi xadimlərin
tarixə verdikləri töhfəni sanki yenidən qiymətləndiririk. Müasir
dövrün görkəmli siyasətçilərindən
biri kimi Heydər Əliyev, şübhəsiz ki, həmin
tarixi simalar sırasında xüsusilə seçilir.
Dünya tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini
öyrəndikcə, əslində müstəqil Azərbaycan
dövlətinin tarixi keçmişini, bu gününü, gələcəyini,
ölkəmizdə həyata keçirilən dövlət
quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir.
Müstəqilliyin ilk illərində Azərbaycan təkcə
siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi
böhran içərisində idi. Keçən 20 illik
müstəqillik dövrünü Azərbaycan xalqının
özünüdərk və özünəqayıdışı
dövrü kimi də qiymətləndirmək olar. Belə
ki, 1991-ci il fevralın 5-də üçrəngli dövlət
bayrağı, 1992-ci il mayın 27-də Azərbaycan
Respublikasının dövlət himni, 1993-cü il yanvarın
19-da isə üçrəngli dairəvi qalxan üzərində,
içində alov olan səkkizguşəli ulduz təsvirli
dövlət gerbi təsdiq edildi. 1991-ci il dekabrın 9-da
"Azərbaycan Respublikasının dövlət sərhədi
haqqında" Qanun qəbul edildi və respublikanın
dövlət sərhədlərinin hüdudları, hüquqi
rejimi, qorunması, dövlət sərhədi haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyət və
sair məsələlər müəyyənləşdirildi.
2001-ci il avqustun 1-dən latın qrafikalı əlifba
qəti olaraq tətbiq edildi və həmin gün "Azərbaycan
əlifbası və Azərbaycan dili günü" elan
olundu. Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi
barədə fərman milli-mənəvi dəyərlərimizə,
milli əxlaqımıza zidd təzahürlərin aradan
qaldırılması ilə bağlı bəyanat kimi millətin
təlim-tərbiyəsində müstəsna əhəmiyyətə
malik oldu. 2002-ci ilin sentyabrın 30-da qəbul
edilmiş "Azərbaycan Respublikasının dövlət
dili haqqında" Qanun Azərbaycan dilinin işlədilməsindəki
mənfi halların aradan qaldırılmasına yönəldildi.
Milli ideologiyanın formalaşdırılması istiqamətində
bir sıra addımlar atıldı. Azərbaycançılıq məfkurəsi,
ümumtürk mədəniyyətinə inteqrasiya, humanist islam dəyərlərinə sadiqlik kimi məsələlər
ön plana çəkildi. 1992-ci ilin iyulun 21-də
lDini etiqad azadlığı haqqında" qanun qəbul
edildi. Milli Məclisin 1992-ci il oktyabrın 27-də qəbul
etdiyi "Azərbaycan Respublikasının dövlət
bayramları haqqında" Qanununa əsasən,
"Qurban" və "Ramazan" (Orucluq) bayramları hər
il rəsmi qeyd olunur. Respublikada bir sıra islam
məktəbləri, o cümlədən Bakı İslam
Universiteti yaradıldı. 1997-ci ildə təbliğat vasitələri
ilə islam dəyərlərini qoruyub
saxlamaq, missionerlərin pozuculuq fəaliyyətinə qarşı
mübarizə aparmaq məqsədilə Qafqaz Müsəlmanları
Ruhani İdarəsində elmi-dini məsləhət
şurası fəaliyyətə başlamışdı.
2001-ci il iyunun 21-də dini fəaliyyətin
tənzimlənməsi, dini qurumların qeydiyyata
alınması məqsədilə Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi təsis edildi.
Bu dövrdə Azərbaycan cəmiyyəti xeyli dəyişdi,
çoxsaylı siyasi partiyalar, milli və mədəni mərkəzlər,
ictimai fondlar, cəmiyyətlər və hərəkatlar
meydana çıxdı. Siyasi partiyalar, ictimai birliklər, həmkarlar
ittifaqları, hüquqi şəxslərin dövlət
qeydiyyatı, qrant haqqında və s. qanunlar qəbul edildi, həmin
birlik və təşkilatların fəaliyyətinin tənzimlənməsi
üçün hüquqi zəmin yaradıldı.
2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının
I qurultayı keçirildi. Bu qurultayda Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurası və onun idarə heyəti
seçildi. Həmin qurumun yardımı
ilə 150 ölkədə nümayəndəlik fəaliyyət
göstərir. 2002-ci ildə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradıldı. Bir çox
ölkələrlə dostluq cəmiyyətləri fəaliyyətə
başladı. Onların işinə xaricdə
yaşayan azərbaycanlıların birləşdiyi ictimai,
milli-mədəni cəmiyyətlər, təşkilatlar, mərkəzlər
cəlb olundu.
Azərbaycan Respublikası iqtisadi sahədə də
öz suveren hüquqlarını gerçəkləşdirməyə
və müstəqil siyasət aparmağa başladı. Bu siyasətin
başlıca istiqamətlərini müxtəlif mülkiyyət
formaları əsasında yaradılan iqtisadi sistem, bazar
iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına
inteqrasiya təşkil etmişdir. Lakin
müstəqilliyin ilk günlərindən başlayaraq ölkədə
baş alıb gedən hərc-mərclik, hakimiyyət
uğrunda çəkişmələr və səriştəsiz
rəhbərlik bu istiqamətdə nəinki dönüş
yaratmağa imkan vermiş, əksinə sosial-iqtisadi
böhranı daha da dərinləşdirmiş və iqtisadi
islahatların aparılması yolunda çoxsaylı əngəllər
törətmişdir. Bütün
bunların nəticəsi kimi 1991-1993-cü illərdə Azərbaycan
Respublikasında müəssisələrin böyük əksəriyyətində
istehsal prosesi dayanmış və ya müəssisələr
öz gücünün cəmi 15-20 faizi səviyyəsində
fəaliyyət göstərmişdir. Ölkə
iqtisadiyyatını bürüyən tənəzzül və
baş alıb gedən inflyasiya əhalinin alıcılıq
qabiliyyətinin aşağı düşməsinə, onun
sosial vəziyyətinin kəskin surətdə pisləşməsinə
səbəb olmuşdur.
1994-cü ilin sonu 1995-ci ilin əvvəllərindən
ölkədə ictimai-siyasi sabitliyin yaranması sayəsində
iqtisadiyyatın inkişafı istiqamətində müəyyən
tədbirlər həyata keçirilməyə
başlandı. Ümummilli liderimiz Heydər Əliyevin zərgər
dəqiqliyi ilə işləyib hazırladığı və
mərhələ-mərhələ
reallaşdırdığı milli neft strategiyası Azərbaycana
böyük siyasi və iqtisadi dividentlər gətirdi, ölkəmizin
Qərbə inteqrasiyasına geniş yol açaraq bu prosesi
möhkəmləndirdi.
1994-cü
il sentyabrın 20-də Azərbaycan Prezidentinin bilavasitə
müəllifliyi ilə dünyanın 11 transmilli neft şirkəti
ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən
"Azəri", "Çıraq" yataqlarının və
"Günəşli" yatağının dərinsulu hissəsinin
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü sazişi - "Əsrin müqaviləsi"
imzalandı. Bu qlobal layihə Azərbaycanın
suveren dövlət kimi öz təbii sərvətlərinə
sahib çıxmaq, milli mənafelərini, iqtisadi və
strateji maraqlarını müdafiə etmək əzmini
bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin
mühüm təminatçısına çevrildi. Yeni neft strategiyasının gerçəkləşməsi
ilə respublikamızın neft ehtiyatlarının istismarına
geniş məbləğdə xarici investisiyalar cəlb edildi.
Əsas strateji istiqamət kimi yeni iqtisadi sistemə
keçidi sürətləndirməklə, ölkənin təbii
ehtiyatlarından və mövcud iqtisadi potensialından istifadənin
səmərəsinin artırılması
götürülmüşdür.
"Əsrin müqaviləsi"nin imzalanması,
"Böyük İpək Yolu"nun bərpasına
başlanması və xarici investisiyaların ölkəmizə
cəlb edilməsi sahəsində görülən səmərəli
tədbirlərlə xalqımızın rifahının
yaxşılaşdırılmasının, iqtisadiyyatın
dirçəlişinin əsası qoyuldu. İqtisadi
amili Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesinə yönəltməklə Azərbaycanın
taleyüklü probleminin sülh yolu ilə nizamlanmasında
mühüm təzyiq vasitəsi əldə edildi, problemin
sülh yolu ilə həlli istiqamətində böyük
işlər görüldü, Azərbaycanın ərazi
bütövlüyünü qoruyub saxlamağa qadir olan
Silahlı Qüvvələr formalaşdırıldı.
İqtisadiyyatın canlandırılması ilə
yanaşı, bu dövrdə əhalinin sosial müdafiəsinin
təmin edilməsi ən ümdə vəzifə hesab
olunurdu. Bu məqsədlə
həyata keçirilən xəttin əsasını müxtəlif
mülkiyyət növlərinə əsaslanan iqtisadi sistemin
yaradılması, azad sahibkarlığın inkişafına
dövlət təminatının verilməsi, iqtisadiyyatın
sağlam rəqabət prinsipləri əsasında inkişaf
etdirilməsi, iqtisadi münasibətlərdə
inhisarçılığın qarşısının
alınması və haqsız rəqabətə yol verilməməsi,
əhalinin rifahının
yaxşılaşdırılması və onun sosial müdafiəsinin
təmin olunması kimi prinsiplər təşkil etdi.
Respublika iqtisadiyyatına investisiya qoyuluşu ilə
bağlı müəyyən addımlar atıldı, sənayenin
və kənd təsərrüfatının müxtəlif sahələrinə
investisiya axınının güclənməsi
üçün müvafiq şərait yaradıldı. Aqrar sahədə
islahatlar həyata keçirilərək, fermer təsərrüfatlarının
yaradılmasına və inkişaf etdirilməsinə imkan verən
müvafiq normativ-hüquqi baza formalaşdırıldı.
Respublikada
qanunçuluğun təmin olunması, vətəndaş
hüquq və azadlıqlarının yüksək səviyyədə
qorunması başlıca fəaliyyət prinsiplərindən
biri elan edildi, bu ali məqsədlərin
gerçəkləşdirilməsinə yönəlmiş
çoxşaxəli islahatların həyata keçirilməsi
daim diqqətdə saxlanıldı. Sivil,
dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti
kimi fundamental insan hüquq və azadlıqlarının təmini
və müdafiəsi qəbul edildi.
İnsani
dəyər və azadlıqlara sadiqlik, hər bir fərdin
maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsi
dövlətin başlıca vəzifəsi kimi qəbul edilərək
"ədaləti ədalətsizliklə bərpa etmək
olmaz" - tezisi əsas prinsip, ölkədə konstitusion
insan hüquq və azadlıqlarının təminatı məsələsi
demokratik inkişaf sahəsində prioritet istiqamətlərdən
biri kimi elan edilmişdir. Azərbaycanda
ardıcıl və sistemli surətdə həyata keçirilən,
beynəlxalq təcrübəyə əsaslanan məhkəmə-hüquq
islahatlarının əsasında da məhz vətəndaşların
konstitusion hüquqlarının yüksək səviyyədə
müdafiəsi məsələsi dayanmışdır.
Milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində
atılan kompleks tədbirlər qanunçuluğun təminatına,
insan və vətəndaş hüquq və
azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlıqla
mübarizə tədbirlərinin genişləndirilməsinə
real şərait yaratmışdır. 1995-ci ilin 12
noyabrında ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi
altında hazırlanan müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası qəbul olundu. Konstitusiyanın qəbulu ilə Azərbaycan dövləti
və xalqı müstəqil, suveren və hüquqi dövlət
qurmaq əzmini beynəlxalq aləmə bəyan etdi və
dünya dövlətləri sırasında demokratik,
hüquqi, dünyəvi, unitar respublika kimi öz yerini müəyyənləşdirdi.
Müstəqil
Azərbaycan Respublikasının milli Konstitusiyasının qəbulu
Şərqdə ilk dəfə ölüm cəzasından
imtina edilməsini, kütləvi informasiya vasitələrinin sərbəst
fəaliyyət göstərməsinin təmin
olunmasını, senzuranın ləğvini, milli Konstitusiya əsasında
demokratik yolla dəfələrlə prezident və parlament,
habelə ilk dəfə bələdiyyə seçkilərinin
keçirilməsini, siyasi plüralizmi, çoxpartiyalı
sistemin fəaliyyətini, hüquqi islahatların
aparılmasını, Konstitusiya Məhkəməsinin fəaliyyətə
başlamasını, üçpilləli məhkəmə
sisteminin yaradılmasını, hakimlərin təyininin və
prokurorluqda işə qəbulun şəffaf prosedurlar əsasında
aşkarlıq şəraitində keçirilməsini, Azərbaycanın
Avropa Şurası üzvlüyünə qəbul edilməsini,
dünya azərbaycanlılarının birinci
qurultayının keçirilməsini, milli diasporumuzun fəaliyyətinin
canlandırılmasını, azərbaycançılıq,
milli özünüdərk ideyasının gücləndirilməsini
reallaşdırdı. Yürüdülən
xarici siyasətin milli maraqlara və bəşəri dəyərlərə
söykənməsi, terrorçuluqla mübarizənin qətiyyətlə
dəstəklənməsi və bu işdə xüsusi fəallıq
göstərilməsi Azərbaycanın beynəlxalq
nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldərək
onu sivil dövlətlər səviyyəsinə
qaldırmışdır. Qəbul
edilmiş Konstitusiya hakimiyyət bölgüsü prinsiplərini
özündə ehtiva etməklə, zamanın tələbi
ilə səsləşən məhkəmə-hüquq
islahatlarının həyata keçirilməsinə, habelə
prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə
yeniləşməsinə və müasirləşməsinə
əsaslı rəvac vermişdir.
Azərbaycan Respublikası müstəqillik və
suverenlik əldə etdikdən sonra demokratik inkişaf yolu kimi
Avropa ailəsinə sürətlə inteqrasiya olunmaqdadır. Aparılmış
məqsədyönlü siyasət 2001-ci ildə Azərbaycanın
Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasına səbəb
olmuşdur. Azərbaycan dövlətinin Avropa ailəsinə
inteqrasiyasında müstəsna rolu və şəxsi xidmətləri
olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
inkişafımızın Qərb yönümünə həssaslıqla
yanaşması, ölkəmizdə insan hüquq və
azadlıqlarının daha etibarlı şəkildə
müdafiə olunması, ictimai-siyasi həyatımızın
bütün sahələri üzrə
inkişafımızın demokratik prinsiplər əsasında
daha da sürətlənməsi üçün möhkəm
zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Avropa Şurasına
daxil olması, daha sonra bu mühüm prosesin davamı olaraq
"İnsan hüquqlarının və əsas
azadlıqlarının müdafiəsi haqqında" Avropa
Konvensiyasını ratifikasiya etməsi ölkəmizin
demokratik ənənələrə və prinsiplərə
sadiqliyinin real təcəssümüdür.
Hər
bir ölkədə olduğu kimi, Azərbaycanın da əsl
sərvəti təbiətin verdiyi "qara qızıl",
"ağ qızıl", münbit torpaq və ya əlverişli
coğrafi şərait deyil, vətənini sevən, müstəqil
dövləti ilə fəxr edən, fəal vətəndaşlıq
mövqeyi olan, hüquqlarını bilən, haqqını
qorumağı bacarmaqla yanaşı, başqalarının
hüquqlarına hörmətlə yanaşan, qanunlara cəzadan
qorxduğu üçün deyil, şüurlu şəkildə
əməl edən azad, ləyaqətli, savadlı vətəndaşlardır.
Elə buna görədir ki, Azərbaycan Respublikası,
möhtərəm Prezidentimizin çıxışlarında
dəfələrlə vurğuladığı kimi, neft kapitalını
insan kapitalına çevirmək, təbii sərvətlərdən
ağılla, düşünülmüş şəkildə
istifadə edərək vətəndaşlarımızın
rifah halının günbəgün
yaxşılaşdırılması, sovet rejimindən qalan
ciddi sosial problemlərin qısa müddətdə həll
olunması, insan və vətəndaş hüquq və
azadlıqlarının daha etibarlı təmin edilməsi,
müasir dünyanın aparıcı dövlətləri və
qloballaşmanın çağırışları ilə
ayaqlaşmağı bacaran çağdaş demokratik dövlətin
qurulması kimi ulu öndərimizin başladığı
siyasi xətti uğurla davam etdirir. Bu siyasət vətəndaşlarımızın
bu günkü həyat standartlarını, onların
özünüifadə haqlarını əldə etmə və
hüquqlarını qoruma imkanlarını artırmaqla
yanaşı, sabaha daha inamla baxmalarına, onlara bu imkanları
yaradan dövlətinə daha sıx bağlanmalarına, nəticədə
respublikamızın daha sürətlə inkişaf etməsinə,
regionda aparıcı dövlətə çevrilməklə
dünyada nüfuzunun daha da artmasına xidmət edir. Belə bir dövlətin vətəndaşı
olmaq isə hər birimizin qürur mənbəyidir.
Rauf MƏMMƏDƏLİYEV,
Göygöl rayon prokuroru,
ədliyyə müşaviri
Xalq qəzeti.- 2011.- 20 oktyabr.- S. 4.