Naxçıvan: Aqrar sahənin yüksəlişi ərzaq təhlükəsizliyini gücləndirir

 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin xüsusi arayışı: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən gün ərzində adambaşına orta hesabla 2500 kilokalori həcmində ərzaq istehlakı tövsiyə edilir. Bu göstərici 1800 kilokaloriyə düşdükdə ərzaq qıtlığı, 1000 kilokalori olduqda isə aclıq halları kimi qiymətləndirilir. Statistik məlumatların təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikasının əhalisi 2010-cu ildə orta hesabla, adambaşına gündə 3028 kilokalori ekvivalentində müxtəlif növ ərzaq məhsulları istehlak etmişdir. Bu göstərici isə tövsiyə edilən normadan xeyli çoxdur.

 

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalının davamlı inkişafı və kənd təsərnrüfatının rəqabət qabiliyyətinin artırılması, müvafiq infranstrukturun inkişafına kömək edən investisiya siyasətinin aparılması, ərzaq məhsullarının qiymətinin məqbul səviyyədə saxlanılması və kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə alternativ idxalın təsirlərinin minimallaşdırılması, səmərəli kreditləşmə mexanizmlərinin tətbiqi, meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi, ümumilikdə isə bu sahənin əsas etibarı ilə dövlət himayəsində saxlanılması ümumi iqtisadi aktivliyi xeyli sürətləndirməkdədir.

Bu gün dünyada gedən sürətli qloballaşma prosesləri fonunda ən mühüm məsələlərdən biri ərzaq təhlükəsizliyi problemlərinin səmərəli həllindən ibarətdir. Bu baxımdan ölkəmizdə olduğu kimi, muxtar respublikada da həyata keçirilən iqtisadi islahatlar əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasını, kənd təsərrüfatının bütün sahələrinin inkişafı məsələsini ön plana çıxarmışdır. Bu mərhələdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2008-ci il 17 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" yeni inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.

Kənd təsərrüfatı üzrə ümumi inkişafı sürətləndirən mühüm amillərdən biri texnikadan istifadə səviyyəsinin və lizinq münasibətlərinin yüksələn dinamikasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 93 ədədi 2011-ci ilin yanvar-avqust aylarında olmaqla, 670 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2011-ci ilin yanvar-avqust aylarında əvvəlki illərdə gətirilənlərlə birlikdə 154 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Aqroservis xidmətləri şəbəkəsinin işinin təkmilləşdirilməsi məqsədilə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və onun Şərur, Culfa, Kəngərli və Sədərək bazalarının yaradılması işləri başa çatdırılmışdır.

Torpaq sahələrinin meliorativ cəhətdən münbitləşdirilməsi və suvarma suyuna olan tələbatının səmərəli ödənilməsi üçün meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin miqyasını genişləndirmək başlıca şərtlərdən biridir. Məhz bu baxımdan muxtar respublikamızda meliorasiya və irriqasiya sistemlərinin texniki imkanlarının genişləndirilməsi, müasir hidrotexniki qurğuların istifadə imkanlarının artırılması daim diqqət mərkəzində saxlanılır. Ötən 15 il ərzində meliorasiya işlərini yerinə yetirən müxtəlif təyinatlı müasir tipli maşın-mexanizmlər alınmış, 156 nasos stansiyası, 360 subartezian quyusu tikilərək və ya bərpa edilərək istifadəyə verilmişdir.

Muxtar respublikanın su ehtiyatını artırmaq məqsədilə mövcud su anbarlarında təmir işləri aparılmış, yenilərinin tikilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Su Anbarı inşa olunaraq istifadəyə verildikdən sonra 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılmış və bütövlükdə, su anbarı vasitəsilə suvarılan torpaqların sahəsi 16830 hektara çatmışdır. Bundan əlavə, Arpaçay Su Anbarında əsaslı təmir işləri aparılmış, nəticədə Şərur, Sədərək və Kəngərli rayonlarında suvarma işi xeyli yaxşılaşdırılmışdır.

Kredit resurslarının iqtisadiyyata səmərəli yönəldilməsi, bu proses üzrə proporsional bölgünün tətbiqi iqtisadi aktivliyə müsbət təsir göstərməkdədir. Təkcə 2010-cu ildə bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına 11 milyon 61 min manat həcmində kreditlər verilmişdir ki, bu da 2009-cu illə müqayisədə 19 faiz çoxdur. Kreditlərin 4 milyon 558 min manatı və ya 41 faizi bitkiçilik məhsullarının istehsalına yönəldilmişdir. Cari ildə də bu sahə üzrə kreditləşmə prosesi davam etdirilmiş, ilin ilk səkkiz ayı ərzində bitkiçilik sahəsinin inkişafına 3 milyon 697 min 600 manat həcmində kreditlər verilmişdir.

Aqrar sektorun inkişafında xüsusi əhəmiyyəti olan soyuducu anbarların yaradılması işi davam etdirilməkdədir. Yaradılmış anbarlar istehsal olunmuş məhsulların satışı ilə əlaqədar ortaya çıxan problemləri həll etməklə yanaşı, əhalinin ilboyu yerli, ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullara olan ehtiyacını ödəməyə imkan verməkdədir. Son dövrlər ərzində muxtar respublikada ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar istifadəyə verilmiş və hazırda bu istiqamətdə müvafiq tədbirlər davam etdirilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən maddi yardımlar göstərilir, əkin sahələri mineral gübrələrlə təchiz olunur ki, bu da müvafiq sahənin inkişafında əsas stimullardandır.

Kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin artırılması ilə bağlı atılan uğurlu addımlar öz bəhrəsini verməkdədir. Muxtar respublika ərazisinin - 536 min 300 hektar sahənin 162 min 344 hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir. Əkin üçün istifadə olunan torpaq sahələri ümumi ərazinin 11,2 faizini təşkil edir ki, bu göstərici 1990-cı ildə 6,5 faiz səviyyəsində idi. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, muxtar respublikada 2011-ci ilin məhsulu üçün qəti əkin sahəsi 60019,5 hektar təşkil etmişdir ki, bu da 1990-cı illə müqayisədə 73 faiz, 2000-ci illə müqayisədə 62 faiz çoxdur.

2011-ci ildə muxtar respublikada cəmi əkin sahəsinin 62,6 faizini dənli və dənli-paxlalılar (qarğıdalı ilə birlikdə), 10,1 faizini tərəvəz bitkiləri, 4,7 faizini ərzaq üçün bostan bitkiləri, 4,6 faizini kartof, 3,5 faizini texniki bitkilər və 14,5 faizini isə yem bitkiləri təşkil etmişdir. 2011-ci ilin məhsulu altında olan cəmi əkin sahəsinin 17110,5 hektarı və yaxud 28,5 faizi Şərur rayonunun, 15661 hektarı və yaxud 26,1 faizi Babək rayonunun, 3931 hektarı və yaxud 6,5 faizi Ordubad rayonunun, 8224 hektarı və yaxud 13,7 faizi Culfa rayonunun, 6870 hektarı və yaxud 11,4 faizi Kəngərli rayonunun, 2556 hektarı və yaxud 4,3 faizi Şahbuz rayonunun, 3574 hektarı və yaxud 6 faizi Sədərək rayonunun və 2093 hektarı və yaxud 3,5 faizi Naxçıvan şəhərinin payına düşmüşdür.

Muxtar respublikada bitkiçiliyin qədim və ənənəvi sahələrindən biri taxılçılıqdır. Son dövrlər taxılçılığa əhəmiyyətli sahə kimi yanaşılması nəticəsində bu sahədə yüksək artım meyillərinə nail olunmuşdur. Tutumu 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamağa imkan verən Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarının istifadəyə verilməsi taxıl ehtiyatlarının yaradılmasında əsas rol oynamaqla, istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. İstehsal olunan buğdanın hər kiloqramının 2011-ci ildə də 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması məhsul istehsalçılarının taxıl istehsalına və onun vaxtında, itkisiz yığılmasına marağını daha da artırmışdır.

Həyata keçirilən tədbirlər istehsalçılar arasında taxılçılığa olan meyli gücləndirmiş, nəticə etibarı ilə taxıl əkini sahələrinin artımına nail olunmuşdur. Belə ki, 1990-cı ildə muxtar respublikada 14,8 min hektar sahədə taxıl əkini keçirilmişdisə, 2011-ci ildə bu göstərici 34,8 min hektara çatdırılmışdır. Bu dövr ərzində buğda əkini sahəsi 1990-cı ilə nisbətən 2,4 dəfə artaraq 25,9 min hektara, arpa əkini sahəsi isə 2,2 dəfə artaraq 8,9 min hektara çatmışdır.

Muxtar respublikada taxılçılıqla yanaşı, kartof əkininə də xüsusi diqqət yetirilir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhali tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2005-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş, 2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar olaraq kartof əkini üçün əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, genişmiqyaslı kreditləşmə aparılmış, yeni texnika və avadanlıqlar alınmış, bu sahədə toxumçuluq işi xeyli təkmilləşdirilmiş və səmərəli satış mexanizmləri formalaşdırılmışdır. Proqramın icra müddəti ərzində bu sahədə ciddi manevrlər təmin olunmuş, hazırda da dinamik inkişaf saxlanılmaqdadır. 2011-ci ildə 2764 hektar sahədə kartof əkilmişdir ki, bu da 1990-cı illə müqayisədə 7 dəfə, 2000-ci illə müqayisədə isə 90,5 faiz çoxdur.

Son dövrlər ərzində əkinçilik üzrə inkişaf etdirilən məhsul növlərindən biri də şəkər çuğundurudur. Şəkər istehsalı üçün əsas xammal kimi şəkər çuğunduru mühüm əhəmiyyət kəsb etməkdədir. Mövcud torpaq-iqlim şəraiti iqtisadi cəhətdən səmərəli olan bu bitkinin becərilməsinə geniş imkanlar yaradır. 1990-cı ildə muxtar respublikada şəkər çuğunduru əkilmədiyi halda, görülmüş tədbirlərin nəticəsi olaraq 2011-ci ildə 1852 hektar sahədə şəkər çuğunduru əkini aparılmışdır.

Qlobal iqlim dəyişikliyi tərəvəz bitkilərinin yetişdirilməsində müəyyən çətinliklər yaratsa da, muxtar respublika əhalisinin təzə, keyfiyyətli və ən əsası yerli məhsullarla təminatı üçün müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2011-ci ildə tərəvəz əkini sahəsi 1990-cı ilə nisbətən 4 dəfədən çox artaraq 6 min hektarı ötmüşdür. Bu sahədə proporsional inkişafa uyğun olaraq, bostan bitkilərinin əkini sahələri də dinamik olaraq artmaqdadır. 2011-ci ildə muxtar respublikada 2,8 min hektar sahədə bostan bitkiləri əkilmişdir ki, bu da 1990-cı ildə əkilmiş sahədən 5 dəfə çoxdur.

Aparılan məqsədyönlü tədbirlər və əhalidə xüsusi mülkiyyətə münasibətin köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması, öz növbəsində, muxtar respublikada il ərzində istehsal olunan bitkiçilik məhsullarının həcminin artmasına zəmin yaratmışdır. 2011-ci ildə muxtar respublikamızda 101 min 28 ton taxıl məhsulu hasil olunmuşdur ki, bu da bir il öncəyə nisbətdə 5 min 18 ton çoxdur.

Aqrar sektorda həyata keçirilən səmərəli islahatların mühüm bir nəticəsi ondan ibarətdir ki, əhali tərəfindən istehlak olunan kənd təsərrüfatı məhsullarının qiymətlərinin optimal həddə saxlanılmasına nail olunmuşdur. Hazırkı qiymətlər həm istehsalçı, həm də istehlakçıları qane edən ortaq məxrəclər fonunda müşahidə olunmaqdadır. Qeyd olunan bu pozitiv meyilli prosesləri şərtləndirən aşağıdakı başlıca islahat istiqamətləri ümumi inkişafı daha da sürətləndirməkdədir:

- artıq aqrar bölmə üzrə prioritet istehsal sahələrinin müəyyənləşdirilməsi, həmin sahələrin digər sahələrlə əlaqəli inkişafı strategiyası uğurla həyata keçirilir;

- ərazi və sahə prinsiplərinə əsaslanan, maraqlı qrupların iştirakını təmin edən, mövcud bazarın tələblərini öyrənməyə imkan verən qeyri-mərkəzləşdirilmiş çevik təşkilati strukturlar yaradılmaqdadır;

- daxili bazar qorunur və ixrac sahəsində dünya təcrübəsində geniş istifadə olunan müxtəlif formalarla (konsiqnasiya və sair) bərabər onun müasir tipli infrastrukturu (nəqliyyat, sığorta, informasiya və sair) təkmilləşdirilir;

- ətraf mühitin mövcud vəziyyəti və inkişaf meyilləri üzrə geniş informasiya bazası yaradılır, torpağın deqradasiyasının qarşısı alınır, su, külək eroziyasına qarşı kompleks mübarizə aparılır;

- torpaq bazarının təşkili və inkişafı stimullaşdırılır, yay və qış otlaqları pasportlaşdırılaraq inzibati ərazi vahidləri arasında proporsional bölüşdürülür, dövlət torpaq kadastrı və yerquruluşu tədbirləri müntəzəm həyata keçirilir;

- müxtəlif maddi-texniki təchizat və aqroservis müəssisələri, marketinq xidmətləri, yarmarkalar, auksionlar təşkil olunur, saxlama, qablaşdırma, emal müəssisələri və digər strukturlar yaradılır;

- əsas ərzaq məhsullarının zəruri səviyyədə istehsal olunmasına şərait yaradılır, yerli və xarici mənşəli ərzaq məhsullarının keyfiyyətinə səmərəli nəzarət mexanizmi tətbiq olunur və ərzaq bazarında texnoloji, ekoloji, sanitar, baytarlıq və fitosanitar tələblərinə cavab verməyən məhsul və xidmətlərin qarşısı alınır;

- aqrar sektorda yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə əlverişli mühit yaradılır, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracına dövlət himayəsi (məlumat, infrastruktur, maliyyə və sair) mütəmadi xarakter alır;

- işlərin səmərəli təşkili və idarəetmənin mobil mexanizmlərlə təminatı məqsədilə məsələlərə proqram xarakterli yanaşma təmin edilir.

Aqrar sektorda aparılan təhlillərdən aydın olur ki, Naxçıvan Muxtar Respublikasında müşahidə olunan pozitiv meyillər, əsasən, əhalidə mülkiyyətçilik psixologiyasının formalaşması, azad sahibkarlığa meylin güclənməsi, ədalətli rəqabət mühitinin yaradılması, torpaq, meliorasiya və su təsərrüfatı islahatlarının kompleksliyinin təmin olunması, ən əsası isə proseslərin bütün mərhələlərinin dövlət qayğısı ilə sıx əhatə olunması ilə bağlıdır.

Bütün qeyd edilən amillərin iqtisadi fəaliyyət prosesində lazımınca nəzərə alınması kənd təsərrüfatının, bütünlükdə aqrar-sənaye kompleksinin ictimai-istehsal əlaqələrinin təkmilləşdirilməsinə, istehsalın həcminin artmasına, kənd təsərrüfatının dinamik inkişafına, nəticə etibarı ilə əhalinin və digər istehlakçıların kənd təsərrüfatı məhsullarına olan tələbatının tam ödənilməsinə ciddi əsaslar yaratmaqdadır.

 

 

Xalq qəzeti.- 2011.- 21 oktyabr.- S. 5.