Dövlət İdarəçilik Akademiyasında Mirzə İbrahimovun 100 illik yubileyi qeyd olundu

 

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında xalq yazıçısı, görkəmli ictimai-siyasi və dövlət xadimi Mirzə İbrahimovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan DİA-nın rektor əvəzi, professor Əlikram Abdullayev Mirzə İbrahimovun böyük yazıçı və dramaturq, Azərbaycan ədəbiyyatı tarixinə adı qızıl hərflərlə yazılmış şəxslərdən biri olduğunu, 1930-cu ildə yazdığı "Zəhra" hekayəsi ilə ədəbiyyata gəldiyini və qələmini bütün janrlarda sınayıb sanballı əsərləri ilə ədəbiyyatımızı zənginləşdirdiyini bildirmişdir. Natiq yubliyarın "Böyük dayaq", "Gələcək gün", "Mədinənin ürəyi", "Pərvanə", "Pərvizin həyatı", "Sarı sim", "Xəlqilik və realizm cəbhəsindən", "Böyük demokrat" və ikicildlik "Seçilmiş əsərləri" və s. kitablarının çox sevildiyini qeyd etmişdir. O demişdir ki, yazıçının "Gələcək gün" romanı Dövlət mükafatına layiq görülmüşdür. M.İbrahimovun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Ə.Abdullayev M.İbrahmovun ictimai-siyasi və dövlət xadimi olduğunu, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Nazirlər Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri kimi məsul vəzifələrdə çalışdığını və qazandığı bütün uğurları onun mənalı ömür yolunun dolğunluğunun parlaq təzahürü olduğunu bir daha tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Sonra M.İbrahimovun həyat və yaradıcılığı haqqında DİA-nın şöbə müdiri, tarix elmləri doktoru Musa Quluzadə çıxış etmişdir. Tədbirdə yazıçının ailə üzvləri və qonaqlar onunla bağlı xatirələrindən geniş söhbət açmışlar.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 21 oktyabr.- S. 6.